Çox vaxt ictimai nəqliyyatda yaşanan problemlər
mətbuatın da gündəminə gəlir. Həm sərnişinlər, həm də sürücülər
arasında baş verən konflikt bəzən xoşagəlməz sonluqla
nəticələnir.
Axar.az ictimai nəqliyyatdakı problemlər haqda sənət adamlarına
belə bir sualla müraciət edib:
"Sonuncu dəfə ictimai nəqliyyatdan nə vaxt istifadə etmisiniz və
hansı xoşagəlməz hallarla qarşılaşmısınız?"
Rejissor Kənan M.M-in fikrincə, böyük şəhərlərdə tıxac,
insan sıxlığı olması təbiidir:
"5-6 il bundan əvvəl ölkəyə çox güclü qar yağmışdı. Maşınla
getmək heç cür mümkün deyildi. Məcbur olub metroya mindim. Orada
işləyən xanıma 1 manat pul uzatdım ki, jeton versin. Mənə qayıdıb
dedi ki, zarafat edirsən? Jeton 10 ildir yığışdırılıb. Buna
baxmayaraq, ictimai nəqliyyatdan istifadə etməyi sevirəm. Ona görə
də Türkiyədə gözümün qurdunu öldürüm deyə, tez-tez metrodan,
avtobusdan, gəmidən istifadə edirəm. Bizim nəqliyyatda insanlar
arasında çox problem yaşanır. Bakı böyük şəhərdir, əslində, belə
problemlərin olması təbiidir. Əgər sən böyük şəhərdəsənsə, yollarda
tıxac, avtobuslarda sıxlıq olması qaçılmazdır".
Müğənni Xatirə İslam ictimai nəqliyyatdakı xoşagəlməz
halları sürücülərin gərgin iş rejiminə bağlayır:
"Axırıncı dəfə bir ay bundan əvvəl Rusiyada olarkən metrodan
istifadə etmişəm. Burada isə uzun müddətdir ictimai nəqliyyatdan
istifadə etmirəm. Çünki istər-istəməz tanındığım üçün bir az
narahat oluram. Nəqliyyatda olan problemlərə gəldikdə isə mən
onları qınamıram. Əsasən, problem avtobus sürücüləri ilə
sərnişinlər arasında yaranır. Bu da onların səhər 7-dən axşama kimi
gərgin iş şəraitində işləməsindən irəli gəlir".
Aparıcı İlkin Həsəni "BakuBus" avtobuslarından sonra
vəziyyətin nisbətən düzəldiyini bildirib:
"Ən son bir neçə ay bundan əvvəl "BakuBus" avtobuslarından
istifadə etmişəm. Çox xoşuma gəlib. Bildiyiniz kimi, əvvəlki
avtobuslarda vəziyyət bərbad idi. "BakuBus"da isə həm sərnişinlər,
həm də sürücülər etik qaydalar çərçivəsində davranırlar. Xaricə
gedəndə oradakı sürətli qatarlardan istifadə edirəm. Bizdə də
onlardan olmasını istərdim. Düzdür, indi Sumqayıtda sürətli qatar
var, amma təəssüf ki, yetərincə sürətli deyil".
Rəqqasə Oksana Rəsulova da ictimai nəqliyyatdakı
problemlərdən şikayətçidir:
"Axırıncı dəfə metrodan istifadə etmişəm. Düzdür, ictimai
nəqliyyatda çox problemlər olur. Özümə qarşı olmasa da, nəqliyyatda
bəzi adamların aqressiv davranışlarına şahid olmuşam. Bu, çox
xoşagəlməz haldır".
Aparıcı Cavid Gül nəqliyyatda başına gələn problemdən
söz açıb:
"Ən son yayda Avropa Oyunları zamanı metrodan istifadə etdim.
Nəqliyyatdakı problemlərlə mən də qarşılaşmışam. Hətta bir dəfə bir
şəxs metroda "Niyə bu tərəfə baxırsan?" - deyib, mənimlə dava etmək
istəyirdi".