"Əhmədli" metrosunun yaxınlığındakı "Lukoyl"
yanacaqdoldurma məntəqəsinə paralel yoldakı işıqforda dayanan
sürücülər 3 azyaşlı uşağın dilənçilik etməsini çox güman ki,
unutmayıb. İkisi qız uşağı olan bu üçlüyün geyimi, sifətinin çirki,
paltarlarının nimdaşlığı onları istər-istəməz diqqətdə saxlayır. Bu
geyim-kecim onların xoş olmayan həyatından xəbər verir. Toz-torpağa
bulaşmış sifətlərinin sırtıq təbəssümü isə bəzən onların heç də
düşündüyümüz qədər ağrılı həyat sürmədiyi fikrini də ağlımıza
gətirə bilər.
Dəfələrlə müşahidə etmişəm, maşınlara yaxınlaşıb balaca
əllərini, az qala, sürücünün sinəsinə qədər içəri uzadırlar, "Allah
yolunda, sən o yanındakının canı, çörək pulu ver", deyib,
istəklərinə çatana qədər eyni sözü təkrarlayırlar.
İnsaflı sürücülər o balaca, tozlu, çirkli ovuclara qəpik qoysa
da, çörək pulu əsiri olan bu azyaşlıları söyənlər, yaxud ehmalca
pəncərəni bağlayıb yalvarışlara qulaq asmayanlar da az olmur.
Uşaqlar bəzən onları acılayan, ruzilərini kəsən sürücülərə özlərinə
məxsus şəkildə acıq verir, dillərini çıxarır, hərəkət edən
maşınlara tüpürməkdən belə çəkinmirlər.
Sürücüləri də qınamaq olmur, axı onlar çox vaxt bu yarıaçıq
ovucları "sevindirə" bilmir.
Bu uşaqlarla söhbət etmək istədim. İşıqforun qırmızı işığı
gözlərini "bərəldən" kimi uşaqlar yenə də maşınların üstünə şığıdı.
45 saniyə vaxtları vardı. Bu müddətdə ən azı hər biri 3 maşına
yaxınlaşır, dualarını edib ovuclarını açıb yalvarırdı. Bəzi
maşınların sürücülərinin sifətinə baxmaq kifayət edir ki, bu
azyaşlılar onların yanından sivişib keçsin. İntuisiyaları onlara
çox şeyi diktə edə bilir.
Maşını bir qədər yolun kənarına verib saxladım ki, söhbət
edəcəyim zaman arxadakı sürücülərə keçid üçün mane olmayım. Yoxsa
əsəbi siqnal verəcək, qan qaraldacaqlar. Uşaqlardan bir qədər
yaşlısı, təxminən, 13-14 yaşlı qızın sol əli yarıbükülü halda içəri
uzandı:
- Səni and veirirəm kimi çox istəyirsən, onun canına. Sən
Əbəlfəz, mənə çörək pulu ver, - çəkinmədən ayaqlarını maşının
pilləkəninə qoyub yuxarı qalxmışdı. Yaxından baxdım və sanki üzümə
toxunacaqdı, bir qədər yana çəkildim.
Burnundan axan selik qızın üst dodağında qartmaq bağlamışdı.
- Sən bu çirkli əllərinlə gedib çörək alacaqsan?
Sualım onu çaşdırmadı.
- Sən pul ver, mən çörək yeyəndə əlimi-üzümü tər-təmiz
yuyuram.
- Burnun axır, təmizlə verim, - mən də inad elədim və bu
dediklərim heç də onu ələ salmaq üçün deyildi. Guya ki, küçə
uşaqlarının xarakterinə uyğun danışırdım ki, onunla söhbətimi
alındıra bilim.
Qız maşının pilləkənindən bir an da aşağı düşdü, sol əli hələ də
yarımovuc şəklində idi. Sağ əli ilə donun ətəyini yuxarı qaldırdı,
burnunu fınxıraraq ətəyinə sildi.
- Demək, sən üzünü yusan, elə qəşəng qız olarsan ki! Hisin-pasın
içində özünü boğmusan.
Artıq işıqforun yaşıl işığı maşınların hərəkət etməsinə işarə
vermişdi. O biri uşaqlar da bizə yaxınlaşdı. Burnunu sildirdiyim
qız:
- Sən niyə pul vermədin? Vaxtımı aldın, - səsində inciklik
vardı.
- Sənə pul verəcəm, amma bir şərtlə, get o kranı aç, üzünü,
qollarını ayaqlarını təmiz yu, sonra gəl bura, verim. Mən maşında
gözləyirəm.
- Verməyənin... - ardını demədi.
- Lap da... - mən onun demədiyi sözə qüvvət verdim
Qız səkinin kənarında əkilmiş ağacları və gül kollarını suvarmaq
üçün nəzərdə tutulan plastik borunun kilidini əli ilə dərhal açdı.
Səliqəsiz şəkildə dizdən aşağı ayaqlarını, dirsəkdən bir qədər
yuxarıdan aşağı qollarını, sifətini yudu. Bu vaxta qədər maşını
işıqfordan keçirib, kənarda saxladım. Düşüb onların dayandığı yerə
gəldim.
O qədər də təmiz yuyulmayan sifətinin su dəyən yerləri onu daha
eybəcər göstərirdi. Boğazının altı, boynun ardı, qulaqlarının dibi
hələ də çirkin içində idi.
İşıqforun növbəti dəfə qırmızı işığı yandı. Hər 3 uşaq yenə də
maşınlara hücum çəkdi. Yenə də eyni ssenarinin oyunçuları kimi eyni
sözlər təkrarlanır, qənimətlərini ovuclarından ciblərinə
ötürürdülər.
Bəs, bunlar böyüyəndə necə, öz yerlərini tapa biləcəklərmi,
yaşaya biləcəklərmi, yoxsa elə küçələrdə, tinlərdə ömürlərini
ona-buna yalvarmaqda, əl açmaqda keçirəcəklər? Suallar özümə də
maraqlı gəldi.
- Bura gəl, dedim axı, sənə pul verəcəm, - yaşca böyük olan qızı
yanıma çağırdım.
- Ver də..
- Amma bir az söhbət edəcəm səninlə.
Qız illərin tanışı kimi idi. Heç çəkinmirdi də. Etinasız, vecsiz
bir görkəmlə sifətimə nəzər saldı.
- Sən pul verən deyilsən, - əlini yelləyib, yenidən maşınlara
hücum çəkdi.
Lakin əlimdəki manatlıq sifətinə sanki təbəssüm yaydı. Pulu
aldı, dua etdi. Aralanmaq istədi, dayan, dedim, səndən bir neçə söz
soruşmaq istəyirəm.
Dayandı. Üzümə baxdı, lal baxışları "eşidirəm", deyirdi.
Bu qızı ürkütməməli idim. Böyük qızdır, dilənçi olsa da,
həddi-büluğa çatmaqdadır. Çox yox, bir balaca üst-başını sahmana
salsa, saçına, sir-sifətinə fikir versə, yaşıdları arasında
çoxundan fərqlənərdi. Gözəl, yeniyetmə qız olardı, qızlara xas olan
əda, işvə, mehriban münasibət, ailə, dost, məktəb qayğısı və
diqqəti cəmiyyətimizə daha bir layiqli insanın, gələcək ananın
gəlməsi demək idi. Bu isə, maşınlara əl açır, dilənir. Hər gün yüz
cür münasibət görür, onu təhqir edirlər, söz atırlar, söyürlər,
hətta zor tətbiq edirlər. Düzdür, müşahidələrim onu da göstərirdi
ki, bu qız o sözləri, o təhqiredici və alçaldacı münasibətləri
özünə yaxın belə buraxmır, saymazyana hərəkətlə digər maşına
yaxınlaşır. Amma yox, arada cavab da qaytarır, gedən maşının
ardınca tüpürür. Bu tüpürcək heç də o maşına tərəf ünvanlanmır.
Zamanın, vaxtın bu vədəsində onu yollara salan, dilənməyə vadar
edən kəsin, yaxud kəslərin də ünvanınadır. Hər halda bunu mən belə
yozurdum.
Qız isə hələ də mənim soruşacağım sözü gözləyirdi. Axır ki, onu
intizarda qoymadım, adını soruşdum.
- Adımı neynirsən? 1 manat pul vermisən, bəlkə "domovoy
knişkamı" da yoxlayasan?
Yox, bu sözlər bu yaşda olan qızın sözləri deyildi. Bu sözlər
dünyanın çox üzünü görmüş insanların birinin digərinə ironik
etirazı, iradı, cavabı idi. Bu dilənçi qız da yaddaşına belə
ifadələri köçürüb, lazım gəldikdə hazırcavablıq edirdi.
- Axı, mən səninlə söhbət edəcəm, adını bilsəm, xitab edərdim
də...
- Nə edərdin, o nə deməkdir? - təəccüblə soruşdu.
Duruxdum. Yox, o mənə istehza etmirdi, sadəcə, bu sözü görünür,
eşitməyib və mən heç o qədər də işlək olmayan bu sözü nahaq dedim,
deyə fikirləşdim. Əlbəttə, o qızın eşitdiyi sözlər ancaq bunlar idi
ki, bu qısa zaman kəsiyində mən də o sözləri eşitmişdim:
"Səni küçəyə buraxanın...", "Bu qız indi maşına əl açır, sabah
bir az da böyüsün, maşına oturacaq", "Gəl səni aparım, çimizdirim,
adam edim..." və sair...
Elə qızın da cavabları xoşagələn deyildi. "Get, bacının
üst-başına əl gəzdir", "Məni küçəyə buraxıblar, səninkilər özlərini
küçədə qoyub" və ilaxır.
Burnunu sildi. Cırıq köhnə cins gödəkçəsinin cibindən güzgü
çıxartdı, özünə baxdı. Artıq iki balaca uşağın da əli işdən
soyumuşdu. Maraqla mənə və qıza baxırdılar.
- Azz, axşam nə deyəcəksən, nə qazanacaqsan, bu bekar adamdı,
işi yoxdu, səninlə məzə çırtladır.
- Yox, söhbət etmək istəyirəm, bilirsən, mənə maraqlı gəlir ki,
necə olacaq sizin axırınız. Axı siz də böyüyəcəksiniz, ev, ailə,
uşaq istəyəcəksiniz...
- Sən narahat olma. Biz sənin kimi bəxtəvər adam deyilik ki, hər
şeyimiz olsun. Ailəmizə nə gəlib, ailəmiz var, mehriban da
yaşayırıq. Elə bunlar mənim bacı-qardaşımdı.
- Bax, adını da demədin, de görüm böyük qız olub, işləmək, yaxşı
pul qazanmaq istəyərdin?
- Mən işləyirəm də. Budur da mənim işim.
- Yox e, lap yaxşı yerdə, məsələn... bax, o marketdə qızlar
işləyir ha, qəşəng, yaraşıqlı, təmiz, gözəl, boy-buxunlu, onlar
kimi olmaq istəyərdin?
Qız bacısına və qardaşına hökm etdi:
- Durmayın burda. Gedin, işinizlə məşğul olun.
8-9 yaşlı qız böyük bacısına çımxırdı:
- Sən bununla nə danışırsan, hamısını axşam atama deyəcəm.
- Get de, yorulmuşam da, dincəlirəm.
Əlimi cibimə apardım, bir 50 qəpiklik də çıxartdım, bu dəfə
balaca qıza tərəf uzatdım, götürdü və balaca qardaşının çiyninə
toxunub yenidən maşınların arasına girdilər.
- Bizim işimiz budur elə, - bu dəfə qız daha sakit səslə
dedi.
Qızın səsindəki yumşaqlıq mənə də sirayət etdi. İçimdə bir
əminlik vardı, bunu danışdıra biləcəm, olmaz ki, bu yaşda qızın
özünün daxili dünyası olmasın. Mən, hələ ki, ona yad adamam, özümü
doğma adam kimi göstərə biləcəmmi?
Qız isə danışsa da, hələ də gözləri ilə dayanıb-hərəkət edən
maşınları izləyirdi.
- Gün ərzində nə qədər qazanırsız?
- Nə qədər olur, elə o qədər. Az da olur, çox da...
- Ən çox qazandığın gün nə qədər olur?
Çiyinlərini çəkdi. Bu qız yavaş-yavaş küçədən çəkilirdi bu
hərəkətləri ilə. Bayaq əlini, dizlərini yuduğu plastik boruya
yaxınlaşdı. Yenidən ayaqlarını, qolunu, boynunu suyun altına verdi.
Sərinləndi. Yaş əllərini çirkli, pırtlaşıq saçına çəkdi. Sanki
özünə sığal verdi. Yenidən işıqforun dirəyinə yaxınlaşdı. Üzümə
baxdı, "bax, yuyundum", dedi sanki...
- Sən təmiz geyinsən, məktəbə getsən, oxusan, bilirsən nə yaxşı
qız olarsan? Xoş həyat yaşayarsan.
Çirkli sifətinə utancaq təbəssüm yayıldı. Bu qız artıq küçədə
dilənən qız deyildi. Kövrək xatirələri ilə baş-başa qalmışdı.
Etiraf etməliyəm ki, onun bu hala gəlməsi üçün xeyli vaxt sərf
etmişdim. Barmaqlarını bir-birinə kilidlədi, sol ayağını sağ
ayağının arxasında gizlədi, burnudeşik ayaqqabısını gizlətdi.
- Mən məktəbə gedirdim, dərslərimi də pis oxumurdum. Sonra
atam-anam bizi yay tətilində gətirdi Bakıya. Ailəlikcə dilənirik.
Təkcə atamdan başqa. Anam da dilənir. Ev tutmuşuq. Hər axşam
metronun yanında yığışıb gedirik evə. Atam qəpikləri, xırda pulları
böyük pullara çevirir. Deyir, sizin üçün edirəm bunları, sizə gün
ağlayıram.
- Axı dərslərinizi oxusanız, tələbə olsanız, bir sənət sahibi
olsanız, daha yaxşı gün görərsiz.
Qız çömbəlib oturdu. Donunun ətəyini ayaqlarının arasına sıxdı,
cins gödəkcəsinin cibindən bir qom manatlıq çıxardı. Mənə göstərib
təzədən cibinə qoydu:
- Mən indi oxumaq istəmirəm. Daha məktəbə gedə bilmərəm.
- Niyə? Atan qoymur? Axı dedin ki, o, sizə yaxşı gün arzulayır,
başa salın onu, deyin ki, biz oxuyub özümüzə gün ağlaya bilərik.
Dilənmək sənə yaraşmır. Böyüyərsən, toyun olar, ana olarsan...
Yanacaqdoldurmanın boş sahəsində kirayəlik dayanan gəlin
maşınlarına tərəf çevrildi. Bütün maşınlara baxdı. İri, bahalı,
təzə və təmiz maşınlar elə bəzəkli gəlin kimi dayanmışdı. Allah
bilir, bu qız neçənci dəfə idi bu maşınlara baxırmış, bəlkə də
özünü o maşınların içində gəlin kimi də hiss etmişdi. Çox astaca
bir ah çəkdi:
- Birinci dəfə yay tətilində ailəliklə dilənməyə gəldim. Buna
qədər anamla atam gələrdi, amma biz gəlməzdik. Sonra dərslər
başlayanda rayonumuza getdik. Uşaqlar təzə paltar geyinmişdi. Atam
mənə də təzə don almışdı. Sevinirdi uşaqlar. Mən isə sevinmirdim.
Hamı mənə sual verirdi ki, yay tətilini Bakıda necə keçirdin? Onlar
elə bilirdi ki, mən qohumumgildə olmuşam, şəhəri gəzmişəm. Cavab
verə bilmirdim. Elə bilirdim, hamı mənim burada diləndiyimi bilir
və bilərəkdən belə soruşurlar, məni dolayırlar. Acıladım və
həyatımda birinci dəfə şoferlərin məni söydükləri söyüşü dilimə
gətirdim, kişi söyüşü söydüm onlara, əl çəkin, dedim. Uşaqlar
bir-birinin sifətinə baxdı. Təəccübləndilər. 5-ci sinifdə oxuyurdum
onda. Sonra iki il də belə gəldik yay tətilini keçirməyə. Bacım,
qardaşım böyüdü, atam onları da dilənməyə məcbur etdi. Ondan sonra
dərsə getmək istəmədim. İndi mənim sinif yoldaşlarım 10-cu sinfə
keçəcək.
- Sənin neçə yaşın var ki?
- 14 yaşım təzə tamam oldu. Həmin gün ad günümü keçirmək üçün
qardaşım xahişi elədi, marketdən tort aldıq.
- Yəqin, atan da sevindi. Sənə hədiyyə aldı.
Fikrə getdi. Sonra yenidən ah çəkdi. Üzünə yayılan, gözlərindən
boylanan kədərin ağırlığını öz ürəyimdə hiss etdim, əlimi sinəmə
apardım, köynəyimin üstündən sinəmi ovdum. O, məni özünə simsar,
dərddaş bilmişdi, bəlkə də küçələrdə dilənəndən sonra həyatında ilk
dəfə idi ki, belə saf, təmiz, ürəyi və dili yuxa olurdu.
- Sən uşaqlarının ad günündə onlara hədiyyə alırsan?
- Hə... - daha heç nə demədim.
- Bütün atalar qızlarına hədiyyə alır. O qədər görmüşəm ki...
Amma atam mənə hədiyyə almadı. Dedi ki, gərək tort almayaydın, yekə
qızsan, özünə corab alardın...
Hər ikimiz susduq. Axır ki, dil boğaza qoymayan bacısı da onu
şantaj etmirdi, "dilənməsən, axşam atama deyəcəm", demirdi.
- Mən, bilirsən, nə üçün burada oturdum, işləmədim? Səninlə
danışanda anam o tərəfdən yaxınlaşdı, iki dəfə əli ilə işarə etdi
ki, gedim işləyim. Acığıma gəldi onun hərəkəti, mən onun kimi ana
olmaq istəmirəm, dilənmək, ərə getsəm, uşaqlarım olsa, onları
diləndirmək istəmirəm. Özü bir gün görməyib. Hələ bir balaca
qardaşım da var, qucağına alıb, durub orada dilənir.
Hə, deyəsən içindəki arzuları dilinə ötürülürdü, xəyallarında
qurduğu həyatı gerçək olaraq yaşamaq istəyirdi.
- Mən kinolardakı kimi istəyirəm. İstəyirəm, qardaşım məni
qorusun, kitablardakı kimi... elə həyatdakı kimi də. O qədər
görmüşəm ki, oğlanlar bacılarına, dost olduqları qızlara görə
savaşıblar. Amma mənim həyatımda qardaşlarım da dilənəcək, bacım
da. Özüm də. Anam dilənir, xalalarım dilənib, elə dilənçiyə, oğruya
da ərə gediblər, biz də elə olacağıq. Biz, bayaq sən dediyin
marketdə işləyən, dərsə gedən, deyib-gülən o qızlar kimi ola
bilməyəcəyik. O bahalı maşınlarda oturan oğlanların yanındakı
qızlar kimi də olmayacağıq heç. Atam bizi diləndirsə də, o bahalı
maşın sürən kişilər kimi deyil. Atam başqasının qızına söz atmır,
onların dalına təpik vurmur... O dəfə maşında kök bir kişi
oturmuşdu, mənə dedi, tumanını qaldır, sənə 10 manat verim. Ətəyimi
dizimə qədər çəkdim yuxarı. 1 manat verdi. Dedi, bütöv qaldır, yenə
verim. Qaldırmadım. Gülə-gülə sürdü maşını, getdi. Onun verdiyi
manatı qazandığım pullara qatmadım...
- Bəs neynədin? Cırıb atdın?
- Yox, cırmadım. O pula siçan dərmanı aldım.
- Niyə, özünü zəhərləyəcəkdin?
Bayaqdan başını aşağı salıb danışırdı. Bu dəfə isə gözlərimin
içinə baxdı, sonra dönüb sıra ilə müştəri gözləyən kirayəlik gəlin
maşınlarına baxdı, ayağa qalxdı:
- Yox, burada, kənd Əhmədlidə qaldığımız evdə siçan var, atam
demişdi, gələndə bir az siçan dərmanı alarsız...
O, üstünü çırpıb işıqfora tərəf, xatirələrinin, arzularının
içində keçib gerçək həyatına tərəf addımladı və nə fikirləşdisə,
dayandı, geri döndü:
- Adım Həyatdır...