Nargilə kafesinin
yaxınlığındakı yolüstü keçidin pilləkənlərinə qədər çatan qazonun
üstünə uzanan səfil hər kəsi özünə çəkirdi. Gözucu baxıb başlarını
bulayanlar, ona tərəf tüpürüb söyüş ünvanlayanlarla yanaşı, rəhm
dolu baxışlarla baxanlar da az deyildi.
Səfil kişi başını bir qədər dikəltdi, gözünə düşən günəş şüasını
qovurmuş kimi əlini gözlərinin qarşısında yellədi. Günəş şüasını
qova bilməyəcəyinə əmin olduqdan sonra yerini dəyişmək istədi.
Başını bağa kimi qınından çıxarırmışcasına ətrafa çevirdi. Deyəsən,
ayağa qalxmağa taqəti yox idi. Uzandığı yerdən kənardakı ağacın
altına tərəf bir neçə dəfə fırlandı. Yerini rahatladı, boynunu
qısdı, ayaqlarını qarnına tərəf yığdı.
İki dəfə dərindən nəfəs aldı, sonra əllərini bir-birinə
yapışdırıb üzünün altına yastıq elədi. Elə bu zaman ona tərəf
diqqətlə baxdığımı görüb, dodaqlarının arasından dilini çölə
çıxardı, qəribə, xoşagəlməz bir səs çıxartdı. Bununla o, sanki məni
saymadığını demək istəyirdi.
Siqaret çıxartdım, acgözlüklə baxdı. Bəlkə də bayaqkı hərəkətinə
görə özünü qınadı da. Susuzluqdan əziyyət çəkən adam kimi
dodaqlarını yaladı. Siqaret giləsini kobud bir jestlə ona tərəf
tulladım. Tələsik götürüb çirkli dodaqlarının arasına pərçimlədi.
Özüm üçün yandırdığım siqaretin tüstüsünü saymazyana ona tərəf
üflədim.
Xırıltılı səslə:
- Kişi, zibili verdin, qaşığını da ver, - dedi.
Vermədim, guya heç eşitmədim də. Siqaret giləsini ağzından
götürüb burnuna yaxınlaşdırdı. Tütünü iyləyib uzandığı yerdən
çətinliklə qalxdı. Kürəyini ağaca söykəyib oturdu. Tərpəndikcə
bədənindən qalxan üfunət iyi ətrafa yayıldı. Üz-gözümü turşutmağımı
görcək saralmış dişlərinin arasından sözləri qırıq-qırıq çənəsindən
aşağı diyirlətdi:
- Guya sən bomba oğlansan da...
Onu bir az da qıcıqlandırmaq istədim:
- Səni bura kim bağlayıb? Niyə cəhənnəm olub ev-eşiyinə
getmirsən?
Alnının xora basmış dərisini qaşıdı:
- Mənə it deyirsən? Bura bax, sən mənə it deyirsən?
Səsindəki hikkəyə bir qədər aralıda domino oynayaraq müştəri
gözləyən taksi sürücüləri də diqqət kəsildi. Cavan sürücü:
- Cavab vermə, - dedi. - BOMJ-dur. Görmürsən, qoxuyur?
Vaxtım var idi, inad edib onunla söhbət etmək istəyirdim.
- Yaxşı da, sən bomba kimi oğlansan, istəsən, siqaretini
də yandıraram, hələ özünü yaxşı aparsan, bu yarımçıq qutunu da sənə
verə bilərəm, amma belə pis rəftar eləmə, söyüş söymə.
Gözləri aşağı dikildi. Oturduğum yerdən qalxıb ona yaxınlaşdım.
Alışqanı uzadıb, çaxmağı çəkdim. Tüstünü ciyərlərinə çəkdi. Çirkli,
pırtlaşıq saqqalına ot qırıntıları yapışmışdı. Əli ilə sifətini
təmizlədi.
Taksi sürücülərinin qızğın domino oynaması imkan verirdi ki, bu
miskin adamla söhbətimi ürəyim istəyən kimi davam etdirə bilim.
- Doğrudan da sən buralarda görünmürdün. Haralardan
gəlibsən, harada yaşayırdın?
- Nəyinə gərəkdir? - Yenə də aqressiv cavab verdi.
Əslində, haqlı sual idi. Mən bu adama deyə bilməzdim ki, sənin
haqqında, taleyin, həyatın, keçmişin barədə yazmaq istəyirəm.
- Heç elə-belə soruşdum...
- Soruşma...
Siqaret qutusundan bir gilə də götürüb qalanını ona tərəf
uzatdım. Alıb şalvarının cibinə qoydu. Təşəkkür də etmədi.
- Gərək ataq siqareti, çox pis təsir edir adama. Sən də
çoxdan çəkənə oxşayırsan...
Ona belə qayğı ilə münasibət göstərib, həmsöhbət olmağım işimə
yaradı. Axı bu dəfə ona lağ edib aşağılamırdılar, adam yerinə qoyub
söhbət edirdilər. Amma laqeyd, saymazlıq yenə də səsindən uzaq
düşməmişdi:
- Mən əsgərlikdə başladım çəkməyə. Sonra öyrəşdim, daima çəkdim.
İndi kim bir-iki gilə versə, çəkirəm. Mənimki siqaret deyil. Mən
araq, pivə, çaxır - nə olsa içərəm, yorulmaram. İçki başqa şeydir,
amma qədərində. Daha mənim kimi görməmişlik etməyəsən ha, - hələ
bir məsləhət də verdi mənə.
Tərpəndikcə bədənindən qalxan üfunət iyi burnumu qıcıqlandırsa
da, söhbəti davam etdirdim.
- Sən, deyəsən, əvvəllər yeyib-içən oğlan
olubsan.
- Mənim belə olmağıma baxma. Əvvəllər müəllim işləmişəm. Peşə
məktəbində usta olmuşam, tələbələrim olub. Onlara tokarlıqdan dərs
vermişəm. Özüm də pis dolanmamışam. Sonra isə belə oldu, qaldım pis
günə. Keşlə tərəfdə kimdən soruşsan, hamı məni tanıyar. Mənə
Dəmiryeyən Arzuman deyərdilər.
- Arzuman, bəs necə oldu belə səfil həyat tərzi
keçirməyə başladın, - verdiyim suala xırıltılı səslə verdiyi cavab
ləngimədi:
- Bir də gözümü açdım ki, podyezlərdəyəm, kafe, restoran
qapısının ardında durmuşam. Qabağımı kəsən olmadı, "çəkil bu
yoldan, işinə-gücünə qayıt", - deyənim olmadı. Adam gərək özü-özünə
də qiymət versin... Mən verə bilmədim.
Arzuman 1993-cü ildə arvad-uşağını da götürüb Rostova
getməsindən danışdı:
- Yoldaşım dedi ki, bir oğlumuz var, apararlar müharibəyə, ölər,
bəs biz nə edərik? Yoldaşım rusdur, özü də Rostovdandır. Evimizi
satıb köçdük. Mən işə düzəldim, yoldaşım da dəmir yol idarəsində
işlədi. Oğlumuz böyüdü. Mən içkiyə qurşandım. Axırı da belə.
Gəlmişəm ki, öləm burda.
- Bəs oğlun, arvadın necə baxdı sənin belə miskin həyata
düşməyinə?
- Onlar məni belə görməyiblər... 23 il Bakıya gəlmədim.
Qohumlarla əlaqəm kəsildi. Gördüm artıq ölürəm, xəstəyəm, gəldim
Bakıya.
- Gələndə ilk dəfə kimə baş çəkdin?
- Qardaşımın evinə getdim, uşaqları məni yaxşı qarşılamadı.
Qardaşım ölmüşdü, oğlu 1 həftə saxladı məni. Deyirdi, çıx get
ailənin yanına. Dedim, getmirəm, gəlmişəm vətəndə öləm. O da
deyirdi ki, vətəndə ölürsən, öl, amma mənim evimdə ölmə. Gördüm
dayana bilmirəm. Bu yaşımda işə götürmədilər məni. Həm də Rusiya
vətəndaşıyam. Gəldim vağzala. Mənim kimi adamlar Rusiyada vağzalda
yatır. Burada isə elə deyil.
Sonra isə tamam öləzimiş gözlərini üzmə dikdi. Mənim ona
verdiyim siqaretdən bir gilə də çıxarıb yandırdı, siqaretsiz
olduğumu bilib, məni də qonaq etdi:
- Bilirsən, mən doğrudan da ölmək üçün gəlmişəm bura, amma 50
cür xəstəliyim olsa da, ölə bilmirəm...
Arzumanın faciəsi, həyatının belə acınacaqlı halda sona çatmaqda
olmasının günahkarı özü idi. Bir vaxtlar tək oğlunun döyüşə
getməsindən, vətən uğrunda şəhid ola biləcəyindən qorxub, vətəni
tərk etmişdi. İndi isə ölümə yaxınlaşdığı bir zamanda "ölməyə vətən
yaxşı", - deyib bura üz tutmuşdu. Vətən torpağı isə onu qəbul etmək
istəmirdi. O, ölə bilmirdi...