Onu az adam olar ki,
tanımasın. Başqalarından fərqli olaraq onun iki yox, üç, bəlkə də
daha çox gözü var. Müşahidə qabiliyyəti güclüdür. Çoxlarının böyük
bir mətndə verdiyi informasiyanı bir foto ilə daha dolğun və
ətraflı çatdırmaq qabiliyyətinə, bacarığına malikdir.
O, S.Rasim imzası ilə tanınan məşhur fotoreportyor Sadıxov Rasim
Mirzəbala oğludur. Əslən Novxanı kəndindəndir. Tanınan nəslin
nümayəndələrindəndir. Babası Əlibala Sadıxov Məhəmmədəmin
Rəsulzadənin uşaqlıq dostu olub. Söz düşəndə deyir ki, mən bununla
həmişə fəxr edirəm!
Bu günlərdə məşhur fotoreportyorla görüşüb söhbət etdim:
- Rasim müəllim, sizinlə Axar.az-ın "Xatirə dəftəri"
layihəsində görüşürük. Deyin, işdən, yaradıcılıqdan vaxt tapıb
xatirələrə çoxmu dalırsınız?
- Yox, xatirələrə dalmağa vaxtım çox az olur.
Demək olar ki, olmur. Yalnız təsadüfi hallarda həyatımda baş verən
hadisələrin oxşar anları ilə rastlaşanda xatirələrə dalıram.
- Uzun illər çəkdiyiniz fotolar Azərbaycan mediasında
böyük önəm daşıyıb. S.Rasim imzası ilə seçilib, xoşa gəlib. Demək
olar ki, foto aləmində bir məktəb yaradırsınız. Davamçılarınız,
şagirdləriniz də çoxdur. "Ustadın üzünə ağ olanı" olmayıb
ki?
- Olub. 100-ə yaxın şagirdimdən yalnız 2 nəfər
naxələf çıxıb. Bu iki nəfərdən biri naxələflikdə xüsusən fərqlənib.
Hətta 90-cı illərdə, 20 Yanvar hadisələri zamanı yanvarın 26-da
anonim olaraq telefonla Bakı Şəhər Komendantına - rus ordusunun
generalına zəng vurub, mənim nəşriyyatdakı otağımın ünvanını
bildirib və əlavə edib ki, guya otağımda silah gizlədirəm. Bu
zəngdən sonra 1 zabit və 4 rus əsgərindən ibarət qrup həmin gün
mənim otağımın qapısını sındırıb içəri daxil oldu, çox ciddi
axtarış apararaq otağı darmadağın edib, məni həbs etdilər. Yanvarın
27-də axşamüstü mərhum jurnalist Ağəddin Mənsurzadənin başçılığı
ilə bir qrup jurnalistin Komendanta müraciəti əsasında məni azad
etdilər. İkincisi haqqında isə mən ümumiyyətlə, danışmaq istəmirəm.
Qoy Allah hər kəsə öz əməlinə görə versin.
- Müxtəlif dövrlərdə ən qaynar yerlərdə olmusunuz,
siyasi çəkişmələrdən tutmuş, 20 Yanvar qırğınından tutmuş Qarabağ
savaşlarına qədər kameranız silaha çevrilib. O günlərin olayları da
xatirəyə çevrilib axı...
- Xatirələr çoxdur, onları saymaqla qurtara bilmərəm. Ən
unudulmaz, acınacaqlı xatirəm əlbəttə ki, 20 Yanvar hadisələri,
Qarabağda apardığımız uğursuz döyüş əməliyyatlarıdır. Bir sözlə,
onları sadalamaqla qurtarmaq olmaz. Mən, adətən, o xatirələri,
anları çəkdiyim şəkillərə baxanda daha dəqiqliklə xatırlayıram. Ona
görə də o illərdə çəkdiyim hər bir şəkil mənim üçün unudulmaz bir
xatirədir.
- Olubmu ki, hansısa məqamı zamanında çəkmisiniz, amma
zamanında dərc etdirə bilməmisiniz?
- Bəli, belə hallar olub, bu cür şəkillərim çoxdur. İndi də elə
şəkillər var ki, müəyyən səbəblərə görə onları dərc etdirə
bilmərəm.
- Niyə?
- Çünki bu şəkillər insan talelərinin müəyyən problemlər və
anlaşılmazlıqlarla qarşılanmasına səbəb ola bilər.
- Rasim müəllim, çox güman ki, həm də sizə qarşı basqı,
təhlükə doğuracaq hadisələr olub.
- Dəfələrlə! Üstüörtülü və açıq-aşkar mənə
qarşı dəfələrlə basqılar olub. Hətta indi yadıma düşəndə, müəyyən
hadisələri araşdıranda öz-özümə deyirəm ki, Allah məni qoruyub,
mənim tərəfimdə olub.
- Yaddaşınızda ən çox sizi məyus edən, lakin tariximiz,
dövlətimiz üçün lazımlı olan hansı məqamlar kameranızın obyektivinə
düşüb?
- Mənim üçün tarixi, unudulmaz və ən acınacaqlı
hadisə Sürət Hüseynovun rəhbərlik etdiyi qoşunların Xankəndinin 11
km-də olarkən, ovaxtkı rəhbərlərin hakimiyyət uğrunda çəkişməsi
nəticəsində xəyanətin baş verməsi hadisəsidir. Halbuki həmin günlər
artıq erməni separatçıları təslim olmağa hazırlaşırdılar və hətta
öz nümayəndələrini Bakıya danışıqlar üçün göndərməyi qərara
almışdılar. Amma hakimiyyət uğrunda gedən çəkişmələr, erməninin son
beşiyini dağıtmağa imkan vermədi. Həmin andan bir-birinin ardınca
bizim məğlubiyyətimiz, torpaqların itkisi başladı. Təəssüf, əgər bu
xəyanət olmasaydı, Qarabağ problemi həmin günlərdə Azərbaycanın
xeyrinə bitmiş olacaqdı.
- Respublikada siyasi çək-çevirlər də yaddaşınızdan yan
qaçmaz. Nələr və hansı hadisələr sizi bu gün də tərk
etmir?
- 20 Yanvar hadisələri, Xocalı faciəsi,
səngərlərdəki əsgərlərimiz... Hansıları ki, Bakıdan avtobuslara
yığıb, cəbhə bölgəsinə, səngərlərə boşaldırdılar. Bu acı bir
həqiqətdir. Bunlar heç vaxt məni rahat qoymayacaq. Allaha çox şükür
ki, indi Azərbaycanın amansız düşmənə lazımi cavab verəcək ordusu
var. Bildiyiniz kimi, Aprel hadisələri zamanı ordumuz öz qüdrətini
nümayiş etdirdi. Və bu da o acı xatirələrdən olan tikanlardan
bir-ikisini yaddaşımdan, ürəyimdən çıxartdı. Arzum budur ki,
Azərbaycan ordusu tezliklə insan cildinə girmiş, vəhşi və murdar
erməni həşəratlarının cavabını versin.
- 1990-cı il 20 Yanvarda çəkdiyiniz şəkillər,
"yaralanmış" gəmilər və sair də sizin çəkdiklərinizin içərisində
tarixi bir sənəddir. O günləri araşdıran komissiya sizə müraciət
etdimi?
- Bəli, komissiya mənə də müraciət edib. Onu da
deyim ki, həmin bu komissiya bayaq dediyim - yanvarın 26-da olunan
anonim zəngin hansı nömrədən olduğu məlumatını mənə verib. O vaxta
qədər elə bilirdim ki, məni qanlı yanvar fotolarını hər gün
yayımladığım üçün tutublar. Mən ondan sonra başa düşdüm ki, həmin
nömrədən yalnız bir adam zəng vura bilərdi. Bu, həmin o dediyim
naxələf, nankor, üzdəniraq "şagirdim" idi.
- Bir çox rəhbərləri kameranızla "nişana" alıbsınız.
Daha çox kimi əbədiləşdirmək yorucu olmayıb?
- Ulu Öndər Heydər Əliyevi. Mən deyərdim ki, o, bəlkə də yeganə
tarixi şəxsdir ki, onu çəkərkən öz işimdən daha çox həzz alırdım.
Qeyd etmək istərdim ki, Ulu Öndər reportyorlara, xüsusən,
fotoreportyorlara qarşı çox həssas idi. Çəkilişlər zamanı o özü
bizim üçün şərait yaradırdı.
- Bu gün nə işlə məşğulsunuz? Deyəsən, fəaliyyətinizin
əhatə dairəsi daha da genişlənib.
- Bu gün mən Azpress.az video–foto informasiya agentliyinin
xəbər saytına rəhbərlik edirəm. 70 %-ə qədəri video və fotodan
ibarət olan saytımızda güclü fotomüxbir komandası fəaliyyət
göstərir. Bunların içərisində mənim şagirdlərim də var.
- Fotojurnalist olaraq gənc davamçılarınıza tövsiyəniz
nə olardı?
- Öz sənətlərini sevsinlər. Fotojurnalistika adicə fotoqraflıq
etmək deyil. Bunlar tamamilə bir-birindən uzaq sahələrdir.
Fotojurnalist olmaq şərəfli və çox məsuliyyətli işdir. Burada ilk
növbədə öz sənətinə sevgi və böyük professionallıq lazımdır. Bu da
illərlə, səbirlə mübarizə apararaq əldə olunur.
- Rasim müəllim, elə bir tanınmış ziyalı, yazar, elm və
siyasət adamı olmaz ki, sizin xidmətinizdən yararlanmasın. Şəxsi
arxivlərində nəyi isə tapa bilməyəndə sizə müraciət edənlər çoxmu
olub?
- Demək olar ki, hər gün müraciət edirlər. Amma
mən onların bu xahişlərini yerinə yetirmək iqtidarında deyiləm.
Fürsətdən istifadə edib, bu söhbətimizdə də qeyd etmək istəyirəm
ki, məni üzrlü hesab etsinlər. İnanın ki, o arxivi çeşidləmək,
oradan nəyisə tapmaq onu yığmağa həsr etdiyim ömür qədər əlavə ömür
tələb edir. Adını çəkmək istəmədiyim, rəhbərlikdə olan yaxın
dostumuzun bu barədə bir hekayəsini qeyd edərdim. O, həmişə deyir
ki, Rasimdən arxivindən hansısa bir fotonu tapmağı xahiş etməyin.
Belə təsəvvür edin ki, Rasim oturub öz arxivinin üstündə, bir
əlində bıçaq, bir əlində alma tutaraq, onu dilimləyib yeyir.
Təsadüfən bıçaq onun əlindən bu arxivə düşsə, inanın, o əyilib
arxivin içindən bıçağı tapmağa cürət etməyəcək. O, almanı elə
bıçaqsız, dişləyərək yeyəcək.
- Arxivinizi almaq istəsələr, neçəyə
satarsınız?
- Nə qədər ki, sağam, arxivim satılmayacaq.
- Bəs sizin özünüzün ən yaxşı şəklinizi kim
çəkib?
- Mən konkret ad çəkmək istəməzdim. Çünki şəkillərimi çəkmək
istəyən hər bir xoşniyyətli insan bunu səmimi qəlbdən edib. Hansısa
şəklin pis və ya yaxşı olduğunu araşdıraraq kiminsə xətrinə dəymək
istəməzdim.