"Gerçəkləşməyən arzular"
layihəsində:
Axar.az-ın "Gerçəkləşməyən arzular" layihəsinin budəfəki
qonağı yazıçı-dramatruq Firuz Mustafadır.
"Nəzərəçarpma" sahəsində fəal görünmürəm
- Firuz bəy, deyəsən yaradıcılığınızda son vaxtlar bir
durğunluq var. Ya bu mənə elə gəlir? Axı əvvəllər daha çox kitab,
teatr əsərləri, fəlsəfi janrda ədəbi məhsullarınız nəzərə
çarpardı.
- Əksinə, mən get-gedə daha çox yazıram. Məmləkətimizdə elə bir
teatr yoxdur ki, ora əsər təqdim etməyim. Elə bir ciddi ədəbi qəzet
və dərgi redaksiyası, yaxud nəşriyyat yoxdur ki, onun portfelində
mənim yazım olmasın. Amma əsərin tamaşaya qoyulması, nəşri təkcə
məndən asılı deyil. Bu mənada olsun ki, bir az "nəzərəçarpma"
sahəsində fəal görünmürəm.
- İşinizin çox olması, güman ki, yaradıcılığınıza da
təsir göstərir.
- Mənim yaradıcılıqdan başqa bir işim yoxdur ki. Olsun ki, bu
fikrim bir qədər gurultulu çıxdı. Amma bu həqiqətdir. Mən hər gün
işləyirəm. Zəhmət mənim tanrımdır.
"Oxucu sinfi" hələ formalaşmayıb
- Necə düşünürsiz, 15-20 il əvvəlin Firuz Mustafasının
oxucusu bu günün Firuz Mustafasının oxucusu kimi qala
bildimi?
- Qalanlar da var, qalmayanlar da. Təəssüf edirəm ki, bizdə
"oxucu sinfi" hələ formalaşmayıb. Bunun min bir səbəbi var. O
səbəbləri isə çox geniş müstəvidə - ictimai, siyasi, mədəni,
fəlsəfi, ədəbi, bədii, sosial, əxlaqi, milli, ənənəvi... paradiqma,
dünyagörüş, sahə və dəyərlərdə axtarmaq lazım gəlir. Əgər bir
millət oxumursa, mütaliə etmirsə, bu, faciədir. Elə sözün bütün
mənalarında. Yəni o, faciə girdabındadır və daim faciələrlə üzləşə
bilər. Bir sözlə, faciəvi millətə çevrilər.
"Kütləvi" və "lokallaşmış oxucu
- Bəs oxucuların arasında necə, fərq nəzərə çarpır? Bu
günün oxucusu ötənlərin oxucusu ilə fikir yoldaşı ola
bilirmi?
- Ötənlərdə oxucu kütləvi idi. İndi lokallaşıb. Bu gün
oxucuların sayı azalıb. Amma əsərə, yazıçıya tələblər də artıb. O
vaxt bəzi yazıçıları hamı oxuyurdu. İndi "hamının" yazıçısı olmaq
çətin, bəlkə də mümkün olmayan bir işdir. Onda ədəbiyyat oxucuya
bir əldən - ideoloji cəbbəxanadan təqdim olunurdu. İndi isə seçim
imkanı genişdir.
- Ədəbiyyatda özünüz üçün müəyyən etdiyiniz bir yer
varmı? Arzuladığınız yerdə görə bilirsiz özünüzü?
- Məncə, elə arzu etdiyim yerdəyəm. Hətta deyərdim ki, azsaylı
adamlardanam ki, uşaqlıq arzularımın çoxuna çatmışam. Bizim nəsildə
çoxlu ziyalılar, alimlər, yazıçılar olub. Mən də onların yolunu
davam etdirmək istəmişəm, özü də birdən-birə bir neçəsinin. Bu
dediyimdə təbii ki, zarafat notları da var. Amma fakt budur ki,
alim olmaq istəyirdim, oldum. Çoxlu elmi-fəlsəfi əsərlərin
müəllifiyəm. Pedaqoq olmaq istəyirdim, oldum. Orta məktəbdə
şagirdlərə, ali məktəbdə tələbələrə, nəhayət Elmlər Akademiyasında
aspirant və doktorantlara dil, ədəbiyyat, dünya ədəbiyyatı tarixi,
sonrakı mərhələdə fəlsəfə, sosilogiya, fəlsəfə tarixi, etika,
estetika fənlərini tədris etmişəm. Nəhayət, yazıçı olmaq
istəyirdim, oldum. Digər janrları demirəm, təkcə dram janrında
onlarla pyesin müəllifiyəm.
Arvadını boşamaqla gündəmə gələnlər
- Amma teatrların repertuarında yenə də "köhnələrin"
əsəri oynanılır.
- İndi teatrlarda əsər tamaşaya qoymaq müşkül məsələdir. Açığını
deyim ki, bunun üçün müəyyən "üstünlüklərə", "səlahiyyətlərə" malik
olmalısan. Mənim səhnə əsərlərimə otuzdan çox quruluş verilib. İndi
özünüz təsəvvür edin: "adamı", vəzifəsi, səlahiyyəti, maddi imkanı
olmayan bir yazıçının bu qədər əsərinin işıq üzü görməsi hansı
hesaba başa gələ bilər? Yəqin ki, özünüz də təsdiq edə bilərsiz ki,
zəhmət, dözüm və təbii ki, bir də əsəb hesabına... Sualınızın alt
qatındakı eyhamı anlayıram. Demək istəyirsiniz ki, bəlkə ürəyində
tutduqlarını əldə etməmisən. Yox, elə deyil. Bilənlər bilir, mən
hədsiz dərəcədə zəhmətkeş adamam. Yaradıcılıqda ərincəkliyim,
tənbəlliyim yoxdur. Amma, etiraf edim ki, elə bir təbliğatım da
yoxdur. Düzü, heç indiki dövrdə mövcud olan "təbliğat üsullları" da
məni qane etmir. Bu onu söyür, o isə bunu. O bunu tərifləyir, bu
isə da onu. Biri gündə bir arvad alıb gündəmə gəlir, bir başqası
isə arvadını boşamaqla.
"Əsərlərində" bədən üzvlərini öz adıyla
yazanlar…
- Gündəmdə təkcə bununla qalmaq olurmu?
- Yox. Milləti, xalqı söyməklə "xal toplamaq" istəyənlər də var.
Hələ siyasi konyuktura ilə məşğul olan ədəbi buqələmunları demirəm.
Nə yazıqlar ki, bu "cığırdaşların" ortada bir düz əməlli yazısı da
yoxdur. Söyüş söyən, haray-həşir qoparanlar kifayət qədərdir.
Bunlardan başqa, "əsərlərində" bütün bədən üzvlərini öz adıyla
yazan, ədəbi estetikadan xəbəri olmayanlar da az deyil. Bədən
üzvlərinin siyahısının sadalanmasının ədəbiyyatdan çox, anatomiyaya
dəxli var. Bu nəsnələr əksər tibbi dərsliklərində daha müfəssəl
verilir, özü də geniş şərhlə-filanla. Ədəbiyyat adlı məbədə gəlmək
istəyən adamın ən azı ədəbi olmalıdır. Nə yazıqlar ki, son illərdə
bu məbədə ayaq basanların çoxu patavasını belə çıxarmağı
unudur.
Adama öz müasirləri daha çox badalaq gəlir
- Əgər illərlə imzanız görünməsə ədəbiyyatımız nəyi
itirə bilər? Demək istəyirəm ki, yeriniz görünərmi?
- Hər halda teatrlar bu gün Firuz Mustafanın əsərlərinə sıx-sıx,
özü də təmənnasız müraciət edirlərsə, mən inanıram ki, gələcəkdə bu
tələbat həndəsi silsilə ilə artacaq. Axı bəzən adama öz müasirləri
daha çox badalaq gəlir və məchul səbəblər üzündən özünü sənə
"düşmən" hesab edir. Ötən əsrdə zarafatla yazmışdım:
Deyrsən, dünyada hər şey hədərdi,
Dost da var, düşmən də... Biz isə
qonaq...
Dostlar bu dünyada gəldi-gedərdi,
Düşmən əbədidir, sən işə bir bax.
Yenə deyirəm, zarafatla deyilib. Amma zarafatın da bir ciddi üzü
olur.
- Erkən gənclik illərinizdə ədəbiyyata gələndə nəyi
arzulamışdız, o arzular gerçəkləşdimi?
- Arzulamışdım ki, kaş yazdıqlarım olduğu kimi nəşr olunsun,
ixtisar edilməsin, "qayçılanmasın". Bəli, həmin arzular bu gün
reallaşıb. Bu il bir neçə kitabım çap olunub. Onlardan, səhv
etmirəmsə, üçü nəsr kitabıdır. "Ölü dildə sevgi" məktubları"nda
hekayələrim toplanıb. Həmin kitaba daxil etmək istədiyim bir neçə
köhnə yazını nəzərdən keçirərkən heyrətə gəldim: İlahi, mənim sovet
dövründə çap olunan, kitablarda gedən o hekayələrimdən nə qədər
parçalar "qayçılanıbmış". Bu günəcən qalan makina nüsxələrini
təzədən nəzərdən keçirdim. Bir sözlə, kitabı ilkin variantda çap
etdirdim. Mən indi təsəvvür edirəm, bizim nə qədər istedadlı
yazıçılarımızın təkcə özləri deyil, həm də əsərləri repressiyaya,
soyqırımına məruz qalıb.
- Ümumiyyətlə sizin gerçək olmayan arzuların hansıdır?
Bu arzuların ardınca düşürsüzmü, yoxsa ağ bayraq qaldırıb, "təslim
olmaq" daha asandır.
- Mən uzun illər televiziyada (o zaman bir TV vardı) paralel
olaraq bir neçə verilişin aparıcısı olmuşam. Ortayaşlı və yaşlı
tamaşaçılar indi də məni görəndə bəzən "İlğım", "İdrak", "Gənclik",
"Məzun və iş yeri" adlı elmi, fəlsəfi, ədəbi, populyar
verilişlərimi xatırlayır. Mən bir gün başımı qaldırıb gördüm ki,
populyaram, az qala hər yerdə tanınıram, amma ortada bir yaddaqalan
əsərim yoxdur. Mən televiziyadan, adamın ruhunu soyan bu qorxulu
varlığın pəncəsindən zorla ayrıldım. Peşiman deyiləm. Olsun ki,
indi mənim şöhrətim yoxdur, yəni təbliğatım kifayət qədər deyil,
amma əsərlərim çoxdur. Dediyim odur ki, bəzən adamın adı məşhur
olur, ortada isə heç nəyi olmur. Bu saat o qədər "tele-yazıçılar"
var ki, üzdən kütlənin tanıdığı adamdır, amma ədəbiyyata bir dəxli
yoxdur. Ortada ad var, əsər yoxdur. Onu da deyim ki, bu günkü
TV-lər üçün hər hansı meyxanaçı Şekspirdən və Tolstoydan daha
maraqlı personadır.
Döyüşkən adam deyiləm
Məndən asılı olanlardan nəsə umduğum yadıma gəlmir, əksinə,
onlara kömək etmişəm. Yağışda dərsə gələn ayaqqabısı yırtıq
şagirdimə, qışda paltosuz üşüyən tələbələrimə imkanım daxilində
kömək etmişəm. Hər halda bütün arzularım olmasa da, əksər arzularım
çin olub. Mən özümü dözümlü hesab edirəm, amma etiraf edim ki,
döyüşkən adam deyiləm. Ona görə haqqımı taptayanlar, yeyənlər də
olub. Biz bu həyatda nələr görmüşük və ya nələr görməmişik?.. Hər
halda öz simasını qoruyub saxlamaq müşkül məsələdir. Əsl yazıçı öz
sifətini bütün qabarma və çəkilmələrdə qoruyub saxlayan adamdır.
Gündə bir maska taxan adamdan nə yazıçı?..
- Yazıçı olmadığınız vaxtlarınızda necə hiss edirsiz
özünüzü?
- Yazıçılıq daha çox insan duyğuları, hisssləri ilə bağlı bir
prosesdir. Mənim məşğul olduğum digər sahə, yəni fəlsəfə isə
idrakla, zəka ilə daha çox bağlıdır. Bir az zarafatla da olsa deyə
bilərəm: yazıçı olmayan vaxtlarda filosof oluram.
Bu adamların bir çoxu Morozovdan betər olar
- Sizin ədəbi və həyat təcrübəniz kifayət qədərdir. Niyə
yazıçılarımız arasında doğmalıq az müşahidə olunur? Niyə onların
biri digərini "topa tutur"?
- Mən də sizin kimi yazı-pozu adamlarını müşahidə edirəm. Bəli,
həqiqətən, indi biri-digərini qəbul etməyən, hətta, bir-birini
didən qələm əhli çoxdur. Baxıram, müşahidə edirəm: əksəriyyətini
gənclər təşkil edən bir qrup yazar, birlikdə gəzir, yeyib-içir,
öpüşür, dərdləşir, ağlaşır, sevinir-gülür. Amma bir müddətdən sonra
onlar qanlı düşmənə çevrilir, tərs öküzlər kimi vuruşur, ədəbi
döyüşlərin müxtəlif "səngərlərindən" bir-birinə yumruq göztərir,
söyüş söyür, təhqir edirlər. Hərdən düşünürəm ki, otuzuncu illər
təzədən gəlsə, bir-birinin qanına susayan bu adamların bir çoxu
Pavlik Morozovdan betər olar. O ki qaldı bunun səbəbinə... Bu
məsələyə də məcmu halda yanaşmaq lazımdır: sağlam ədəbi mühitin
olmamasından tutmuş ta fərdi tərbiyənin qıtlığına qədər bir çox
amilləri sadalamaq olar.
- Sizin arzularınız sizi hara qədər apara bildi?
Yeriniz, durumunuz sizi qane edirmi?
- Məncə, artıq bu suala bayaq qismən cavab verdim. İndiki halda
onu əlavə edə bilərəm ki, fəlsəfədə imkan və gerçəklik
kateqoriyaları var. Yəni bir var imkan, bir də var imkanın
gerçəkliyə çevrilməsi. Eləcə də arzunun gerçəkləşməsi bir ömür
istəyir. Yəni çox şeyi tarix yerbəyer edir. Çoxlarına məlum olan
kiçik bir misal: bir zamanlar məşhur ədib Fadeyev SSRİ Yazıçılar
İttifaqının sədri, onun əyləşdiyi binanın dalandarı isə tanınmayan
yazıçı Platonov idi. İndi Platonov daha çox çap olunur, daha geniş
radiusda tanınır. Mən inanıram ki, ədəbiyyat aləminin bu gün də öz
"Platonovları" var. Elə "Fadeyevlər" də az deyil. Bunları da tarix
yerbəyer edəcək. Əsl yazıçının tərcümüyi-halı olmalıdır və
planlaşdırılması əvvəlcədən mümkün olmayan, hər anı
gözlənilməzliklərlə dolu olan bu tərcümeyi-halı yazıçı özü
"yazmalıdır". Elə yazıçılar var ki, onların tərcümeyi-halını
başqaları "yazır", yəni onlar daim kimlərinsə himayəsində,
qəyyumluğunda olur. İstedadlı adam, necə deyərlər, həyatın hər
üzünü görəndə həyat haqqında daha tutmlu söz sahibi, bir sözlə,
ədəbi avtoritetə çevrilir. Təbii ki, mən gənclərə qayğını inkar
etmirəm. Bu qayğını himayədarlıqla səhv salmaq lazım deyil.
Bizə belə "xilaskar" lazım deyil
- Firuz müəllim, necə düşünürsüz, qan–qada içində olan
dünyanı nə xilas edə bilər? Dünyanı doğurdamı gözəlliklər xilas
edəcək?
- İcazə verin, vaxtilə yazdığım bir essedəki fikirləri təzədən
xatırladım, dediklərimi yenə təkrar edim: "Bu ifadə Dostoyevskiyə
məxsusdur. O, belə hesab edirdi ki, dünyanı gözəllik xilas edəcək.
Amma böyük yazıçının bu hökmü uzun illərdir ki, mübahisə mənbəyinə
çevrilib. Bu tezislə bağlı mən dəfələrlə öz fikrimi açıqlamışam.
Təbii, bu gün dahi ədibin dediklərini qəbul etməyənlərin, onu
"qəribçiliyə salanların" sayi kifayət qədərdir. Meşşanlığın,
nadanlığın, bir sözlə, eybəcərliyin hər addımda gözə girdiyi bir
cəmiyyətdə, əlbəttə, "ğözəllik" sözü və gözəlliyin özü istehzaya
səbəb olmalıdır. Maddi sərvətlərin mənəvi dəyərləri küncə sixdığı
bir mühitdə, bəlkə də "gözəllik" haqqında danışmaq xəstə adamın
yaydakı qar sevdasına bənzəyir. Olsun. Mən də elə bir qənaətdəyəm
ki, dünyanı yalnız gözəllik xilas edə bilər. Amma məsələ
burasındadır ki, dünyanı xilas edəcək gözəlliyin özünün də indi
xilasa böyük ehtiyacı var. O gözəlliyin xilaskarından birinin adı
da ədəbiyyatdır. Bəli, ədəbiyyat gözəlliyi xilas edə bilər. Ona
görə də deyə bilərəm: dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat
xilas edəcək". Mənim qənaətim budur ki, dünyanı yalnız gözəllik
xilas edə bilər. Bundan başqa hansı güc var ki, biz ona tapınaq?
Eybəcərlikmi? Düzü, məni qorxudan odur ki, birdən, həqiqətən,
dünyanı eybəcərlik "xilas" etmək "eşqinə düşər". Onda vay bu
dünyanın halına. Bizə belə "xilaskar" lazım deyil. Dünyamız yalnız
gözəlliyə təslim olmalıdır. Onda gözəllik də dünyaya təslim
olar.