Axar.az görkəmli yazıçımız Cəlil Məmmədquluzadənin
mərhum şair Mirzə Ələkbər Sabir haqda məqaləsini təqdim
edir.
"Molla Nəsrəddin" məcmuəsi 1906-cı il aprel ayının yeddisində
nəşrə başlayanda biz Sabiri tanımazdıq və Sabir adlı şairin
varlığını eşitməmişdik. Əgər bizim şivəmizə yaraşan belə bir
ləzzətli şairin dünyada olduğunu zənn etsə idik, birinci nömrəmizi
onun qələmi ilə bəzəməmiş meydana qədəm qoymazdıq.
Sabirin birinci şeiri idarəmizə həmin vaxt gəlib çatmışdı ki,
yeddinci nömrəni paylayıb səkkizincini hazırlamaqdaydıq.
Belə məlum oldu ki, qiymətli şairimiz yeddinci nömrədə "Niyə mən
dərsdən qaçdım" sərlövhəli məqaləni oxuyub, bu barədə uşağın
atasına həmin kinayəli cavabı yazır ki, biz onu səkkizinci nömrədə
çap etmişik:
Ol gün ki, sənə xaliq edər lütf bir övlad,
Olsun ürəyin şad!..
Bundan belə məlum olur ki, əziz yoldaşımızın məcmuəmizə gəlib
çatan birinci əsəri həmin indi qeyd etdiyimiz mənzumədir və yeri
düşübkən lazım bilirəm Sabirlə maraqlananlara iqrar edəm ki,
məcmuəmizin dördüncü nömrəsində dərc olunan və "Hophopnamə"yə daxil
olan "Millət necə tarac olur olsun, nə işim var?" adlı mənzuməni
ki, bu saat camaatımız onu Sabirə isnad verir, Sabirin olduğunu mən
inkar edirəm; əvvəla o səbəbə ki, həmin mənzumənin əl yazısı
Sabirin xətti ilə yazılmamışdır; ikinci dəlilim budur ki, şeir özü
– necə ki, şeir ustadları mülahizə edə bilər – bir qədər zəifdir və
bəhər surət, Sabirə yaraşmır. Burada Sabir şivəsi və Sabir ruhu
görükmür. Mənim həmin nəzəriyyəmin əksini bircə şairin dəsti-xətti
təsdiq edə bilər. Əgər bir kəsdə varsa, zühura çıxmağı arzu
olunur.
Necə ki, yuxarıda ərz olundu, Sabiri biz qabaqlarda tanımazdıq
və həmin söylədiyimiz birinci əsəri Tiflisdə mətbəəmizə gətirən bir
naməlum cavan oğlan oldu. Bu adam paket içində məktubu verir
yoldaşımız Ömər Faiqə və qaçıb gedir. Faiq bir tərəfdən təəccüb
edir və bəlkə o, məktubu bədxahlar tərəfindən bizə təhdid və söyüş
zənn edir. Demə o, söyüş əvəzində - həmin dəyərli mənzumə imiş:
Ol gün ki, sənə xaliq edər lütf bir övlad,
Olsun ürəyin şad!..
Bəli, çap elədik.
Ancaq bəs bunu yazan kimdir? Ay yoldaş Faiq, niyə qaçdı o zalım
oğlu, kimdir onu göndərən? (çünki əsər imzasız idi, "Hop-hop"
imzasını idarəmiz qoydu).
Aha! Bir-iki həftə keçməmişdi, həmin naməlum oğlan yenə
mətbəəmizə bir paket gətirir və Faiqə verir. Yenə qaçır gedir. Bu
dəfə də paketin içindəki sovqat atanın dərs oxuyan oğlundan
gileyidir: "Bilməm nə görübdür bizim oğlan oxumaqdan" ki,
məcmuəmizin 11-ci nömrəsində dərc olunubdur.
"Aman günüdür, Faiq yoldaş, tap o zalım oğlunu". "Taparam,
taparam, səbir et, yoldaşım, bir də gəlsə buraxmaram".
Elə ki, bir həftə də ondan sonra həmin oğlan yenə o münval ilə
əlində paket gəlir mətbəəyə və paketi qoyur, istəyir qayıda,
yoldaşım Faiq bu dəfə düşür onun dalınca və aparır çıxardır erməni
bazarında şamaxılı Şeyxovların xalça mağazasına.
Şeyxovlar əvvəlcə mətləbi açmaq istəmirmişlər, ancaq Ömər Faiqin
təkidi ilə məsələni açırlar, ancaq bu şərt ilə ki, söhbət burada
qalsın.
Demək, biçarə Sabir mühitin şəraitini mülahizə etmək babətindən
"Molla Nəsrəddin"də öz iştirakını nəhayət dərəcədə gizli tutmaq
istəyirdi. Və xeyli bir zaman elə də oldu və bu səbəbdən də biz ona
verdiyimiz "Hop-hop" təxəllüsünü sonralar özü dəyişib, müxtəlif
imzalar qayırdı.
Həmin müxtəsər məqaləmizə bu bir neçə cümləni də artırmaq
istərdik.
Sabir – bu təxəllüs altında bizim şairimiz deyil; Sabir eyni
səbir və təhəmmül sahibi, dindar bir şairin təxəllüsüdür ki,
dünyanın cövr və cəfasına, insanların günah və məsiyyətinə
mütəhəmmil olub, yaxşı dünyanın intizarında qalır ki, bu da iman və
etiqad əhlinin qismətidir. Biz, necə ki, ərz olunub Mirzə Ələkbər
Sabir təxəllüslü şair olduğunu bilmirdik. Onun üçün də "Hophopnamə"
kitabında Sabirin "Sabir" təxəllüsü altında yazılarının dərcini
görəndə ona əfsus etdik ki, "Daş qəlbli insanları neylərdin, ilahi"
kimi bir mənzuməyə (səh. 174) Hacı Məcid Əfəndizadənin vəfatı
münasibətilə Sabirin çox yanıqlı və mütəəssir qəsidəsi dərc olunub
(səh. 313).
Onun üçün mən həməvəqt "Sabir" ləfzini bir yanda görəndə və
eşidəndə belə bir xəyalata cumuram: nə üçün dünya belə qurulubdur
ki, gün ləkəsiz olmur və qızılgül tikansız bitmir? Və bəlkə həmin
dünya qanununun təsirindəndir ki, "Hop-hop" kimi ən qiymətli və
nadir bir şairimizin gülkarlığının içinə dindarlıq sarmaşıqları da
gəlib qarışaydı gərək.