Yuxarı

Dedilər, Nemət 300 min qoşunla gəlir... – Bir əsgərin qeydləri

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

- Mamedov, hazırlaş, Naxçıvana gedirsən.

Səhər saat 8-də “xeyir ola” deyib düşünməyə belə imkan vermirlər.

Şahtaxtı kəndinin ətəyində yerləşən 7 saylı zastavanın rəisi mayor Voloşin əlini çiynimə qoyub, gözlərilə sanki “narahat olma” deyib, maşına tərəf işarə edir.

Yanımda zastavanın rəis müavini leytenant Rudenko və bir də Voloşinin sürücüsü serjant Andreyevdir.

- Yoldaş leytenant, nə baş verib? Evdə salamatıqdır? Düzünü deyin.

- Mamedov, evdən narahat olma, elə evlə danışmağa gedirsən.

- Bunu Şahtaxtıdan poçtdan da etmək olardı.

- Olmazdı, Mamedov, olmazdı. Bakıyla əlaqə yoxdur.

Şahtaxtıdan Naxçıvana qədər siqareti siqaretə calayıram. Yolboyu üzü Naxçıvana saysız-hesabsız maşınlar şütüyür. Şəhərin girəcəyindən sərhəd dəstəsinin yerləşdiyi kəndə qədər 5-6 km məsafəni az qala bir saata qət edirik. Yolboyu topa-topa insanlar qəzəblə bizə baxır, Rudenko Andreyevdən maksimum tez hərəkət etməyi tapşırır.

***

Sərhəd dəstəsinə çatanda ilk dəfəydi belə vəziyyətlə rastlaşırdım. Qapının ağzında əli avtomatlı ona yaxın əsgər vardı, tikanlı məftillərdən və beton plitələrdən sədd çəkmişdilər. Qərargahın qarşısında da əli avtomatlı əsgərlər dayanmışdı.

Adətən qapının ağzındakı buraxılış məntəqəsində bir əli avtomatlı əsgər durardı. Hansısa sədd-filan olmazdı.

- Polkovnik Zayarnının yanına, - növbətçi dillənir.

Rudenkoyla yuxarı qalxırıq.

Polkovnik Zayarnıya onun əmriylə gəldiyimi məruzə edirəm. Yanında bir azərbaycanlı praporşik də var. Deyəsən, Abbasov idi.

- Əyləş, Mamedov və diqqətlə qulaq as.

Həmin vaxt, yəni polkovnikin bu sözləri deyib, öz yerinə əyləşənə qədər keçən təxminən 10 saniyə ərzində ilk ağlıma gələn bu olmuşdu: hansısa böyük bir persona sərhədi pozub, ya bu tərəfə böyük partiya silah keçib, ya da casus dəstəsi. Və mənim növbəmdə…

- Mamedov, bu gecə Bakıda bəzi hadisələr baş verib. İndi evinizlə danışacaqsan.

Bakıda hadisə, ev, telefon, danışmaq. Məşhur filmdə Elşənin «sim, nar, qanlı daş» müəmması kimi çaşıb qalmışdım.

Zayarnı harasa durmadan zəng vurur və deyəsən rabitə alınmırdı. O əsəbiləşdikcə, mənim də nigaranlığım artırdı. Təxminən 20 dəqiqədən sonra polkovnikin eyni açıldı.

- Ev nömrənizi deyin.

***

…O başda dəstəyi bacım götürmüşdü. Səsimi eşitcək, az qala bağırdı:

- Mama, Səbuhi zəng edib.

- A bala necəsən, salamatlıqdı?

- Hə, mən yaxşıyam, siz necəsiz. Papa necədi.

- Biz də yaxşıyıq. Orda sakitlikdi.

- Hə, nə olub ki?

- Burda gecə qırğın olub. Evdən bayıra çıxammırıq. Gecə Bakıya girib milləti qırıblar. Deyilər, on min adam ölüb. Hərə bir söz deyir. Televizor işləmir. Heç nədən xəbərimiz yoxdu.

- Kim qırıb, niyə qırıb?

- Ruslar, ermənilər, hələ heç nə bilinmir. Amma deyirlər ki, şəhərdə küçələrdən meyitləri yığıb-yığışdırmaq mümkün deyil...

Bu vaxt praporşik Zayarnının qulağına nəsə deyir.

Polkovnik mənə tərəf baxıb əliylə “bitir” işarəsi verir.

- Siz salamatsız? Mən bitirməliyəm söhbəti.

- Hə, biz yaxşıyıq. Birdən “otpuska” verərlər ki evinizə get, gəlmə hələ…

…Və danışıq kəsilir.

***

Çaş-baş halda Zayarnıya baxıram.

- Sakit ol, görürsən ki, salamatlıqdı. Rudenko, Mamedov zastavaya qayıtmayacaq. Bir neçə gün burda komendant alayında qalacaq.

- Oldu yoldaş polkovnik…

…Düz bir həftə komendant alayında qalası oldum. Həmin günlər, səhv etmirəmsə, 7 dildə Naxçıvan televiziyası Bakıda baş verənləri dünyaya çatdırırdı. Hə, Bakıda faciə baş vermşdi. Onlarla şəhid verilmişdi. Şəhidləri milyonlarla adam dəfn etmişdi. Bakı gözləmədiyi halda belindən namərdcəsinə vurulmuşdu.

***

Həftə sonu Rudenko arxamca gəldi.

- Hazırlaş, gedirik, onsuz da zastavada əsgər çatmır, sən də burda istirahətdəsən bir həftədir (Gülür).

- Gülməli deyil, yoldaş leytenant.

- Bağışla, zarafat etmək istədim…

***

…Zastavada birbaşa Voloşinin yanına gedəsi oldum.

- Mamedov, şükür salamatlıqdı. Hələik xidmətə getməyəcəksən. Bir müddət zastavada təsərrüfat işiylə məşğul ol. Hər şey yaxşı olacaq.

Məlum olmuşdu. Demək, hələ avtomat etibar etmirlər…

Voloşinin yanından çıxan kimi əsgər yoldaşlarım başıma yığışır. Sual sual ardınca.

- Niyə qırıblar ki?

- Əclaflar, camaatla nə işiniz?

- O gün kənddə də bizi söyürdülər, heç belə olmamışdı…

- Sən sakit ol, əsil həqiqət üzə çıxacaq.

Əsil həqiqəti aralırnda rus, ukraynalı, belarus, çeçen, hətta çuvaş olan bu uşaqlar başa düşməzdilər. Heç mən özüm də. Əsil həqiqətin müstəqillik arzusu olduğunu bir də əsgərliyi bitirib evə qayıdandan sonra biləcəkdik. Mən, elə onlar da…

***

- Hazırlaş, kəndə gedirsən, poçtu gətirməyə. Heç bir panikasız. Avtomatsız, itsiz. Belozorkinlə ikiniz. Sakitcə gedirsən, poçtu gətirirsən. Çayxana-filan qəti qadağandır. Əhaliylə təmas qəti qadağandır. Poçta, poçtun işçisindən bağlama və məktubları götürüb geri!

Zastavaya ünvanlanan məktub və bağlamalar, teleqramlar adətən Şahtaxtı kəndinin poçtuna gələrdi. Poçtu isə mən gətirərdim. Düzdür, kənddə məni osetin kimi tanıyırdılr. Azərbaycan dilini belə yaxşı bildiyimi Osetiyada azərbaycanlıların çox olduğu kənddə böyüməyimlə izah etmişdim. İnanmışdılar. Məni özününkü hesab edirdilər. Adətən poçtu alandan sonra, ya da əvvəl çayxanaya gedərdik. Əgər kənddə toy vardısa, bu başqa bir aləm idi. Amma indi nəinki toy, ya çayxana, adi təmasa belə icazə yox idi.

Belozorkin etibarlı uşaq di. Əslən Rostovdan olan bu hündürboylu, kürən əsgər yoldaşımla, necə deyərlər, kəşfiyyata getmək olardı. 3 bağlama idi, 24 dənə məktub. Biri elə Belozorkinin özünə.

- Lyuda yazıb. O da mənim kimi günləri sayır. Dayan oxuyum.

- Bəlkə gedək çay içməyə?

- Amma nə deyək gedək? Deyəcəklər bu vaxtacan hardyadız?

Ratsiya ilə zastavanın rabitəçisiylə əlaqə yaradırıq:

- Oriqon, oriqon! Korpus 29-dur. Obyekt bağlıdır. 1 saat gözləməli olacağıq.

- Oldu obyekt bağlıdır. Gözləyin, birinciyə məruzə edirəm.

İki dəqiqədən sonra:

- Korpus 29! Gözləyin, poçtu alıb, dərhal geriyə.

- Oldu geriyə.

***

Bağlamaları və məktubları təkrar poçta qoyub, çayxanaya gedirik. Hə, şokdadırlar. İki sərhədçi, özü də silahsız. İçəridə tüstüdən göz-gözü görmür. Hamısı da saqqallı. Yas saxlayırmış kimi. Keçib otururuq.

Çay gətirirlər. Bir də İran xurması. Təbii ki, o tərəfdən qaçaq yolla keçiriblər. Stullarını çəkib sual yağışına tuturlar.

- Deyirlər, sərhədə təzədən tel çəkəcəksiz.

- Bilmirəm, çətin. Ağlım kəsmir.

- Araza da, deyir, ayağa dolaşan məftillər atmısız ki, çaydan keçəndə boğlub ölsün camaat.

- Elə şey yoxdur. Həmin boğulan adam qıc olmuşdu. Hansı başdan xarab bu soyuqda özünü çaya atıb o taya keçər?! Ayağı qıc olmuşdu.

Deyəsən razılaşırlar.

Belozorkin bir stəkan çayı azı 10 dənə xurmayla içir. Çayçı da bunu hiss edir.

- Deyəsən xoşuna gəlib bunun. Bir qutu verərəm, aparırsız.

Minnətdarlıqımı bildirirəm. Kimsə “televizoru açın” deyir.

Xanım diktor ordan-burdan xəbərlər oxuyur.

- Deyir, Nemət gəlir? - biri dillənir.

- Hə, elə deyirlər.

- 300 min qoşunla gəlir.

- Sən hardan bilirsən?

- Bakıdan, deyir, 20 min adamla çıxıb. Yolda bütün rayonlardan birləşib camaat. Zəngilana kimi 300 min adam qoşulub. Deyir, indi Zəngilandadırlar. Sabaha Mehriyə girəcəklər. Mehriyə girdisə, daha bura nə qədər qaldı ki?

- Allah qoysa, amin…

Mən gülümsəyirəm.

- “Poqran” bizə pislik elməyib. O boyda məftiləri qırdıq yandırdıq, bircə güllə də atmadız, sağ olun.

- Nemət, o Pənahovu deyirsiz?

- Hə, nə olub ki?

- Heç.

Gülümsəyirəm.

- Bura niyə gəlir ki?

- Burdan keçib Yerevana gedəcək.

- Niyə?

- Yerevanı alacaq.

- Koroğludur ki onda bu Pənahov! Birdən biz qoymadıq? (Gülürəm)

- Siz İrana cavabdehsiz. Sərhədə. Sizlik deyil.

Hə, biz İranla sərhədə cavabdeh idik. Naxçıvanın daxili işlərinə qarışmağa qəti ixtiyarmız yox idi.

Amma bu adamların, həmin günlərdə özlərinin yarıac, yarıtox yaşadığı günlərdə, soyuğun, şaxtanın blokadanın əzdyi bir vaxtda sovet sərhədçisinə bir qutu xurma hədiyyə edən bu xeyirxah, mərd, eyni zamanda sadəlövh insanların bir həqiqətdən xəbəri yox idi: nə qoşun gəlirdi, nə Nemət. Bunların gözlədiyi qəhrəman çoxdan qaçıb İrana. Və orada elə adamların nəzarətindədir ki!..

***

Amma bu məqama qayıdacığıq. Əvvəlcə onu qeyd edək ki, sərhədlərin sökülməsinə məhz Şahtaxtıdan başlanmışdı. Hələ neçə gün əvvəldən kənd sakinləri sərhəd xəttindən bir qədər aralı, dikdə çadırlar qurmşdu. İnsafən bizə qəti şəkildə göstəriş verilmişdi ki, yerli sakinlərlə heç bir konfliktə getməyək. Yadımdadı, həmin il Naxçıvanda havalar çox sərt keçirdi. Gecələr şaxta bəzən 25 dərəcəyə düşürdü. Amma bu adamlar bu ərazidən çəkilmirdilər. Və sona kimi dirəşdilər.

Bəlkə də çox az adımın bilgisi var. Əslində, dekabrın 30-də mərhum Afiyəddin Cəlilovla sərhəd komandanlığı arasında danışıq olmuşdu. Belə razılaşdırılmışdı ki, sərhəd dirəklərini səhədçilər özləri söksünlər. Amma burda da bir şərt irəli sürülmüşdü. İranla sərhəd söküləcək, Türkiyəylə sərhəd yox. Özü də sərhədçilər sökəcək. Amma Naxçıvan Cəbhəsi liderləri bu təkliflə razılaşmamışdılar. Razılaşma bircə məqamla bağlıydı: Türkiyə sərhədinə əl vurulmayacaq. Əslində elə də oldu.

Sərhədlərin sökülməsi, nə vaxt başlaması, nə vaxt bitməsi barədə çox yazılıb, xronikalar mövcuddur. Amma bircə məqamı mütləq qeyd etməlyik. Sərhəd qoşunları - oxu , DTK - ilə razılaşma olmasaydı, rəsmi Moskva “dobro” verməsəydi, quş quşluğuyla sərhədə yaxınlaşa bilməzdi. Çünki hələ dekabrın 18-dən bütün sərhəd boyu aksiyalar başlayandan hamıya gün kimi aydın idi: xalqa güllə atılmaycaq. Amma ortada bir sual da var. Bəs nəyə görə məhz Naxçıvanda, tutaq ki, Cəlilabad və ya Cəbrayılda yox?

Bunun cavabı isə çox sadədir: Naxçıvanda xalq hərəkatı özünün pik həddindəydi. Muxtar respublikada yerli hakimiyyət orqanları iflic vəziyyətdə idi. Respublika sanki Xalq Cəbhəsinin timsalında, xalq şuraları tərəfindən idarə olunurdu. Və bu o qədər unikal bir idarəetmə forması idi ki, analoqu yox idi. Təsəvvür edin, bu cür hakimiyyətsizlik şəraitində həmin günlərdə Naxçıvanda adi oğurluq hadisəsi belə qeydə alınmamışdı. Bu dalğanın qarşısında durmaq da mümkünsüz idi.

Hə, biz sovet sərhədlərinin necə sökülməsini müşahidə etdik. Sakitcə. Çiynimizdə avtomat, yanımzda sərhəd itləri. Necə dirəklər yandırılır, neçə yandırılmayan dirəklər də yandırılmaq üçün evlərə, soyuq sobalara daşınır... Bircə insindent belə qeydə alınmadı. Heç bir təxribata yol verilmədi. Sanki bir sərhədçi-cəbhəçi birliyi var idi. İroniyasız. Çox ciddi.

***

Hə, Nemətdən danışırdıq axı. Nemət sərhəd xəttinə günortadan sonra gəlib çıxmışdı. Əlinə qırılmış bir sərhəd məftili alıb bəlağətli bir nitq də söyləmişdi. Onun xəbəri yox idi ki, bütün hərəkət trayektoriyası tam nəzarətdədi.

Bəlkə sonra da xəbəri olmayacaqdı ki, neçə gün sonra qaçıb İranda gizlənəndə belə hər hərəkəti nəzarətdə olacaqdı…

Bu barədə isə sabah.

Bizimlə qalın. Çox maraqlı olacaq…

Tarix
2019.01.19 / 13:46
Müəllif
Səbuhi Məmmədli
Digər xəbərlər

İsrail ordusu üzr istədi: Səhvən vurub öldürmüşük!

ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?

Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video

Azərbaycan nümayəndə heyəti NATO sessiyasına qatıldı

Britaniya XİN başçısı COP29-dan yazdı: Vacib addım...

Dünya tarixi Bakı nailiyyətinə şahid oldu - Əliyev

Qarayaxma kampaniyasına baxmayaraq... - Prezident

Bakı COP tədbiri tarixə düşəcək – İlham Əliyev

Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi

İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla