Axar.az-ın "Qızıl duetlər" layihəsinin səkkizinci
dueti əvəzolunmaz sənətçilər – xalq artisti Flora Kərimova və
Hüseynağa Hadıyevin birlikdə ifa etdiyi "Mehriban insanlar"
mahnısıdır.
Hüseynağa Hadıyev
Hüseynağa Məmməd oğlu Hadıyev 1946-cı il noyabrın 19-da Bakıda
anadan olub. Onun anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı
Hüseynqulunun qızı idi. Hüseynağa musiqi ilə "Pionerlər evi"ndə
qarmon dərnəyində məşğul olmağa başlamışdı.Sonuncu kursda oxuyarkən
ailə həyatı qurmuş, universiteti bitirdiyi il hərbi xidmətə
yollanmışdı.
Həyat yoldaşı Sveta xanımın sözlərinə görə, Hüseynağa Hadıyev
sevmədiyi mahnını oxumazdı. O, ömrü boyu "Dan ulduzu" ansamblının
solisti olub. Bu ansambla o qədər bağlanıb ki, nə zamansa onu tərk
edə biləcəyini ağlına belə gətirməyib. O dövrdə televiziya, radio
proqramlarına çıxmasında problem olmadığı üçün Hüseynağa tez-tez
ekranda görünərdi. Ancaq bir qədər fərqli geyinməsinə və saç
düzümünə görə ona tez-tez irad tutar və səhnəyə çıxanda uzun
saçlarını kəsdirməyə, kostyum geyinməyə məcbur edərdilər. Bu
qadağalar onu həmişə özündən çıxarardı.
Hüseynağa Hadıyev 47 yaşında,1994-cü il yanvarın 12-də oxuyacağı
mahnıları, dillər əzbəri olacaq ifaları öz ilə apardı.
47 illik ömründə bənzərsiz, qeyri-adi səsi ilə Azərbaycan
musiqisinə adını yazdıran Hüseynağa Hadıyevin ifasında "Bir xumar
baxışla", "Gəl barışaq", "Bu gecə", "Gecələr bulaq başı" kimi
mahnılar hələ də sevilir.
Flora Kərimova
Xalq artisti Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda
anadan olub. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi
Texnikumunu, 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu,
1977-ci ildә isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14
yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb
İnstitutunun Çinar ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət
Filarmoniyasında çıxış edib.
Flora xanım Kərimova tərəf-müqabili olduğu Hüseynağa Hadıyevi
belə xatırlayır:
"Hüseynağa çörək itirən adam deyildi. Həmişə deyərdi ki, mənə bu
çörəyi sən vermisən. O, ailəsi tərəfindən çox sevilirdi. Çox
mülayim, həssasqəlbli bir insan idi. Əvvəllər ümumiyyətlə içkiyə
meyli yox idi, ancaq bilmirəm necə oldusa, sonradan güclü maraq
yarandı. Və bu maraq da onu bataqlığa apardı.
Bundan sonra Hüseynağa xeyli dəyişdi. Şəxsi həyatında
dəyişikliklər eləmək istədi və bu dəyişikliklər çox uğursuz oldu.
Onu sevən insanlar bu dəyişikliyi qəbul etmədi. Söhbət onun
ailəsindən ayrılmağından gedir. Bu dəyişiklik Hüseynağanın həyatına
xoş olan heç nə gətirmədi. Sonradan özü də bu qərarına görə peşman
oldu. Çünki artıq bir xanımın, eləcə də övladının ürəyini
sındırmışdı. Sonra nə qədər cəhd etsə də, onu bərpa etmək mümkün
olmadı. Mənim Hüseynağanın ruhuna hörmətim var. Ona görə də bunlar
barədə çox danışmaq istəmirəm.Hüseynağanın çox qəşəng səsi var idi.
Qısa zamanda tamaşaçılar tərəfindən qəbul edilmişdi, sevilirdi.
Hüseynağanın hansısa addım atıb özünü sevdirməsi çox çətin olardı,
çünki Akifin sənəti ona mane olurdu. Onda mən Hüseynağanı aldım öz
qanadımaltına. Beləliklə, başladım duet oxumağa. Hər dəfə
çalışırdım ki, səhnədə onun adı çəkilsin, çünki o buna layiq insan
idi.
Çox utancaq idi, adətən qaynayıb-qarışa bilmirdi. Ona görə
çalışırdım həmişə mənim yanımda otursun. Baxmayaraq ki, aramızda
çox az yaş fərqi var idi, həmişə mənə deyərdi ki, sən mənə anam
kimi qayğı göstərirsən. Mən ona etdiklərimin hamısını halal
edirəm".
Axar.az xalq artisti Flora Kərimova və unudulmaz sənətkar
Hüseynağa Hadıyevin birlikdə ifa etdiyi "Mehriban insanlar" duetini
təqdim edir: