"Tank yoxdursa, "Dolu" da yoxdur"
"Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm
də ki, vacib..."
Xatırlayırsınızmı, bu sözləri? Serial bazarının canlandığı,
"Dolu" filminin geniş müzakirə olunduğu bir dönəmdə "Brifinq"ə kino
adamını çağırmağı qərara aldıq. "Gündəlik Teleqraf"çılar bu qəliz
sənət sahəsi ilə bağlı Cəfər Cabbarlı adına Azərbaycanfilm
Kinostudiyasının direktoru Müşfiq Hətəmovu sual atəşinə tutdu.
Müşfiq müəllim kino sahəsindəki yeniliklərdən, rejissor eqosundan,
mütəxəssis qıtlığından danışdı və digər mövzulardan söhbət
açdı.
Nərgiz Ehlamqızı (siyasət müxbiri): Müşfiq müəllim, 2
ildir kinostudiyanın direktorusunuz, bu müddət ərzində nə
yeniliklər etmisiniz? Öz adınıza yazılacaq hansı işlər
görmüsünüz?
- Mən bu vəzifəyə gələndə 7-yə yaxın yarımçıq film var idi.
Həmin il bu filmlər yekunlaşdı. "Kino haqqında" qanun layihəsinin
hazırlanması prosesi başlandı və Azərbaycan reallığında ümumi kino
industriyasının problemləri məsələsi qaldırıldı. Orada iki xətt
götürüldü: "Azərbaycanfilm" hansı xidmətlər görəcək və özü hansı
janrda filmlər istehsal edəcək. Başa düşdük ki, biz
"Azərbaycanfilm" olaraq öz mütəxəssislərimizi yığmalıyıq.
Azərbaycan Prodüserlər Gildiyası təsis edildi. Bura respublikamızda
olan 18-ə yaxın aparıcı şirkət birləşdirildi, mən də sədr oldum. O
dövrdə İran və Gürcüstan nümayəndəliyi Azərbaycanda idi, onlar bizə
texnikalarını verirdilər. Ancaq analiz edəndə gördük ki, həmin
texnikalar ölkəmizdə olsa da, şirkətlər arasında münasibətlərdə
bağlantı yoxdur. Prodüserlər Gildiyası ilə birləşdik, həmin ildən
Azərbaycan kinosunun 90 faizini öz yerli şirkətlərimiz təmin etməyə
başladı. Cənab nazir Əbülfəs Qarayev bu sahədə məni dəstəklədi, biz
bu planımızı həyata keçirdik. Kino elə bir sahədir ki, orada
mütəxəssis gündə işləməlidir.
Bizdə film deyəndə, hamının ağlına birinci rejissor gəlir. Bəli
rejissor əsasdır. Amma rejissorun indiki dünyanın tələblərinə cavab
verməsi üçün onun ətrafında böyük istehsalçı mütəxəssislər
olmalıdır. Ki, onun dediyi təklifi bir neçə variantda verə
bilsin.
Prodüserlər Gildiyasında "Geniş baxış" adlı müsabiqə elan etdik.
Əvvəllər Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edirdi, amma
bu dəfə prodüserlər müsabiqə elan etdilər. Müsabiqədə İradə
Bağırzadənin layihəsi qalib gəldi, xaricdə yaşayan altı
azərbaycanlı gəncimizi ölkəyə gətirdik. 2013-cü ildə onlar filmlər
çəkməyə başladı. Bundan başqa, biz istehsal sistemində də
dəyişiklik etdik.
Nərmin Muradova (mədəniyyət yazarı): Nədən ibarət oldu
bu dəyişikliklər?
- Əvvəlki dövrdə filmə prodüser təyin olunurdu. O gəlib pulu
təhvil götürüb çəkiliş proseslərinə başlayırdı. Amma biz bu sistemi
dəyişdik. Filmlərə prodüserlə yanaşı maliyyə meneceri də təyin
etdik. Yaradıcı sexləri bərpa etdik. Bundan sonra rejissorun
istədiyi işığa artıq işıq sexi, maşına maşın sexi cavabdeh
olacaqdı. Burada aydınlaşma yarandı. Artıq hər kəs öz işi ilə
məşğul olduğundan işin keyfiyyəti artdı. Proses öz nəticəsini
verdi, tədricən filmlərin büdcəsi aşağı düşməyə başladı.
Mövlud Mövlud (redaktor): Yeyintinin qarşısı
alındı...
- Yox yeyinti deməzdim. Sadəcə, eşidəndə ki, kinostudiyada sex
yaranıb, əvvəllər bu işdə xidmət göstərən qurumlar öz qiymətlərində
endirim etdilər.
N.Ehlamqızı: Yerli mütəxəssislər işi daha ucuz
görürlər?
- Bəli, daha ucuz və keyfiyyətli etməyə başladılar. Artıq bir
direktor kimi pulun hara getdiyini bilirəm, buna görə də rahatam.
Bundan başqa, çəkiliş müddəti 3 aydan 2 aya düşdü. Bu da işi
sürətləndirdi. Bu yaxınlarda Elçin Musaoğlunun "Nabat" filmini
dağlarda 44 günə çəkib bitirdik. Əvvəlki vaxtlar olsa idi, daha çox
vaxt gedərdi.
M.Mövlud: Çəkilişlərdə özünüz iştirak
edirsiniz?
- Bəli, film başlayanda çəkiliş meydançasında oluram, ümumi
xidmətə baxıram, ola bilər ki, administrativ qrup ilə rejissor
arasında nə isə problem olsun. Heç olmazsa 2-3 dəfə mütləq
çəkilişdə olmalıyam.
Elmin Bədəlov (sosial sahə üzrə müxbir): Azərbaycanda
prodüser sistemi özünü doğrultmur. Sizcə, bu, nədən irəli
gəlir?
- Ölkəmizdə prodüserlik hələ 1990-cı illərdə yaranmışdı. O
dövrdə prokat sistemi, rəqabət yox idi. Biz elə bilirik ki,
prodüser vəsait qoyan, yüksək zövqə malik insan olmalıdır. Bunlarla
yanaşı prodüser cəmiyyətdə gedən psixoloji durumu və baxışları
nəzərə alıb ona uyğun film çəkib yaya bilməlidir. Bu şərtlə ki,
cəmiyyətin ümumi səviyyəsini yuxarı qaldıra bilsin. Bazar başqa
film istəyə bilər. Bu cür adamların gəlməsi üçün onların qazanc
yeri olmalıdır. Kino o zaman yaxşı yaşayır ki, onun tamaşaçısı,
satışı var. Şükürlər olsun ki, bu proses başlayıb, kinoteatrlar
tikilir. Bu gün Park Cinema-ya bu qədər tamaşaçı gəlir. Artıq sovet
dövründəki ənənə bərpa olunur.
N.Muradova: Dediniz ki, filmlərin çəkilişi yerli texnika
ilə təmin olunur. O texnikanı idarə edəcək yerli mütəxəssislər
varmı?
- 2012-ci ildən istehsal düzgün qurulmağa başladı, xarici
inhisarçılar bazardan demək olar ki, çıxdı. Bütün şirkətlər
birləşdirildi. 2013-cü ildə isə "Azərbaycanfilm" tarixində ilk dəfə
olaraq on nəfər cavan rejissor cəlb etdik.
Bu gün yüksək səviyyədə "foks-puller"imiz yoxdur. Dünyada
filmlər studiyada səsləndirilmir. Filmlərdə səs artıq çəkiliş
meydançasında yazılır. Biz Asif Rüstəmovun filmində səs rejissorunu
Almaniyadan gətirdik. Bu il prodüser mərkəzlərinin birinə bununla
bağlı müraciət etmişik, pirotexniklər lazımdır. Çünki bir nəfər
var, o da yaşlıdır. Bizim film istehsalçısı mütəxəssislərimiz yox
dərəcəsindədir. Bu il master-klaslara başlayacağıq. Qrimyorlar,
səs-rejissorları dəvət edəcəyik, müsabiqə elan edib gənclər
içərisində 5-10 nəfər perspektivlisini seçib öz hesabımıza xaricə
kurslara göndərəcəyik. Bu yaxınlarda fransızlar Gürcüstanda film
çəkmək istəyirdilər. Biz onlara təklif etdik ki, gəlin o filmi
Azərbaycanda çəkin. Dedilər, sizdə xidmət yoxdur, qorxuruq,
qoyduğumuz vəsait batar. Mən onları bizdə xidmətin olduğuna
inandırdım. Biz onlarla birlikdə belə bir qərara gəldik ki, film
xoşlarına gəlməsə, vəsaiti geri ödəyək. Onlar gəldi, Sahil
qəsəbəsində "Azərbaycanfilm"in nəzdində üç həftəlik film çəkdilər.
Bizim həddən çox gəlirimiz oldu, işçilərimiz aya aşağısı 3 min
manat aldı. Onlar gördü ki, administrativ qrupumuz var, hava
limanından onları necə qarşıladıq, harda yerləşdirdik, çəkiliş
meydançasında texnika necə qurulacaq, yemək yediyimiz yerlə
meydançanın arasında məsafə nə qədər olacaq və s. məsələlər
standarta uyğundur.
Meydançada özümüzün sertifikatlı gənc səs rejissorumuz,
"foks-pulleri"miz olsaydı, daha çox gəlir götürə bilərdik.
Ramilə Qurbanlı ("Publika.az" saytının redaktoru): Əsəd
Əsədovdan başqa səs rejissoru yoxdur?
- Əsəd müəllim canlı səsi yaza bilmir. Gənclər içərisində də səs
rejissorlarımız var, amma meydançada sertifikatlı, keyfiyyətli
canlı səsi yazan yoxdur. Əbülfəs müəllimin dəstəyi ilə
Konservatoriyanın bəstəkarlıq kursunu qurtaran Azər Əsgərovu xaricə
göndərdik. Həmin gənc həm bəstəkardır, həm səs texnologiyası ilə
işləyir, qısametrajlı filmdə sınaqdan keçirmişik, xarici
mütəxəssisin yanında daha da təkmilləşdirmişik.
R.Qurbanlı: Hələ Siz kinostudiyaya təzə gələndə başqa
sahələr üzrə də xaricə oxumağa gənclər göndərmişdiniz. Onlar oxuyub
qayıtdılar?
- Bəli. Ayşad adında oğlan diplom işini bu dəqiqə kinostudiyada
çəkir. Biz ona kiçik büdcə ayırmışıq.
Ayda 1000-1500 manat su pulu ödəyirik
N.Muradova: Xaricdə təhsil alan gənclərdən neçə nəfərini
yerləşdirmisiniz?
- Gedən uşaqlar işsiz qalmırlar. Amma bizə daha da yüksək
potensiala malik mütəxəssislər lazımdır.
Ayda 1000-1500 manat su pulu ödəyirik. Qərara gəlmişik ki,
kinostudiya ərazisində artezian vuraq. Nə qədər ayaqyolu təmir
etmişik, qrim otağı düzəltmişik.
R.Qurbanlı: Ümumilikdə təmirə ehtiyac var
axı...
- Kinostudiyanın layihələşməsi bir aya başa çatır. Amma onu
gözləmək olmaz. Bu, çox ağır prosesdir. Əgər biz proqramı həyata
keçirə və sertifikatlı kadrlarımızı hazırlaya bilsək, Azərbaycan
pavilyon baxımdan çox uğurlu coğrafi şəraitdədir. Yayda günün 8-9
saatı film çəkmək olar, yağışlı dövr çox azdır. Qonşularımız və
Avropa ilə müqayisədə ən yaxşı təbiət bizdədir. Verginin ləğvi
məsələsi, münbit şəraitlə bağlı "kino haqqında" qanun layihəsi
hazırlamışıq. Hazırda layihəyə Ədliyyə Nazirliyində baxılır.
İndustriyanı düzgün qura bilsək Azərbaycana kino sahəsində böyük
sərmayə gələ bilər.
N.Muradova: Layihə özünü doğruldur? Reaksiyalar
necədir?
- "Dolu" ilk qaranquşumuz idi. Filmin çəkilişi zamanı tank əldə
etmək mümkün deyildi. Elxan Cəfərov dedi ki, tank yoxdursa, film də
yoxdur. General-leytenant Rövşən Əkbərovun bizə çox böyük köməyi
oldu. İndiki Müdafiə nazirimiz Zakir Həsənov o vaxt Daxili
Qoşunların böyük bir hissəsini o filmin çəkilişlərinə cəlb
etdi.
N.Ehlamqızı: Aqil Abbasın özü "Dolu" filmini
bəyəndi?
- Şəxsən özüm Aqil Abbasla bir yerdə çəkiliş prosesində iştirak
etmişəm. Heç bir ssenarist rejissorun yaradıcılığını qəbul etmir.
Eyni zamanda rejissorlar ssenariyə baxanda ürəklə götürmür, öz
əlavələrini edir. Mən bildiyim qədəri ilə Aqil müəllim razı
qaldı.
N.Muradova: "Dolu"dan danışanda hər zaman üzünüz gülür,
ona qədər üzünüzü güldürən film olmayıb ki?
- "Dolu"ya qədər də çox gözəl filmlərimiz olub. Təkcə o film
deyil, türklərlə işbirliyimiz olan "Mahmud və Məryəm"in də adını
çəkmək istəyirəm. O zaman "Azərbaycanfilm"də deyildim, məni filmə
rəhbərlik üçün nazirlikdən göndərmişdilər. "Mahmud və Məryəm"
səkkiz Avropa ölkəsində nümayiş olunub, eləcə də, ən çox satılan
film olub. Bu filmlə dünyada Azərbaycanın müştərək layihələrdə
iştirakına inam yarandı. İndi partnyorluqla bağlı gündə elektron
poçtuma 10-15 məktub gəlir.
N.Ehlamqızı: Partnyorlarla danışıqları birbaşa özünüz
edirsiniz?
- Mən, bir də İtaliyada təhsil alan kinostudiyanın Beynəlxalq
əlaqələr departamentində çalışan Orxan Hüseynov danışıqları
aparırıq.
M.Mövlüd: Belə başa düşürəm ki, heyət xeyli
dəyişib...
- Heyətlə bağlı çox dəyişiklik etmədik. "Azərbaycanfilm"də
çalışan çox istedadlı yaşlı mütəxəssislər var. Məsələn, kamera üzrə
mütəxəssis Nəsir müəllimi Almaniyada da tanıyırlar. Bəzilərinə isə
nəyisə etibar edəndə, baxıb görürsən ki, yarısı yoxa çıxıb.
Belələrini işdən uzaqlaşdırmışıq. Əlavə olaraq kinostudiyaya yeni
mütəxəssislər cəlb etmişik. Pensiyaya çıxmış əməkdaşlarımız var ki,
onları heç vaxt işdən azad edə bilmərəm.
N.Muradova: Texnikanı da yəqin təmirdən sonra
alacaqsınız. Oqtay Mir Qasım hər zaman kinostudiyanın sovetdən
qalma texnika ilə işlədiyindən şikayətlənir...
- Oqtay müəllim düz deyir. Artıq özümüz bir çox texnika almışıq.
Bizim rejissorlar işə "QAZ-31"lə gəlirdilər. İmkanımız ona çatırdı.
Amma bu il iki ədəd "Hyundai Accent" markalı avtomobil almışıq.
N.Ehlamqızı: Suriyada döyüşən həmyerlilərimizlə bağlı
xəbərlərdən sonra din mövzusunda müzakirələr qızışıb. Film
çəkilişlərində din, yaxud başqa mövzu ilə bağlı mübahisə doğuran
məqamlar olanda o işin mütəxəssisləri ilə məsləhət
alırsınız?
- Əlbəttə, mütləq məsləhət alırıq. Bizdə Bədii Şura var.
Tərkibində dəyişikliklər olub və proses hələ də davam edir. Yeri
gəlmişkən qeyd edim ki, Ayaz Salayev kinostudiyanın baş
redaktorudur. Ayda iki-üç dəfə Əbülfəs müəllimlə görüşüb fikir
mübadiləsi aparırıq. Səmimi deyirəm, nazirlik bizə çox böyük dəstək
verir.
Leyla Əliyeva (müxbir): Son illər "Dolu" kütləvi nümayiş
olundu. Oqtay Mir Qasımın filmi kinoteatrda nümayiş
olunacaq?
- Keçən il yanvardan martadək bütün Azərbaycan filmləri Nizami
kinoteatrında göstərildi.
L.Əliyeva: Amma tamaşaçı az maraq
göstərdi...
- Bu dəqiqə biz piar başlamaq dövründəyik. Artıq PR sistemi
qururuq. Rayonlarda filmlərimizin satışı məsələsini qoymuşuq.
L.Əliyeva: Tamaşaçı filmin nümayiş olunacağından
bixəbərdir...
- Ən böyük təhlükə tamaşaçının aldadılmasıdır. Bəzən elə bir
zəif film həddindən artıq reklam olunur, 30-40 saniyəlik fraqmentə
baxırsınız, gedib filmə baxanda və istədiyinizi almayanda bir daha
ora getməyəcəksiniz. Bu yaxınlarda biz film çəkəndə Fövqəladə
Hallar Nazirliyindən bizə böyük kömək oldu. Bizə kamaz maşın
verdilər, onun vasitəsilə aktyorları dağa qaldırdıq. Çəkiliş elə
yerdə idi ki, 7 km çayın içi ilə gedirdik. "Dolu" filmini görüb
bizə inandılar, kömək etdilər. İnamı bərpa etmək lazımdır. Bu il
əsas məqsədlərimizdən biri uşaq mövzusuna müraciət etməkdir.
Sərhədlər açıqdır, mənfi və müsbət informasiyalar dolur. Teatr,
mədəniyyət evlərinin, televiziyaların borcu mənfi informasiyaları
neytrallaşdırmaqdır.
N.Muradova: Kinostudiyada qonorar məsələsi necə həll
olunur? Ən çox kimlər qonorar alır?
- Ən çox aktyorlar alır. 20 min, 10 min manat alan da var.
N.Muradova: Bəs kommersiya filmləriniz
hansılardır?
- Ramiz Əzizbəylinin baş rolda oynadığı "Halal pullar",
"İnterpapa", "Toy" və başqaları.
L.Əliyeva: Prezidentin fərmanından sonra serial
bazarında canlanma var. Seriallara baxırsızmı? Aktyor işini necə
dəyərləndirirsiniz?
- "Həyat sən nə qəribəsən" serialında bir aktrisanın oyununu
bəyəndim. O aktrisanın adını deməyəcəyəm. Hamısına baxmağa
çalışıram. Ümumilikdə bu, çox böyük iş oldu. Bunun nəticəsi 10-15
ilə olacaq. Böyük dəstə var deyirdi ki, mən rejissoram, artıq onlar
sıradan çıxacaq, mən ssenaristəm deyənlər artıq qorxuya düşüb,
rəqabət yarandı. Keçən ilki seriallarla bu ilkilər arasında fərq,
inkişaf var.
N.Ehlamqızı: Siyasətlə aranız necədir?
- Siyasətçi olmaq fikrim olmayıb, psixoloji hazırlığım da
yoxdur. Hər insan öz işi ilə məşğul olsa yaxşıdır. Nə qədər gözəl
geyinsək də, danışsaq da, şənlənsək də, hamımızın içində böyük
dərdimiz var. Nə vaxtsa torpaqlarımızı qaytaracağıq. Ancaq mənəvi
cəhətdən böyük zədələr almışıq. Onları sağalda biləcəyikmi?
N.Muradova: Bayaq "Mahmud və Məryəm"dən danışdınız. Siz
tamaşaçı kimi "Mahmud və Məryəmi"i bəyəndiniz?
- Ola bilsin, hərəmizin öz filmimiz var. Mən prodüserəmsə öz
məhsuluma deməliyəm ki, bəyəndim. Əgər prodüser desə ki,
bəyənmədim, onda söyləyərlər ki, bəs orda sən nə edirdin?
N.Ehlamqızı: Bu gün Azərbaycan tamaşaçısını, xüsusən də,
kişiləri "Qurdlar Vadisi Pusu" serialı cəlb edir. Orada siyasət də,
detektivdə xətti var. Biz niyə o bazarı ala bilmirik? Bizdə
ağlaşma, ya da komediyaya meyl var. Bunun məsuliyyəti ssenaristin,
rejissorun üzərinə düşür?
- Ölkədə nə qədər təsdiq olunmuş ssenarist, rejissor var...
Bunlar indi-indi üzə çıxırlar. Nazirliyin İncəsənət şöbəsinin
müdiri Fərəh Əliyevadan xahiş etdim ki, bizə gənc bəstəkarlar
versin. Altı bəstəkarı cavan rejissorlarla tanış etdim. 2 operator
tapıb gətirdik. İndi bəstəkarlardan birini göstərib rejissora
deyirəm ki, o uşaqları yoxla, deyir, yox, Xəyyam Mirzəzadə ilə
işləmək istəyirəm.
D.Əhməd: Qarabağla bağlı filmlərində ermənilər özlərini
sülhpərvər göstərmək istəyir, hətta Oskar almaq üçün bir film
çəkdikləri barədə də xəbər yayılmışdı. Qarabağ mövzusunda hansı
baxışın tərəfdarı olmalıyıq?
- Qarabağı alandan sonra ermənilərlə dostluq etməyə çalışacağam.
Bu gün biz məğlubuq. Ermənistanın ən böyük arzusu dostlaşmaqdır.
Çünki etdiyini edib. Onlar başlayacaqlar ki, nə danışırsınız, günah
ruslardadır, bizim nə günahımız var? Görüşəndə belə də
deyirlər.
N.Muradova: Amma ermənilər filmlərində elə mesajlar
göndərirlər ki, orada Azərbaycan işğalçı kimi pislənilir. Kinodan
vasitə kimi istifadə edə bilirlər...
- O da var. Bizim 10-15 dəqiqəlik kimliyimiz barədə filmimiz
olacaq. İstədiyimiz keyfiyyəti alsaq, dünya deyəcək ki, biz belə
gözəl xalqa niyə toxunmuşuq, nədən kömək etmirik? İşlər gedir, amma
peşəkarlıq problemi o qədərdir ki...
D.Əhməd: Məsələn, "Babək" filmini təzədən çəkmək
olar?
- Mən istərdim ki, "Babək" filminin cizgi filmi olsun.
M.Mövlud: "Robin Qud"un olduğu kimi...
- Hə, lap 10 cür çəkək, amma çəkib onu gözümüzdən salmayaq
da.
N.Muradova: İndi peşəkarlıq var, maliyyə
azdır...
- Azərbaycanda ortaya yaxşı iş qoymaq üçün nə qədər istəsən
maliyyə var. Azərbaycanı təbliğ edə bilən bir iş üçün dövlət
qurumları də dəstək olur. Rejissorlar var ki, deyirdi ki, mənim
serialımı bütün ərəb dövlətləri alacaq. Bir dostum film çəkir,
deyirdi ki, bura mənlik deyil, mən Oskara namizədəm. Deyirdim,
camaatın yanında demə, heç olmazsa Azərbaycan filmindən 10 faiz
yaxşı çək.
"Sony"yə qadağa qoymalıyıq ki, Azərbaycanda texnika sata
bilməsin
L.Əliyeva: Gənclərin təhsil məsələsində vəziyyət nə
yerdədir?
- Bu gün dünyanın "Arri", "Dolby" kimi aparıcı şirkətləri var.
Mədəniyyət və İncəsənət Universiteti əlindən gələni etsə də,
problemlərlə yaşayır. Deyirəm ki, biz "Arri"yə, "Sony"yə qadağa
qoymalıyıq ki, Azərbaycanda texnika sata bilməsin. Birinci təklif
etməliyik ki, sənin Azərbaycanda bu qədər texnikan satılır,
İncəsənət Universitetinə baza ver. Operatorlarımız var, sabah təzə
obyektiv çıxanda həmin şirkətin nümayəndəliyinin mütəxəssisi
gətirib onu tələbəyə öyrətməlidir. Çünki neçə müddətdən sonra
qurulub. Biz özümüz münasibətimizi Qərblə düzgün qurmuruq. "Sony"
ölkəmizdə milyonlar qazanır, istərdim ki, bizə peşə məktəbi
versinlər. Kinostudiya təmir olunanda ən böyük şərtlərimizdən biri
odur ki, o adamdan texnika alacağıq ki, iki il əvvəldən texnika
sifariş veriləcək və 2 il müddətinə azərbaycanlı balası düyməni
basıb öyrənəcək.
M.Mövlud: Ssenarilərin Mədəniyyət Nazirliyində
keçməsində sizin təsir imkanınız olurmu?
- Hörmətli Əbülfəs müəllim 2 ildə gedən prosesləri görəndən
sonra qərar verib ki, artıq ssenari "Azərbaycanfilm"in özündə qəbul
olunacaq. İndi Bədii Şura yaranır.
L.Əliyeva: Senzura olmayacaq ki?
- Kim nə deyir, desin, ssenari yaxşıdırsa, qəbul olunur. Gündə
mənə xaricdən 50 ssenari xahiş edirlər, dünyada ssenari böhranı
var. Türklərə ssenari göndərməkdən bezmişik. Mövzu tükənir. Ola
bilər ki, nüfuzlu adamın ssenarisinin keçdiyi dövrlər olub. Bunu
inkar etmirəm. Amma bu gün nazirin də, dövlətin də marağı odur ki,
yaxşı kino olsun. 30-40 il idi yeni nəsil gəlmirdi. Bəzi özünü kino
fədailəri adlandıranlar imkan vermirdilər. Biz indi bütün bu
problemləri yoluna qoymağa çalışırıq.