Onu tanıyırsınız. Haqqında
yazmışdım. "İnsan taleyi"
layihəsində həyatının bəzi
məqamlarına işıq salmışdım. Əlbəttə ki, Zümrüdü deyirəm, gəmi
aşpazını. Bu dəfə onun həyatının lirika dolu səhifəsini vərəqləyəsi
olacağıq. Sözsüz ki, bu söhbətimiz onun istəyi ilə baş tutur. Bir
dəfə sakit havada balıq tutarkən qarmağına təzə xəmir salıb dənizə
atdıqdan sonra çiyni ilə ehmalca çiynimə toxundu:
- Haqqımda yazdığın yazını oxudum.
Mahmud tapdı internetdə. Pis deyildi, yaxşı yazmısan.
Təşəkkürümü bildirdim. Sonra
ikimizin eşidəcəyi səslə dedi:
- Sən sağ ol. Haqqımda roman
yazarsanmı?
Ona tərəf çevrildim. Xələtinin
cibindən konfet çıxartdı, birini mənə uzatdı, "aramızda şirinlik
olsun", - dedi və əlavə etdi ki, narahat olmayım, əgər onun
həyatından bəhs edəcək romanı yazsam, borclu qalmaz.
Onun qəlbini qırmadım:
- Bilirsən, yazmaq olar, amma mən
heç roman yazmamışam axı. Bir də nəyin vardı yazdıq da… Xosrov
müəllim, bosman Səttar və sair…
Elə ürəkdən güldü
ki…
- Sənə elə şeylər danışaram ki…
Söhbətimiz elə burada da
yekunlaşdı. Başımız balıq ovuna qarışdı. Axşamdan keçmiş
dilimlənmiş qarpız, pendir və bir neçə dilim çörəklə kayutuma
gəldi. Zarafatından qalmırdı. Gəminin yaşlı matrosu Lazım kişinin
ona "padxod" etməsindən və mənə qədər bu gəmidə baş verən bir çox
hadisələrdən bəhs etdi. Arada şeir oxudu. Çoxu da nakam sevgidən
bəhs edən, ürək parçalayan lirika.
- Bunları tələbə vaxtı
əzbərləmişəm, şeiri çox sevirəm, - dedi.
Bir müddət söhbət etdikdən sonra
yenidən haqqında yaza biləcəyim əsərdən bəhs etdi və romandan
povestə, povestdən hekayəyə qədər düşdü. Razılaşmadım, mən sənin
haqqında ancaq irihəcmli bir məqalə yazaram və orada sənin intim,
özünə aid olan dünyanı qələmə alaram dedim.
Əlüstü
razılaşdı:
- Nə olar, olsun, amma mənim demək
olar ki, özümə aid olan heç nəyim qalmayıb. Səninlə açıq olacağam.
Həm də istəyirəm ki, sən doğrudan da həyat hekayətini qələmə
alasan, bəzi yazıçılar kimi şablon şeyləri yox.
- Zümrüd, sən gəmidə çox
limanlara baş vurmusan, bəs səni liman bilərək yan almaq istəyənlər
necə, çoxmu olub?
Elə bu dediklərim bəs oldu ki,
Zümrüd özünün sevgi dünyasına baş vursun.
- Həyatımda çox maraqlı hadisələr
olub. Məni bu dəniz korladı. Sözün həqiqi mənasında. O deyimlə razı
deyiləm ki, dəniz çirki götürmür, atır sahilə. Heç də düzgün deyim
deyil. Dəniz mənim kimi zir-zibili öz qoynunda saxlaya bilir.
Sənə danışmışdım. Məni Səttar
gəmiyə gətirdi, evlənəcəyəm səninlə, - dedi, axırı nə oldu? Mənim
başıma gətirdiyini Allah da onun qızının başına gətirdi. İndi
səsi-sorağı, Çindən, Dubaydan, Türkiyədən gəlir. Öz qohumuna ərə
verdi. Amma qız o oğlanda qalmadı. Boşandı. Sevinmirəm. Əsla, amma
Allah gərək Səttara başqa cür cəza verəydi, qızıyla yox…
Zümrüd qarpız dilimini çəngələ
keçirib ağzına aparır. Ehmalca dişləyir. Sanki dişlərini qarpızdan
qoruyur. Salfetlə qarpızın dodaqlarında qalan şirəsini quruladı.
Gülümsədi:
- Üç il qabaq Türkiyəyə getdim.
Quru yük gəmisi ilə Yunanıstana, Ukraynaya yük daşıyırdıq. Komandir
heyəti türklər idi. Ekipajın əksəriyyəti keçmiş sovetlərdən idi.
Əsasən də gürcülər. Mənə çox hörmət edirdilər. Aralarında bir
dələduzu vardı. Bir dəfə dedilər ki, hamamı təmizləmək bizim üçün
xoş deyil. Sən qadınsan, bizim növbəmiz olanda yu. Hörmətini
edərik. Dedi ki, adama 10 dollar verərik. Razı olmadım, pulsuz
edərəm, - dedim. Bir dəfə o bicbala boynumu qucaqladı. "Gəl, dost
olaq, sevişək", - dedi. Güldüm, dedim, ay bala, doğsaydım, sənin
boyda nəvəm olardı. Elə hazırcavab idi, dedi, nə olsun, sən olarsan
Alla Puqaçova, mən də sənin Flipin. Sonra o heyətdən çıxdım.
- Niyə? Onun sevgisinə
qarşılıq vermədin, ona görə?
- Əşşi yox, e… Sonra 3 azərbaycanlı
gəldi. Başladılar haqqımda pis fikirləşməyə, guya gürcülərlə
yatıram. Dedim, a bədbəxtlər, mənim yatası halım yoxdu e… haqqımda
pis danışdılar. Gəmiyə araq götürürdüm, Yunanıstanda satırdım.
Gedib kapitana satdılar məni…
Onların açığına o gürcü gədəsini
saldım kayuta, 3-4 saat kart oynadıq. Danışdıq güldük. Arada
işıqları söndürdük. Elə bildilər ki, nə iləsə məşğuluq. Sonra da
oğlana dedim, otaqdan çıxanda köynəyini çıxar çıx. O da elə etdi.
Səhəri gördüm mənə nifrətlə baxırlar. Gedib kapitana şikayət
etmişdilər ki, guya mən gürcülərdən pula alıb hamamı təmizləyirəm.
Kapitan da deyib ki, yaxşı edir, o bura pul qazanmağa gəlib,
oğurluq etmir ki. Bunları bildim, dedim, niyə belə edirsiniz?
Dedilər ki, sən millətin adını batırırsan, gürcünü otağına
buraxıbsan. Dedim, ay külbaşlar, o mənə "matuşka" (anacan) deyir.
Yox əgər siz düşündüyünüz kimi idisə, namus-namus deyirsinizsə,
niyə onun qabağını kəsmədiniz? Kişi satqın olmaz. Mən bura gəlmişəm
işləyəm, pul qazanam. Kefə gəlməmişəm. Həm də yaşımın o vaxtıdır
ki, mən onlar deyəni heç fikirləşmirəm də…
- Zümrüd, demək, tər-təmiz
gedib-gəldin…
- Atamın qəbrinə and olsun. Mənim
yaşıma bab olanlar vardı da. Amma mən elə əxlaqsızlıq etməzdim.
Zümrüd doğrudan da səliqəli
qadındır. Yazmışdım axı, yaşı çox olsa da, fiziki görkəmi onu çox
cavan göstərir. Həm də ruhu cavandır. Şeiri sevir, saatlarla şeir
oxuyur.
- Tələbəlik illərimdə öyrəndiyim
şeirlərdir. Kimləri oxumamışam? Şeir dəftəri tutmuşdum. Bəyəndiyim
şeirləri həmin dəftərlərə yazırdım, göstərərəm sənə.
Sonra siqaret yandırdı. Dərin bir
qullab vurdu, bir neçə saniyədən sonra siqaretin tüstüsü
heysiz-heysiz burun dəliklərindən və boyasını qarpız dilimlərinin
təmizlədiyi dodaqlarının arasından çölə çıxdı. Üfürüb tüstünü
gözlərinin qarşısından qovdu.
- Səninlə söhbət maraqlıdır. Adam
toxtayır. Mənim xatirələrlə yaşadığım vaxtımdı. Mən artıq indi nəvə
oynatmalı idim. Başıbatmış Lazım isə mənə deyir, nə olub e, tez-tez
qalxırsan yuxarı. Daha bilmir ki, səninlə söhbət edəndə gəminin
üfunətindən uzaq oluram.
Mən susmağa üstünlük
verirəm. Mövzunu bilir, axır ki, qayıdacaq xatirələrinin lirika
dolu səhifələrinə.
İndi fikir verirəm, Zümrüdün
alnında çapıq var. Dizində olan çapıq aydınca görünsə də, alnındakı
bu yaraşıqlı çapığı saçlarının köməyi ilə gizlədə bilib. Çox güman
ki, bu çapığın da bir tarixçəsi var. Əlimi öz alnıma aparıram,
Zümrüdün çapığının olduğu yerə qoyub, gözlərimlə soruşuram ki, bu
nədir?
- Hə, bunu deyirsən? Bu, çox əziz
bir adamımın zərbəsindən sonra olub. Adı Qafar idi. Dərbənddə bibim
qızı olur, onlara getmişdim. Bakıya qayıtmalı idim. Avtobus
gözləyirdim. Yağış yağırdı. Maşınlar saxlamırdı. Demək olar ki,
bütün maşınlara əl edirdim. Bir "Jiquli" keçdi. Əlimi havaya
qaldırmağa macal tapmadım. Yanımdan şütüyüb keçdi. Bir qədər uzaqda
saxladı. Arxaya verdi. 3 nəfər idilər. Soruşdular ki, hara
gedirsən? Dedim, Qubaya qədər apara bilərsiniz? Götürdülər, arxada
oturdum. Sürücü güzgünü üzümə tuşladı. Tez-tez mənə baxırdı. Özümü
narahat hiss etmədim. O qədər mənə baxan, söz atan olmuşdu ki…
Gəmidə bir qoşun kişinin arasında bərkimişdim. Söhbət zamanı məlum
oldu ki, bunlar gül alverçiləridir. Minvoda, Nalçikə gül aparırlar.
Mən, əslində, Bakıya gedəcəyimi dedim. Sürücü, bax Qafar dediyim o
adam, əlbəəl dedi ki, istəyirsən aparım. Razılaşdım. Gecə saat 3-də
Bakıya çatdıq. O zaman kirayə evdə qalırdım. Məni düşürəndə dedi
ki, bəlkə sabah görüşək? Niyə də olmasın, fikirləşdim. Bax
görüşdük. Onunla uzun müddət yaşadıq. Gəmidən çıxmağımı istəyirdi,
razı olmadım.
- Ona xəyanət etdinmi
heç?
- Mənim həyatımda xəyanət deyilən
bir şey yoxdur. Ürəyimin hökmü ilə yaxın olmuşam kişilərimlə. Həm
də mən onların arvadı deyildim ki… Öhdəlik götürməmişdim ki. Mən
həyatı param-parça olan bədbəxt, lakin həddindən artıq gözəl qadın
idim. Mənə girişənlər çox olub. Amma onları qəbul etməmişəm. Qəbul
etdiklərim isə məni qısqansalar da, xəyanət etməkdə günahlandıra
bilməzdi. Deyirdim ki, sən özün ailənə, arvadına, uşaqlarının
anasına xəyanət edirsən, guya mən sənə, mənim heç kimim olan bir
kişiyə xəyanət etsəm, nə dəyişəcək? Mən Qafara xəyanət etmədim heç
vaxt. Amma onunla bir gəmi kapitanına xəyanət etdim. Çünki Qafar
gələnə qədər onunla olurdum. Ürəyimdə deyirdim ki, bundan yaxşı
qulaq dostu, sevgili ola bilməz. Amma Qafar… o başqa aləm idi. Mənə
deyirdi ki, ay bədbəxtin qızı, doğ da. Özümə görə demirəm, deyirdi.
Deyirdi ki, mənim balalarım var, səndən gözəl olmasa da, səndən
əxlaqlı, tərbiyəli arvadım var, sən bədbəxtin isə heç kəsi yoxdur.
Doğ, qorxma, pulum çoxdur, saxlayacağam. Yox, deyirdim. Onu çox
sevirdim. Əlləri beşik kimi iri idi. Yatanda üzümü qoyurdum ovcuna.
Balaca olanda atamın ovcunun içində eləcə "yatardım". Amma o
kapitan isə başqa cür idi. Mənə hər dəfə deyirdi ki, elə elə, uşağa
qalma. Deyirdim, niyə axı, bətnimə düşəcək uşaq sənin balan olacaq,
niyə balanı öldürürsən, qoymursan doğula? Nə isə, indi o bizdən
çıxıb, Ərəb Əmirliyində işləyir. Pis adam deyildi, belə götürəndə.
Amma mən ikili həyat yaşayırdım. Qafar isə başqa aləm idi. Kişi o
qədər saf və təmiz idi ki... Yaxşı pul qazanırdı. Mənə xərcləmək
istəyirdi, razı olmurdum. Özüm pis qazanmırdım axı.
Neçənci siqaret idi ki,
çəkirdi. Arada durub masanın üstünü təmizləyib, çay tədarükü də
görmüşdü. İndi söhbətimiz çay süfrəsinin ardında davam edirdi. Onun
xatirələri də bardaqda "tüstüləyən" çay kimi isti idi.
- Qafardan bir müddət xəbər
çıxmadı. Daim oturduğumuz kafeyə getdim. Dostu idi kafenin müdiri.
Dedi ki, ağır xəstədir. Görüşmək istədiyimi dedim. Məni də götürüb
onların evinə apardı. Böyük oğlanları vardı. Arvadı bizi yaxşı
qarşıladı. Dostu dedi ki, onun kafesində işləyirəm və Qafarı
tanıdığıma görə birlikdə gəldik ona baş çəkməyə. O, xərçəngdən
əziyyət çəkirdi. İmkan tapıb xırıltılı səslə dedi ki, nə yaxşı
doğmadın, tək o uşaqla nə edəcəkdin, necə dolanacaqdın?..
Ağrısından danışmadı, eləcə, məni düşündü.
İndi Zümrüd yəqin
ağlayacaq, deyə düşündüm. O isə əksinə, gülümsədi. Çayından bir
qurtum alıb davam etdi:
- Düz üç ay sonra bildim ki, ölüb.
Qəbrinin üstünə getmədim. Görərlər birdən. Bakı kəndində bu,
söz-söhbət olardı, saxladığı qadın olub, deyərdilər, adına,
ailəsinin adına söz gələ bilərdi.
Zümrüd divar saatına baxdı.
"Gecdir, durum, - dedi. - Hə, yəqin gözləyirsən ki, o kapitanla,
sonra necə oldu? Heç necə, ona qədər mən kişilərdən necə
soyuyurdumsa, o, mənə qədər qadınlardan necə ayrılırdısa, bax eləcə
də münasibətimizə son qoyduq…"