"Türmə əhvalatları" layihəsində
10 saylı CÇM-in Tibb məntəqəsinin həyətində əsasən burada
"kirəkeş" qalan dustaqlar olardı. Müəyyən xəstəliklə bağlı
həkimlərə müraciət edən dustaqlardan savayı üç nəfər dustağı da
daima burada görmək olardı. Onlardan bəhs etmək istəyirəm.
"Şustryak" Rasim
Bu dustaqlardan biri Bakı kəndlərinin birindən olan Rasim adlı
30-35 yaşlı kök adam idi. Mən onu, karate üzrə dəfələrlə dünya və
Avropa çempionu Canpolad Budaqovun, salyanlı Müşfiqin və
cəlilabadlı güləş üzrə Avropa ikincisi olan Əzizin yeməklərini
bişirən, otaqlarının səliqə-sahmanına baxan görmüşdüm. Rasim
"şustryak" (şustryak - əl-ayaqda işləyən, zirək qulluqçu. Həm də
sədaqətli. - F.B) idi. Hər 3 nüfuzlu dustaq Rasimə pis baxmaz, amma
üz də verməzdi. Onun yeməyini, siqaretini, geyim-kecimini təmin
edərdilər. Elə Rasim də yerini bilən adam idi. İlk günlər mənim və
dostum-"xlebnikim" Aqilin də yeməyini hazırlayan, otağımızın
səliqə-sahmanına baxan o oldu. Daha doğrusu, Əziz Rasimə
tapşırmışdı ki, mənim yerlimə korluq vermə, onun nə çətinliyi olsa
əl uzat, borclu qalmaz. Canpolad və Müşfiq də Əzizin sözünün
üstündən söz demədilər. Rasimə kasıb və sözəbaxan olduğuna görə
yazıqları gəlirdi. İstəyirdilər ki, öz dolanışığını təmin etsin.
Rasim həm də "çöldə" olanda aşpaz imiş. Beləliklə, Rasim hər ay
bizdən 6 "şirvan" (adama 12 AZN) almaqla yeməyimizi hazırlamağa
razılaşdı. 12 manatdan əlavə, hər gün ona bir qutu süzgəci qırmızı
olan "Yava" siqareti, ayda iki cüt corab, iki aydan bir təzə alt
dəyişəyi verəcəkdik. Həm də günaşırı yeməyini. O, həm də Əzizgilin
qonaqpərvərliyindən yararlanırdı. Əzizgil azadlığa çıxdıqdan sonra
isə Rasim bizim və laçınlı Ramizlə, naxçıvanlı Mehmanın yeməyini
hazırladı. O, işinin ustası idi.
Xosrov dayının fəhmi
Lakin nədənsə məşhur Hacı Məmmədovun yeznəsi, hamımızın xətrini
əziz tutduğumuz Xosrov dayı həmişə Rasimlə bağlı bizə iradını
bildirərdi:
- Yeməyinizi özünüz hazırlayın, otağınızı özünüz təmizləyin, o
adamdan gözüm su içmir. Fəhmim məni aldatmaz.
Onun sözünü qəribçiliyə salırdıq. Amma bir müddət keçdikdən
sonra biz Rasimdən imtina etdik.
Bir dəfə Rasim bizə qonşu palatada olan dustaqların da ona yemək
bişirmək üçün müraciət etdiyini dedi. Bizdən də xahiş etdi ki,
razılıq verək. Çünki o adamlar ayda ona 30 manat pul verəcəkdi. Elə
biz də Əzizgildən sonra 3 nəfərə ona 10 manat verirdik. Rasim
deyirdi ki, hər ay xəstə anasına 60 manat pul göndərir. Ona verilən
siqaretlərə də qənaət edib satırdı. Bu keyfiyyətlərini nəzərə alıb,
ona icazə verdik.
Onların yeməyinin içinə tüpürürdüm
Lakin sonradan bizə məlum oldu ki, Rasim heç də yaxşı adam
deyil. Bizimlə sonradan ruzi ortağı olan tərtərli Xosrov dedi ki,
Rasim qonşu otaqda qalan dustaqların yemək qazanının içinə
tüpürdüyünü gözləri ilə görüb. Rasimi çağırdıq. Əvvəlcə boynuna
almasa da, Xosrovun hadisəni dəqiqliyi ilə söyləməsi onun etiraf
etməsinə səbəb oldu. Aqilə üzünü tutub:
- Aqil, bilirsən ki, sənin xətrini çox istəyirəm. Elə şairin də.
Bilin ki, sizə qarşı bu əməli heç vaxt etmərəm. Amma onlar məni
təhqir etmişdi. Bir dəfə onların yeməyini hazırlayıb süfrələrini
açdıqdan sonra mənə dedilər ki, maşallah, sənin yaxşı dalın var.
Onsuz da arvad işləri görürsən, arada elə arvadımız da ol. Düzdü,
bunu zarafata salıb dedilər, lakin bu rəftar mənim xətrimə
dəymişdi. Ona görə də o vaxtdan bəri onların yeməyinin içinə
tüpürürdüm.
Rasimlə vidalaşmalı olduq. Məsləhət bildik ki, Tibb məntəqəsinin
həyətində görünməsin. O zamandan yeməyimizi Xosrov özü hazırladı.
Biz də ona kömək edirdik. Hacı Məmmədovun bacısının əri olan Xosrov
dayı isə adaşının yemək hazırladığını gördükdə:
- Bax, bu ayrı məsələ, - dedi.
Bağban
Qubanın Amsarpalasa kəndindən olan bəstəboy, dolu bədənli Mahir
adlı dustaq Cəza Çəkmə Müəssisəsinin bağbanı idi. Fiziki iş
görməkdən bədəni bütünlüklə əzələ idi. Danışdıqca sözləri ağzından
gəvələyib tökən bu adam özünün görünüşü ilə insanlarda ikrah hissi
oyadırdı. Bu adamda sanki nə isə çatışmırdı. Ona aid olmayan
söhbətə girişirdi. Danışıqları ilə daimi özünü pis vəziyyətə
qoyurdu. Bir dəfə laçınlı Ramiz onu yaxşıca döydü. Lakin sonradan
onun şikayət edəcəyini fikirləşib, qolundan tutub, bizim otağa
gətirdi, ürəyi yanırmış kimi dedi:
- Siz Allahınız, düz deyin. Kişi deyilsiz əgər yalan danışsanız.
Mən bu əclaf özü olmayanda həmişə ondan danışmıram?
Biz onun dediyini təsdiq etdik. Ramiz həqiqətən də Mahirdən çox
danışardı. Amma onu lağa qoyub, olanın da üstünə beşini əlavə
edərdi, insanlarda şux əhval-ruhiyə yaradardı. Elə işi də yox idi,
bir balaca özünü zəif aparana "vedrə bağlayardı".
Qurumsağı saldım şillə-təpiyin altına
Bu dəfə isə tamam başqa cür danışırdı:
- Həmişə demişəm ki, bu adama mənim ürəyim yanır. Yaxşı adamdır.
Haqqını müdafiə etdiyinə görə vəzifəlilər onu tutdurub. İnanın, bu
adam bir il də azadlıqda artıq qalsaymış, Qubada əliəyrilərin
kökünü kəsərmiş. Buna görə çox istəyirəm də bu oğraşı. Bu insandan
ölkəmizdə çox olsa, Vətən heç basılar? İndi mənim Laçınım düşmən
tapdağında qalardı? Yox, vallah. Biz hər yerdə qalib gələrdik. Amma
nə edim ki, bu özü öz qədrini bilmir. Bayaq da necə oldusa
əsəbiləşdim. Qardaşım qədər xətrini istədiyim bu qurumsağı saldım
şillə-təpiyin altına. Vurdum o ki var. Başqası olsa, heç əl
qaldırmaram. Çünki "sukalıq" edib, satardı. Bu isə o qədər
haqsızlıqlarla mübarizə aparıb ki, indi haqlı olaraq mənim ona
ərkyana bir-iki təpik vurmağımı heç kəsə deməz. Onun əmdiyi süd
imkan verməz. Millət ona görə bu gündədir də... Bizi doğub əski
üstünə qoyanda qulağımıza deməyiblər ki, böyü, əliəyri ol, "haqqı
de, haqqı danış", - deyib qarnıdağılmış analarımız. Mən deməsəm də,
siz bilirsiz ki, bağbandan soruşan olsa sənə nə olub, deyəcək,
ağacdan yıxılmışam. Bu, başqası deyil, özümünküdür. Yanıram da. Əsl
Vətən övladıdır.
Ramiz danışdıqca Mahirin sifətinə bir arxayınçılıq,
özündənrazılıq ifadəsi yayılırdı. Özünə olan inamı yüksəlirdi. Onu
bir qədər də zərərsizləşdirmək, şikayət etməkdən daşındırmaq üçün
Ramiz bizim Rasimin həbs olunması hekayətini dəfələrlə eşitməyimizə
baxmayaraq, yenidən danışmışdı. Bu dəfə qatqısız, boyasız, necə
varsa elə. Mahir necə oldu bələdiyyə sədri ilə sözləşdi?
Mübahisələri hara qədər qalxdı? Mahir İcra Hakimiyyəti başçısına və
polis rəisinə necə və nəyə görə xəbərdarlıq edibmiş?..
Sürüş burdan, əclaf, it iyi verirsən
Biz də Ramizə qoşulub Rasimi bu qorxmaz hərəkətinə görə xeyli
təriflədik. Ramiz bir az da uzağa getdi:
- Fikrim var, baş həkimlə danışım, bunu "sançast"da yerləşdirəm.
Qumarbazların, toyuq oğrularının, narkomanların yanında bunun nə
ölümü? Həmin axşam Mahiri öz otağında yerdən döşək atıb yatızdırdı.
Beləliklə, Mahirin üz-gözünün göyü çəkilənə qədər onu baraka
getməyə qoymadı. Sağalan kimi isə iti qovan kimi yanından
qovdu:
- Sürüş burdan, əclaf, it iyi verirsən, bir də gözümə
görünmə.
Narkobaronun acığı
Göyçaylı Mehman vardı. İş adamı idi. Vergidən yayındığına görə
213-cü maddə ilə həbs olunmuşdu. Bir müddət keçdikdən sonra onun
narkotikə qurşanması haqda söz-söhbət gəzdi. Deyilənlərə inansaq,
son vaxtlar narkobaronluq edirmiş. İçəri mal gətirdib "barıqa"lara
satdırırmış. Ona ərki çatanlar dəfələrlə demişdilər ki, "ehtiyatlı
ol, yanacaqsan. Kimə ki malı satdırırsan, elə onlar da səni baqaja
qoyacaq".
Mehman doğurdan da yanmışdı. Tut ağacının kölgəsində qanı qara
oturub siqaret çəkirdi. Mahir isə ağacların gövdəsini əhəngləyirdi.
Mehman hirsini yazıq bağbana tökdü:
- Çəkil gözünün önündən. Donuz iyi verirsən.
Mahir ona fikir belə vermədi. İşini görməkdə davam etdi. Mehman
bir də ona çımxıranda Mahir:
- Nə olub e, səni satanlara gücün çatmır, mənə ilişirsən, -
dedi.
Mahirin sınıq çənəsi
Mehman ayağa qalxıb Mahiri çənəsinə bir-iki zərbə vurdu. İmkan
vermədik ki, yenə vursun. Mahir ağlaya-ağlaya, söyüş söyə-söyə
həkimin yanına getdi. Artıq gec idi. Mehman çətin vəziyyətdə
olduğunu indi anladı. Baş həkimin Mehmandan xoşu gəlmirdi. Ona görə
də Mahiri Ədliyyə onu dustaqlar üçün nəzərdə tutulan mərkəzi
xəstəxanaya göndərdi. Mahir iki gündən sonra gəldi və düz 5 ay
çənəsi sarıqlı gəzdi. Mehman Mahirin şikayət ərizəsini
sənədləşdirməmək üçün rəhbərliklə dil tapsa da, zərərçəkənin özü
ilə dil tapa bilmirdi. Mahir ondan sağalana qədər hər ay yüz manat
pul tələb edirdi. Mehman razılaşmışdı. Eyni zamanda yemək-içməyini
və digər zəruri bildiyi əşyalar da Mehmanın öhdəsinə düşürdü.
Axırda Mehman Mahirə yuxu dərmanı içirdib çənəsinin sarğısını
açmışdı. Məlum olmuşdu onun çənəsi çoxdan sağalıbmış. Sadəcə,
həkimlə dilbir olub hər gün sarğını dəyişdirirmiş. Həkim də Mehmanı
"sınıq var, əməliyyat olunmalıdır", - deyərək sağmal inək kimi
sağırdı.
Bu yaxınlarda qubalı dustaq yoldaşımız Abgüldən Mahiri xəbər
aldım.
- Onu yenə də tutublar. Çıxandan sonra bələdiyyə sədri ilə
dalaşıb, ondan təzminat tələb edib, bu dəfə onu quldurluğa cəhd və
bədənə ağır xəsarət yetirməkdə günahkar bilib həbs ediblər, - dedi
Abgül.
Mingəçevirli Müşfiq
Müşfiq arıq oğlan idi. Şalvar az qala əynindən sürüşüb düşərdi.
Əlinin biri elə hey şalvarının büzməsində olardı. 234-cü maddə ilə
- narkotik maddələrin istifadəsi və yayımına görə həbs olunmuşdu.
Tibb məntəqəsinin hamamına və s. ehtiyatına baxırdı... Baş həkim
Bəhram ona çox güvənirdi. Müşfiq zarafatcıl idi. Maraqlı söhbətləri
ilə dost tapırdı. Bəlkə də azsaylı "mostavik"lərdən idi ki, oğru
qanunlarından bəhs edərdi. Bunu da demək yerinə düşər ki, Müşfiq
bacardıqca hər kəsin işinə yarayardı. Pul qazanmağı da vardı. Tibb
məntəqəsinin hamamında imkanlı dustaqların çimməsinə şərait
yaradırdı. Qiymət isə münasib idi – indiki pulla 20 qəpik. O, bəzən
yarıciddi:
- İmkan versələr, burda qalardım, - deyirdi. Günə heç olmasa 20
manatım var.
Sözsüz bu pulun çoxu baş həkimə çatırdı. Buna baxmayaraq, o da
dolanışığını qurmuşdu.
Müşfiq azadlığa çıxdıqdan sonra ömürlük həbs cəzası aldı. Mən
bunu televiziyaların birinin kriminal verilişindən bildim.
Səhv etmirəmsə, azadlığa çıxdıqdan sonra Qəbələ rayonunda
santexnik kimi iş tapır. İmkanlı və yaşlı bir xanımın evini təmir
edir. Özünün yetim olduğunu, şərlənərək həbs olunduğunu və bir daha
doğulduğu şəhərə getməyəcəyini deyir. Qadın ona inanır. Övladı kimi
ona sığınacaq verir. Beləliklə, Müşfiq qadının etimadını doğruldur.
Ona evin sirləri verilir.
Müşfiqin içindəki hərislik isə hələ ölməyibmiş. Bir dəfə
dostlarına yaşadığı evi aparmağı tapşırır. Ancaq yaxşılıqdan başqa
heç nə görmədiyi qadına toxunmamağı tapşırır. Qadına bir-neçə
günlüyə Mingəçevirə gedəcəyini deyib, qayıdacağını söyləyir. Elə
həmin gün qadının şəhərdə yaşayan gəlini və nəvələri qonaq gəlir.
Çağırılmamış qonaqların axşam evə daxil olduqları zamanı məlun olur
ki, planda dəyişiklik etmək gərəkdir. Gəlin və nəvələr öldürürlür.
Çünki onlar Müşfiqi tanıyırmışlar. Müşfiq yuxarı mərtəbədə yatan
qadını öldürməyə qoymur. Onun gözlərini və qollarını bağlayırlar.
Müşfiq yavaş səslə evdəki qiymətli əşyaların saxlanc yerini dedikdə
qadın səsi tanıyır. Hadisə ilə bağlı polisə ifadə verən
qadın:
- Mən uzun müddət musiqi müəllimi işləmişəm. Səsləri
fərqləndirib seçməyi yaxşı bacarıram. Birinin səsini qulağım
aldı.
Dəhşətli cinayətin üstü belə açıldı. Müşfiq ömürlük getdi.