Yuxarı

Yusifbəyli-Nərimanov dueli: Nəsib bəy tapançanı niyə atır?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsib bəy Yusifbəyli ilə Nəriman Nərimanov arasında duel olması ilə bağlı yazımdan sonra bir çox insan sual verir ki, o dövrdə duel var idimi? Axı Rusiya imperiyasında, sonra Cümhuriyyət dövründə bu, qadağan olunmuşdu.

Bəli, qadağan olunmuşdu. Ancaq bu qadağalar açıq duellər olmasına aid idi. Kim dueldə iştirak edirdisə və ondan xəbər tuturdularsa, hüquqi münasibət göstərilirdi. Amma bu qadağa insanların bir-biriləri ilə mübahisələrinin həllində bu ölümcül qarşılaşmaların qarşısını ala bilmirdi. Gizli şəkildə duellər davam edirdi.

Duel bütün dövrlərdə olub. Məsəl üçün Musa Peyğəmbər ögey qardaşı Fironu duelə dəvət edib, amma qarşı tərəf bundan imtina edib. İslam dövründə də duellər olub. “Dueldə həm öldürən, həm də ölən tərəf günahkardır” deyə Məhəmməd Peyğəmbərdən hədis də var: “İki müsəlman qılıncları ilə qarşı-qarşıya (duelə) gəlincə həm öldürən, həm də ölən cəhənnəmlikdir”. Səhabə, "Ey Allahın rəsulu, öldürəni anladıq, öldürülən niyə cəhənnəmlikdir", - deyə soruşduqda Rəsulullah “Öldürülən də öz yoldaşını öldürməyə çalışırdı”, - deyə cavab vermişdi.

İslam hüququna görə, dövlət başçısının duelin qarşısını almaq, dueli günah sayaraq onun üçün cəza tədbirləri müəyyən etmək haqqı vardır. Çünki o, buna görə məsuliyyət daşıyır. Qısası, duelin qarşısını almaq üçün ona qarşı cəza tədbirləri müəyyən edilmişdir.

Duelin populyarlıq qazanması Fransanın adı ilə bağlıdır. XVI əsrdən bir-birləri arasında mübahisəni həll etmək üçün o dövrdə iki tərəf özlərinə köməkçi götürüb, sübh tezdən kənar bir yerdə görüşüb, aralarında problemi əvvələr qılıncla, sonra isə odlu silahla həll edirdilər. Bu o qədər populyar oldu ki, 1836-cı ildə Kont de Şatoviller tərəfindən duel kodeksi yarandı. 19-cu əsrin sonunda Count Vergerin 1879-cu ildə nəşr olunan duel kodeksi Avropa üçün ümumiyyətlə tanındı. Tarixdə Rusiyada Durasovun 1912-ci ildə nəşr olunan duel kodeksi də məlumdur. Avropada bu kodeksə ciddi əməl edirdilər. Otto fon Bismark, Puşkin, Lermantov və digər tarixdə adları olan insanlar tanınan duel iştirakçıları idilər. Dantesə qədər Puşkinin başqa-başqa tanınmış şəxslərlə 30-dan çox baş tutan və baş tutmayan duelləri olub. Kodeks ona görə lazım idi ki, ona qədər duel zamanı bəzən muzdlu qatillər gizlənib sifarişçinin qarşısında duran adamı öldürüdülər. Məsəl üçün Lermantovun dueldə öldürülməsi yazılsa da, yeni çıxan faktlar göstərir ki, onu muzdlu qatil öldürüb.

Azərbaycanda duel barəsində fikirlər ilk dəfə olaraq Babək dövrünə aiddir. 816-cı ildə Cavidan və Əbu İmran açıq döyüşdə bir-birini öldürdülər. Əbu İmran döyüş meydanında, Cavidan isə aldığı ağır yaradan üç gün sonra həlak oldu. Sonra bunlar tarixin müxtəlif dövrlərində davam etdi. Atabəylər dövründə də, Səfəvi dövründə də, Əfşarlar və digər dövlətlər zamanında da duellər barədə qısa da olsa, məlumata rast gəlmək olar. Xüsusilə xanlıqlar dövrünə aid sənədlərdə daha çox belə faktlara rast gəlinir. Məsəl üçün Quba xanlığında duel çox fərqli keçirilrdi. İki mübahisə edən insan xalça üzərində üz-üzə dizi üstə durub, bir-birlərinə xəncərlə zərbə endirirdilər. İlk zərbədən ölməyən insan qarşı tərəfə də eyni zərbə vururdu. Gəncə, Qarabağ, Şəki, Naxçıvan, Lənkəran, Bakı xanlğında da duellərin olması barədə sənədlər var.

Qarabağ xanlğında ən çox duel Qarabağın ikinci xanı Mehralı xanın oğlu Məmməd bəy Cavanşirin adı ilə bağlıdır. Azərbaycan Rusiya imperiyası tərəfindən işğal ediləndən sonra da duellər davam etmişdir. Ağalar və bəylər öz aralarında mübahisənin yeganə həlli kimi kənar yerdə görüşüb bir-birlərinə güllə atırdılar.

Məsəl üçün Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanov da dueldə ağır yara alıb. Xosrov bəy universitetdə oxuyarkən bir gün təsadüfən yolda bir rus zabitinin gənc bir qıza sataşdığının şahidi olur. Ətrafdakılardan fərqli olaraq, Xosrov bəy qızı müdafiə edir. Nəticədə o rus zabiti ilə duelə çıxır. Birinci gülləni rus zabiti atır və onun bir gözünü zədələyir. Yaralı olmasına baxmayaraq, Xosrov bəy özünü itirmir və sərrast nişan alaraq zabiti öldürür. Sonradan məlum olur ki, bu qız Odessa Universitetinin rektorunun qızıdır. Qızla Xosrov bəy arasında səmimi dostluq yaranır və bu dostluq böyük bir məhəbbətə çevrilir. Ailə qururlar.

Yaxud Nəsib bəy Yusifbəyli ilə Nərimanov arasında münasibətlərin kəskin olmasının səbəbi pedaqoq və siyasətçi İsmayıl Qaspıralının qızı Şəfiqə xanım üstündə olub. Nəsib bəyin sevgisinə qarşılıq verən Şəfiqə xanıma o dövrdə Nərimanov elçi düşür. Bundan sonra Nəriman Nərimanov Nəsib bəy Yusifbəylini sevdiyi xanıma görə duelə çağırır. Duel baş tutur. Nərimanovun atdığı güllə Nəsib bəyə dəymir. Sıra Nəsib bəy Yusifbəyliyə çatanda, silahını ataraq, deyir: “Mən əlimi azərbaycanlı qanına batırmaram!”

Cümhuriyyət dövründə duellər çox ağır cəza verilməsinə görə ləğv edilsə də, başqa formada özünü göstərdi. O zaman Rusiyada kazaklar arasında geniş yayılan rus ruleti oyunu ilə iki nəfər öz aralarında mübahisəni həll etməyə başladılar. Tapançaya bir güllə qoyulur və baraban elə fırladılır ki, güllənin yeri bəlli olmur. Oyunçular tapançaları gicgahlarına dayayaraq, növbə ilə tətiyi çəkib, şanslarını sınayırlar. Bu, o qədər çox yayılmışdı ki, hətta Cümhuriyyət generlları buna qarşı sərt tədbirlər görürdülər. Xüsusən bu, Hacı Zeynalabidin Tağıyevin oğlu Məhəmməd Tağıyevin ölümündən sonra oldu. Bəziləri bunun silahlı toqquşmada baş verdiyini, digərləri isə mərhumun “rus ruleti”nin qurbanı olduğunu yazırlar.

Sovet işğalından sonra silah olmadığı üçün mübahisələri bıçaq və xəncərlə həll edirdilər. Sovet dövründə yüzlərlə insan belə bıçaq davasına görə məhkumluq yaşayıb.

Tarix
2023.04.05 / 21:01
Müəllif
Zaur Əliyev
Şərhlər
Digər xəbərlər

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla