"İnsan taleyi"
layihəsində
Onunla söhbətim özünü
Koroğlu metrosuna yaxın körpünün ən yüksək yerindən atması
xəbərinin ardınca getdikdən sonra baş tutdu. Hadisə yerinə çatdıqda
artıq FHN və DİN əməkdaşlarının birgə səyi nəticəsində "İnsan
taleyi" layihəmizin budəfəki qəhrəmanı Yusif Əmirovu intihara
cəhddən yayındırmaq mümkün olmuşdu.
Qəhrəmanımızın şikayətlinə biganəlik onu ölümün bir addımlığına
qədər gətirmişdi. Yusif millət vəkili Qənirə Paşayevanı görmək
istəmişdi, Qənirə xanımla danışdıq, olaydan xəbər tutdu və dərhal
hadisə yerinə yollandı. O da atacağı qəti addımdan – intihardan
geri çəkildi.
Onunla Sabunçu Rayon Polis İdarəsində görüşdük.
Acınacaqlı tale
Bəs görəsən onun bu addımı atmasına səbəb nə idi? Ölümün gözünün
içinə dik baxan adamla söhbət zamanı məlum oldu ki, o, vaxtı ilə
qarşılaşdığı haqsızlıqlarla bu gün də barışmır və hələ də haqqın
bərqərar olması üçün müxtəlif instansiyalara müraciət edir...
Onun faciəsi insan oğlunun tablayıb çəkə bilməyəcəyi ağır bir
yükdür. Amma Yusif bu yükü çəkib, bu taleyi yaşayıb və
yaşayır...
Həyat hekayətinə rahat qulaq asmaq mümkün deyil. Sabunçu Rayon
Polis İdarəsində rəis müavininin otağında üzünü xanım millət
vəkilinə tutaraq deyir:
- Qənirə xanım, sənə balalarım qurban, üzümü sənə tuturam, sənə
güvənirəm. Bu vaxta qədər çox adama müraciət etmişəm. Heç qulaq
asmadılar da. 125 deputatın içində gözüm səni görür, sənin kişi
qeyrətinə qurban olum...
Yusifin günahı nədir?
Bəs, nədir axı Yusif Əmirovu intihara sürükləyən?
Onunla söhbətimdən belə başa düşdüm ki, Yusif Əmirovu haqsız
olaraq şərləyib həbs ediblər. O, 14 il həbs cəzasına məhkum olunub.
10 il bağlı qapılar arxasında qalıb. Həyat yoldaşına pis nəzərlə
baxıblar, ona işgəncə verilib, təhqir olunub, aldadılıb, pulları
əlindən alınıb. Yana-yana:
- Salman arvadıma zəng edib deyib ki, nədir axı o qara adama ərə
getmisən, gəl səni saxlayım. Yoldaşım onu söyüb...
- Kimdir Salman?
- Salman Şərur Rayon Polis İdarəsinin rəisi idi. Məni də,
arvadımı da həbs elədi...
Yusifin hönkürtülü və əsəbi səsi Sabunçu rayon polis
rəisinin müavini Əbülfət müəllimin otağını az qala silkələyir. O,
qarşılaşdığı və heç kəsin ağlına belə gətirə bilməyəcəyi faciəsini
sakit-sakit danışa bilmir...
Yaxşısı budur, başıbəlalı
Yusifin həyat hekayətini əvvəldən dinləyək.
- Əslən Dərələyəzliyəm. Şərur rayonunda yaşayan bibim qızıyla
evlənmişəm. 3 oğlum, bir qızım var. 1992-ci ildə valideynlərim
Bərdə şəhəri, Vaqif küçəsi 77 ünvanında 4 otaqlı evi ortancıl oğlum
Əfqana bağışladı. 1996-cı ildə Bakıya köçmək istədik. Həmin evi
7.000 dollara satdıq. Bakıda yaxşı ev almaq üçün yun alverinə
girişdim. Bərdədən Şərura yun alıb aparırdım, orada türklərə
satırdım. Müvəqqəti qayınanamgildə məskunlaşmışdıq.
Polis rəisi eşqə düşür
Yusif nəql edir ki, kiçik
bibisi rayon polis idarəsində xadimə kimi çalışır. Otaqları gecədən
keçmiş yığışdırdığına görə bəzən açarlar onda qalırmış və səhər
tezdən polislər gəlib onun evindən açarları alırmışlar. Elə onun
faciəsinə səbəb də bir dəfə polis rəisinin özünün açar dalıyca
gəlməsi olur.
- Şərurun polis rəisi Salman Vəliyev bir gün bibimdən otağının
açarını götürmək üçün özü gəlir. Həyətdə yoldaşımı görür və ona
vurulur. Mənim yoldaşım yaraşıqlı və gözəldir. Rəis tez-tez evə
zəng edib yoldaşımı görüşə çağırır və vədlər verir. Yoldaşım onu
söyür. Bu, dəfələrlə təkrar olunur. Rəis ona deyir ki, sən o qara,
kasıb adama niyə ərə gedibsən, gəl səni saxlayım.
Bir dəfə də Salman zəng edərkən telefonu Yusif götürür. Salmanı
söyür, sən niyə əxlaqsızlıq edirsən, elə etmə ki, şöbəyə gəlib
orada sənə ağır sözlər deyim, - deyir.
- Belə demişdim ki, Salman qışqırdı: - Gör sənin başına nə oyun
gətirəcəm!!!
Yenə də hıçqırıq. Yenə də yaşanan müsibətlərin
yaddan çıxmayan ağrılarını ifadə edən iniltilər otaq boyu
"səpələnir".
- Məni 1997-ci ilin avqust ayında tutdular. İmişlidə idim.
Bacımın evində qalırdım və yun alırdım ki, gətirib Şərurda satım.
Şərur polisindən 4 nəfər gəldi. Dedilər, sən bir xalça satıbsan
türkə. Oğurluq imiş, gedək ifadə ver ki, o xalçanın oğurluq
olmasından xəbərin olmayıb. Apardılar Naxçıvana. Orada Salman mənə
dedi ki, yadına düşür, sənin başına oyun açacağımı demişdim? İndi
vaxtdır.
Arvadın mən deyənləri etsə...
Sonra da dedi ki, bir il bundan qabaq Heydər adında adamı
öldürübsən, cinayətdən yayınıbsan. Salmana dedim ki, mən Heydər
adlı adam tanımıram, heç onunla rastlaşmamışam da. Amma onu da
dedim ki, sən Şərurda Heydərin ölümü ilə bağlı 100-dən çox adam
saxlayıb, döyüb pulunu alıbsan, bu haqda hamı danışır. Salman
güldü:
- İndi gördün sənə necə tələ qurdum? Mən polkovnikəm, mənim
sözümə inanacaqlar. Amma arvadın mən deyənləri etsə, işinə baxarıq.
Yoxsa sənin arvadını da gətirib bura salacağıq.
Bir neçə gündən sonra arvadımı da gətirib saldılar içəri. Ona
dedilər ki, sən Yusifin üzünə dur. De ki, Heydəri öldürüb. Yoxsa
burda nə qədər dustaq var, salacağıq üstünə, səni
zorlayacaqlar...
Polisdə insaflı Maykl
Məni hər gün döyürdülər. Rəisin otağının arxasında bir yer
vardı, salırdılar ora, işgəncə verirdilər. Rəis tamaşaya baxırmış
kimi mənim döyülməyimə baxırdı. "Sənin bu günə düşməyinə səbəb
arvadının hədsiz gözəl olmasıdır", - deyirdi. Polisdə Maykl adlı
bir it vardı. Mənə işgəncə veriləndə o it dözmürdü, zənciri qırmaq
istəyirdi, hürüb onların üstünə cummaq istəyirdi, amma zəncir
qoymurdu.
Kişilikdən
başqa
12 gündən sonra yoldaşımı buraxdılar. O, stress keçirmişdi,
tanınmaz hala salınmışdı. Haqsızlıqlar ona pis təsir etmişdi. O
insanlara insan demək mümkün deyildi. O insana bənzərlərdə
kişilikdən başqa hər şey vardı.
Prokuror müstəntiqi Ədalət Səfərov adlı bir nəfər idi. O da bizi
aldatdı. İşi düz aparmadı. Ona dedim ki, sənin də ailən, uşağın
var, görmürsən mənə tələ qurulub? Qayıdıb dedi ki, mən bu məsələdə
acizəm. Salman Vəliyev deyib ki, Yusif tutulmasa, vəzifəndən
getməlisən. Yoldaşımı da yanına çağırıb, "vəziyyətiniz ağırdır", -
deyib:
- Gərək mən deyənlə razılaşasan və bu işdə sizə yardımçı olam.
Yusifə ağır maddə verməliyəm. Tapşırıq belədir. O, ömürlük gedə
bilər.
Bu sözlərlə yoldaşımı təşvişdə saxlayıb və sonra ondan üç min
dollar pul istəyib. Ədalət Səfərov yoldaşımdan iki min dollar
aldıqdan sonra qurama cinayət işimi Şərur məhkəməsinə göndərib. O,
pulu alsa da, heç bir köməklik göstərməmişdi...
Məhkəmə
Şərur məhkəməsinin sədri İsfəndiyar mənə dedi:
- Yusif, sənə qurğu qurulub. Arxayın ol, səni tutmayacam. Bu
ölüm avtoqəza ilə olub və çoxdan bağlanıb. İndi niyə
qaldırılır?
Dedim, siz bilərsiz...
Məhkəmə zalında çox adam vardı. Yalançı şahidlərin heç birini
tanımırdım. Ölənin bacısı anasına dedi ki, ana dur, gedək. Bu
yazığı günahsız tutub, qardaşımın qanını batırırlar...
Vəkilim qadın idi. Məni müdafiə edirdi. Salman axşam gedib onun
evinə:
- Yusifi müdafiə etsən, özünü ölmüş bil. Günah məndən keçdi,
səni xəbərdar edirəm, - deyib. Vəkilim qorxusundan işdən imtina
etdi...
Bir dəfə də məhkəmənin sədri İsfəndiyar mənə dedi ki, səni bu
dəqiqə buraxardım. Amma Salmandan qorxuram. Deyəcək, Yusifdən pul
alıb, buraxıb. Ona görə də işi göndərirəm təkrar istintaqa.
Şərurda yenidən məhkəməm oldu. Hakimin adı İsmayıl idi. Mənə
dedi ki, sən günahsızsan, səni buraxacağam.
Lakin Salman ölənin anasını qorxudaraq məhkəmədə dedirtdi ki,
sizə inanmıram, işi Naxçıvana göndərin...
Prokurorun
tövsiyəsi
- Naxçıvanda da mənə işgəncələr verilirdi. Qollarımı, ayaqlarımı
bağlayıb zülm edirdilər. Söyür, təhqir edir və yorulmadım
çırpırdılar. Hal-hazırda da sol qolum işləmir. Axır ki, tələblərimə
görə məni apardılar Naxçıvanın Baş prokuroru Fikrət Qəribovun
yanına. Dərdimi danışdım. Mənə olan haqsızlığın haradan
qaynaqlandığını dedim. Körpə balalarım var. Qərib adamam. Heydər
adlı adamı tanımıram, mənə qarşı düzgün deyillər, - dedim. Fikrət
Qəribov mənə diqqətlə qulaq asıb dedi:
- Kişi deyilsən? Bu nə göz yaşıdır? Get 1-2 il yat içəridə.
Qorxma, ora əsl kişilərin yeridir. Qarşıdan amnistiya gəlir, səni
amnistiyaya saldırıb buraxdıracam.
Mən də ona:
- Əgər elədirsə, onda sən kişi adamsansa, gedək bir yerdə yataq.
Axı ora kişilərin yeridir. Prokuror türmə işçilərinə dedi ki, siz
bunun dərsini yaxşı verməmisiniz, aparın başa salın. Əvvəllər məni
gündə 2 dəfə döyürdülərsə, Fikrətin tapşırığından sonra 3 dəfə
döydülər.
Ordubad hakimi
Yusif deyir ki, mənim işimi
heç bir məhkəmə boynuna götürmürdü. Axırda ürəkli hakim
tapdılar:
- Düzgün insanlar bu işə boyun qoymadı. Axır ki, Ordubad
məhkəməsinin hakimi Elman Yəhyayev bu saxta işə hakimlik etməyi
boynuna götürdü. Ölən adamın qara rəngli gödəkcəsini kamerama
gətirib mənim yatağımın üstünə atıblar ki, götürəndə əlimin izi
qalsın.
1998-ci ilin iyun ayının 1-də Ordubad məhkəməsi işə başladı.
Ölənin anasını, bacılarını öyrədib məhkəmədə yoldaşımla
dalaşdırdılar və yoldaşımı həbs etdilər. İstəmirdilər ki, məhkəmədə
şahid qismində çıxış edə bilsin.
Salman Vəliyev qohumlarımı - 20 yaşlı bacanağımı, kiçik
baldızımı, onların qonşularını qorxuzaraq üzümə durğuzdu. Mən qəti
etiraz etdim. Hakim fasilədə məni otağına gətizdirdi. Mənə dedi ki,
sən sakit dayan, qoy onlar yalandan ifadə versinlər. Qoy çəkiliş
getsin. Axırda yalan ifadə verdiyinə görə onları tutub, səni və
yoldaşını azad edəcəyəm, hökmü mən verirəm. Razılaşmadım.
Koridorda isə Vera xanım adlı məhkəmə işçisi mənə dedi ki, 3.000
dollar ver, ardınca Ali Məhkəməyə gələrəm, işi qaldırıb səni
buraxdıraram. Pulu verdik. O qadın da bizə atdı... onlarla əlbir
imiş. Mənə 14 il iş verdilər. Vera isə məni aldatdığına görə Ağır
Cinayətlərə hakim vəzifəsinə irəli çəkildi... Hal-hazırda da orada
işləyir.
Yoldaşımı Ordubadda 3 ay
həbsdə saxladıqdan sonra Elman Yəhyayev insafa gəldi. 5.000 dollar
alıb buraxdı:
- Şəxsiyyət vəsiqən məndədir. 6 ay Bakıya gedə bilməzsən.
Şikayət edə bilməzsən, - deyə, dilindən kağız aldılar...
Şüvalana, oradan da 14 saylı CÇM-ə gətirildim. Yenə də şikayət
etdim. Məni prokuror Zakir Dursunov qəbul etdi. Özü dilimdən ifadə
yazdı, başqa qələmlə qol çəkdirdi. Yazıbmış ki, hökmdən şikayətim
yoxdur. Mən bildikdən sonra yenə şikayət etdim. Türmə rəisi mənə
dedi ki, səni heç vaxt buraxmazlar. Gərək onda o qədər adam həbs
oluna. Taleyinlə razılaş. Baş prokurorun müavini İsa Nəcəfov sənin
işindən 4 il götürüb. Sənə də qol çək. Çəkmədim. Eldar Həsənov da
Baş prokuror olanda bu işlə maraqlandı. Prokuror nəzarətçi Baba
müəllimi yanıma göndərdi. İfadəmi aldı. 20 gündən sonra məktub
gəldi ki, şahid ifadələrinə əsaslanaraq qərara aldıq ki, səni haqlı
olaraq həbs ediblər...
"Köhnə dostlarla" yeni görüş...
Yusif həbsdən sonra Bakıda yaşayır. Taksi sürücüsü işləyirmiş.
Bir dəfə hava limanında təsadüfən hakim Elman Yəhyayevi görür. Onu
sərnişin qismində maşınına mindirir. Yolda tanışlıq verir. Elman
deyir ki, məni bağışla. Allah mənə cəza verdi. İşim, var-dövlətim
əlimdən getdi. Sənə pislik etmişəm. İndi özüm pis vəziyyətdəyəm.
Bakıda kirayədə qalıram.
Yusif ona: - Sən vicdansız adamsan,- deyib.
Sonra Salmanla da qarşılaşıb.
- 2014-cü ilin may ayının 30-da Çobanzadə küçəsində "Sultan"
şadlıq sarayının qarşısında dayanmışdım. Bu zaman mənə bir nəfər
yaxınlaşdı. "Yusif, həmişə azadlıqda, necəsən? Mənə bir siqaret
ver", - dedi. Tanımadım. Dedim sən kimsən? Dedi, Salman Vəliyevəm,
işdən çıxmışam. Mən onu söydüm. Qorxusundan qaçıb "06"-na minib
uzaqlaşdı...
Yusif Əmirov hələ də nahaqdan həbs olunduğunun davasını döyür.
Görəsən, müsbət cavab ala biləcəkmi?