Tanınmış xanım yazarlarımızdandır. Gözlərinin
dərinliklərində daima qüssə gizlənir. Aramızda uzun illərin
dostluğu, zarafatı var. Yaradıcılığı keçdiyi həyat yolunun
ifadəsidir sanki. Sevincli anları çox az olur. Amma ona uğursuz,
talesiz demək olmaz. Baxmayaraq ki, o özünü belə xarakterizə edir.
Söhbətimiz təsadüfdən alındı və qadın yazarımızın xatirə dəftərini
vərəqləməyə nail oldum.
Dayandurun fikri
Qayğılı görünürdü, fikirli olmasının səbəbini soruşdum.
- Belə də... Dayandurun fikri məni götürüb.
- Dayandura nə olub ki?
- Allah bilir, fikrin hardadır. Bu bazar onun oglunun toyudur...
Bir az işlərim var, gərək hədiyyəsini göndərəm, qorxuram getməyəm,
inciyə...
- Bəs sən o "Güest"iydi, nəydi, onunla da məşğul idin,
nə oldu? - Deyəsən, sözü düzgün tələffüz etmirəm, təəccüblə üzümə
baxır..
- Nə deyirsən, kişi kimdi?
- Ay qız, sən elə kişi fikirləş. Firmanı nəzərdə tuturam
da...
- Ora ilə coxdan qurtarmışam... Anladım ki, dostum yoxmuş... bu
işdə dost gərəkdir. Sevili ölməsin, yetimləri var... Aldatdı məni,
əlimdən çox şeyi aldı.
Qurumuş içimi cücərdə bilmirəm
- Mənə inanmırdın, deyirdim, çəkil, boş şeydi. Nə isə,
nə yazırsan, nə pozursan? Qəzetə gedib-gəlirsən?
- Hə, demək olar ki, hər gun. O nə sözdü dedin, mən kişi
fikirləşən olsam, niyə həmişə yalnız olardım?
- Kişilərlə alınmır səndə?
- Mən hələ qurumuş içimi cücərdə bilmirəm, – deyir və gözlərimin
içinə baxır, - yazı mənasında deyirəm. Sən də yozma. Nə kişi, kişi
var yəni?
- Bəs kişi mənasında necə? İçində sevgi
cücərirmi?
- Mən coxdan budağından qopmus çiçəyəm…
- Bəs nədir səni duyğulandıran?
- Bir turk mənə yazır ki, "kalbini bana verirmisin?" Yazdım ki,
mənim kalbim yox ki, coxdan rahmetlik olmuş, - gülür və birdən
ciddi görkəm alır. - O nəydi o gun yazmışdin - Yorğun atları dincə
qoyurlar. Guya indi şifrəli danısırsan?.. Ölmədin elə yazanda?
- Sən nə başa düşdün?
- Canına azar basa düşdüm... camaat ta çörəyi qulagına
yeyir...
- Sən də özünü yorğun düşmüş hiss edirsən? Mən
yorğun-zad deyiləm, narahat olma.
- Get, ədə... özünü bicliyə qoyub...
- Sən axı hardan bilirsən mən yorulmuşam? Kim deyib
sənə?
- Mənim qəlbim yorğundur… dərddən, azardan… Bəsdi, sən Allah,
xasiyyətini it aparsın, kim nə deməlidir ki…
- Sənin həyatında neçə kişi olub? - düz de!
Yarızarafat dediklərimi tam zarafat kimi qəbul
edir.
- O-o! Saymaqla bitməz... O öləndə hamısını yığıb aparıb, – haqq
dünyasında olan şair dostumuzun adını çəkir.
- Onların hansını çox xatırlayırsan?
- Faiq, sənin tanıdığın və tanımadığın qadınların içində ən
məsumu mənəm… elə ona görə də bədbəxtəm.
Onu çox istədim, amma heç sevmədim
- Yuxuna ən çox kim girir?
- Birini xatırlayanda diksinrəm... birini xatırlayanda
aglayıram... İndi yenə də... – nəsə demək istəyir, amma susur.
- Nədir onlardakı o xüsusiyyət ki, səni belə haldan-hala
salır?
- Sən bilirsən axı… Əslində, onu çox istədim, amma heç
sevmədim…
- Kimi? O, kimdir?
- Mən həmişə dünyamın üstündə birini gəzdim, amma olmadı, – yenə
həmin rəhmətlik şairin adını çəkir.
- Onunla münasibətini uşaqların bilirdi?
- Birdən götürüb qəzetə-zada verərsən ha-a!
- Qəzetə yox, amma "Axar.az"ın "Xatirə dəftəri" layihəsi
üçün hazırlayıram.
- Onda "naməlum qadınla" elə də adını. Hə... uşaqlar da onu çox
istəyirdi. Balaca idilər, həm də ata sevgisinə ehtiyacları vardı…
Bu da maraqlı olar, amma adım bilinməmək şərti ilə... tam səmimi
olacam...
- Oldu…
- Sən çox pis adamsan, Faiq, mənim ürəyim dolub. Uşaqlarımı
deyirsən, hə, dediyim kimi, onların ata sevgisinə ehtiyacı
vardı.
Ayrılıq başqa səbəbdən baş verdi
- Amma deyəsən axı bu sevgini o uşaqlara sən çox
görmüşdün. O uşaqları sevəcək başqa kişi vardı həyatında, onların
atası vardı…
- Mən dözdüklərimi sən bilsən, sual verməzdin. O ayrılıq başqa
səbəbdən baş verdi, o haqda danışmayaq...
- Danışmayaq, eybi yox. Sən birdən-birə rəhmətliyə
sevdalandın?
- Sənin çox şeydən xəbərin yoxdur. O, mənə təmənna güdmədən
yardımçı oldu.
Özümün özümə vurduğum qatil damğası var
- Və bu yardım nakam bir sevginin cücərməsinə səbəb
oldu? Buna nakam sevgi demək olardı?
- Yadındadır da, biz tez-tez toplaşardıq... o mənim üzümə
baxanda anlayardı. Hamının gözünün qarşısında ağacdan bir yarpaq
qoparar, arasına pul büküb verərdi mənə. Heç kim bilməzdi bu yarpaq
oyununu… Bəlkə inanmazsan, mən cox istədim... amma bu, sevgi
deyildi... Ona qarşı olanlar minnətdarlıq idi…
Susur. Mən də onun xəyalında vərəqlərini çevirdiyi
"xatirə dəftəri"nin oxunmasına diqqət kəsilirəm. Yaşıl gözlərinin
gilələri tənha ada kimi suyun içində boğulur.
- Amma 2003-cü ildən içimdə özümün özümə vurduğum qatil damğası
var. Faiq, nə olub ey sənə, bu nə suallardı verdin? Bəlkə mən
ölmüşəm, inkir-minkir də sənsən?
- Yox, sual verirəm də. Sən yaraşıqlı xanımsan, yəqin
sənə nəzər salanlar kifayət qədər olub.
- Olsun da... mən əhəmiyyət verməyəndən sonra ha baxsınlar.
- Bəs necə oldu? O iki daşın arasında səni ovsunladı,
xeyirxahın oldu, sərvi boyunla onun əsiri oldun?
Onun belə mərdliklərini sevdim, özünü yox..
- Nə olub, keçibsən ölənlərə qısqanmağa?
- Qısqanmıram, sadəcə, yoxlayıram, görüm bu məmləkətdə
etiraf etməyi bacaran ziyalı xanımımz var, yoxsa yox.
- Çunki o sizin tayınız deyildi... bir gün cox dərdli, üzgün,
bitkin idim. Həm də ac və yorğun... üzümə baxdı və yazıq-yazıq,
"burda bir ev var, gedək dincəl, həm də çörək yeyərik", - dedi.
"Olar, - dedim, - amma mən ora girsəm, Qəşəm kimi girib, Qəşəm kimi
çıxacam". Razılaşdı. Biz orada neçə saat olduq... Mən ağladım,
ürəyim boşaldı və yatdım. O gün mənim ən ağır günüm idi… sonra o
bunu belə yazmışdı: "ağladı-agladı, üzü üstə yatdı, mələklər kimi…"
Onun belə mərdliklərini sevdim, özünü yox.
- Necə yəni - Qəşəm kimi?
- Özünü keyliyə qoyma... Yəni aramızda hec nə olmadı! ...Sən
indi buna inanmazsan.
Yer üzündə bir sən, bir də mən
- Yəni Qəşəmlə hardasa, nə vaxtsa, nəsə… və Qəşəm sənin
kimi, sən onun yanından çıxdığın kimi çıxıb?
- Allahım! Mənə səbr ver, yəni kişi kimi girib, kişi kimi
çıxdım… Bu qızlar sənin nəyinə asiq olub, bilmirəm. Boy-buxun da
yox. Faiq, adları yazma...
- Yazmaram, amma düz de, mənə vurulmaq ürəyindən
keçirdi?
- Sənə? Adə, yer üzündə bir sən, bir mən olam, ürəyimdən
keçməzsən…
- Sözdü də deyirsən, heç mən də sənə tərəf baxmadım.
Ancaq sən dul qadın idin də…
- Yaziq dul qadınlar! Ərlilər elə edir, dullar baxa-baxa qalır.
Yadından cıxıb, sən demişdin ki, onun gözləri maraqlıdı.
- Sənin gözlərin yaşıldı. Sadəcə, çoxdan idi dənizə
çıxmırdım, çimmirdim dənizdə, istəyirdim baxışlarında üzdürəsən
məni. Sonra gördüm boğularam, baxmadım. Başa düşmədim, siz şeir
yazırdız, ya sevişməyə gedirdiz?
- Ay səni... mən indi gurultulu bir ah cəkəcəm… bu yazıq gözlərə
o qədər şeirlər yazılıb ki! O da yazmışdı: "dünya gözümdən
düşmüşdü, sənin gözündə tapdım" demişdi… Amma mən o gözlərlə həp
agladım... Faiq, bilmirəm niyə sənnən danışıram indi.
- Bilirsən, məni sevən qadınlar məndən tərpəniş
görməyəndə, səmimi ürək dostu olublar, yəqin sən də
elə…
- Ey, bura bax, gic-gic danışma, tərpənib neynəyəcəkdin ki!
Üzünə demək olmasın, sən o məlum yerdə olanda çox darıxdım. Sən
adamın elə bil qardaşısan, bacısısan. Sənsiz bir günümüz
olmasın.
- Yəni türmədə olanda demək istəyirsən də. Nə isə,
mübahisə etməyək, həyatında nakam sevgi çoxmu oldu?
- Nə nakam sevgi, mənim həyatım nakamdır da... Neynirsən mənim
nakam sevgilərimi? Kimləri nəzərdə tutursan?
İlyas Tapdığın bura nə dəxli?
- İlyas Tapdıqla aran necədir? Onunla
görüşmüsən?
- Başa düşmədim, İlyas Tapdığın bura nə dəxli? Ona bir şair, bir
insan, bir ata kimi hörmətim var... Onu niyə soruşdun ki?
- Deyirlər, guya onunla sənin aranda isti münasibət
olub. Sevibsən onu. Mən inanmıram amma…
- Nəə? Allah səni güldürsün... evimidə bəlkə on dənə Quran var,
onu da məni vursun ki, elə bir şey olmayıb...
- Bilirəm də olmayıb. Amma sənə ləzət elədi
hə?
- Dəlisən sən... mən özümdən çox böyüklərə "atam", balacalara
oğlum kimi baxıram, nə ləzzət, qanım dondu, belə ağ yalan olar?
- Amma sən o rəhmətlik şairə layiq deyildin, onun
sevgisinə…
- Niyə dedin bu sözü mənə? Neçə gün özümə gələ bilməyəcəm…
- O, sənsiz öldü. Səndən aralanmışdı axı, amma sən heç
ona bir şeir də yazmadın.
- Yazmışam. Mən bu dünyada ən layiqli birinə də layiqəm. Biz
evlənmək üçün ərizə də vermişdik. Amma mən getmədim. VVAQ-ın
müdirinə deyib, o da zəng vurmuşdu. Niyə gəlmirsən, dedi, mən heç
nə demədim, ağladım elə.
- Lap hind kinosundakı kimi danışırsan.
- Tərs kimi həmin ərəfədə televizorda bir hadisə göstərdilər.
Bir kişi öz qardaşı qızına təcavüz etmişdi. Baxdığım anda mənə zəng
vurmuşdu. Səsimdən hiss etdi ki, pisəm. Dedi nə olub? Danışdım.
Qayıtdı ki, boş şeydi, bəlkə qız özü əmisinin yatağına girib? Qanım
dondu və münasibətim dəyişdi ona. Həm də başqa söhbətlər də vardı.
Beləcə ayrıldıq.
Mən Anarı yox, "Gün kecdi"dəki Oqtayı
sevmişəm
- Sən yeniyetmə olanda Anar müəllimə məktublar yazmısan.
O zamanlar heç ürəyindən keçib ki, o sənin sevgilin olaydı? O
vaxtlar e, onda sən hələ Yazıçılar İttifaqında
deyildin.
- Faiiiq! Bu suallarını yığışdır!
- Burda nə var axı, mən də yeniyetmə olanda Leyla
Bədirbəyliyə, Amalya Pənahovaya vurulmuşdum.
- Anar mənim üçün sadəcə, çox sevdiyim Nigarın oglu və mənim
sevimli yazıçım idi... Mən Anarı yox, "Gün keçdi"dəki Oqtayı
sevmişəm. Mənim ağ atlı oglanım ona oxşayırdı... Oqtayı - Muşfiqi
sevə-sevə bəxtiyar olammadım. Faiq, mənim bir sözüm var... "içimdə
bir qız aglayır, xəbəri yoxdu ki, saçı ağarıb". Bir türk mahnısı
var: "Güz gülleri gibi hec bahar yaşamadım... ya sevmeyi bilmedim,
ya sevince gec qaldım..." Mənim də səhvim olub təbii... həyatnan
kitabı səhv salmışam.
- "Gün keçdi" filmində Əsmər olsaydın, kimi görərdin
Oqtayın yerində?
- Bir Oqtayı da mən bədbəxt elədim zatən...
- Bədbəxt etdiyin şairin qəbrini neçə dəfə ziyarət
etmisən?
- Yox, bu o şair deyil, başqasıdır. O mənim gənclik illərimdə
qalıb. Amma o şairin ölümündə məni günahlandırırlar. Qəbrini bir
neçə dəfə ziyarət etmişəm, yas məclisi qurmuşam ona. Bir söz deyim,
tək bir nəfər olub, peşman olmuşam ki, onu seçməmişəm. O da uzaq
1985-ci ildə qalıb. Düz sözümdü, adı xoşuma gəlməmişdi… Mən ad
xəstəsiyəm axı…
- De o adı, necə idi?
- Mürşüd. Onu sevməmişdim, amma onu bütün qızlar bəyənirdi. Onu
sevsəydim, Bakıda 21 dəfə kirayə ev dəyişməzdim.