"Açıq dərs" layihəsində
Rejissor İlqar Nəcəfin ilk kadrlarından (adının
Qönçə olduğu sonradan bilinəcək) yeniyetmə qızın Çovqan oyunundan
qalib çıxaraq biçənəkdəki yaşıl ağaca doğru çapıb gedən Atlıya
(Qocanın gəncliyi olduğu sözdə üzə çıxacaq) hədiyyə etdiyi xalçaya
və hətta qoluna naxışlanan, mənası titrlrərdə açıqlanan, hana
arxasındakı Nənənin bayatısı, kisəni götürüb təzək yığmağa gedən
yeddi yaşlı oğlanın adının Buta olması, fondakı muğam sədası ilə
etnoqrafik mövzunu qabardan (Möhsen Məxməlbafın öz ssenarisi ilə
folklor motivləri əsasında çəkdiyi, təsvir rəngarəngliyi ilə
seçilən neoprimitivizm cərəyanındakı "Gəbə" (1995) filminin ruhunu
yaşadan) "Buta" filmi (ssenari müəllifləri İlqar
Nəcəf, Ramiz Fətəliyev. 2009) sona qədər bu simvolu diqqət
mərkəzində saxlamağa cəhd edir. Çayda çimən uşaqların arasında altı
yaşlı, adının Gülyanaq olduğu sonradan bilinəcək bacısını evə qovan
"Ey yetim, sənə deməmişəm bizim çaydan daş götürmə?" deyən bəyaz
saçlı albinos Əzimlə ilkin ziddiyyət kütlə ilə fərdin
qarşıdurmasını yaradır. İri təzək kisəsinə daşın da yığılması
səbəbi açıqlanmadan yalnız giriş qapısına "Sabun fabriki"
yazılmaqla obyektin qarşısında, istehsalçı, yoxsa qarovulçu olması
naməlum qalmaqla, zəmanədən, işsizlikdən gileylənən, nə qədər ki,
xalça toxunur, sabunu da alan olacaq kimi dolaşıq cavab alan
Kepkalı kişi ilə, maye sabun dolu tuluğunu belinə yükləyərkən ötən
illərdən şikayətlənən Qocanın (Rafiq Əzimov) lüzumsuz söhbəti,
ulağın belində dəyirmandan dən üyüdüb qayıdan Buta ilə şəhərdən
üzərində "Atub" (bu adın "buta" sözünün tərsinə oxunmasından
yaranması da, tamaşaçıya çatmadığından əhəmiyyətsiz görünür) sabun,
şampun şirkətinin reklam lövhəsini gəzdirən avtomaşının Sürücüsü
(Elnur Kərimov) arasında bu kəndin adı Zarat olsa da hərdən buta
adlandırılması barədə dialoq, çayı keçən "Ceyran" adlı eşşəklə,
batıb qalan maşının müqayisəsindən birincinin qalib çıxması
müəmmanı artırmaqla ekspozisiyanı uzadır. Yeri gəlmişkən, mətnlə
bağlı qüsurlar müxtəlif mənbələrdə göstərildiyi kimi, redaktura ilə
deyil, ssenari ilə bağlıdır. Üstəlik balacaların iştirakı ilə
çəkilsə də, avtoritarlığı böyüklərdən yan keçirtməklə bu
probleminin şamil edildiyi azyaşlı personajların mətn mürəkkəbliyi
ilə müdrikləşmələri, sanki qocaldılmaları səbəbindən, bu ekran
əsərini uşaq filmi adlandırmaq da çətinləşir. Çünki yalnız
balacaların problemini onların iştirakı ilə əks etdirməklə,
özlərinin auditoriyasına ünvanlanan ekran əsəri uşaq filmi adlana
bilər. İndiki halda isə ziddiyyətsizlikdən doğan hadisəsizliyə
düçar edilən böyüklər aləmi illüstrativ səciyyə daşımaqla uşaq
auditoriyasının maraq dairəsindən kənarda qalır.
Dərsdən çıxan Buta ilə Gülyanağın yer kürəsinin yumru olub
olmaması barədə "fəlsəfi" mülahizələrindən sonra xoruz döyüşündə
hər kəsi udan Əzimin bacısını qısqandığı rəqibini qarşıdurmaya
təhrik etməsi ziddiyyətin gözönü mənzərəsini dramaturji modeldə
qaldırılan avtoritarlıq probleminin təzahüründə tapır. Uşaqların
əlaçılıqda, söyüş söyməməkdə, Əzimə tabe olmamaqda
günahlandırdıqları Butanın kütlənin qabağından qaçması
avtoritarlığın və onun doğurduğu yaltaqlığın müvəqqəti qələbəsini
səciyyələndirir... və təəssüf ki, Butanın biçənəkdəki yaşıl ağacın
altında rastlaşmaqla xeyir-dua aldığı Qocanın çərpələngi uçurtması
dramatizmi unutdurmaqla filmin etnoqrafik ruhlu təsvir həllini
zənginləşdirən quruluşçu operator Georgi Beridzenin peşəkar
üslubunun nümayişinə meydan verir.
Qocanın çarxı çönmüş, suyu qurumuş köhnə dəyirmanda yox olması
ilə açıq havada hana qurub xalça toxuyan Nənənin nəvəsini yığılıb
şikayətə gələn qaragüruhdan qoruması kütlə qarşısında tək qalan
Butanın təəssübkeşlərinin sayını artırmaqla ziddiyyəti davam
etdirir. Və bu olaylardan sonra qırmızı donlu Qönçənin çayda batıb
qalmış avtomaşına yaxınlaşması hadisəlilik prinsipini, yerində
fırladaraq geriyə qaytarmaqla sağlam təfəkkür tipinə ünvanlanan
montaj həllinə xələl gətirir. Anasının səslədiyi Qönçənin çay boyu
uzaqlaşan qadınlara qoşulması, Butanın torbadakı ağır daşı dağ
yamacına qaldırması operatorun əsrarəngiz təbiət mənzərələri ilə
təsviri zənginləşdirməsinə meydan açır. Hana arxasındakı Nənənin
yanında çalışan Qönçənin xalça toxumasını ərə getmək, uşaq doğmaq
vaxtının yetişməsi ilə bağlaması , nəsihətləri milli radiomuzun
uzunömürlü "Bulaq" etnoqrafik verilişinin mətn estetikasını davam
etdirir. Avtomaşınını çaylaqda qoyub çantada gətirdiyi şampunların,
sabunların reklamı naminə pulsuz paylanmasının müqavimətlə
qarşılanması ilə yalnız Əzimin hədiyyələri anasına çatdırmaq
niyyəti ilə, arabir səmadakı çərpələngə göz qoyan Butanın
çantasında gətirdiyi daşlardan yamacda iri naxış yaratması
ziddiyyətin yeni müstəvidəki davamını mücərrədləşdirir. Peyda olub
yamacda yaranan iri buta naxışının quşların, çərpələngin gözü ilə
tam görünəcəyini deyən Qocanın küləyi də Allahın üfürdüyünü
söyləməsi ilə çəməndəki otların həzin musiqi, quşların səsi
altında, titrəyişi təbiət təsvirini önə çəkir. Və sürücünün çovqan
oynanılan meydandakı atlıların təzyiqinə məruz qalmaqla gülüş
hədəfinə çevrilməsi, yad yeniliyin cəzalandırılması kimi təzahür
edir. Alnının yarasını yuyan Sürücü ilə bulaq başında rastlaşan
Qönçənin yardıma gəldiyini söyləməsi, eşqin izharı ilə Butanın
yamacda naxış yaratmağa, dili bayatılı Nənənin xalça toxumağa davam
etməsi, paralel montajın hadisəsizliyini göstərir.
Əzimin ətrafındakı uşaqlarla cələyə saldıqları göyərçini xilas
etməklə yenidən qovğaya düşən Butanın quşun həyatı naminə
çərpələngindən vaz keçməsi ziddiyyəti avtoritarizmin növbəti
müvəqqəti qələbəsi kimi davam etdirir. Köhnə dəyirmana gələn
Butanın məişət şəraitini, o cümlədən divardakı qoşa butalı
xalçasını nəzərdən keçirdiyi Qoca ilə ölmüş quşu basdırmaları şərin
təntənəsi kimi epizodu qapayır. Kəndin gözəlliyinə, təbiətə valeh
olan Sürücünün daşlar üzərindəki su çuxurunda Qönçənin əksini
göstərməsi vizual təsviri qabardır. Dəyirmançı atasının müharibədə
itgin düşdüyünü, anasının xəstələnib öldüyünü beş yaşından kimsəsiz
qaldığını, ətrafdakı canlı cansız aləmi sevməyin vacibliyini deyən,
butalı xalça toxusa da qismətinə düşməyən sevgilisinin qolundakı
buta şəkilli xalı da xatırlayan Qoca ilə, xınalı daşlara
heyrətlənən Qönçənin niyə sabun satdığını soruşduğu Sürücünün
çalışdığı şirkətin belə gözündən düşdüyünü bildirməsinin qızla
biçənəkdəki yaşıl ağacın ətrafında qaçmasının paralel montajı
operatorun diqtəsindən yaranan gözəl təsvirə meydan verir.
Yamacdakı buta naxışını tamamlamaqda olan Butanın yanındakı
Gülyanağın ovuclarındakı buta naxışlarını Qönçənin boyadığını
söyləməsi personajlararası əlaqəni belə təsvirlə birləşdirir. Yeddi
rəngli yumaqların, kələflərin göy qurşağına bənzədilməsi ilə
Qönçənin toxuduğu xalçanı bitirməyə tələsməsi ilə, uşaqların
avtomaşından çırpışdırdıqları şampunlarla çayda yuyunub çimmələri
Sürücünün kənddə qalmağa qərar verməsi şəhərlə kəndin qovuşdurmaqla
məkan ziddiyyətini neytrallaşdırır. Qocanın dəyirmanın yenidən
qurulmasına əmək sərf edən Butaya qarğı ilə sabun köpükləri
yaratmağa sövq etməsi təsvir istiqamətinin zənginləşdirilməsinə
yönəlir. Sürücünün indi başına çiçək çələng qoyub sükan arxasında
əyləşən Qönçə ilə evlənməyə qərar verməsi, xalçanın tamamlanması
ilə maraqlanması, ad gününə qədər yamacdakı naxışı Gülyanaqla birgə
bitirən Butanın xoruz döyüşündə Əzimə qalib gəlməsi xeyrin şər
üzərində qətiyyətli qələbəsini mövcud dramaturji basmaqəliblərlə
səciyyələndirir. Burnu qanasa da, əzilsə də, döyüşdən qalib çıxan
Butanın gözü yaşlı Gülyanaqla qoşalaşması balaca qəhrəmanın adının,
filmin əvvəlindəki titrlərdə verilən: gül qönçəsi, meyvə toxumu,
günəş, su damlası, alov dili, bir sözlə həyat mənası simvolunu
doğruldur. Sürücüünün avtomaşından düşüb Qönçənin çaylaqda sərdiyi
butalı xalçanın üzərinə uzanması ilə, Əzimin yamacdakı butanı
dağıtması, məğlub şərin hikkəsinin tam sönmədiyini göstərsə də,
alovun üzərindəki mis qazanlara çiçəklər, güllər ataraq rəngbərəng
kələfləri qaynar sudan çıxaran Nənənin gəncliyində itirdiyi,
nədənsə indi ona "Baçı" deyə müraciət edən Qoca ilə rastlaşması,
yataqdakı Butanın onları adət ənənələrin müqəddəsliyi barədə
söhbətlərini dinləməsi qloballaşma mərhələsində itirilmək təhlükəsi
ilə üzləşən mənəvi dəyərləri önə çəkir. İldırım çaxması,
biçənəkdəki yaşıl ağacın, çaylaqdakı avtomaşının yağışda islanması,
xoruz banı ilə səhərin açılması, ad gününü təbrikə gələn saçları
çiçəkli Gülyanağın sabun köpükləndirdiyi sabun qovucuqlarının
Butanın yatağına düşməsi və nəhayət göy qurşağının görünməsi, zurna
sədası altında Qönçənin üzünə gəlinlik duvağının atılması kimi
təsvir gedişləri fonunda uşaqların yamacdakı naxışları bərpa
etmələri kütlənin imana gəlməsini, müasir dildə desək sakinin
vətəndaşa çevrilməsini səciyyələndirir.
Köhnə dəyirmandan köpüklənən minlərlə qovucuqların havaya
qalxması ilə çaylaqda yuyulan xalçaların, toy karvanının arasından,
biçənəkdəki yaşıl ağacın yanından, yamacdakı qoyun sürüsünün
içindən keçərək təngnəfəs qaçmaqla filmdəki məkan həllinin
fraqmentallığına status qazandıran Butanın tuluqdan arxa sızan maye
sabunun suda fırlanan çarxda qovucuqların əhatəsinə düşməsi təsvir
mükəmməlliyini artırır. Butalı cehizlik xalça üzərində uzanan
cansız Qocanın yanında diz çöküb ağlayan uşaqla, film boyu
hadisələrin cərəyan etdiyi məkanın; biçənəkdəki yaşıl ağac,
çaylaqdakı toy karvanı, yuyulduqdan sonra qurumaq üçün sərilmiş
çoxsaylı xalçalar və ən nəhayət yamacdakı uşaqların ziyarəti ilə
avtoritarlığın iflasını, xeyrin tam qələbəsini – həyatın davamını
səciyyələndirən Buta ilə birgə quş uçuşu nöqtəsindən peşəkarcasına
həyata keçirilən uzun planla seyr edilməsi dünyanın kosmik
bütövləşməsinə keçid edir.
08-02-2013 – tarixli "Azadlıq" radiosunun "Pen klub"undakı
debatda:
"Çəkilişə gedirsən, mövzu içindədir, beynindədir, sanki hər şeyə
hazırsan. Ancaq rejissor üçün hər şeydən vacib psixoloji
rahatlıqdır, mən həmin dönəmdə o rahatlığı tapa bilmədim. Bilmirəm,
bəlkə də çəkilişləri sonraya keçirmək lazım idi…" etirafı ilə
yüksələn İlqar Nəcəfin: "Qəti alınmayıb deyə
bilmərəm. İstədiyimi çəkə bilmədim. Düşünürəm ki, mən rejissor kimi
daha çox şey çəkməyə qadirəm. "Buta"da mən bunu aça bilmədim.
Növbəti filmlərdə yəqin açılacaq. Mənim içimdə bir nisgil qaldı.
Bunu açmağa borclu da deyiləm" fikirləri rejissor potensialının
tükənmədiyini göstərir. Həmin debatda: "Elə ki qəhrəmanlar
danışmağa başlayırlar, film adamı vurur. Səsləndirmə də, mətnin özü
də qulağa yatmır. Süni təsir bağışlayır, həddən artıq ədəbi dildə
danışırlar" deyən Aygün Aslanlının: "İlk baxışdan hər şey
qaydasındadır, ancaq nəsə tutmur. Sarı sim yoxdur çünki, içindən
keçməyib. Film həyatın üç dövrü haqqında pritçadır. Mərkəzində də
buta dayanır. Nağıl kimi filmdir. Ancaq o nağılı nağıl edən, sehrli
edən şey yoxdur" qənaəti isə vətəndaşlıq mövqeyi ilə seçilən
kinoşünasın gənc rejissorun debütünü daha mükəmməl görmək
istəyindən irəli gəlir.
P.S. İlqar Nəcəfin hələ tələbə ikən kurs işi kimi təqdim etdiyi
bu mövzunu, peşəkar ssenariçinin iştirakı ilə rejissor kimi (iki
peşəkar aktyor istisna olmaqla digər personajları kənd əhalisi
arasından seçərək, çəkiliş meydanında azyaşlı uşaqlarla çalışmaq
bacarığını nümayiş etdirməklə) reallaşdırdığı bu film,
audiovizuallıq prinsipində təsvir həllinin önə keçirilməsi
baxımından uğurlu debüt olmaqla yanaşı, müəllif kinosu
istiqamətində atılan yetərli addımdır.