"Güzgüdəkilər" layihəsinin
bugünkü qonağı yazar deyil. İllərdir siyasətlə məşğul olan Ərəstun
Orucludur. Adətən siyasilərin duyğulu adam olmadığını deyirlər.
Baxaq özü-özüylə söhbətində Ərəstun bəy bunu nə qədər
təsdiqləyib.
- 50 yaşın var.
- 51-ə doğru gedirəm.
- Razısanmı yaşanmış illərdən? Yenidən başlasan, nələri
dəyişərdin?
- İnsan hər zaman keçmişə indinin çərçivəsindən baxır və düşünür
ki, həmin illəri təkrar yaşasaydı, nəyisə başqa cür edərdi. Mən
buna fərqli yanaşıram, çünki yaşananlar o dövrün imkanları
çərçivəsində olub. Demək, başqa imkanlar olsaydı, hər şey başqa cür
olarmış və indi də yenə xatırlayıb fərqli planlar qurardıq. Odur
ki, keçmişə bugünün imkanları prizmasından baxmağı utopik yanaşma
hesab edirəm. Bir də ki, nə olubsa, artıq olub və buna tarix kimi
baxmaq lazımdır.
- Tarixə tez-tez müraciət edirsən?
- Demək olar ki, heç zaman. Bilirsən, keçmişi sevmirəm axı,
gələcək mənə daha cəlbedici görünür.
Arxaya baxa-baxa irəli getmək daha çətin
görünür
- Bəs deyirlər, keçmişə baxmadan gələcəyə getmək
olmur...
- Bəlkə də kimin üçünsə belədir, amma mənə arxaya baxa-baxa
irəli getmək daha riskli və çətin görünür.
- Həyatda uğurların çox olubmu?
- İnsan üçün zəruri olanların əksəriyyətinə nail olmuşam.
Ən bədbəxt insan yumor hissini itirmiş
insandır
- Yəni xoşbəxtsən indi?
- Xoşbəxt ailə, sevən və sevdiyim həyat yoldaşı, uğurlu
övladlarım, sevimli məşğuliyyətim...
- Demək xoşbəxt olmaq olurmuş?
- Əlbəttə. Ancaq axı bilirsən, xoşbəxtlik nisbi anlayışdır və
insanın qazandıqlarından çox, əldə etmək istədiklərindən
asılıdır.
- Yəni?
- Yəni əgər insan qarşısına Marsa uçmağı, sonra geriyə dönüb
Antarktidada villaya sahib olmağı və Mona Liza ilə evlənib həmin
villada xoşbəxt yaşamağı məqsəd qoyubsa, deməli o, heç zaman
xoşbəxt ola bilməyəcək.
- Yumor hissin pis deyil.
- Mənə görə, ən bədbəxt insan yumor hissini itirmiş
insandır.
Sonrası isə artıq heç həkimlik də olmur
- Bəs sevən-sevilən?
- Sevilən olmaq insanın əldə edə biləcəyi ən yüksək zirvədir və
bu zirvənin fəthi üçün bütün imkanlar da onun öz əlindədir. Sevilən
olmaq üçün sevməyi bacarmaq, ürəyini nifrətdən uzaq tutmaq
lazımdır. Bəziləri düşünürlər ki, ürək dördkameralı olduğundan
onlardan birini də dəmiryolu vağzalındakına uyğun olaraq
nifrətsaxlama kamerası kimi istifadə eləmək olar. Qısa müddətə bu
bəlkə də mümkündür, amma zaman keçdikcə yolxucu nifrət virusları
qalan kameralara da yayılıb epidemiya yaradır. Bundan sonrası isə
artıq heç həkimlik də olmur.
- Ürəkdən danışırsan, ürək həkimisən?
- Xeyr, ölümlə həyat arasındakı qapıda dururdum.
Anestezioloq-reanimatoloq idim.
Bəziləri buna təsadüf deyir
- Bu qapını tez-tez açmalı olurdun?
- Xoşbəxtlikdən onillik həkimlik fəaliyyətim dövründə bir dəfə
də olsun bununla üzləşmədim. Yəqin bəxtim gətirdi.
- Bəxtə inanırsan demək...
- Əlbəttə... Şansı gətirmək anlayışı var. Hər şey özümüzdən
asılı olsaydı, o zaman həyatda uduzan insanlar olmazdı heç zaman.
Bəziləri buna təsadüf deyirlər, amma bu təsadüflər çox olanda və
tez-tez necə deyərlər, onluğa düşəndə məcbur olursan başqa cür
düşünəsən.
Biz ana-övladdan çox bacı-qardaş kimi idik
- Məsələn?
- Bilirsən axı, anam həyatımda ən sevdiyim insan idi. Biz
ana-övladdan çox bacı-qardaş kimi idik. İndi də bircə dəfə də olsa
onun barmaqlarını saçlarımda hiss eləmək üçün ürəyim göynəyir... O
mənim həkim olmağımı məndən də çox arzulayırdı, amma belə alındı
ki, 1980-81 illərdə tibb institutuna daxil ola bilmədim. Yadındamı,
məni əsgərliyə yola salanda dəmiryolu vağzalınadək sakit qalan anam
birdən hönkürüb ağladı. Bilirdim niyə ağladığını, çünki anamın
fikirlərini oxumağı öyrənmişdim. Düşünürdü ki, artıq mənim həkim
olmaq planlarımın reallaşmaq imkanı qat-qat azalacaq. Bu sözlərin
dilimə hardan gəldiyini bu günədək anlaya bilmirəm, amma birdən
necə oldusa anamı sakitləşdirmək üçün dedim: "Darıxma, söz verirəm
ki, ondan da yaxşı instituta girəcəyəm", hərçənd ki, o zaman bundan
yaxşısını təsəvvür də eləmirdim. İki il keçdi və anamın yanına
SSRİ-nin ən aparıcı tibb institutunun tələbəsi kimi qayıtdım.
- Hansı institut idi bu?
- Akademik Pavlov adına 1-ci Leninqrad Tibb İnstitutu və bu
mənimçün təkcə tibbi təhsil ocağı deyil, həm də böyük bir həyat
məktəbi oldu.
25 ildir ki, Veresayevi oxumaq istəyirəm
- Açıqlamalarındakı Rusiyaya neqativ münasibət də həmin
dövrdən qaynaqlanır?
- Dəqiqləşdirək də, Rusiyaya yox, bu dövlətin siyasətinə.
Mənimçün Rusiya Lenin, Brejnev və ya Putin deyil. Rusiya mənimçün
Tolstoy, Çernışevski, Bunindir.
- Bunin?
- Yadında deyilmi, tələbəlik illərimdə məhz İvan Buninin
hekayələrini acgözlüklə oxuyurdum. Bilmirəm, hərdən elə gəlir ki,
bəlkə də məhz həmin hekayələr mənə insana, həyata sevgini
aşıladı.
O mənə əyilməməyı öyrətdi
- Elə yaxşı kitabxana da topladın...
- Hə, tələbəlik illərimdə min nüsxədən çox kitab topladım,
əksəriyyətini oxudum və indi də oxumaqda davam edirəm. Amma bəzən
kitablarla bağlı ironik hadisələr də olub. Məsələn, 25 ildir ki,
Veresayevi oxumaq istəyirəm, amma hələ başlaya bilməmişəm. Ümid
edirəm, nə zamansa buna imkan olacaq.
- Atandan niyə danışmırsan?
- Atam mənim üçün həm ata, həm müəllim, həm də örnək olub. O öz
nümunəsilə məni sınmamağa, ən əsası isə, əyilməməyə öyrətdi.
Üsulları sərt, bəzən isə hətta tiran üsulları olsa da, indi
anlayıram ki, bunların da mənə xeyri çox olub. Bilirsən axı, atamla
oxşar cəhətlərim çoxdur, amma fərqlər də var.
Siyasətə gəlişim zərurətdən doğan qərar idi
- Siyasət nəyinə lazım idi axı?
- Həyatımda heç zaman emosional və spontan qərarlarım olmayıb. O
cümlədən də siyasətə gəlişim zərurətdən doğan qərar idi. Bunu
bilirsən...
- Yaxşı bəs siyasətdə uğur qazanmağın əsas yolunu nədə
görürsən?
- Səmimiyyətdə... Ümumiyyətlə, mənim təsəvvürümdə səmimiyyət ən
güclü silahdır. Səmimiyyət isə etiraflardan keçir. Bəzən insanlar
düşünürlər ki, hansısa səhvlərini etiraf eləsələr, mütləq hücumlara
məruz qalacaqlar. Əslində, isə hər şey əksinədir.
Bu qədər sadə
- Necə?
- Səhvini etiraf edən insan özünü təhlükəsizləşdirmiş,
ittihamlardan, hücumlardan sığortalamış olur. Bir növ sizə qarşı
irəli sürülə biləcək ittihamları önləyərək özünüz etiraf edirsiniz
və bununla da potensial ittihamçılarınızı tərksilah etmiş
olursunuz. Bu qədər sadə.
Hər iki tərəf çox güclü görünəndə...
- Qəzetlərdə daha çox dünyada baş verənlər barədə
danışırsan?
- Nəyi soruşurlarsa, ondan da danışıram və sənə deyim ki, bu gün
dünyada baş verənlər olduqca maraqlıdır. 2008-ci ilin maliyyə
böhranından çıxmağa çalışan dünya bu gün çox təhlükəli, amma həm də
çox maraqlı tarixi dönəmini yaşayır. Ümid edirəm ki, bu dönəm böyük
müharibələrsiz, kataklizmlərsiz keçəcək və belə alınarsa, 5-10
ildən sonra biz keyfiyyətcə tamamilə fərqli, daha yüksək texnoloji
inkişafa nail olmuş və daha da bütövləşmiş bir dünyada yaşayacağıq.
İki il əvvəl az qala hər kəs yaxın qonşuluğumuzda, yəni İranda
müharibə gözləyirdi, amma bu gün çətin ki, buna inananlar tapılsın.
Cəmi iki il və hər şey nə qədər dəyişdi. Və ya götürək bugünkü
Qərb-Rusiya qarşıdurmasını. Hamı deyir ki, ABŞ və Avropa Rusiya
qarşısında çox zəif görünürlər, amma bəzən insanlar qəbul etmək
istəmirlər ki, əvvəla, siyasətdə görüntü ilə reallıq heç də hər
zaman üst-üstə düşmür və ikincisi, hər iki tərəf çox güclü
görünəndə fəlakətlər baş verir. İkinci Dünya Müharibəsinin xeyli
çeşidli səbəbləri var, amma fikrimcə, bu səbəblərdən biri də bir
tərəfdən Hitler, Stalin, Mussolini və Franko kimi diktatorların,
digər tərəfdən isə Çörçill və Ruzvelt kimi güclü liderlərin olması
idi. Nəticədə həmin o güclər toqquşdu və bəşəriyyət baş vermiş
fəlakətin acılarını bu günədək yaşamaqdadır. Bu baxımdan fikrimcə,
həmin o liderlərsiz bugünkü dünyada optimist olmaq üçün daha çox
əsas var.
Azərbaycan insanı hər şəraitdə "baş çıxara"
bilir
- Sən də buna inanırsan?
- Çalışıram inanım, çünki dediyim kimi, bu, zəruri amillərdən
biridir və başqa heç də az əhəmiyyət kəsb etməyən xeyli başqa
amillər də var ki, hələlik onların təsirlərinin necə olacağını
söyləmək son dərəcə çətindir.
- Bəs Azərbaycan nə olacaq ey, həmin 5-10 ildən sonra
buraları necə görürsən?
- Həmin o dünyanın bir parçası olaraq. Sivil dünyanın, əlbəttə.
Bizim xalqın çox böyük quruculuq potensialı var və bugünkü dünyada
yer tutmaq üçün bu son dərəcə vacib keyfiyyətdir. Azərbaycan insanı
hər yerdə, hər bir şəraitdə "baş çıxara" bilir və onun heç bir
dəstəyə, köməyə ehtiyac yoxdur. Əsas odur ki, ona maneələr
yaradılmasın. Bu haqda Azərbaycanı çox yaxşı tanıyan bir alman
ekspertin bu barədə dediklərini bir an da unuda bilmirəm, çünki
həmin fikrin böyük bir həqiqət olduğunun hər gün dönə-dönə şahidi
oluram.
- Mən xatırlamıram nə dediyini...
- Deyib ki, Azərbaycan ən yaxşı inkişafa o zaman nail olardı ki,
burada ümumiyyətlə, heç bir hakimiyyət olmayaydı...