80-ci illərdə ədəbiyyata yeni bir dağla gəlməkdə idi.
Yeni nəfəs, deyim tərzi ilə seçilənlər "köhnələrin"-
altımışıncıların, yetmişincilərin sırasında dura bilməsələr də,
görünürdülər. O dövrün ədəbiyyatındakı təngnəfəslik, amiranəlik,
ideoloji təbliğat, dərc olunmağın çətinliyi və sairlər bəzilərini
ədəbiyyatdan küsdürə bildi. Lakin ədəbi çevrələrdən özünün
hücrəsinə çəkilib yazanlar da az olmadı. Onlardan biri ilə -
Cəlilabadda yaşayıb-yaradan, AYB üzvü, Prezident təqaüdçüsü Gülbala
Teymurla yaşadığı rayonda, "Seyrangah"da üz-üzə oturub çay içdik,
söhbət etdik:
- Gülbala müəllim, sizinlə Axar.az-ın "Gerçəkləşməyən
arzular" layihəsində görüşürük. Necəsiniz?
- Sağ olun, yaxşıyam. Yada saldığınıza görə təşəkkür edirəm.
Saytınızı daim izləyirəm. Layihənin adı nədən "Gerçəkləşməyən
arzular"dır, bəlkə gerçəkləşən olsa, daha yerinə düşər?
- Gerçəkləşən arzular gerçəkləşib də unudular. Biz o
arzuların qaysağını qoparırıq ki, hələ də insanlarımızın içindədir.
Deyin, uzun illər ədəbi camiadasınız, şeir yazırsınız, kitablarınız
çıxır, bilmək istərdim, şeirlər əlinizdən tutub bir yerə qədər
apara bilibmi?
- Şeirin məni hara aparmasına deyil, mənim onu hara aparmağım
barədə düşünmüşəm həmişə. Hələ ki, yol gedirik, Allaha
təvəkkül.
Qismət belə imiş
- Gülbala müəllim, kifayət qədər yaşamısınız, Cəlilabad
ədəbi mühitinin pionerlərindənsiniz, ilk qələm təcrübələriniz işıq
üzü gördüyü anların sevincini sonralar yaşaya
bildinizmi?
- Deyim ki, elə indi də yaşayıram. Mən nikbin insanam. Onda da,
indi də etdiklərimdən, yazdıqlarımdan gileyli deyiləm. Mənim yeganə
səhvim müəllimlərim və tələbə yoldaşlarımın sözünə, istəyinə
baxmayıb Yol Tikinti Nazirliyinin aparatına təyinatım verildiyi
halda, müştəbehlik edərək, Cəlilabadın ucqar bir kəndinə dönüb,
çətinliklərlə qarşılaşmağım və böyük ədəbi mühitdən ayrılmağım
oldu. Bu, mənim taleyimdə yaxşı olmayan hadisə idi. Qismət belə
imiş.
Boyumdan yuxarıya can atmamışam
- Deyin, gənc şair olarkən nələr keçirdi
ürəyinizdən?
- Mənim də arzularım olub və Allaha şükür, çoxuna çatmışam.
Bizim nəsil fərqli olub, kitablarla böyümüşük. Uşaq ikən yaşımdan
böyük kitabları oxumağı sevərdim. B.Vahabzadənin "Şəbi-hicran",
"Etiraf" poemalarını əzbərləmişdim, muğam dəsgahlarını və onların
şöbələrini öyrənmişdim. Bu yöndə böyüyür, incəsənətə can atırdım.
Şeir qabağa çıxdı.
- Yəni böyük şair olmaq, tanınmaq, barmaqla göstərilmək
- belə arzular yaşandımı heç?
- Yox. Boyumdan yuxarıya can atmamışam. Sadəlik və adi
insanlardan biri olmaq mənə daha böyük zövq verir. İnsanı böyüdən
də kiçildən də Allahdır. Şan-şöhrət də ona məxsusdur.
- Şair olaraq ən böyük arzunuz nə idi və o arzu hələ də
arzu olaraq qalmır ki?
- Mənim bir arzum olub və bunu 20 yaşımda yazmışam:
İstəmirəm özü böyük, suyu duzlu dəniz olum,
İstəyirəm kiçik olum, suyu şirin kəhriz olum.
İstəmirəm zirvə olum, əlim çatsın buludlara,
İstəyirəm təpə olum, gərək olum insanlara,
insanlara.
Hələ ki, bu arzum yerinə yetmir
- Olub ki, təkcə şair olaraq yox, elə bir insan kimi,
dövlət məmuru kimi nələrisə arzulayasan və bu arzular sizi hələ də
gözləri yolda qoya?
- Yox. Bəzi istisnaları nəzərə almasaq, ağılla düşünməyin
tərəfdarıyam. Tələskənəm və tez də fərqinə varıb yanlışları düzəldə
bilirəm. Arzuladıqlarım elə də böyük olmadığına görə onlara çatmaq
da çətin olmayıb. Həm şair, həm məmur, həm də insan kimi ən böyük
arzum xalqımızın başına açılan bu Qarabağ oyununa son qoyulmasıdır,
Azərbaycanın bütövlüyüdür. Hələ ki, bu arzum yerinə yetmir və çox
narahatam.
- Yaradıcılığınızdan bəhs edək, nə
yazırsınız?
- Ara-sıra şeirlər. Mən ancaq şeir yazdım, nəsrdən
çəkinirəm.
- Cəlilabadda yazarlar bir də görürsən bir-birindən
incik düşdü. Heç incik olduğunuz qələm dostunuz
olubmu?
- İstər Cəlilabad, istərsə Şəki, Bakı - hər yerdə inciklik də,
dostluq da var. Bu, əvvəldən və hər yerdə belədir. Söz olan yerdə
hər şey var. Ancaq mənim konkret incitdiyim və ya incidiyim nəinki
şair, heç iş yoldaşım da, qonşum da yoxdur desəm, səmimi qəbul
edin. Həmişə qohumun, yoldaşın, qonşunun, ailənin yolunu gətirməyə
çalışmışam. Bu da dəyərli insanlarla birlikdə işləməyimin,
dostluğumun, ailə görüşlərimin nəticəsidir yəqin.
Onların yanında heç görünmürəm də
- Gülbala müəllim, soruşmaq istəyirəm, şair olaraq
özünüzü ədəbi mühitdə harada görürsünüz?
- Qeyd etdiyim kimi, harada olduğunu insan özü yox, başqaları
daha yaxşı görür. Mən olsa-olsa bir neçə uğurlu şeir yazmışam.
Bizdən əvvəlki və çağdaş ədəbiyyatın nəhəngləri var. Mən onların
yanında heç görünmürəm də. Nə şedevrlər yaratmışam ki, bir iddialı
da olam?
- Kimi oxuyursunuz? Oxumaq istəmədiyiniz, amma nəyinsə
xətrinə oxuduqlarınız çoxdurmu?
- Bu an Məhəmməd Füzulinin qəzəllər kitabını vərəqləyirəm və o
kişini tanımağa çalışıram. Oxumaq istəmədiklərim çoxdur. Bu da
təbiidir, seçim var.