Rəşad telefonda özünü təqdim edib tanıdınca, düzü,
əvvəlcə duruxdum. Çoxdan idi əlaqəmiz kəsilmişdi. Bu uzun illərdən
sonra onun məni axtarması, "səninlə görüşmək istəyirəm, başqa ağız
açmağa adamım yoxdur", - deməsi mənə heç də təəccüblü gəlmədi.
Çünki vaxtı ilə işlədiyimiz gəmidə ona qarşı pis
olmamışdım.
Rayondan zəng etmişdi.
- Vaxt de, gəlim, uzaq vaxt olmasın, - deyə etdiyi xahişində
yalvarışa bənzər bir inilti də var idi.
Razılaşdıq ki, iki gün sonra Bakıda "Xəzər" univermağına yaxın
çayxanalardan birində görüşək. Bu iki gün ərzində isə yaddaşımda
onun məsum, hiylədən uzaq, saf gözlərini tez-tez xatırladım.
O, "General İsmət Qayıbov" gəmisinin matrosu, mən isə kapitanın
baş köməkçisi idim. Heyət üzvləri ilə aramızda çox səmimi münasibət
var idi. Bəzən gəminin kapitanı buna görə mənə iradını
bildirirdi:
- Çox üz vermə, sonra çətin olar.
Açığı, gəmidə az olardım. İdarə işləri və "Ədəbiyyat qəzeti"ndə
işlədiyimə görə nadir hallarda dənizə çıxardım. Gəmi sahilə
qayıdıb, yüklənib növbəti səfərə gedənə qədər kapitan axşamlar evə
gedər, mən isə komandir heyətində cavabdeh kimi gəmidə
qalardım.
Gəminin digər matrosu Ayaz bir gün məndən xahiş etdi ki, Rəşadın
guya gəmidə kapitan şagirdi vəzifəsinə keçməsi haqda əmr təşkil
edim. Səbəb də onu göstərdi ki, onunla zarafat edəcəklər, qoy özünü
kapitan şagirdi kimi hiss etsin, göstəriş versin. Bir neçə gündən
sonra isə onunla zarafat etdiklərini deyəcəklər. Saxta
əmr-yollayışa gəminin möhürünü vurub, idarənin kadrlar şöbəsinin
rəisi Almaz Baxşiyevin məşhur imzasını çəkdim.
Rəşadı kayuta çağırıb təbrik etdim:
- Sən ali təhsil almadan kapitanın səlahiyyətlərini icra
edə bilərsən, bunun üçün kapitan şagirdi kimi azı 6 ay işləməlisən.
Əslində, öz işini görəcəksən, sadəcə, diqqətli olub, bəzi şeyləri
də əxz eləməlisən.
İnandı. Sevinib boynumu qucaqladı:
- Uşaqlar neçə gündür mənə deyirdilər ki, belə bir şans ola
bilər. Ayaz dedi ki, bunu düzüb qoşsa, ancaq şair düzüb qoşa bilər.
Çox sağ ol.
Onu bir daha təbrik etdim və məsləhət gördüm ki, işində möhkəm
olsun, növbəni qüsursuz çəksin.
- Ətrafımızda bizi istəməyənlər var. Növbə zamanı yatma.
İdarəyə xəbər verərlər, əmrini geri oxuyarlar.
Əslində, fikrimiz də elə idi. İşindəki qüsura görə əvvəlcə
şifahi, sonra isə yazılı xəbərdarlıqla onu kapitan şagirdi
görəvindən azad edəcəkdik.
Rəşad heç bir qüsura yol verməyəcəyini dedi. Sonra səs tonunu
aşağı salaraq soruşdu:
- Mən uniforma sifariş verə, paqon taxa bilərəmmi?
- Əlbəttə, taxa bilərsən, amma hələ tələsmə -
dedim.
- Kəndimizdə bir müəllim var, onun qızını istəyirəm. Qızı mənə
vermir, "sən avarasan, fərli-başlı sənətin də yoxdur", - deyir.
Məni komandir geyimində görməsini istəyirəm, ayın əvvəli kəndə
gedəcəm axı, Şakir kapitandan icazə almışam, - Rəşad elə sevinirdi
ki, məni, az qala, etdiyimiz bu nadan zarafata görə qəhər boğurdu.
Ayın əvvəlində Rəşad kəndə getmədi, heç ayın yarısı tamam olanda
da...
...Gəmiyə gəlişimin bir günündə Rəşadı solğun gördüm. Səbəbini
soruşdum.
- Rayonda ailəmizin vəziyyəti ağırdır. Onları mən dolandırırdım.
Dədəm zəng edib, unumuz, qənd-çayımız qurtarıb, - dedi.
- Sənə 2 günlük icazə verirəm, kapitana deyərəm, get
kəndə, ərzaq al, qayıt.
- Pulum yoxdur, maaşımı Ayazgilə xərclədim. Onlar vəzifəmi yumaq
üçün qonaqlıq istədi, yox deyə bilmədim, hələ növbəti maaşımın
yarısına qədər də dükandan nisyələmişəm. Həm idarəyə şirinlik
verməliydik axı, Ayaza 30 şirvan verdim ki, sənə versin.
Mən zarafatın bu həddə çatacağını heç gözləmirdim. Rəşad isə
danışırdı:
- Kənddə də işləyənimiz yoxdur. Hər ay dədəmə pul göndərirəm,
buradan da un, başqa ərzaqlar yollayıram. Kənddəkilər ac qalacaq,
özüm də heç bilmirəm, məni kapitan keçirəcəklər, ya yox.
Çox pis olmuşdum. Ayazı, digər heyət üzvlərini bir yerə
topladım, "uşağın pulunu qaytarın", - dedim. Etiraz etdilər:
- Özü də bizimlə yeyib-içib, elə-belə dedik, gedib aldı
gətirdi.
Uzun çək-çevirdən, "sən ondan şirinlik adına pul alıb arağa
vermisən" dedikdən sonra maaşda Rəşadın pulunu düzəldib
verəcəklərini dedilər. Şirinlik pulunu isə elə həmin dəqiqə
qaytardılar.
Sonra Rəşadı kayutama çağırdım:
- Səndən şikayət ediblər, səni kapitan keçirməyəcəklər.
İdarədə söz gəzir ki, heyətə spirtli içki alıb paylamısan. Budur,
bu da sənin pulun, qaytardılar.
Rəşad bu dəfə də boynuma sarıldı. Ağlamsındı:
- Qardaşımın ayaqqabısı yoxdur, atamın dərmanı qurtarıb, ölüb
yerə girəcəkdim, sənə ömrün boyu minnətdaram.
Rəşad hündür boyuna, gen sinəsinə, atletik görünüşünə rəğmən,
çox aciz idi. Həmin an ona baxdıqda yadıma hərbi xidmətdə olarkən
hündür boylu həmyerlimiz düşdü. Ağırlıqqaldırma üzrə öz çəki
dərəcəsində Sibir Hərbi Dairəsinin çempionu olmuş Şahin adlı əsgər
yoldaşımı xatırladım. Rəşad onunla eyni rayondan idi.
- Mənim sizin rayondan bir əsgər yoldaşım vardı,
familiyası Musayev idi.
- Adı Şahindirsə, mənim dayımdır, "svarşikdir"...
Rəşad dayısına çəkmişdi, o gövdənin, gücün sahibinin ürəyi yox
idi. Məndən 6 ay yuxarı çağırış olan Şahinə hər sözə inandığına
görə çox sitəm eləmişdim...
...Nəhayət ki, zəngləşib qərarlaşdırdığımız vaxtda Rəşadla
görüşdüm.
- Səni güclə tanıdım, xeyli dəyişmisən.
- Mən isə səni heç tanımadım.
Beləcə çayxanada, bir yaşıl ağacın altında üz-üzə oturduq. Rəşad
dolanışığın çətinliyindən danışdı, yenidən gəmiyə işə düzəlmək
istədiyini dedi.
- Sən niyə getdin axı? Bilmirsən işə düzəlmək çətindir?
Akademiyanın məzunlarını sıravi işçi kimi işə
götürürlər.
- Bilirəm, mümkün deyil. Ümid yeri bildim, sən məsləhət
ver.
- Gərək dənizdən getməyəydin. Məsləhət isə nə qədər
istəyirsən verim, nə xeyri?
Rəşadın sifəti bir qədər də tutuldu.
- Komandir...
- Adımı de.
- Öyrənmişəm axı... Mən getmədim ki... Məni Sədi namərd 50
şirvana görə işimdən-gücümdən elədi...
Rəşadın çayı soyuyurdu. Stəkanı əlləri ilə "qucaqlamışdı".
Gözləri istəyini dilindən daha təsirli şəkildə ifadə edirdi. Kədər
dolu gözlərinin saflığı hələ də itməmişdi, həyat əzabları,
işgəncələri ilə onu yeniləyə bilməmişdi. O yenə də
uduzacaqdı...
Sədi dediyi adam idarənin kadrlar şöbəsinin inspektoru idi,
matroslara baxırdı. Soruşdum:
- Bilirsən Sədi indi hardadır?
- Hə, bilirəm... tutublar. O, çox adamın evini yıxdı... mənim
də... aldatdı məni...
Rəşad özünün hekayətini nəql etdi:
- Dədəm xəstə idi.. indi də çox pisdir vəziyyəti. Məzuniyyətə
çıxdım, ev işlərini gördüm, qışa hazırlıq, ot, saman yığdım.
Məzuniyyət vaxtımın bitməsinə bir-iki gün qalmış Sədiyə zəng etdim,
"işim var, bir həftəlik bülleten götürüm", - dedim. "Götürmə, rayon
bülleteni qəbul olunmur. Bir ay qal, mən danışaram burada adına
bülleten yazarlar, hörmətimi edərsən", - dedi. Razılaşdım. Bir
aydan sonra gəldim, dedi, "yer yoxdur, get bir ay da gəz, narahat
olma", məndən 50 şirvan pul aldı. Bir aydan sonra gəldim. Dedi,
"150 şirvan verməsən, işdən "staya" ilə qovacağam". Pulum yox idi,
çox yalvardım ki, 50 şirvan demisən, gətirmişəm. Razı olmadı.
Dedim, "o zaman idarə rəisinə deyəcəm ki, xəstəm olub, gəlməmişəm,
al bu pulu da sənə verim, səndən soruşsa, de ki, zəng edib, xəstəsi
olduğuna görə "rezerv"də saxlamışam". Dedi, "yaxşı gözlə". Mən
gözlədikdə polisə zəng vurub ki, "proqulla işdən qovduğumuz adam
burada mənə mane olur", - dedi. Polislər gəlib məni atdı idarənin
həyətindən bayıra. Qorxub ki, gedib rəisə onu sataram. Bax belə,
iki ay proqulla qovuldum..
Rəşadla xeyli söhbət etdik. Rayondakı ağır vəziyyətdən söz
açdı:
- Kənd bələdiyyəsi bibimin həyətinin qarşısını Rusiyada yaşayan
pullu kəndlilərimizə satıb. Qoca, kimsəsiz arvaddır. Onlar düz
bibimin evinin 2 addımlığına qədər qazıb göl düzəldiblər, balıq
becərirlər. Ev çökür, dədəm qoca kişi, mən də pulsuz. Getdim
icraya, vəziyyəti danışdım, dedilər, narahat olma. Mən də narahat
olmadım. İki gündən sonra bibim evi ilə gölün arasından keçəndə
ayağı sürüşdü düşdü gölə. Güclə çıxarıblar, ölüm ayağındadır. Düz
25 metr bibimin həyətini qazıblar, sözümüzə baxan yoxdur. Bizi adam
saymırlar. 38 yaşım olacaq, amma işdən qovulandan sonra 38 gün
yaxşı həyat görmədim. Əynimdəki köynəyi utana-utana qonşudan alıb
geyinmişəm. Dünəndən Bakıdayam. Bu gün zəng edib ki, sabah kənddə
toy var, köynəyimi gətir yudurt, ütülə, toya gedəcəyəm...
Rəşad çayın təzələnməyini istədi. Xidmətçinin gətirdiyi çayniki
ovcunda "gizlətdi", elə bil, üşüyürdü. Sonra hər ikimizə çay
süzdü.
- Dünən Daməd müəllimə zəng vurdum, axşam idi. Nömrəsini bir
kapitandan aldım. İçəri buraxmadılar, mən isə təkid edirdim. Axır
ki, bir kapitan nömrəsini verdi, dedi, "o əsl dənizçidir, sənə
yalnız o, bir də qəbuluna düşə bilsən, rəis kömək edə bilər". Zəng
etdim, elə mehriban danışdı ki... dərdimi dedim, dedi, "İnsan
Resurslarına müraciət et". Başa saldı, sabah gedəcəyəm ora. Rauf
müəllimlə, ya da Sevda xanımla görüşə bilsəydim... İmam haqqı,
qəbula düşsəm, işə götürərlər.
- Hə, götürər... Rauf müəllim sənin tanıdığın rəislər
kimi deyil.
- Bilirəm də, görmüşəm də o vaxtı... Bizim baş idarədə
işləyəndə.
Rəşad özü-özünə təskinlik də verdi, indi işə götürmək də asan
deyil, heç kəsi qınamaq olmur.
Ona siqaret təklif etdim. "Çəkmirəm", - dedi.
Ayrılmalı idik, vaxt keçirdi. Evə dəvət etmədim, özü buna şərait
də yaratmadı heç:
- Bizim uzaq qohumumuz var, Zabratda olur, bizimlə arası yoxdur,
amma onlarda qalıram, gələndə kənddən nisyə iki çolpa alıb gətirdim
onlara, baxma da kənd payıdır...
Əlimi cibimə salıb, 30 manat pul çıxardım, "Rəşad bunu götür, -
lazım olar", - dedim. Qəti etiraz etdi. Güldüm, yalan danışdım:
- Adə, ay səfeh, bu sənin pulundur e, o vaxtı dükana
verdiyin pulu uşaqlar yığıb verdi mənə, sən də yoxa çıxdın, götür,
halal maaşındır...
İnandı, boynumu qucaqladı:
- Oğlum dərsə gedir, ayaqqabısı yoxdur. Çox sağ ol, verməyə də
bilərdin...