Lazım kişi matrosdur. Bir ildən sonra təqaüdə çıxacaq.
Erkən yaşlarından Xəzəri o tay-bu tay ölçməklə məşğuldur. 57
yaşından təqaüdə çıxsa da, dənizdən uzaqlaşmayıb. Qarayanız və
qaraqabaq adamdır. Bu vaxta qədər onunla aramda ancaq "salam",
"sabahın xeyir" və işi ilə bağlı qısa söhbətlərimiz
olub.
Təbiətən danışqan, ünsiyyət qurmağı bacarsam da, bu adamla
mənimki heç alınmamışdı. Heç o özü də aramızdakı vəzifə bölgüsünə
görə mənimlə söhbət etməyə meyilli görünmürdü. Axır ilk dəfə idi
ki, bir ekipajda idik və bir-birimizi bu vaxta qədər heç
tanımamışdıq da. Bəlkə də mənim onunla söhbətə baş qoşmamağım da
ikinci köməkçimin "komandir, bir onun sifətinə bax, toçnı
ermənidir", - deməsinə görə olub. Sonra da Ətağanın cəddinə and
içib demişdi ki, onun erməni ilə qarışığı var. Onun bu sözlərini o
qədər ciddiyə almasam da, yenə də təsirsiz ötüşməmişdi. Ona görə də
aramızdakı rəsmiyyət tellərini Xəzərin küləkləri də tərpədə, aradan
qaldıra bilməmişdi.
Amma bir dəfə aramızda yaranan kiçik insident bizi
yaxınlaşdırdı. Lövbərdə dayanmışdıq. Kapitan körpüsündə olan
növbətçi matrosun vaxtının bitməsindən 1 saatdan çox vaxt keçsə də,
hələ də dəyişilməməsini görcək 2-ci köməkçiyə matrosu tapmağı
göstəriş versəm də, özüm də onunla birlikdə Lazımın kayutuna gedəsi
oldum. Yatırdı. Deyəsən, səsimin tonu bir qədər yüksək oldu:
- Ayıb deyil? Niyə yatmısan? Sənin əvəzləyicin heç yemək də
yeməyib. Dur yeməyini ye, onu dəyiş.
Lazım yuxulu gözlərini qırpa-qırpa eləcə yatağından əlini havaya
qaldırdı:
- Sən niyə belə qışqırırsan? Yuxuya qalmışam da. Mənə xoşdur
sənin danlağını götürmək?
Bu sözləri dedi və duruxdu. Səhv etdiyini başa düşsə də, geri də
çəkilmədi:
- Bilirsən, yavaş səslə də deyə bilərdin, başa düşərdim,
eşşək-zad deyiləm ki.
Səsinin tonu aşağı düşdü. Tənbəl-tənbəl ayağa qalxıb, stulun
üstünə atdığı şalvarını götürdü.
Kayutdan dəhlizə çıxdım. Ardımca gələn köməkçidən, "buna nə
olub", - deyə soruşdum.
- Qudurublar də... Özüm yoluna qoyaram.
Təxminən yarım saatdan sonra köməkçi kayuta daxil oldu.
- O, izahat yazmaq istəmir. Deyir, bir ildən sonra təqaüdə
çıxıram, hələ indiyə qədər heç bir izahat yazmamışam, heç vaxt
"naruşeniyam" olmayıb.
- Yazmayıb, indi də yazmasın. Eybi yoxdur, üstünə çox getməyək.
Bəlkə, nəsə olub, o heç vaxt belə kobud səhvə yol verməzdi.
Stola birləşdirilmiş çağırış düyməsini bir dəfə sıxdım. Növbətçi
matrosun başı qapıdan içəri "soxuldu". Ayaqları və bədəninin
yarıdan çoxu dəhlizdə idi.
- Lazım kişiyə deyərsən, yeməyini yeyib gəlsin bura.
Matrosun başı kayutdan geri, ayaqları və bədəninin bir hissəsi
qalmış dəhlizə tərəf geri çəkildi.
İkinci köməkçi divanda yerini rahladı. Bu gəncin gözlərində
həmişə şuluq bir ifadə oxunardı. Hiss etmişdim ki, kimlərisə
dolaşığa salmaqdan, gülüş və qınaq obyekti etdirməkdən həzz alır.
Əslində, pis niyyəti yoxdur. Dənizçilər macərasız, zarafatsız
keçinmir.
Lazım kişi qapını astaca döyüb içəri girmək üçün icazə istədi.
İkinci köməkçi mənə imkan vermədi:
- Gəl içəri keç, ayıbdır, özün də yekə kişisən, saçın-saqqalın
ağarıb, amma özünü aparmağı öyrənmədin.
Lazımın qaşı düyünləndi. Az qala, nəvəsi yaşında olan birinin
ona bu cür təpki göstərməsi heç mənim də xoşuma gəlmədi.
- Elə sənin kimi... Sən get gəmi jurnalını doldur, gətir. Saat
24-də veriləcək hesabatı indidən hazırla və idarəyə məlumat
ötür.
Köməkçi dilxor halda getdi.
Lazım kişi onun ardınca eyhamlı bir nəzər fırladıb, divanda
ayağını ayağının üstünə aşıraraq oturdu. Ona daha diqqətlə baxdım:
üzünün tükləri saçlarından daha bəyazdır. Yorğun və yuxuludur. Çay
təklif etdim, pis olmazdı, deyib, yerini dəyişdi, masaya daha yaxın
oturdu. Külqabını ona tərə uzatdım, siqaret yandırdı.
Ona və özümə çay süzdüm.
- Sən 1 saatdır növbəyə çıxmırsan, oyadırıq, "nə olub e", -
deyirsən, sonra da hələ mənə bir irad tutursan.
- Oldu da... daha olmaz, - səsi "günahkaram" deyirdi, sanki.
Fikirli olması, qayğı içərisində vurnuxması da gözümdən
yayınmadı. "Sənin nə isə problemin var", - soruşdum. Danışmaq
istəmədi. Sonra birdən-birə nəsə tapmış kimi sevincək dilləndi:
- Axı sən "pisatelsən", mənim üçün Ramil Usubovun adına bir
ərizə yazarsan?
- Yazaram, - dedim və anında da fikirləşdim ki, bu adamın həyatı
yazacağım növbəti hekayətin mövzusu ola bilər.
- Nə haqda yazmalıyıq?
Lazım kişinin danışığından məlum olur ki, qızının rəfiqəsi onun
vasitəçiliyi ilə lombarda qızıl-zinət əşyalarını qoyub. Hər ay da
pulu ödəyib. İndi qızılları lombarddan geri götürə bilmir.
- Qızım mənə dedi, mən də dənizdə olduğum üçün tanış bir adama
ağız açdım. O kömək edəcəyini dedi və qızımın rəfiqəsinin 5 min
manatlıq qızılını öz adına lombarda qoyub, cəmi 1500 manat götürüb.
Sən demə, pulu buna verirmişlər ki, ödəsin. O da iki ay ödədikdən
sonra naxələflik edib ödəmirmiş.
- Bu, xırda məsələdir, buna görə naziri narahat etmək olmaz
axı...
- Niyə olmur, olar. Axı polisə vermişik, arada heç nə yoxdur.
Nərimanov polisi işi araşdırıb göndərib prokurorluğa, prokurorluq
isə yenidən işi polisi qaytarıb.
- Ay Lazım, axı burda lombardın günahı yoxdur...
- Bilirəm lombardlıq bir şey yoxdur. O adam isə pulu ödəmir,
deyir, olanda ödəyəcəyəm...
Lazım karamel konfetinin kağızını büküb külqabıya atır. Stəkanı
götürüb ağzına yaxınlaşdırır.
Ağsaqqal matrosa ümid verirəm ki, narahat olmasın, məktub
yazarıq. Və birdən onun sifətinə bir daha diqqətlə baxıram:
- Lazım, sənin haqqında deyilənlər doğrudur?
Stəkanı dodaqlarından kənara çəkir.
- Nə deyirlər? Nə bilim, bəlkə də doğrudur, amma axı söhbət
nədən gedir?
İntizarda saxlamadım, birbaşa dedim:
- Sənin erməni əsilli olmağın haqda söz-söhbət gəzir.
Düzdür?
- Başları xarabdır e... onu deyənin...
Sözünün ardını gətirmədi. Xeyli fikrə getdi. Əli ilə kürəyini
ovdu. Çuxura düşmüş gözlərində doğrudan da bir məhzunluq, yetimlik,
kimsəsizlik oxundu. Yazığım gəldi. Xırıltılı səsində dünyanın ən
ağır yükü vardı sanki:
- Mənim "probabuşkam" metis olub, heç onu görməmişəm də. Nənəmin
nənəsinin atası dağlı olub, anası isə yarı erməni, yarı cuhud.
Ufff, gör neçə il olur e... mənim elə özümün 62 yaşım var, gör indi
qanımızda onların qanından qalar? Erməniyə qohum-zad deyiləm. Neçə
şəhid vermişik, bizim onlarla nə əlaqəmiz?
Sonra yenə də susdu. Dodağının altında nə isə mızıldandı. Yaxın
otursaq da, dediklərindən bir şey başa düşmədim. Diqqətlə qulaq
asdığımı görüb, yenə də xırıldadı:
- Bayaq üstümə ona görə qışqırırdın?
- Yox, - dedim.
- Mənim ata tərəfim həmşəridir. 100 ildən çoxdur e gəlib
Balaxanıda buruqda işləyib. Ermənilər həmişə bizə düşmən kimi
baxıb. Amma bizim millət dünənə qədər erməniyə qardaş deyirdi də,
bəlkə belə deyil? Mənim babam 3 erməni öldürüb o vaxtlar. İkisini
nöyüt quyusunda basdırıb. Əmim uşaqları şəhid olub. Oğlum da
Qarabağda vuruşub. Yaralanıb, əlildir. İşləyə bilmir. Onun ailəsini
də mən dolandırıram. Aldığı "pensiyaya" heç qoz qabığı da düşmür.
Erməni axtarırlar. Bilirəm kim deyib sənə. O balaca dibələyin
işidir. Onun nənəsini qız vaxtı babası ilə evin banında
xosunlaşanda tutublar, sırıyıblar yazığa...
Lazım kişi əsəbiləşmişdi. Mövzunu dəyişdim.
- Yaxşı qurtar görüm, mən sənin üstünə qışqırmadım. İşə laqeyd
münasibət var. "Smenşikin" ac qalıb, əlavə sənə görə 1 saatdan çox
vaxt da qalıb. Yorulub.
- Başa düşürəm...
Lazımla xeyli söhbət etdik. Könlünü aldım:
- Ağsaqqal kişisən, dənizdə böyümüsən, sən gərək başqalarına
nümunə olasan, - dedim. Və söz sözü çəkdi, özü də hiss etmədən
həyatının geridə qalan səhifələrini vərəqlədi.
- Bilirsən, mən niyə fikirli oluram? Gələn il 63 yaşım tamam
olacaq, dalımdan 1 təpik vurub göndərəcəklər ki, get yıxıl öl, sən
daha dənizə yaramırsan. Mən axı nə pensiya alacam ki, nə də yaşaya
bilim? Hələ oğlumu, onun arvadını, 2 uşağını da saxlmalıyam. Yaxşı
ki, qızlarım pis yerə düşməyib. Arada qardaşlarına əl də tuturlar.
Yoldaşım məktəbdə xadimədir, gəlinim də bağçada. Aldıqları maaş nə
qədərdir ki? Oğlumun pensiyası da çox deyil və onun ağrılarını
kəsmək, əsəblərini sakitləşdirmək üçün yazılan dərmanlara güclə
çatır. Əvvəllər yaxşı idi, tikintidə qarovulda dururdu. Sonra
dedilər ki, biz sobez deyilik ki, ona havayı pul verək. İxtisara
saldılar. Yenə də onlara baxanda mən babat maaş alıram. Əlavə
görürsən ki, balıq tuturam. Ev növbəmdə də bekar qalmıram, pul
qazanıram pis-yaxşı... Bax, mən onları fikirləşirəm... erməni...
erməni çıxardanın lap atabaatasının gorunu...
Lazım kişi özünə çay süzdü. Bu dəfə qənddanda qənd götürdü,
stəkana salıb islatdı, həb kimi dilinin üstünə qoydu, stəkanı
acgözlüklə başına çəkdi:
- İçim yanır, tualetin yolunda qalmışam. Susuz ölərəm.
Sonra yenə də həyatının geridə qoyduğu anları vərəqlədi:
- Mən oğluma veteranlıq "qnişkasını" alanda itin əzabını çəkdim.
Elə adamlarla rastlaşdım ki... erməni onlardan yaxşıdı. Adamı nə
qədər get-gələ salarlar. Axırda bilirsən nə dedim? Dedim ki (hələ
onda baba sağ idi), gedib özümü atacağam babanın maşının altına.
Deyəcəm ki, cənab prezident, sən çağırdın, dedin, vətən dardadır,
gecə ilə oğlumu pivnoydan tapıb göndərdim cəbhəyə. Dedim,
kopoyoğlu, get döyüş, o boyda kişi xalqa müraciət edir, qoşun
toplayır. Oğlum da getdi, kişi kimi də vuruşdu. Amma bu ştab
siçovulları onu get-gələ salır. Bu sözləri hərbi arxivin rəisinə
dedim və qapını çırpıb getdim. Evə çatanda gördüm voyenkomun
nümayəndəsi məni gözləyir.
Lazım kişi həyatının ağrılı günlərindən bəhs etdi:
- Uşaqlığım da yaxşı keçməyib. Atam-anam olsa da, yetim kimi
böyümüşdüm. Kasıbçılıq hər zaman insanı pis vəziyyətə qoyur. Elə
indi də eləyəm, elə bilirəm ki, hamı mənə baxır, bilirlər ki,
ailəni allah ümidinə dolandırıram. Doğrusu, sıxılıram. Amma
götürəndə heç kəsə ehtiyacım yoxdur. Tapanda yağlı, tapmayanda
yavan yeyirik. Uşaqlığım da belə keçib. Sonradan məhlədə pijonlara
qoşuldum. Gecələr Sabunçu vağzalında, Montində, nə bilim, harda
imkan olurdusa, yol kəsirdik, cibə girirdik. Özü də qara fəhlənin
yox ha... imkanlı adamların, mamalarının gül balalarının. Bir dəfə,
az qala, ilişəcəkdik. Onda peşə məktəbində oxuyurdum. Qonşuda bir
gəmi kapitanı vardı, Allah rəhmət eləsin, Ağarəhim dayı deyirdik
ona. Qaçdım onun yanına. Köhnə kişilərdən idi. Dedim, dayı, belə
bir iş tutmuşuq, izimizə düşüblər. Məni tutacaqlar, kömək elə.
Gətirdi məni gəmiyə. Adımı yazdı ki, guya qonaq kimi 3 gündür onun
gəmisindəyəm. Soruşan olsaydı, deyəcəkdi ki, bu uşaq neçə gündü
gəmidədir. Beləcə, 10 gün gəmidə gizləndim. Sonra öyrəndim ki,
uşaqlar da aradan çıxıb. Daha onlara qoşulmadım. Eləcə bağlandım
gəmiyə. Ağarəhim mənim adımı matros köməkçisi kimi gəmiyə yazdırdı.
Peşə məktəbinə getmədim. Beləcə, oldum maryak.
Lazımın kefi yavaş-yavaş durulurdu... onu qayğılarının cəngindən
qurtarıb, xatirələri ilə baş-başa qoya bilmişdim.