"Əsrin o üzündən" layihəsində:
Axar.az-ın "Əsrin o üzündən" layihəsinin budəfəki qonağı
tanınmış bəstəkar, hazırda Şimali Kipr Türk Cümhuriyyətində yaşayan
və pedaqoji fəaliyyətlə məşğul olan Cavanşir
Quliyevdir.
- Cavanşir müəllim, nə yaxşı Bakıdasız?
- Tətildəyəm, həm yay, həm də qış tətillərində Bakıya
gəlirəm.
- Yeni hansı layihələriniz var?
- Yeni layihələrim çoxdur. Mən ifa olunmamış əsərlərə də yeni
deyirəm. Düzdür, özümçün yeni deyil, amma hələ ki ifa olunmayıb,
tamaşaçılar dinləyəndə onlar üçün yeni olacaq. İki hissəli
"Oğuznamə" baletim var, artıq bitirmişəm. İndi isə "Nuhun gəmisi"
baletini yazıram. Əslində, adı "Tufan"dır, məşhur Nuhun gəmisi
barədədir. Qarşıda böyük ideyalar, layihələr var, adlarını
deməyəcəm, çünki hələ hazır olmayan əsərlərdən danışmaq düzgün
deyil. Belə bir niyyətim də var ki, "Dədə Qorqud" baletini yazım,
böyük bir layihədir bu, içərisində 12 balet olmalıdır. Bu, çox uzun
işdir, allah sağlıq versə, yazacam bunu. Gələn kimi rejissorlar
üstümə düşdü ki, seriallar hazırlayaq. "Yuğ" teatrında bir işimiz
var. Elə sizdən qabaq bir müğənni gəlmişdi, yeni mahnı
hazırlayırıq. Yəni işlərimiz çoxdur, bir dəqiqə belə boş
qalmıram.
- İfa olunmamış və yaxud da yeni hazırlayacağınız
musiqiləri, əsərləri hansı sənətçilərə təqdim etmək
fikrindəsiz?
- Baleti təbii ki, teatrlara təqdim edəcəm. Yeni mahnılarımdan
birini az öncə Günel Şabanova adlı gənc ifaçıya təqdim etdim,
oxudu.
- Gənc müğənnilərlə işləməyə üstünlük
verirsiz?
- Mənimçün fərqi yoxdur, gənc olsun, yaşlı olsun. Üstünlüyü
yaxşı ifaçıya verirəm. İfaçılara gənc və yaşlı kimi yanaşmaq düzgün
deyil. Yaş baxımdan yanaşsaq, görərik eyni yaşlı iki nəfərdən biri
ustadır, digəri isə heç nə oxuya bilmir. Belə olan halda onların
ikisinə də gənc müğənni demək olmaz axı. Bütün bunlar istedada
bağlı olan bir işdir.
- Musiqini tanınmamış ifaçıya təqdim etdiyiniz halda, o,
efirə çıxa bilməsə, həmin musiqini geniş auditoriyaya təqdim edə
bilməsə, sizin də zəhmətiniz hədər getmiş olacaq axı.
- Hər bir bəstəkar istəyir ki, yazdığı musiqi yaxşı ifa olunsun,
dinləyicisi çox olsun. Onu ifa edən tanınmış ola da bilər, olmaya
da. Əgər musiqi yaxşıdırsa, artıq bu həmin müğənninin də
tanınmasına gətirib çıxaracaq. Mən mahnını ifa tərzinə uyğun
gəlməyən tanınmış müğənniyə təqdim etməkdənsə, ifa tərzinə uyğun
gələn tanınmamış müğənniyə təqdim etməyə üstünlük verirəm. Məncə,
bütün ciddi bəstəkarlar məsələyə bu cür yanaşır və yanaşmalıdır da.
Məsələn, Brilyant Dadaşova sənətə yeni gələndə tanınmış deyildi,
bəs necə bu qədər uğur qazandı? Təbii ki, biz ona yaxşı mahnılar
verdik, ifa etdi, bəyənildi və nəticədə bu qədər məşhur oldu. Mən
inanmıram ki, əsl yaradıcı adamlar adlı-sanlı ifaçıların arxasınca
düşsün. Əgər mən tanınmamış ifaçıya mahnı təqdim edirəmsə, artıq
onun efirə çıxıb həmin mahnını xalqa çatdırmasına da kömək edirəm.
Bir növ həm də prodüser rolunu oynayıram. Ona görə də mənim
mahnımın kiminsə ifasında itib-batmaq təhlükəsi olmur.
- Kiprdə işləriniz necə gedir?
- Saat kimi. Kiprdə 6 universitet var, hətta deyəsən 7-ci
universiteti də açdılar. Kipri həm də tələbə adası adlandırırlar,
çünki küçədə gedərkən görürsən ki, ətrafdakılar hamısı gəncdir. Mən
də Yaxın Doğu Universitetinin səhnə sənətləri fakültəsində artıq 10
ilə yaxındır işləyirəm. Amma Türkiyədə də müəyyən işlərim olur,
məsələn, Antalya Dövlət Dram Teatrında, Adana Dövlət Dram
Teatrında, indi də Konya Dövlət Dram Teatrından sifariş gəldi,
tamaşaların musiqilərini yazmışam. İstanbulda Sədri Alışık teatrı
var, orda operetta hazırlamışam, premyeraları olub, tamaşaları
gedib. İndi də qayıdan kimi Konya teatrı ilə işləyəcəm. İstanbul
universitetinin orkestri dediyim baletdən 3 parçanı 2010-cu ildə
konsert salonunda ifa etdi. Ara-sıra belə işlərim olur Türkiyədə.
Amma düzünü desəm, mən ora iş üçün getməmişəm, başımı götürüb
qaçmışam. Yaşımın bu çağında şöhrət, var-dövlət arxasınca harasa
getsəydim, özüm-özümə nifrət edərdim. Çünki bu yaşdan sonra mən
var-dövləti, şöhrəti neynirəm? Əslində, kifayət qədər şöhrətim
vardı. Var-dövlət arxasınca da qaçan olsaydım, musiqiçi olmazdım,
ticarətçi olardım, biznesmen olardım. Mən indi dünyanın ən ağır
peşəsi ilə məşğulam. Pul qazanmaq musiqi yazmaqdan çox asandır.
Amma məni uşaqlıqdan maraqlandıran bu oldu deyə, sevdiyim işlə
məşğul oldum. Amma bu cəmiyyətdə yaşamaq artıq mənimçün çətin idi.
Hətta bəzən ən çox hörmət etdiyin, sevdiyin insanların da saxta
olduğu üzə çıxırdı. Ona görə də yaradıcılıq da, aylar-illər də
əldən gedirdi. Mənim isə böyük yaradıcılıq planlarım var idi. Mən
həyatımı gənc yaşımdan bu planlar üzərində qurmuşdum. Amma yəqin
ki, allah bunları görüb mənə yardımçı oldu. Mən özbaşıma getmədim
Kiprə. Həmin Universitetdə təzə fakültə açılmışdı, mənə də orda
işləməklə bağlı dəvət gəldi. Yəqin kimsə məni təklif etmişdi, amma
kim olduğunu bu günə qədər də bilmirəm. Getməyimə peşman deyiləm,
çünki insani baxımdan, mənəvi baxımdan çox rahatam orda. Dərsimi
deyib gəlirəm evə, telefonuma zəngə edən, qapımı döyən yoxdur,
oturub evdə öz işlərimlə məşğul oluram. Orda öz işini görürsənsə,
səninlə heç kəsin işi olmur, hörmət də edirlər sənə. Amma hörməti
də aşırı dərəcədə etmirlər. Nəyə layiqsənsə, onu da verirlər.
- Cavanşir müəllim, musiqiyə yolunuzun binası necə
atıldı?
- 1950-ci ildə Şəkidə hərbçi ailəsində anadan olmuşam. Hələ
kiçik yaşlarımda olarkən, evimizin divarından bir tar asılıbmış,
anam görüb ki, mən o tara çox diqqət edirəm, çıxarıb verib mənə. O
zamandan musiqiyə həvəsim yaranıb. Yaşım bir az artandan sonra məni
uşaq musiqi məktəbinə qoyublar. Daha sonra isə Şəkidə musiqi
texnikumuna getmişəm, paralel olaraq rus məktəbində də oxuyurdum.
Bu məktəbləri bitirdikdən sonra məndə musiqiçi olmaq fikirləri
qətiləşdi. Amma atam hərbçi idi deyə, mənim musiqiçi olmağımı
istəmirdi. Deyirdi ki, tar çalırsan da, daha musiqiçi olmaq nəyinə
lazımdır, ciddi bir kişi sənəti seç. Ona elə gəlirdi ki, tar çalmaq
kişi sənəti deyil. Mən razılaşmadım. Amma valideyinlərim də
demokratik düşüncəli insanlar idi, çox israr etmədilər. Sonra tarı
da götürüb mindim qatara, gəldim Bakıya, sənədlərimi verdim
Konservatoriyaya. Kirayə ev tapana qədər 3 gün vağzalda yatdım.
Beləliklə də, başladım oxumağa və hələ də oxuyuram, öyrənirəm.
Konservatoriyanı bitirdiyim il məni ora müəllim kimi işə qəbul
etdilər. Kiprə getməzdən 3 il öncəyə qədər orda da işləyirdim,
radioda səsyazma studiyasında və başqa da bir neçə yerdə
çalışırdım. Əlavə olaraq İncəsənət Universitetində də işləyirdim.
Universitetin rektoru Timuçin Əfəndiyevə məni çağırıb dedi ki,
bizim sizə ehtiyacımız var, gəlin işləyin, amma gedəndə gördüm ki,
burda böyük özbaşınalıq var. Konservatoriyadan isə məni 2003-cü
ildə çıxardılar. Dərslər başlamamışdan bir neçə gün öncə
Universitetə gedib cədvəlimi götürdüm, dərs başlayanda isə gördüm
ki, mənim dərslərimi başqasına yazıblar. Gedib soruşdum ki, bəs
mənim dərslərim harda olacaq, dedilər, daha sizə dərs yoxdur.
- Belə çıxır ki, sizə daha ehtiyac olmayıb?
- Mənə ehtiyac yox idi, olsaydı, sərhəddən buraxmazdılar. Bu
ölkədən elə sənətkarlar gedib ki! Vaxtilə Qara Qarayev getdi
Moskvaya, gəlmədi, elə orda da dünyasını dəyişdi. Səbəbini heç kəs
bilmir, amma biz musiqiçilər bilirik. Bu ölkədən Emin Sabitoğlu
getdi, meyiti gəldi, Zöhrab Adıgözəlzadə və digərləri. Onlar niyə
getdi? Dəqiq bilirəm ki, onlar pul arxasınca getməyiblər. Ola
bilsin ki, maddi tərəfi də olub, amma bu, hamısı deyil. Əsas odur
ki, gedənlərin heç birinin arxasınca cəmiyyət ah-vay etmədi. Mən o
zaman çox təəccüblənirdim, yalnız bəzi tanışlar buna
təəssüflənirdi, başqa heç kəs. Görsəm ki, mənə burda ehtiyac var,
bir dəqiqə də olsun Kiprdə qalmaram, hər şeyi atıb gələrəm bura.
Amma bu ehtiyacı mən özüm görməliyəm, kənardan bəzi dost-tanışın
deməyi isə əsas deyil. Əslində, burdan ona görə getmədim ki,
arxamca heyfsilənsinlər. Sadəcə, işləməyə şərait olmadığından
Kiprdən gələn təklifi qəbul etdim. Pul, ev, maşın arxasınca qaçan
adamları görəndə istəyirəm deyim ki, ay qardaş, vaxtını niyə belə
boş şeylərə sərf edirsən? Dünyada daha maraqlı şeylər var axı. Amma
bilirəm ki, heç kəs mənim dediyimə inanmayacaq. Mənim yer üzündə
missiyam musiqi ilə məşğul olmaqdır. Ona görə də yalnız bu işləri
görmək üçün çalışıram və bunu etmək üçün də mənə rahat şərait,
yaxşı mühit lazımdır. İstəyirəm ki, dünyadan gedəndə də hansısa
işləri görə bilmədiyimə görə gözüm arxada qalmasın.
- Kiprdə olduğunuz müddətdə Azərbaycandan sizinlə əlaqə
saxlayan, məsləhət alan sənətçilər olurmu?
- Əlaqə saxlayanlar da olur, hətta mənim oradakı tədbirlərə
dəvət etdiklərim də. Azərbaycandan 1000-ə yaxın tələbə təhsil alır
orda. Milli bayramlarımızda tədbirlər təşkil edirik və çalışırıq
ki, burdan da sənətçilər dəvət edək. Düzdür, yol uzaq, yol xərci
isə çox olduğundan hər istədiyimizi çağıra bilmirik. Amma bir dəfə
Brilyant Dadaşova öz pulu ilə beş nəfərə də bilet alıb gəldi,
tələbələrə konsert verdi. İlahə Fəda, Faytonçu Nazim, Mələkxanım
Əyyubova da bizim dəvətimizlə gəlib konsert proqramlarında çıxış
ediblər.
- Azərbaycan tələbələri başqa tələbələrdən nə iləsə
seçilirmi?
- Həmişə özlərinə deyirəm ki, bizim tələbələri uzaqdan dərhal
tanımaq olur. Təəssüf ki, Azərbaycandan gələn tələbələr həmişə bir
yerdə gəzir, digərləri ilə qaynayıb-qarışmırlar. Kənardan baxan hər
kəs də buna təəccüblənir. Digər bir fərq isə ondan ibarətdir ki,
onlar öyrənməyə daha çox meyl edirlər. Adamı boş görən kimi gəlib
yaxınlaşırlar, suallar verirlər, bizimkilər isə dərs boş olan kimi
qaçırlar kinoya.
- Cavanşir müəllim, nə vaxtsa birdəfəlik Bakıya qayıtmaq
fikriniz var?
- (Dərindən ah çəkir). Çox çətin sualdır. Əslində, istəyərdim
gəlim və ola bilər ki, bu, nə vaxtsa reallaşsın. Amma olmaya da
bilər. Mənim əsərlərim burda ifa olunmayandan sonra, məni musiqi
təşkilatları, musiqi ocaqları özündən kənarlaşdırandan sonra niyə
gəlim ki bura? Mənim işim sənətlə məşğul olmaqdır, ona da imkan
verilməyəndən sonra kim gələr ki? 2005-ci ildə getmişəm Kiprə, 6 il
də işləsəm oranın təqaüdçüsü olacağam. Amma bu 6 ili dözərəm ya
yox, nələr baş verəcək, bax, bunu bilmirəm. 9 il burda olmadığıma
çox heyfsilənirəm. Mənimçün normal şərait olsaydı, yazdıqlarımdan
da qat-qat artıq keyfiyyətli əsərlər yaradardım. Nəyə qadir
olduğumu bilirəm. Mənə orda nə qədər xoş münasibət göstərsələr də,
ora mənim ölkəm deyil, qonağam orda.
- Cəbhə bölgəsində baş verənləri
izləyirsiz?
- Bəli, internet, televiziya vasitəsilə izləyirəm. Bilirsiz,
Qarabağ məsələsinin həlli təkcə iki dövlətdən asılı deyil. Burda
əsas Rusiyadır ki, yaxın günlərdə baş verənlər də bunu bir daha
təsdiq etdi. Bir az hərəkət edən kimi, hər iki dövlət başçısını
çağırdı və bununla da məsələ yenə də yarımçıq qaldı. Mən Axar.az
vasitəsilə səngərdə dayanan hərbçilərimizə müraciət edərək onları
möhkəm olmağa çağırıram. İnşallah, bir gün bu problem də sona
çatacaq. Bu bizim üçün bir vicdan, ləyaqət məsələsidir.
- Son olaraq nə demək istərdiz?
- İnsanlara bir-birlərini sevməyi, məhəbbət göstərməyi arzu
edirəm. Hər dəfə bura gələrkən insanlara baxdıqda onların üzündə
sevginin çatışmadığı aydın hiss olunur. Ona görə də növbəti dəfə
gələndə üzləri gülən insanların sayının çoxaldığını görmək
istəyirəm.