"Əsrin o üzündən" layihəsində:
Elçin üçün uşaqlıq xatirələrini danışmaq, o illərə
səyahət etmək çətin olduğu qədər asan, asan olduğu qədər çətin idi.
Bəzən söhbət açdığı mövzular onu güldürürdü, bəzən isə dərin ah
çəkib, gözləri yol çəkirdi. Bir insan üçün bu söhbətlərin sehrini
anlamaq var idi yazıçı Elçinin qismətində.
Bəlkə də, buna görə yazıçı söhbət zamanı keçmişin doğma
əks-sədasından, o illərin xatirələr körpüsündən azad olmaq
istəmirdi. Əslində, heç ayrıla bilmirdi. Bunu hiss etmək üçün,
sadəcə, onun gözlərinə diqqətlə baxmaq kifayət edirdi. Görmək isə
mütləq idi. Atası İlyası xatırlayanda dərin ah çəkən yazıçı,
nədənsə nənəsini xatırlayanda gülürdü. Demə, nənəsi bir qadın kimi
onun yaddaşında əbədi iz qoyub gedib. O, əsil həqiqəti bilirdi!
Uzaqlaşan illər Xalq yazıçısına nə qədər yaxın olsa da, bir daha
var olmayacaqdı... Yenidən mövcud olması mümkün olmayan əziz
insanlar ikinci həyatlarını yaşasalar da, Elçinin ürəyində daim var
olan uşaqlıq adasında nənəsi Bilqeys xanımı, atası İlyas xəyalların
fonunda həmişə yaşayacaq...
İlyas Əfəndiyevin 100-illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin sərancamından sonra baş
nazirin müavini, Xalq yazıçısı Elçin uşaqlıq xatirələrindən söhbət
açıb.
O zərifliyini hiss elətirməzdi...
- Geri qaytarılması əsla mümkün olmayan uşaqlıq
illərinizdə nə baş verirdi? Necə xatırlayırsınız o illəri, nənəniz
Bilqeys xanım Sovet Quruluşuna niyə nifrət edirdi?
- Nənəm Bilqeys xanım zəhmli qadın idi, Sovet Quruluşuna son
dərəcə nifrət edirdi, həm də sərtdi. Bu nifrətin səbəbi vardı. Onun
ev-eşiyini əlindən almışdılar.
Yoldaşı 34-ci ildə rəhmətə gedir, bu qadın yeddi uşağa tək
başına baxır, qeyd edim ki, böyüyü də İlyas Əfəndiyev idi. Sərtliyi
ilə bərabər o, çox bacaraqlı qadın idi. 7 uşağın təhsil alması üçün
çalışır və bu istəyinə nail olur.
Onun məni öpdüyü yaddıma gəlmir!
Əslində, nənəm nə qədər sərt olsa da, çox incə qəlbə malik zərif
bir insan idi. O, həmişə mülayimliyi, zərifliyi, nəcibliyi içində
saxlayır, onu hiss elətirmirdi. (Gülür və fikirləşir). Nənəmin məni
bircə dəfə olsun belə öpdüyü yaddıma gəlmir. Xarakterli qadın idi,
yazılcaq qədər xarakterli bir insan idi. Sənəti hiss eləyən, başa
düşəndi.
Bir xatirə yaddıma düşüb…
7 nömrəli məktəbdə oxuyuram. Bizi pionerə keçirdilər. Hamımız
pioner qalstuku taxmışıq, hamı da çox sevinclidir. Valideyinlər
gəlib bizi təbrik edir. Onu da deyim ki, o zaman İlyas Əfəndiyev
Yazıçılar İttifaqında işləyirdi, mənim məktəbim də İttifaqla üzbəüz
idi. Söhbət 52-53 ci illərdən gedir.
Dedi ki, o pioner qalustukunu aç at kənara!
Mən də boynumda qalstuk sevinə-sevinə gəldim evə (gülür). Artıq
pioner olmuşam. Nənəm rəhmətlik qapını acid, mənə belə baxdı, dedi:
- Aç at o qalstuku o tərəfə. (Yenə gülür). Yəni onu demək istəyirəm
ki, nənəmdə daxili bir qəzəb var idi o üsul-idarəyə. Nənəmin belə
xarakteri İlyas Əfəndiyevin qələminə təsir etmişdi.
Bu 18 ildə
- "Sən həmişə mənimləsən" pyesi ilə ədəbiyyat
tariximizdə var olan, İlyas Əfəndiyevin yoxluğunu yazıçı Elçin necə
hiss edir?
- Onun vəfatından 18 il keçir. 1996-cı ildə vəfat elədi. Şəxsən
bu tarix mənim üçün inanılmazdır, inanılmaz bir müddətdir. Mənə elə
gəlir ki, bu hadisə dünən olub. Elə bil, aradan 18 il keçməyib. Bu
illər bir-birini əvəz etdikcə elə bil, İlyas Əfəndiyevi
uzaqlaşdırmaq əvəzinə daha da yaxınlaşdırır, daha da canlı edir,
yaxına gətirir. Buarada bir təskinlik ondadı ki, bu on səkkiz ildə
İlyas Əfəndiyev nəinki azacıq da olsa unuduldu, azacıq da olsa
yaddan çıxdı, əksinə, elə bil, bu 18 ildə İlyas Əfəndiyevin ikinci
bir həyatı başladı. O insan kimi haqq dünyasına getsə də, yazıçı
kimi onun ikinci bir ömrü başladı.
- Deyirsiz yazıçının ikinci ömrü başladı. Maraqlıdır.
Bəs İlyas Əfəndiyevin ikinci ömründə nə baş verir?
- Bəlkə də onu yazıları sağ vaxtından daha çox nəşr olundu,
tamaşalara qoyuldu. Burada bir məsələ var, mən o haqda fikirləşib
yazmışam da. Fikrimcə, bu məsələ İlyas Əfəndiyevlə bağlı prinsipial
məsələdir. İlyas Əfəndiyevin əsərlərinin böyük əksəriyyəti –
doxsan-doxsan beş faizi Sovet dövrünə təsadüf edir. Amma bu gün
müstəqil Azərbaycan oxucularına o öz əsərlərini Sovet vaxtında necə
yazıbsa, bir sözü dəyişmədən elə də nəşr edirlər.
İdeologiya üçün yox, ədəbiyyat üçün
yazıb...
Bu da nədən xəbər verir? Ondan xəbər verir ki, İlyas Əfəndiyev
Sovet vaxtı, ideologiyanın, necə deyərlər, qılıncının dalının da,
qabağının da kəsdiyi bir zamanda, ideologiyanın ədəbiyyatı
sosializm-realizm çərçivələrinə pərçim elədiyi bir vaxtda İlyas
Əfəndiyev ideologiya üçün yox, ədəbiyyat üçün yazıb. Bu gün onun
yazdıqları fərqli bir cəmiyyətə, fərqli oxuculara o vaxt yazdığı
kimi təqdim olunursa, deməli, həqiqətən onun istedadı ideologiya
yox, ədəbiyyata xidmət edir.
"Sən həmişə mənimləsən" Londanda...
Onun əsərləri respublikanın teatrlarında səhnəyə qoyulmaqla
yanaşı başqa ölkələrin səhnələrində də tamaşaya qoyulub. Bu
yaxınlarda Türkiyədə Ərzurum Universitetinin professoru Sedat
Adıgözəlin "İlyas Əfəndiyevin yaradıcılığı" adında bir
monoqrafiyası çap olunub. Məsələn, ötən günlərdə Londonda "Sən
həmişə mənimləsən" tamaşasının ingilis dilində premyerası oldu. May
ayında Yuneskoda yazıçının 100-illiyi təntənəli şəkildə qeyd
edildi. Yuneskonun baş direktoru xanım Bokova İlyas Əfəndiyevin
yaradıcılığı haqqında məruzə elədi. Onun xatirə günü yazıçının 100
illiyinə təsadüf edir və hörmətli prezidentimizin sərancamına
əsasən, bu yubiley respublika səviyyəsində qeyd olunur. Qeyd edim
ki, onun ikinci yazıçı ömrü hələ də davam edir...
Çətin illər
- Səsi alınan Əfəndiyev. 32-ci illərdən sonra
Əfəndiyevlər ailəsində baş verən çətinliklər gənc İlyasın həyatında
hansı izlər qoydu?
- İlyas Əfəndiyev məktəbi bitirdikdən sonra Azərbaycan Pedoqojı
Universitetinin ədəbiyyat fakültəsinə qəbul olur. Bunlar 32-ci ildə
baş verir. Məhz o illərdə İlyas Əfəndiyevin atası Məhəmməd
Əfəndiyevin Sovet hakimiyyəti tərəfindən səsi alınır. Bu o deməkdi
ki, o, qanundan kənar elan olunur. Onun nə səs vermək hüququ vardı,
nə də seçilmək hüququ. O, faktiki olaraq qanundan kənar idi,
cəmiyyətdə vətəndaşlığdan kənar bir şəxs idi. İlyas Əfəndiyev
birinci kursu bitirib universitetdən uzaqlaşmağa məcbur olur.
Məktəbdə coğrafiyadan dərs deməyə başlayır. Sonra həmin Pedoqojı
Universitetin qiyabi coğrafiya fakültəsinə daxil olur, bu fakültəni
bitirir və coğrafiya müəllimi olur.
Yazıçılar İttifaqı poçt qutusu deyil
- Gənc İlyas Xalq yazıçısı Əbülhəsən Ələkbərzadə ilə
necə və harada tanış olur? Əbülhəsən onu necə
qarşılayır?
...Gülür.
- İlyas Əfəndiyev 38-ci ildə hekayələr yazmağa başlayır. 39-ci
ilin əvvəlində yeddi-səkkiz hekayəsini götürüb gəlir Bakıya.
Yazıçılar İttifaqının yerini tapır. Məşhur yazıçımız Əbülhəsənin
yanına gəlir. Əbülhəsən həmin illərdə Yazıçılar İttifaqında nəsr
üzrə məsləhətçi işləyirmiş. İlyas Əfəndiyev öz hekayələrini
Əbülhəsən müəllimə təqdim edəndə Əbülhəsən soruşur ki, sən nə işlə
məşğulsan? İlyas Əfəndiyev deyir, mən coğrafıya müəllimiyəm. "A
bala, cografiya hara, ədəbiyyat hara? Nə yazmısan?" – soruşur.
İlyas Əfəndiyev də: - "Kənddən məktublar" adında bir neçə hekayə
yazmışam, - deyə cavab verir. Əbülhəsən deyir, bura poçtdu ki,
"Kənddən məktublar"ı gətirmisən? (gülür) Məktub yazmısan, apar at
poçta". İlyas Əfəndiyev də hekayələrini qoyur orada və gedir.
Əbülhəsən çox koloritli insan idi...
Bir müddət sonra İlyas Yazıçılar İttifaqına gəlir. Bu dəfə
Əbülhəsən onu tamamilə başqa cür qarşılayır və deyir ki, əzizim,
sən coğrafiyaçısı deyilsən.
Əbülhəsən çox koloritli insan idi. Mən də Yazıçılar İttifaqında
işləyəndə onunla təmaslarım olurdu. Tez-tez "əzizim-əzizim"
deyirdi. Hə, Əbülhəsən İlyas Əfəndiyevlə söhbətləşir, deyir,
əzizim, sən düz deməməmisən. Sən coğrafıyaçı deyil, əməlli-başlı
yazıçısan və onun hekayələrini göndərir Azərnəşrə. Azərnəşr həmin
"Kənddən məktubları" kitabça şəklində çap edir. Kitabın ilk
redaktoru Sabit Rəhman olur və 39-cu ildə işıq üzü görür.
- İlyas Əfəndiyevin yaradıcılığına nənəniz Bilqeys
xanımın hansı təsirləri olub?
- İlyas uşaq vaxtlarından kitabların əhatəsində olub. Baxmayaraq
ki, onlar rayonda olublar. İlyas Əfəndiyevin anası Bilqeys xanım,
yəni mənim nənəm böyük bir bəy qızı idi. Bayram bəy Qarabağ
mahalında çox məşhur adam olub. İlyas Əfəndiyevin "Mahnı dağlarda
qaldı" pyesi var, o pyesdə böyük bəy obrazı var a, Bayram bəy həmin
böyük bəyin prototipi idi. O, çox ziyalı bir adammış. Nənəm Bilqeys
xanım rus, ərəb dillərini çox yaxşı bilirdi, oxumuş bir qadın idi.
İnqilabdan əvvəl çap olunan kitabları yığırdı, baxırdı, oxuyurdu.
Çox həvəskar idi kitaba. Onun da balaca İlyasa çöx böyük təsiri
olmuşdu. Böyük bir kitabxanamız var idi. Erməni təcavüzündən sonra
kitabxana Füzulidə məhv olub getdi…
"Sən həmişə mənimləsən"
Elə bilirəm bəzi söhbətlərdə uşaqlıq illərinin adasına səyahət
etmək insana xüsusi zövq verir. Elçinin səfər etdiyi o illəridə bir
yazıçı ömrü vardı. Məhz Eçinin zövq aldığı o illərdə İlyas
Əfəndiyev belə yazırdı: "Sən həmişə mənimləsən". Məncə, o, həmişə
bizimlədir...