Mən 10 saylı CÇM-ə etap olunanda, müəssisəsinin
"polejeniya"sına (vəziyyətinə) tərtərli Vaqif baxırdı. Sadə və
üzügülər birisi idi. Oğru adını almasa da, avtoritet titulunu
daşıyırdı.
Doğrusu, bu adamın belə həlim xasiyyətli olması, cinayətkar
aləmlə bacara bilməsinə məndə şübhə də yaratmışdı. Bəstəboy,
yeriyəndə sol əlini sinəsi boyu qaldıran, sağ əlini isə irəli-geri
hərəkət etdirən Vaqifin söz sahibi olması ona diqqətimi artırmışdı.
Maraqlı olan o idi ki, Cəzaçəkmə müəssisəsində daha ötkəm, dikbaş,
qorxu-ürkü bilməyən dustaqlar vardı. Amma onların Vaqiflə
hesablaşdığını da nəzərdən qaçırmırdım. Elə buna görə də məqam
gəzirdim ki, onunla həmsöhbət olam.
Vaiqf "promzonda" ayrıca otaqda, Ceyranbatan bələdiyyəsinin Alı
adlı üzvü ilə bir otaqda qalırdı. "Xata"larında soyuducu, elektrik
sobası, xüsusi zövq və ustalıqla hazırlanmış stol və nərd vardı.
Nərd oynamağı sevirdi və çox vaxt da uduzurdu.
Malış Vaqif
Vaqifin türmə ləqəbi "Malış" idi. Ona bu adı hələ yeniyetmə
vaxtlarında cinayət aləminə qədəm qoyarkən "qocalar" veribmiş.
Malışla ilk ünsiyyətim salyanlı Müşfiqlə zər atdığımız zaman
yaranan mübahisəyə onun aydınlıq gətirdiyi vaxt olmuşdu. Malış
bizim oynadığımız "qumara" kənardan baxırdı və Müşfiq mənim zər
tutduğumu deyib uduzduğu bir blok "Vest" siqaretini vermək
istəməyəndə:
- Müşfiq, uduzubsan, cığallıq etmə, - demişdi.
Udduğum bir blok siqaretin 2 qutusunu Malışa göstərib, "bunu nə
edim", - demişdim. O:
- Əhlinizdə "bedalaqa" varsa, onlara ver, - demişdi.
Türmə qanunlarına görə qumarda udulan pulun 20 faizi "qaraya" –
yəni türmənin gizlin xəzinəsinə toplanır və ehtiyacı olanlara
paylanırdı. Bunun üçün bir cib dəftərçəsinə - "tarsovka" deyilən
hesabat kitabçasında qeydlər aparılardı.
O bu dünyanın adamı deyil
Həmin gün Malışla söhbətimiz uzun çəkdi. Yaxından tanış olduq.
O, oğru aləminin adamlarından fərqli olaraq danışmağı xoşlayırdı.
Onunla mütəmadi etdiyimiz söhbət bir hadisədən sonra daha da
tez-tez oldu. Bir dəfə dustaqlardan biri təcili mənə
yaxınlaşdı:
- Faiq, səni Malış görüş yerində gözləyir, tez get.
Sən demə, onun görüşünə gələnlər - əslən Füzuli rayonundan olan
Elşən adlı qonşum (o, Ümid partiyasının funksioneridir və bu gün də
ordadır) və Tərtərdən olan Müsavat partiyasının üzvü Oqtay (Oqtay
sonradan siyasi dustaq kimi həbs olunub 10 saylı CÇM-ə gəlmişdi)
sözarası məni ona tapşırıblar:
- O, "bu dünyanın" adamı deyil, şairdir, gözün üstündə
olsun.
Mən görüş yerinə gəldikdə Vaqif məni görən kimi:
- Şairi tanıyıram, onu tapşırmağa ehtiyac yoxdur. O özünü-sözünü
bilir və çoxlarını da himayə edir, - dedi.
Söz və yumruq sahibi
Bu ikinci tanışlıqdan sonra Vaqiflə tez-tez görüşərdik. O,
"zon"un həyətini gəzib dustaqların problemləri ilə maraqlandıqdan
sonra tibb məntəqəsinə gələrdi. Onunla nərd oynayardıq. Sonra çay
süfrəsi arxasında onun macəralarına qulaq asardım. Macəra deyəndə
ki, Vaqifə keçmişi ilə bağlı suallar verirdim, o da ötənlərini yada
salır, bu sualların ətrafında gəzişirdi.
Vaqif deyirdi ki, gənc yaşlarından Sibirə gedib. Novosibirskdə
yaşayıb. O, tərəflərin vəziyyətinə nəzarət edən qardaşların yanında
olub. Daha doğrusu, onun bazarlarda və başqa sahədə çalışan
həmyerlilərimizin haqlarını qorxub-çəkinmədən müdafiə etməsi diqqət
çəkib. Tez bir zamanda ona kömək üçün müraciət edənlərin sayı
artıb. O da çalışıb söz ilə, alınmayanda isə yumruğu ilə haqqın
tərəfində dayansın.
İşsizlikdən iş axtarmaq
Bir dəfə ondan soruşmuşdum:
- Malış, sənin işinin adı nə idi? Reketlik
edirdin?
O, soyuq havalarda daima başında gəzdirdiyi bahalı kepkasını
gözünün üstündən yuxarı qaldırıb sualıma gülümsəyərək cavab
vermişdi:
- Şair, bizim işimizin adı işsizlikdən özümüzə iş axtarmaq idi.
Buna "reketlik" demək düz olmazdı. Bazarlardan haqq yığırdıq, bu.
düzdür. Amma yığdığımız o haqq bizə qalmırdı. İçəriyə - qazamata
göndərirdik. İstəyirdik yaxşı oğlanlar, qardaşlar ac qalmasın,
ehtiyacları ödənsin.
- Kim isə kiminsə malını, mülkünü oğurlayıb, yaxud başqa
cinayət törədib, adam öldürüb, zorakılıq edib həbs olunub. Bu
tərəfdən də kasıb bir adam, tərəvəzini gətirib çıxarıb bazarda
satır ki, ailəsinə güzəran yaratsın, sizlər də ondan haqq alıb
həmin cinayətkara verirdiniz. Axı bu, düzgün deyil...
Belə hallarda Vaqif mənimlə razılaşmırdı:
- Hər kəsin bir alın yazısı var. Heç kəs buradan, "içəri"
düşməkdən sığortalanmayıb. Elə səni götürək, ağlına gələrdi ki,
tutulasan? Bax, sənə qayğı lazımdır, ya yox? Mənim özümü götürək,
"qrev" olmasa, bu yetim-yesirlərlə nə edərəm? Ona görə də sən
səhvsən. O adamları ki, biz qoruyurduq, onların əmlakı, malı və
özləri təhlükəsiz idi, ödəməli idilər. Yoxsa qazandıqları
əllərindən çıxardı.
Bu istiqamətdə söhbətimiz çox olardı və hər ikimiz öz fikrimizdə
qalardıq. Malış məndən yaşca kiçik olsa da, onun türmədəki yolu
böyük idi. Türmə işçilərinin də onunla mehriban və ehtiyatlı
dolanmasını çox müşahidə etmişdim. Belə hallarda o özünü qaliblər
kimi də göstərirdi. Bu isə mənə doğurdan da xoş gəlmirdi.
İstəmirdim ki, onun böyük görünməsində süni, yalançı ştrixlər
olsun...
Nazpərinin diqqəti
Bunu özü haqqında danışanda da hiss etmişdim. Bir dəfə ona olan
diqqətdən bəhs etdi:
- Novosibirskdən Bakıya uçurduq. Təyyarəyə minik davam edirdi.
Bizimkilərin konserti olmuşdu orda. Nazpəri, nə bilim daha kimlər
vardı. Onlar da Bakıya qayıdırdı. Demək oturmuşuq, təyyarəyə minən
mənə yaxınlaşır, "qədeş, necəsən, qulluğunda duraq" və sair. Bunlar
da baxır ki, bu cavan oğlan kimdir ki, hamı ona təzim edir... Hiss
etdim ki, Nazpərinin diqqətini çəkmişəm...
Malışa dustaqların arasında münasibət heç də birmənalı deyildi.
Bəziləri onun heç də avtoritet olmadığından danışırdı. Onun sadəcə,
bazarda haqq yığdığını deyirdilər:
- Böyük "razborkalar", söhbət xırdalamaq, qərar vermək ona aid
olmayıb. O, ancaq zorakılıq edərmiş.
Heç 10 saylı Cəza evində də Vaqif "sxodkalar" təşkil etməzdi. O,
dustaqların narazı qaldığı məsələlərə yerində qulaq asar və tələsik
qərar verərdi. Vaqifdə bir çəkincəklik də hiss etmişdim. Adama elə
gəlirdi ki o, cəza evində sayılıb-seçilsə də, bu seçimdən məmnun
olsa da, bu, heç də onun ürəyincə deyil. Onun söhbətcil olduğu
qədər də qaraqabaq vaxtları olurdu. O, azadlıq arzulayırdı. Daha
başqaları kimi, "bura mənim evimdir", deyib, pafosla danışıb, dalda
da xiffət edib, bayırdan gələn xəbərlərə uçunub, təskinlik
tapmırdı. Ona bu barədə sual da vermişdim:
Səksəkədə yaşamaq
- Vaqif, Allah qoysa, bu günlərdə azadlığa çıxacaqsan.
Sonradan bura üçün darıxmazsan ki?
Bahalı kepkasını gözünün üstündən alnına doğru qaldırıb:
- Şair, sən necə düşünürsən?
- Mən evimdən, balalarımdan ötrü darıxıram. Mənim çöldə
yuvam var, uşaqlarım...
Sözümü kəsmişdi:
- Mənim çöldə evim yoxdur. Bura da mənim evim deyil. Mən çöldə
də burdakı kimi yaşamışam. Subayam. Bilirsən, səksəkədə yaşamaq çox
pisdir. Çıxacam "çölə", amma bizim bir ayağımız elə burdadır. Hara
getsək, nəzarətdə olacağıq. Kim bilir, bəlkə də biz buradan
çıxandan sonra heç görüşmədik də. Amma xatırlayacağıq
bir-birimizi... Çöldə olmağın dadı başqadır, şair! Sən çıxandan
sonra bunu daha yaxşı biləcəksən...
Zorun qarşısına zorla çıxmışıq
Həmin gün Vaqiflə çox söhbət etdik. Özünə deməsəm də, içimdə ona
yazıqlığım da gəldi. O, hər kəs kimi ola bilməmişdi. Bu, mümkün də
deyildi. Onun kiminsə qarşısında boyun əymək fikri olmaması və
həyatını başqa cür qura bilməməsi onu kriminal dəstəyə gətirib
çıxarmışdı. Özünün etirafı idi:
- Sənə deyirəm, inan, bu yolun yolçularının da çoxu bu
fikirdədir. Amma etiraf etməzlər. Haqsız işlər çox olub. Başqa
çıxış yolumuz olmayıb, qanuna, vəzifələrinə, səlahiyyətlərinə
söykənib zorakılıq edənlərlə qanunun bizə də verdiyi imtiyazdan
yararlana bilməmişik. Zorun qarşısına zorla çıxmışıq. Oğurluq,
basqın, qətl törədənlər bax o cür insanlar olub. Heç kəs istəməzdi
bu həyatı yaşasın. Məcbur ediliblər...
Malışın verə bilmədiyi hesabat...
...Cəza Müəssisəsində söz-söhbət gəzirdi ki, qanuni oğru Masallı
Mamed bura gəlir. Dustaqlar onu da deyirdi ki, Malış bu gəlişə
sevinmir. O, Mamedə hesabat verməlidir. Mən bilmirdim bu hesabat
nədir və nədən ibarətdir. Vaqif mənimlə söhbətində Masallı Mamed
zona gəlməmiş bir neçə dəfə günlərin gec ötməsini dilinə
gətirmişdi. O, azadlığa Mamed zona gəlməmiş çıxdı.
Malış azadlığa çıxacağı gündən 3 ay qabaq vəziyyətə baxmaqdan
imtina etmişdi. O, mən avtoritetəm, deyirdi, polojeniyaya isə "zon"
başsız qalmasın deyə baxırdım, - demişdi. "Zon"da isə vəziyyətə
baxmağı heç kəs boynuna götürmürdü. Vaqif azadlığa çıxacağı günün
axşamı Füzulidən olan, müxtəlif vəzifələrdə çalışmış, sovxoz
direktoru olmuş, vergidən yayınma ilə həbs olunmuş "Çoban" ayamalı
adamı öz yerinə təyin etmişdi. Ondan bir müddət əvvəl isə Tural
adlı bir gənc "stremlyaqanı" "polojenets" təyin etmişdilər. Tural
bu vəzifə ilə özünü yandırmış və "raskrutka" olunaraq "krıtıya"
göndərilmişdi. Ramiz də Mamed zona girməzdən qabaq xeyli xərc
çəkərək cəza növünü dəyişdirib Məntəqə tipli Cəza Müəssisəsinə
göndərilmişdi.
O, avtoritet deyildi
Masallı Mamed bir dəfə dustaqlarla söhbət edərkən Malışın
ünvanına xoş olmayan sözlər deyibmiş:
- O, avtoritet deyildi. Vəziyyətə baxa bilməzdi. Onun gizlin
yerində "şram" olub. Ona xəbər göndərmişdim. "Zon"u pis günə
qoymuşdu. "Bespredel"lik baş alıb gedirdi...
Mən Malışın azadlığa çıxmasından bir il ötəndən sonra Kiyevdə
öldürülməsi haqda xəbəri eşidəndə artıq 2 ildən çox idi "çöldə"
ara-sıra onu xatırlayırdım - o mənimçün düz bir il artıq
yaşamışdı...