"Türmə əhvalatları"
layihəsində
Cənub hövzəsindəki limana daxil olmaq üçün buraxılış vərəqəsini
təqdim etdim. Mühafizəçi sənədimə gözucu baxdıqdan sonra "keçin", -
dedi. Gülümsədi, gözləri qıyıldı, qırışlandı. Təbəssümü sifəti boyu
yayıldı, dodaqları aralandı, dişlərinin boş qalmış yerlərindən
dilinin ucu göründü:
- Necəsən, şair? Tanımadın? Mənəm də Telman…
Qıyılmış gözlərinin arxasından sanki köhnə bir tanış boylanırdı
mənə tərəf. Bu qədər doğma, isti təbəssümün sahibi səhv edə
bilməzdi, o, məni tanıyırdı. Müraciəti də bunu deyirdi. Adımı
çəkməməsi, gəmidəki görəvimlə bağlı müraciət etməməsi də bunu
deyirdi. Yaddaşıma acığım tutdu. Amma özümü o yerə qoymadım, rus
dilində dedim bu sözləri:
- Baho… Neçə qış, neçə bahardır görünmürsən... Haralarda
idin?
Mənə cavab vermədi. Yanında dayanan və hər ikimizə təbəssümlə
baxan həmkarına tərəf çevrildi:
- Sən o torpağı qurumayan nəvənin goru, nə dedim sənə? Demədim
ki, yerişindən, qolunu yelləməsindən bu o olacaq?
- Sən başqa aləmsən e… Yaddaşın bülöv kimidir… - bunu nəvəsini
təzəlikcə itirdiyi bəlli olan digər mühafizəçi dedi.
Telman həmin doğma təbəssümlə yenə də mənə tərəf baxışlarını
çevirdi:
- Balamın canı üçün, səni "naxadu" tanıdım. Zarafat deyil e...
Düz 10 il keçib. Mən 2 ildən çoxdur çıxmışam. "Volnı xojdeniyada"da
idim. Bu dəfə əfvə düşdüm. İndi burda işə düzəlmişəm. 8 il "sedmoy"
kalonda oldum. Kənd Əhmədlidə, düz evimin böyründə…
Dedi və birdən məni bağrına basdı, sifətini boynuma söykədi,
məni sinəsinə tərəf sıxdı, eynən qardaşlarım, dostlarım kimi.
Səsində titrəyiş vardı:
- Nurəliyə, - iş yoldaşını nəzərdə tuturdu, - demişəm, dədəmin
qərib məzarına and olsun. Səni o dəfə uzaqdan görüb oxşatmışdım, o
zaman demişdim, kişiliyi çatırsa, təsdiq etsin, demişdim ki, bu
adam mənim Bayılda ilk dəfə tanıdığım dustaq olub. Əncir ağacının
dibində oturmuşdun ha… səni üzləşməyə gətirmişdilər. Vəkilin də,
müstəntiqin də yanında idi. Bir nəfər də üzündən işverənlik yağan
adam vardı. Sonra dedin ha mənə, üzünə durub bu adam.
Sonra üzünü Nurəliyə tutdu:
- Allaha and olsun, bu adama elə yazığım gəldi ki... Papirosu
necə çəkirdi. Vəkillə müstəntiq danışıb gülürdü, bu isə daşın
üstündə oturub tüstülədirdi. Babalığım gəldi. Amma bir-neçə gündən
sonra öyrənə bildim ki, bu adam yazıq-zad deyilmiş. Delovoy oğlan
idi... - yenə də boynumu qucaqladı…
... Yadıma düşdü. Tanıdım. Etiraf edim ki, bu illər ərzində heç
bir dəfə də olsun yadıma düşməyib. Məni isə şair Hikmət Məlikzadə
ilə üzləşdirməyə gətirmişdilər. Mənə tikilən torbada onun xüsusi
rolu olmuşdu. Qorxudub yalan ifadə alıb, üzümə durdurulanlardan
biri də daim qayğısına qaldığım, yazılarını dərc edib qonorar
verdiyim Hikmət olmuşdu.
Telmana gecə saatlarında dənizə çıxacağımı dedim:
- Vaxt tap gəl gəmiyə, bir az dərdləşək.
- Yox, ay şair, postu tərk etmək olmaz. Qalsın sonraya.
- O zaman hava qaralsın çay qoy, yan-yörəsinin tədarükünü mən
görərəm, gələcəm...
Gəminin dayandığı körpüyə qədər mənimlə çiyin-çiyinə addımladı.
Daha doğrusu, qolunu boynuma dolamış, çiynimi qanadının altına
almış halda yeridik.
Bir neçə saatdan sonra artıq xudmani çay süfrəsinin arxasında
oturub söhbət edirdik.
Onunla Bayıl türməsində bir neçə dəfə qısa görüşümüz,
söhbətimiz, salamlaşmalarımız olubmuş.
Söz sözü çəkdi və onun nədən həbs olunması ilə maraqlandım.
- Məni möcüzə xilas etdi. Ömürlük də verilə bilərdi. Yüksək
rütbəli polis zabitini güllələdim. Xəstəxanada öldü.
Çayından bir neçə qurtum da içib davam etdi:
- Günah özündə oldu. Gərək yekəbaşlıq etməyəydi.
Söhbətin mövzusunu dəyişmək istəsə də, çalışırdım ki, yenə də
həmin günlərə qaytaram onu, görünür, o anları yaşamaq ürəyincə
deyildi. Amma məndən də keçə bilmirdi.
- Nə danışım e… İnsan ölümüdür, ağırdır, əlbəttə. Amma bu adam
hərəkəti, rəftarı ilə sanki deyirdi ki, gəl, məni öldür. Çox dedim
ki, adə, çıx get, yazıqsan, özüm gələrəm, yaxud da həbs edirsənsə
elə, daha niyə söyüş söyürsən, təhqir edirsən məni ailəmin,
qonum-qonşunun yanında… Çox dedim, eşitmək istəmədi. Tapançasını
çıxartdı, dedi, soxaram bunu ayıb yerinə, gülləni ataram başından
çıxar… Baxdım yoldaşım, uşaqlarım, qonum-qonşu, bununla gələn, məni
tanıyan, əlimdən ruzi alıb dolanan polis əməkdaşlarının yanında
göylə gedir. Əlindən tutub burdum öz barmağı tətikdə idi, barmağını
sıxdım, 3 gülləni vurdum özünə. Elə bil, özü-özünü güllələdi də…
Bu, mənim xeyrimə işlədi, dedim ki, məni vurmaq istədi, biləyini
burdum və tətiyi özü çəkdi. Qorxutmaq istəsəydi, qoruyucunu
çəkməzdi ki… Özüm kömək etdim, mindirib maşına apardılar
xəstəxanaya. 2-3 ay çapaladı, öldü.
Telmanın sifətində gördüyüm sevincdən, təbəssümdən əsər-əlamət
belə qalmamışdı. Qayğılı idi. Dirsəklərini masaya, çənəsini isə hər
iki ovcuna söykəmişdi. Gözlərini qıyıb qaranlıqda ağaran,
köpüklənən sulara dikmişdi. Dərindən ah çəkdi:
- Özümü çox qınayırdım. Adam ölmüşdü axı. Amma sonradan mənimlə
görüşə gələndə məktəbli oğlum dedi ki, ata, nə yaxşı sən onu
vurdun. Onsuz da səni həbs edəcəkdilər. O təhqirə, söyüşə görə də
biabır olacaqdıq. Əgər sən onu vurmasaydın, özüm onu öldürəcəkdim.
Nə vaxtsa o bunu edəcəkdi, bilirəm, şair, o, mənim oğlumdur. Bizi
təhqir etmək, aşağılamaq olmaz. Cinayətim, günahım varsa, cəzamı
çəkərəm, pulumu verərəm, özümü qurtararam. Yoxsa sən gəl məni
qonum-qonşunun yanında alçalt, ailəmin yanında yekəbaşlıq elə… Bu
olmaz!
- Telman, sənin cinayətinin adı nə idi axı?
- Belə götürsək, heç nə… Mənim yanacaq satmaq üçün lisenziyam
vardı. Balava benzindoldurma işlədirdim. Həyətimin bir tərəfində,
yolun kənarında. Qeyri-qanuni aldığım benzinlər də olurdu.
İdarələrdən gətirib ucuz qiymətə satırdılar mənə. Həmin gün 15 ton
artıq benzinim vardı. Sənədlə isə 5 ton olmazdı heç. Bir də gördüm
evi basdılar. Çıxdım qarşılarına. Xoş gəldin etdim. Dedim, 15 ton
artıq benzinim var, alın gedin. Razı olmadı. Dedi, sən müftəxorsan,
sovet əmlakını dağıdırsan. Dedim, ay bədbəxt, sovet qalıb ki onun
da əmlakı olsun? Polislərə dedi ki, götürün qol-qıç edin, atın
maşına. Onlar da mənə dedi ki, Telman, gəl, min maşına. Bu
polislərin mənə hörmət etdiyini görüb asdı-kəsdi, sizə belə-belə
edərəm, dedi. Dedim, aya, get öz evinin, arvad uşağının yanında
söyüş söy, burda yekəbaşlıq eləmə. Yenə də söydü. Çəkdim qırağa,
dedim, səninlə işim olmayacaq, gəl söhbət edək, ya da zəng et
filankəsə. Dedi, filankəsi də belə-belə edim. Nə isə, dedim, yaxşı
gedək. İstədim maşına minəm, dedi, yox, bunun qolunu qandallayın.
Polislər qandallamadı, eləcə, maşına minməyim üçün qapını açdılar.
Bu isə getdikcə aşıb-coşurdu. Ətrafdakı adamlara baxıb lap özündən
çıxırdı. Çox çək-çevirdən sonra silahını çıxartdı, mən də bayaq
dediyim kimi, öz silahı ilə özünü özünə güllələtdirdim.
Telmanın həyatının qaranlıq günləri bundan sonra başlayır. Xeyli
iztirab çəkdiyini, mənəvi sarsıntı keçirdiyini dedi:
- İçəridə şəkər tapdım, dişlərim töküldü. Amma nə edə bilərdim
ki? Gərək oğul-uşağın gözünün içinə baxa bilməyəydim, köçüb burdan
gedəydim, qonum-qonşu nələr danışardı. Mən də göbələk deyildim,
yerdən çıxmamışdım. Adım, hörmətim vardı. Adamlarım da vardı,
dəstək oldular, vəkillərim yaxşı işlədi və 13 il həbs cəzası aldım.
İndi bax burda səninlə çay içirəm, o isə öldü. Gərək dilinə yiyəlik
edə biləydi.
Telmanla ara-sıra görüşürük. Daha nə mən o günlərdən bəhs
edirəm, nə onun özü ötənlərə qayıtmaq istəyir. Deyir ki, mənə görə
balalarımın xeyir işləri də yubandı. İndi bir nəvəm var. Kiçik
oğlum da ali məktəbi bitirəcək. Yaxşı bir iş düzəldim, onu da
evləndirəcəyəm, deyir və gələcək günlərinin xoş anlarını xəyalında
yaşadır.