"Cəbhə xətti" layhəsində
Axar.az-ın "Cəbhə xətti" layhəsinin bugünkü qonağı Akif
Nağıyevdir.
1955-ci il iyul ayının 1-də Ağdamın Baş Qərvənd
kəndində anadan olub. Xalq Təsərüfatı İnistutunu bitirib. Sovet
Ordusu sıralarınada xidmət edib. 1985-ci ildə Ağdama qayıdıb,
müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Xalq hərəkatına
qoşulub. 1990-ci ildən isə torpaqlarımızın bütövlüyü uğrunda
döyüşlərdə iştirak edib. Ehtiyatda olan zabitdir. Ailəlidir, üç
övladı var.
Akif bəylə o günlərə birlikdə səyahət etdik:
İlk milli qəhramanlar bizim batalyondan
çıxmışdı
- Belə qərara gəldim ki, artıq
Qarabağa getmək, düşmənlə
vuruşmaq lazımdı. Onsuz da yeterincə siyasətlə məşğul olan vardı.
Ona görə də döyüşə yollandım, Xalq Cəbhəsinin batalyonunda
qərarlaşdım. Bu batalyon deputat Eldar Bağırovun adı ilə tanınırdı.
O rəhmətə getdikdən sonra isə onun yolunu qardaşı, Allahverdi
Bağırov davam etdirdi. Batalyonda vuruşanların hamısı könüllülər
idi. Burada Azərbaycanın hər yerindən olan cəbhəçiləri görmək
mümkün idi. Onlar doğurdan da qəhraman idilər. Bu danılmaz faktdır.
Balakən, Zaqatala rayonunun ayrıca rotası vardı. Hər iki rayonun
icra başçıları hər həftə döyüş yerinə gəlir, döyüşçüləri yoxlayır,
ərzaqla təmin edirdilər. Onlar döyüşçülərin ailəsinə də kömək
edirdilər. Ən gözəli bu idi ki, döyüşçülərimiz təmənnasız
döyüşürdü.
Bilirsiz, o dövrdə vəziyyət başqa cür idi. Hər kəs torpağını,
Vətənini qorumağa gəlmişdi. Bu, həqiqətən də elə idi. Biz
qəhrəmancasına döyüşdük. Milli Qəhrəmanımız Allahverdi Bağırov,
Nizami həkim, Gültəkin Hacıyeva döyüşlərdə şəhid oldu. İlk milli
qəhrəmanlar bizim batalyondan çıxmışdı.
Bir dəfə Biləcəridən 80 nəfər gənci döyüşə apardım. Onların 78
nəfəri fəhlə balası, biri müəllim, biri isə tələbə idi. O vaxt
yazmışdım ki, bəs hanı, axı deyirdilər ki, vətən hamı üçündür?
Əsgərlər ac idi
- O vaxt Milli Qəhrəman, rəhmətlik Şirin Mirzəyev
batalyona təlim keçirdi. Amma əsgərlərimizin silahısı yox idi.
General Bərşadlı bir dəfə batalyona gələrək, hamını topladı,
bildirdi ki, silah gətirilib, hər kəs silahla təmin ediləcək.
Doğurdan da silah sarıdan çox əziyyət çəkirdik. Hamı bilir ki, ilk
batalyon 1992-ci ildə Ağdamda yarandı. Təlimlər öz sözünü deyirdi,
sonra bizi silahla da təmin etdilər. Nəhayət, Əsgəran rayonuna,
Xocalı camaatına kömək məqsədi ilə bir əməliyyatımız oldu. Biz
Əsgərana girdik, döyüşə-döyüşə Pivzavod deyilən yerə kimi getdik. Həmin döyüş
zamanı Dadaş Rızayev də
gəlmişdi. Bir xeyli irəlilədik. Əsgəranın yarısını almışdıq. Amma
arxadan kömək gəlmədi.
Əsgərlər də ac idi. Məcbur olduq, hava qaralanda geri çəkildik.
Bütün əziyyətimiz boşa çıxdı. Mənim üçün bu, unudulmayacaq ən böyük
xatirədir.
3 kəndi düşməndən geri aldıq
Bir xatirə də danışım: Naxçivanik uğrunda güclü döyüşlər oldu.
Döyüşə bir batalyonla girdik. Bu mümkünsüzdür ki, bir batalyonla 3
kəndi düşməndən geri alasan. Amma biz bunu bacardıq. Əsgərlərimizin
qəhrəmanlığını unutmaq olmaz. Araspur, Naxçıvanik, Pircamal
kəndlərini azad etmişdik. Düşmən çoxlu itki verirdi. Sağ qalanları
da kəndləri qoyub qaçdılar. Amma bizdən də minaya düşənlər oldu.
Allahverdi Bagırov, Nizami həkim, Bəylər məhz bu döyüşdə şəhid
oldu. Sonra sentyabr ayının ortalarında mühasirəyə düşərək geri
çəkildik.
1993-cü ildə mənə xəbər verdilər ki, Ağdamın Mərzili kəndinə
hücum olub. Daha sonra isə çox qısa müddətdə Ağdam rayonu işğal
olunub. Mən hələ də düşünürəm ki, bu qədər qısa vaxtda necə oldu bu
yerlər əlimizdən getdi?
Çox ağır, vahiməli döyüş idi
Batalyonda ehtiyyatda olan bir polkovnik vardı - Barat Quliyev.
62 yaşı vardı. Əsil zabit idi. Batalyonumuzun yaranmasında onun
xidmətləri çox idi. Bir dəfə o, bir hücum planı hazırladı.
Ermənilər yüksəklikdə, biz isə aşağada idik. Bu vəziyyətdə döyüşmək
çox çətin idi. Amma komandir əsgərləri elə şəkildə cərgəyə düzdü
ki, hücum zamanı ermənilər elə bildi, biz böyük qüvvəylə hücuma
keçmişik. Amma əclaflar o yüksəkliyə tanklar yerləşdirmişdilər.
Mövqeni əldən vermək istəmirdilər. Araz adlı komandirimiz vardı,
oğlu da onunla birlikdə döyüşürdü. İkisi də çox mərd insanlar idi.
Bu, çox təsirli idi - atayla oğulun birlikdə döyüşməsi! Orda öncə
komandir Araz, sonra oğlu şəhid oldu. Oğlunun meytini üç gün sonra
tapdıq, ailəsinə təhvil verdik. Düşünün, bu döyüşü filmlərdə belə
çəkə bilməzdilər. Çox ağır, vahiməli döyüş idi. Texnikamız yox idi,
düşmən isə tankla gəlirdi. Biz pulemyotla tankın qabağına çıxırdıq.
Amma nə edək, şəhid olmaq hər kəsə qismət olmur, bu bir
şərəfdir.
Daş karxanasından gələn zabit
Daha bir xatirə:
Ağdamın Paprəvənd kəndində "Qlobus" deyilən bir yer var. Bir
dəfə Talıb Məmmədov zəng elədi ki, orda vəziyyət yaxşı deyil. Ora
Daxili Qoşunların əsgərləri nəzarət edirdi. Onların komandiri də
Fəhmin Hacyev idi. 30 nəfər döyüşçü götürüb getdim köməyə. Mən
çatanda baxdım ki, əsgərlər tab gətirməyib, geri çəkiliblər. Bizim
yanımızda Yura adlı biri vardı. Vaxtilə Sovet ordusunun zabiti
olmuşdu. Yaxşı döyüşçü idi. Sonra onu haqsız yerə həbs edib
hərbidən uzaqlaşdırmışdılar. Demək, o, Bakıda bir karxanada daş
atırdı. Bir dostum dedi ki, maaşını da mən verəcəm, silahları yaxşı
bilir, bunu aparın, sizə kömək etsin. Gerçəkdən də bizə döyüşlərdə
çox köməyi dəydi. Elə silahlar vardı ki, çox adam ondan necə
istifadə etməyi bilmirdi, amma o, əla bilirdi. Nə isə, düşmən artıq
bu yüksəkliyi almaq üzrəydi. Mən maşınla Yuranı ora aprdım.
Qarşımıza gələn bir tankı və bir "Kamaz" maşınını anında vurdu.
Ermənilər təşvişə düşdü, geri qayıtdı. Orada Vəzir adlı bir
qəhrəmanımız şəhid oldu. Yuranın sayəsində biz onun da meyitini
pulemyotuyla birlikdə oradan götürdük.
Mərzilini qarət ediblər
Bir dəfə də Qarakənd ətrafında dəhşətli döyüşlər gedirdi.
Ermənilər tanklarla bizə tərəf gəlirdi, bizim də cəmi iki topumuz
vardı. Alçaqlar hər iki topçumuzu elə vurdular ki, onların bir
tikəsini belə tapıb ailəsinə verə bilmədik ki, heç olmasa, dəfn
etsinlər. Onların cibindəki bulkalar da un ovuğu olmuşdu. Bunu
deməklə olmur ey, gərək gözünlə görəsən...
Bir dəfə də güclü atışma oldu, ermənilər Mərzili kəndinə girdi.
Amma bir az döyüşdükdən sonra geri çəkildilər. Mən üç əsgər götürüb
getdim, Mərziliyə girib baxdıq ki, ermənilər çəkilib, amma bir tank
naşılıq edib orda daş körpü deyilən yerdən keçəndə aşıb, iki erməni
əsgəri qalıb tankın altında. Biri də ölüb. Əsgərləri isə kəndi
qarət edib gediblər.
Biz belə xəyanətləri çox yaşamışıq
Bir dəfə əmr gəldi ki, sabah Ağdama hücum edəcəyik.
Əsgərlərimizin bir xüsusiyyəti vardı, səhəri gözləmirdik ki,
qırıcılarımız haranısa bombalasın. Erməni gecələr qorxaq olur axı,
gizlənir kazarmada. Biz də bundan istifadə edib gecə yatmır, düz
erməni səngərinin 20 metr yaxınlığına qədər gedib dirənirdik. Səhər
olan kimi hücuma keçirdik. Nə isə, erməni yatıb, biz artıq ermənin
səngərindəyik. Anidən əmr gəldi ki, geri çəkilin. İndi düşünün, bir
qrup gecədən gedib, səngərdədir. İndi bunlar Ağdamın aran düzündən
geriyə necə çəkilsinlər? Artilleriya yox, tank yox, ermənilər
bunları qıracaq da. Nə isə, bu əsgərləri də öz gücümüzə ordan
çıxardıq. Biz belə xəyanətləri çox yaşamışıq.
Rus zabitləri – erməni kəşfiyyatçısı
Bir dəfə də mənə dörd kəşfiyyatçı rus verdilər ki, bunlar
inanılmış ruslardı. Bunlardan da birini tanıyırdım, güvənilən
adamdı. Onu Ağdama gedəndə görmüşdüm ki, bizim öz əsgərlərimizə
dirənib ki, hara qaçırsız? Vətəni qoyub hara gedirsiz, geri dönün!
Bu dərəcədə güvənilən adamdı. Bu da unudulmayacaq hadisə idi - rus
olasan, bu qədər sadıq olasan, bu, dogurdan da çox gözəl idi!
Müəyyən müddətən sonra bunları kəşfiyyatçı bölüyünə götürdüm. Bir
gün bir komandir gəldi, mənə dedi ki, bu üç nəfərdən leytenant
olanı özünü əsil kəşfiyyatçı kimi aparır. Həm də samboçudur, bizim
bütün əsgərlərin qolunu qatlayır. Nə isə, bir gün bunları göndərdim
kəşfiyyata, öz əsgərimizdən də birini qoşdum bunlara. Getdilər,
amma geri dönmədilər. Mən də öz-özümə sevinirəm ki, bu rus
leytenant güclüdür, yəni düşmənlə əlbəyaxa döyüşdə layiqli cavab
verər də. Hardan bilim ki, bu, erməni kəşfiyyatçısıymış? Sonradan
məlum oldu ki, onlar əsir düşüblər. Onlardan ikisi erməni
kəşfiyyatçısı imiş, iki rusun isə ölüsü-dirisi bilinmədi. Bizim
əsgərsə yaralıymış əsir düşəndə.
Erməni gülləsindən də ağır söz
Nəhayət, sonuncu döyüşüm Ağdama hücum ediləndə oldu. Ermənilər
bizi artillerya atəşinə tutdular. Elə bilirdim ki, düşmən mənim
durduğum yeri bilmir. Biz qazmadaydıq. Ərazilərə baxırdıq ki, bizi
orda tankla vurdular. İnan, elə bildim ki, başım bədənimdən
ayrılıb. Qışqırdım, köməyimə gələn olmadı. Sürünüb qazmadan
çıxdıqdan sonra səsimə gəliblər. Məni hospitala apardılar. Gözlərim
tutulmuşdu, nəfəs ala bilmirdim. Ay yarım hospitalda yatdım. Mənə
dedilər ki, o vaxtın pulu ilə milyon yarım rüşvət ver, səni salaq
əlillik qrupuna. Bu, mənə erməni gülləsindən agır dəydi. Dedim ki,
əşşi, mən 3 azyaşlı uşağı evdə qoyub döyüşməyə getmişəm. Məni
erməni vurub bura düşmüşəm. İndi sən nakişilik edib rüşvət
istəyirsən? Nə isə, təsəvvür edin ki, mən hələ indi təqaüdə çıxmaq
üçün sənədlərimi vermişəm. Hal-hazırda arıçılıqla məşgulam, ailəmi
dolandırıram. Qaçqın statusum olsa da, 20 ildir kirayələrdə
yaşayıram. Heç bir imtiyazdan yararlanmıram. Qaçqınlara verilən
bütün yardımlardan da imtina etmişəm.