Ana səhifə Kult |
İkinci Dünya müharibəsi illərində alman ordusunda Azərbaycan Legionunda xidmət edən azərbaycanlılar barədə çox yazılıb. Lakin çeçen və inquş xalqının Stalinin əmri ilə məhv edilməsinin qarşısını alan 4 azərbaycanlı legioner barədə çox az məlumat var.
Çeçenistanın mərhum lideri Cövhər Dudayevin xanımı Alla Dudayeva və çeçen tədqiqatçı Qobasu Lokayev bu barədə öz araşdırmalarında yazıblar. Lakin bu dörd azərbaycanlının adı məlum deyil. Əlimizdə olan sənədlərdə 4 nəfərdən yalnız birinin adı adı var - Abbas.
Demək, 1944-cü ilin lap əvvəlində Türkiyə kəşfiyyatı çeçenlərin və inquşların öz doğma torpaqlarından qovulacaqları barədə gizli məlumat alır. Məlumata görə, çeçenlər və inquşların yük vaqonlarında Bakıya aparılması, daha sonra Xəzər dənizi vasitəsilə Krasnovodska daşınmaq üçün köhnə barjalara və bərələrə yüklənməsi planlaşdırılırdı.
Daşınma zamanı qeydiyyatsız sovet təyyarələri mühacirlərin əksəriyyətini bombalayıb batırmalı, Kreml isə bu hərəkətə görə Almaniya aviasiyasını günahlandırmalı idi. Bombalanmadan sağ çıxan barjalar çətin iqlim, epidemiya, aclığın bütün çeçenləri və inquşları bitirməli olduğu Krasnovodskda dayanmalı idi.
Türkiyə bu xəbəri alandan sonra müsəlman dövlətlərin bəzilərinin başçılarına diplomatik yolla xəbər göndərir. Alman kəşfiyyatına da məlumat verilir. Bu məxfi məlumatı aldıqdan sonra Stalinin hazırladığı aksiya haqqında çeçen və inquşları məlumatlandırmaq qərarı verilir.
Çeçen və inquş xalqının yanına hansı dəstənin gedəcəyi müzakirə ediləndə legion əsgərlərindən Abbas öz dostları ilə bu missiyanı üzərinə götürür. Dörd azərbaycanlı Çeçenistana gələrək qocalarla, üləmalarla görüşür, onlara çeçen və inquşlara qarşı soyqırımın növbəti mərhələsinin hazırlandığını deyirlər.
NKVD işçiləri bu 4 azərbaycanlının izinə düşür və tezliklə onları həbs edir.
Məhkəmə onlara Cinayət Məcəlləsinin 58-ci maddəsi ilə hökm çıxardır və Karlaq şəhərindəki siyasi məhbus düşərgəsinə etap edir, oradan da Balxaş şəhərinə göndərilirlər. Onlardan biri həbsxanada dünyasını dəyişir. Qalan 3 nəfərin isə Azərbaycana qayıtdığı bildirilir.
Bu hay-küylü məhkəmədən sonra çeçen və inquşlara qarşı soyqırım planı dəyişir və onlara toxunulmur.
Beləliklə, 4 azərbaycanlı öz həyatları bahasına iki xalqı soyqırımdan xilas edir.
1944-cü ildə 4 azərbaycanlı çeçenləri belə xilas etmişdi, 2024-cü ildə Çeçenistan rəhbərliyi Azərbaycan təyyarəsini vurub, sonra da enişinə izn vermədi və azərbaycanlıları ölümün cənginə atdı.
Tarix
2024.12.27 / 07:00
|
Müəllif
Zaur Əliyev
|