Yuxarı

“Xankəndinə çatmağa lap az qalırdı, nə baş verdisə...” - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsində:

"Cəbhə xətti" layihəsinin budəfəki qonağı Sevda xanım Səfərovadır. 1964-cü ildə Biləsuvar rayonunun Bəydilli kəndində anadan olub. Ailəlidir, üç uşaq anasıdır. Birinci Qarabag savaşı döyüşçüsüdür; 1991-ci ildən 2005-ci ilə qədər Azərbaycan silahlı qüvvələrində xidmət edib. Hal-hazırda işsizdir.

- Sevda xanım, etiraf edin ki, Azərbaycanda qadınların savaşa getməsi sıradan bir şey deyil. Sizi cəbhəyə nə çəkdi?

- Uşaqlarım körpə idilər. Həyat yoldaşımla bir az problemlərim oldu. Çox ağır günlər keçirirdim. Anam rəhmətə getmişdi, tək qalmışdım. Uşaqları böyütmək çətin idi. Bir yerdə işləməklə uşaqlarımı saxlaya bilmirdim. İkinci iş yeri tapıb işlədim. Uşaqlarımı bağçaya qoymuşdum. Bir tikinti şirkəti vardı, işlə bağlı ora da müraciət etdim. O şirkətdə həftədə bir gün işləyirdim. Həm də Yasamalda təcili yardımda işləyirdim. 25 yaşım vardı. Artıq Qarabagda döyüş başlamışdı. Beləcə, cəbhəyə yola düşdüm.

- Döyüş yolu necə başladı?

- İlk günlər ön cəbhəyə buraxmadılar. Arxa cəbhədə ölüləri, yaralıları hospitallara daşıyırdıq. Şuşanın Kosalılar kəndində oldum. Oradan da şəhid düşənləri və yaralıları Bakıya gətirirdik. Sonralar Kəlbəcər, Laçın, Agdərə, Çaylı əməliyyatlarında iştirak etdim. Şamaxı batalyonu ilə birlikdə mənim də döyüşçüsü olduğum batalyon Ağdərəni azad etdi. Xankəndinə çatmağa lap az qalırdı. Nə baş verdisə bizimkilər ağır texnikanı geri çəkdi. Sonra oradan da bizi göndərdilər Agdama. Elbrus Orucov komandirimiz idi. Onun qardaşı Elxan Orucov bütün könüllü batalyonlara rəhbərlik edirdi.

- Unutmadığınız gün?..

- Postlarımız Qızılqayada yerləşirdi. Qarakənd istiqamətində döyüşə girdik. Fərrux adlı döyüşçümüz yaralandı. Mühasirəyə düşdük. Yaralı Fərrux bizə dedi ki, yaralıyam. Mən sona qədər döyüşəcəm, siz gedin. Mühasirəni yardıq. Fərrux bizi xilas elədi, amma özü qəhrəmancasına şəhid oldu. Onun anasını 19 ildən sonra Bakıda tapdım. Daha sonra biz Aranzəmin döyüşünə girdik, on doqquz nəfər əsgərimiz bu döyüşdə şəhid oldu. Ermənilərin tanklarlarına, BTR-lərinə qarşı avtomatla döyüşürdük. Həmin döyüşdə şəhid olanların əksəriyyəti Şəki rayonundan olan gənclər idi.

Əsirlərlə davranma

- Sevda xanım, heç əsir götürdüyünüz olubmu və siz onlarla necə davranırdız?

- Bəli, döyüşlərdə əsir götürürdük. Ağdərə döyüşündə erməni qadınları əsir düşmüşdü bizə. Kişilərimiz o əsir qadınlara heç nə etmədi. Ermənilər isə bizim əsirlərin başlarını, qulağını kəsirdi. Qadınlarımıza işgəncə verirdilər, zorlayırdılar. Bizim tərəfimizdən belə vəhşilik olmurdu.

- Xatırladığınız ən dəhşətli səhnə...

- Başı kəsilmiş bir əsgərimizi Agdam məscidinə yumağa gətirdik. Mübariz adlı döyüşçümüz onun cibindən sənədlərini götürəndə ürəyi getdi. Sonra məlum oldu ki, başı kəsilən bu əsgər Mübarizin yeznəsi imiş. Mübariz Ağdamın Əliağalılar kəndindən idi.

Oğluma mənim adımı qoysunlar

- Sevda xanım, əsgərlərimiz son nəfəsdə nə deyirdi?

- Agdamın Bağbanlar kəndindəydik. Döyüşçümüzün biri yaralandı. Məndən su istədi. Ona su gətirəndə gördüm ki, şəhid olub. Necə qışqırdımsa, öz səsim hələ də qulağımdadır. Güllücədə əsgərimiz yaralandı. Döyüş yerindən uzaqlaşdırmaq istədim. Dedi, qoy məni yerə, ölürəm. Qubanın Alpan kəndindən idi. "Son sözümü deyim, anama çatdırın", - dedi. Dedi ki, beş aydır evlənmişəm. Ola bilsin, yoldaşım hamilədir, oğlum olsa, ona mənim adımı qoysunlar, qızım olsa, anam öz adını qoysun.

Cəbhə yoldaşları

- O vaxt sizinlə bərabər döyüşənlərdən bu gün yüksək vəzifədə işləyənlər var?

- Əlbəttə var: Nəcməddin Sadıqov, Qorxmaz Qarayev, Elxan və Elbrus Orucov qardaşları. Onlar mənimlə eyni bölgədə, eyni vaxtda döyüşüblər.

- Keçmiş döyüşçü kimi dövlətimizin verdiyi hansı imtiyazlardan yararlanırsız?

- 150 manat Prezident təqaüdü alıram. Öz təqaüdümsə 515 manatdır. Amma dolana bilmirəm, nəvəm bir həftədir məktəbə getmir. Altı dəfə banklardan kredit götürüb əməliyyat olmuşam. İndi hökumətdən aldığım pulu da kreditə ödəyirəm. Məsələn, mən bir tibb bacısı olaraq üç aylıq kursa göndərilmədim, amma mənimlə bərabər olub həkim işləyənlər bu gün villalar tikdirir, özlərinə var-dövlət yığırlar. 1991-ci ildən 2005-ci ilə qədər vətənimə xidmət etmişəm. İndi yada düşmürəm, unudulmuşam sanki.

- Döyüşdən necə qayıtdınız?

- Hiss edirdim ki, daha gücüm çatmır. Dəfələrlə müraciət etdim ki, artıq yorulmuşam, xəstəyəm, bütün qadınları ordudan tərxis etmisiz, məni də tərxis edin. 2005-ci ildə yenə müraciət etdim. Tərxis etmirdilər. Ən sonda məni Çuxanlıya göndərdilər. Orada aşpaz ştatında idim. Komandirə dedim ki, məni tərxis edin, daha işləyə bilmirəm. Dedi, sənin getməni istəmirəm. Lakin bu qədər istəyirsənsə, get. Məni ağır xəstəliklə hospitala yerləşdirdilər. Və oradan tərxis olunub xidmətə yarasız kimi evimə göndərildim.

Tarix
2014.10.04 / 13:28
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla