"Hazırlıq kursu" layihəsində:
Həftəlik elektron qəzet "Wikers Weekly" uşaqlarda
mütaliə vərdişinin necə formalaşdırmağın yollarını öyrənmək
məqsədilə silsilə araşdırmalar aparıb. Məsələnin bizim cəmiyyətimiz
üçün də aktuallığını nəzərə alan Axar.az bu araşdırmaların
nəticələrini öxucuları ilə bölüşür.
Mütaliə edən ana gələcəkdə mütaliə edən uşağın
meydana gəlməsi üçün ən mühüm amildir.
Mütaliə tərəfdarlarının əksəriyyəti əmindirlər ki, anadan olduğu
andan körpə üçün oxumaq lazımdır, ən yaxşısı isə bu nəcib işə hələ
o, dünyaya gəlməzdən əvvəl balamaq gərəkdir. Bir təsəvvür edin:
hamiləliyin son ayında oturub hansısa bir nağılı yavaş-yavaş,
tələsmədən, həlim səslə oxuyursan. Sonra, körpə dünyaya gələndə bu
kitab, nağıl qəhrəmanları ona hökmən tanış gəlir. Mənim heç bir
etirazım yoxdur. Mən ikiəlli razıyam. Ancaq nəzərə almaq lazımdır
ki, gələcək ana imkan daxilində yaxşı seçim etməlidir. Xüsusilə,
nağıllar incəsənətin ən əsrarəngiz keyfiyyətlərini özündə əxz edir,
hələ üstəlik uşağı da yaxşı əhvali-ruhiyyəyə kökləyir, çox
incəliklə və üsulluca onun dünyaduyumunun özəlliklərini
səciyyələndirir. Fikrimcə, qadına, ümumiyyətlə, oxumaq çox
faydalıdır, həm də təkcə hamiləlik zamanı deyil, həmişə....
Mütaliə edən ana
Bəs uşaq kitabla nə vaxtdan, neçə yaşından bilavasitə təmasda
olmalı, onu görməli, ona toxunmalıdır? Bunu necə etmək
lazımdır?
Araşdırmağa çalışaq. Kitab özü nədir? İlk növbədə əşyadır. Lakin
daşdan, oduncaqdan fərqli olaraq insan əli ilə yaradılmış əşyadır,
insanın müəyyən xüsusi ehtiyacını ödəmək üçün yaradılıb. Necə ki,
qazan xörək bişirmək, daraq saçları səliqəyə salmaq, stul oturmaq,
qaşıq isə yemək yemək üçün yaradılıb, eləcə də bu predmetin də
xüsusi istifadə qaydaları var. Kitab birbaşa bizim təxəyyülümüzə
ünvanlanıb. O, bizdən vərəqləri çevirməkdən əlavə daha dərin,
duyumlu münasibət tələb edir.
Bax bu iki məqam – kitabın səciyyəvi "maddiliyi" və körpənin onu
qəbuletmə qabiliyyəti lap balacalar üçün kitaba start vermənin
zamanını müəyyənləşdirir.
Kitabın səhifəsi və qazan qapağı
Bir halda ki, kitab məxsusi əşyadır, deməli, uşaq psixi
inkişafın müəyyən mərhələsinə çatanda onun xüsusiyyətlərini dərk
edə biləcək. Əhatəsindəki əşyalar körpəni çox tez - əlini ona
uzatmağa başladdığı andan maraqlandırır. Ancaq bir müddət belə
marağın başlıca məqsədi əşya üzərində hansısa əməliyyatın həyata
keçirilməsi istəyi ilə əvəzlənir: əlinə keçəni ağzına salır,
manejdən kənara atır, hansısa səs çıxarmağa məcbur edir. Səkkiz
aylıq, bir yaşlıq və yaş yarımlıq uşaqları əşyaların məxsusi
təyinatından daha çox onların təsirə qarşı göstərdikləri
xüsusiyyəti maraqlandırır. Başqa sözlə desək, əgər uşağın qarşısına
qapaqlı qazan qoysaq o, çox böyük məmnuniyyətlə qapağı götürüb
səs-küy sala-sala qaytarıb yerinə qoyacaq, hətta bunu fasiləsiz
davam etdirə də bilər. Ancaq bu, hələ o demək deyil ki, uşaq
qazanın "funksiyasını" dərk edib. Hazırda o, yalnız bir şeyi
anlayır: bu əşyanı "götürüb-qoymaq" olur. Əgər bu yaşda olan uşağın
qarşısına kitab qoysaq – böyük, rəngli, möhkəm karton səhifəli bir
kitab - o, çox keçmədən kəşf edəcək ki, bu əşyanın səhifələrini
çevirmək olur. Bu məşğuliyyət – səhifələri çevirmək – böyük və
başlıca əhəmiyyət kəsb edir. Biz özümüzü nə qədər inandırsaq ki,
məsələ məhz gözəllik magiyasındadır, ancaq bu, hələ tam olaraq
gözəlliyin dərk edilməsi deyil. Məsələ qalın kartonda və obyektin
böyüklüyündədir. Bu mərhələdə kitabın səhifələrini vəqəlməməklə
qazanın qapağını götürüməyin arasında heç bir fərq yoxdur. Ancaq
bunda pis bir şey də yoxdur. Bu da öz-özlüyündə faydalı vərdişdir –
bir şərtlə ki, kitabın səhifələri cırılmasın. Və əgər bu gənc
ananın başına gələnlər kimi olmasa, daha yaxşıdır: bir dəfə ana
mütərəqqi rəfiqəsinin məsləhəti ilə səkkiz aylıq oğluna bahalı dəb
jurnalı alır, uşaq isə onun səhifələrini gəmirib didişdirməyə
başlayır. Uşaq öz-özlüyündə haqlıdır! O, ətraf aləmi əli çatan
üsullarla tədqiq edir.
Kitab vaxtı
Elə ki hiss etdiniz artıq "vaxtdır", uşağa kitab vermək
lazımdır. Bəs bu vaxtın çatmasını necə təyin edək? Bunun ilk
göstəricisi uşağın digər əşyalara münasibətində özünü göstərə
bilər. Əgər uşaq başqa predmetlərin təyinatını anlamağa başlayırsa,
məsələn, darağı götürüb saçlarına çəkirsə, (daha yenicə ağaran
dişlərinə sürtmürsə) və ya qaşığı ağzına aparırsa, tutalım papağı
(dəxli yoxdur, özününkü olsun, ya başqasının, əsas odur ki, başına
qoysun) geyməyə çalışırsa, bütün bunlar onun kitabı da öz spesifik
xüsusiyyətlərilə qəbul etməsi üçün bir siqnaldır.
Ancaq hələ ki uşaq özü lazım olan işi sərbəst şəkildə görə
bilməz. Körpəni kitabla təklikdə buraxmaq (hətta o, qalın kartondan
olsa belə) onun adi bir ixtiyari oyuncağa çevrilməsi demək olar.
Kitab öz həqiqi anlamında uşaq üçün ancaq böyüklərin yaxından və
bilavasitə iştirakı ilə kəşf edilə bilər. Valideyn, ilk növbədə ana
kitabın vərəqlərini çevirərək oradakı təsvirləri çox anlaşıqlı,
nəvazişli şəkildə körpəsinə anlatmalı və bu zaman ona yalnız və
yalnız öz adı ilə müraciət etməlidir.
Əlbəttə, bunu tam mənası ilə mütaliə adlandırmaq olmaz. Bu, daha
çox valideynin kitab üzərində "şamanlıq" etməsidir. Nitq
improvizasiyası, yazılmış mətndən uzaqlaşaraq daima birbaşa uşağa,
onun təcrübəsinə, münasibətinə müraciət... Erkən yaşlarından
körpəsinə kitab oxumağa başlayan ana bu prosesi belə təsvir edir:
"Biz necə oxuyuruq? Bax belə. Kitabı açıb şəkillərinə baxırıq.
Qarşımızdakı şəkil haqqında bir az nə isə danışıram. Təsvir
olunanları göstərib adlarını, nə etdiklərini deyirəm. Körpəm də
barmağını şəkillərin üzərinə qoyub göstərir. Şəkillərə baxıb
dinləməyi çox xoşlayır. Ancaq elə ki kitabı əlimə alıb yazılmış
mətni oxumağa başlayıram, məni saxlayır. Özümdən uydurub
söylədiklərim onun üçün daha maraqlıdır".
Belə davranış hələ dili açılmamış və ya yenicə danışmağa
başlayan uşaqlara xasdır və körpənin nitq inkişafının
qanunauyğunluqlarına əsaslanır. Nitq – uşağın ən mühüm
nailiyyətidir və onun ən mühüm həyati "alətidir". Bu da yalnız
psixologiyada "yaxın böyüklər" adlanan böyüklərlə ünsiyyət zamanı
inkişaf edir. Uşağın yaşyarımınadək danışa bilməsi üçün o, anadan
olan bir gündən insan səsi, insan danışığı, nitqi ilə təmasda
olmalıdıır. Həm də ümumiyyətlə nitq deyil, "yaxın
böyüyün" bilavasitə şəxsən ona (həm də öz adı ilə, bu, əzizləmə ad
da ola bilər) müraciət olunmuş nitqini
eşitməlidir.
Körpələr evindəki uşaqlar üzərində aparılan müşahidələr çox
kədərli nəticələr verib: "texniki nitq" körpələrin inkişafına heç
bir təsir göstərmir. Maqnitofon gündə 24 saat oxuya, layla çala,
nağıl danışa bilər. Lakin bu, ailəsiz uşaqların nitqi inkişafına
heç nə vermir. Hətta daima danışan dayə belə vəziyyəti çox az
dəyişə bilər. Onlar çox nadir hallarda konkret uşağa müraciət
edirlər. Belə ki, yetim qalmış körpələr açıq-aşkar ünsiyyət
çatışmazlığı yaşayırlar. Bu uşaqların öz həmyaşıdlarından geridə
qalmasının başlıca səbəbi də məhz budur. Psixologiya elmləri
doktoru Yelena Smirnova yazır ki, bir yaşından üç yaşınadək olan
körpələrə uşaq bağçasında "uşaqlar", - deyə müraciət etməyin heç
bir mənası yoxdur. Onlar bunu sadəcə eşitmirlər, çünki belə bir
"toplu" müraciəti özlərinə aid etmirlər. Ona görə də onların hər
birini öz adları ilə çağırmaq lazımdır. Kitab dili –
ümumiləşdirilmiş müraciətdir. Axı o, konkret bir uşaq üçün
yazılmayıb. Onu qəbul etmək üçün körpə "uşaqlar" sözünə
alışmalıdır. Bu, iki-üç yaş arası baş verir. Özünü "uşaqlar"
qrupuna aid etmək bacarığı fərdi özünü dərketmənin oyanması ilə sıx
bağlıdır. Bu hissin oyanması uşağın nitqində "mən" əvəzliyinin
yaranması ilə müəyyənləşir. "Mən"in yaranması ilə ünsiyyət dairəsi
də genişlənə bilir. Təkcə yaxın böyüklərlə deyil, başqaları ilə də,
xüsusilə də "kitab müəllifləri" ilə də ünsiyyət qura bilirlər. Elə
yazılmış mətnin qəbul və dərk edilməsi prosesi də bundan sonra
kəskin inkişaf edir. Çünki uşaq cümlə qurmağa başlayan kimi (lap
qoy qısa cümlələr olsun), arzularını sözə çevirən kimi kitabdakı
mətni də qavraya bilir. Ancaq nitqin inkişafı kimi bu qabiliyyət də
hər uşaqda eyni vaxtda inkişaf etmir. Bu da böyüklərlə, kitablarla
ünsiyyətdən doğan bir qabiliyyətdir və hər bir valideynin öhdəsinə
düşən bir vəzifədir.