"Həbsxana xatirələri"
layihəsində
Adı Eldar idi. Soyadını unutmuşam. Unutmuşam? Ya heç...
yox unutmuşam, yadıma düşür ki, bir dəfə mənə soyadını və atasının
adını demişdi. Əfv komissiyasına ərizə yazmalı idi, latın
qrafikasını bilmədi deyə, xahiş etmişdi ki, mən yazım.
Naxçıvandan idi. Yazıq görkəmi vardı. Cəza müəssisəsində hər kəs
onun faciəsini bilirdi. Faciəsi isə bir yox, bir neçə idi... Onun
yazıq, miskin olmasının səbəbini bilənlər bacardıqca ona yardım
edirdi. Siqaret, qənd, çay, yemək və sair... Rejimin rəisi, mayor
Rauf deyirdi ki, Eldar şərəfsizin biridir ona yardım etməyin. Amma
"paqonun" sözünə baxan kim idi ki?
Eldar arada tibb məntəqəsində mənim qaldığım otağa da gəlirdi.
Dostum və otaq yoldaşım ağdamlı Aqil zəvzək, özünü bilərəkdən yazıq
formasına salan adamları sevməz, otağa və ümumiyyətlə bizə yaxın
buraxmazdı. Eldara isə mənə görə bir söz deməzdi. Mənim onunla
söhbətimə, verdiyim suallara qulaq asıb, "kefsən e", - deyərdi.
Eldar isə dağı arana, aranı dağa daşıyardı. "Dağdan arana
qayıdanda" həmişə "quş buraxardı". Əvvəlki sözü sonrakı ilə düz
gəlməzdi. O, yalançı idi.
Onu hörmətdən salan bir xasiyyəti də vardı; nədən söhbət
getsəydi, özünü zorla da olsa həmin söhbətə pərçim edirdi. Onun çox
yalanlarının üstünü açmışdım. Bəzən üzünə vurmurdum – ona bu
xoşdursa danışsın. Uzun qış gecəsi, dustaq həyatı, gurhagur yanan
qaz sobası, isti çay, stolun üstündə şirniyyat və s. Başqa nə
işimiz var ki? Eldar "yat" komandasına qədər basıb-bağlayır, biz də
qulaq asardıq. Heç olmasa, ayda 2-3 dəfə bu hal təkrar
olunardı.
Eldar niyə həbs olunmuşdu? Mən hələ də bilmirəm. Hər
soruşanda əlini yelləyib:
- Soruşma, şair, soruşma, - deyir, yazıq sifətinə daha da məzlum
bir görünüş verərdi.
Mən isə az keçmiş yenə də soruşardım, o isə dillənməz, günahının
nə olduğunu deməzdi. Bu cəhətdən möhkəm adam idi. Naxçıvanlı
uşaqlar ondan bəhs edəndə, "boyunu yerə soxaq, başdan ayağa
xəcalətdir", - deyərdi.
Mənim əvvəllər ona doğurdan da yazığım gəlirdi. Kimsəsiz idi,
yoluxanı, sovqat gətirəni yox idi. Dustaq üçün bunlarsız çox
çətindir. O isə başını birtəhər dolandırardı. Cəza evinin
yeməkxanasına heç getməzdi - əskiklik bilirdi bunu. Amma səhər,
günorta, axşam qarnını haradasa otarırdı və bunu heç də əskiklik
kimi qəbul etmirdi.
Bir dəfə qonşu otaqda qalan dustaqlarla bizim otaqda domino
oynayırdıq. Bir neçə nəfər azarkeşlik edir və uduzanların əvəzinə
oynamaq üçün gözləyirdilər. Eldar təlaş içində otağa girdi.
Adamların çox olması, otaqdakı qələbəlik onun ürəyincə olmadı.
Oyunu izlədi və çox keçmədi ki, sifətindəki təlaş yox oldu. Laçınlı
Ramiz onun bu dəyişməsinə göz qoyurmuş, acıqlı halda kobudluq
etdi:
- Nə olub adə, gözlərin buğa gəzən düyənin gözlərinə
oxşadı...
Eldar bir söz demədi. Sakitcə otaqdan çıxdı. Oyunda tərəf
müqabilim olan Aqilə dedim:
- Sən öl, yenə də qara xəbərlə gəlib.
Aqil:
- Əşi, fikir vermə, harada olsa, yenə də gələcək, – deyib,
stolun üstündəki daşları qarışdırdı.
Axşam yoxlanışından sonra Eldar yenə də təlaşla içəri girdi,
ayaqlarını soyunub çarpayının üstündə oturdu. Qanı qara idi. Hər
ikimizə altdan-altdan fikir verirdi. Onun gəlişinə fikir belə
vermədik, onsuz da çox dayanmayacaq, danışacaqdı. Mən kitab
oxuyurdum. Aqil isə sabah çıxacağı görüşə hazırlaşır, evə
göndərəcəyi paltarları selafon paketə yığırdı. Eldarın ikinci dəfə
dərindən çəkdiyi aha axır ki Aqil dilləndi:
- Nə olub yenə?
Eldarın sifətinə elə bil bir vedrə hüzn tökdülər. Səsi
xırıldadı:
- Bacımın ağzına kərtənkələ girib.
- Nəəə?! – Aqil təəccüblə soruşdu, mən kitabı qatlayıb balışımın
altına qoydum.
- Nə girib? – bu dəfə mən soruşdum.
Eldarı hönkürtü tutdu. Əlinin dalı ilə göz yaşlarını sildi.
Stolun üstündən siqaret götürdü. Yandırıb, dodaqları büzülüb qabağa
uzanana qədər sümürdü. Siqaretin tüstüsünü yağ yeyən maşının
səsboğucusu kimi burnundan buraxdı. Sifətinin qanı da qaçmışdı.
Bizim çaşqınlığımız onun daha da məzlum hala düşməsinə səbəb
olurdu. Özünə çay süzdü:
- Dodaqlarım quruyub, boğazımdan hava da keçmir.
Çayı konfetlə içdi. Konfetin kağızını qatlayıb cibinə qoydu:
- Yanıram, qardaşlar. Bacımın ağzına zəhərli kərtənkələ girib.
Yazıq bacım, axı biz nə gün gördük ki... Yetim kimi böyüdük, əmi
döydü, xala döydü, dayı incitdi... axırımız da belə.
Doğurdanda pis olduq. Axır ki, Eldar özündə güc tapıb hadisənin
necə baş verdiyini nəql etdi:
- Bacım çox işləyib yorulubmuş. Həyətdə, göy çəmənlikdə uzanıb
ki, dincini alsın. Yazıq bacımı yuxu tutub. Ağzı açıq yatıbmış.
Kərtənkələ də gəlib girib ağzına. Boğazından düz aşağı hərəkət
edib. Başı aşağı saxlayıblar, silkələyiblər, kərtənkələ düşməyib.
Yerli həkimlər əlac edə bilməyib. Qohumlarımız yığışıb keçiriblər
İrana. İranlı həkimlər kərtənkələnin ölüsünü çıxarıblar. Amma
bacımı zəhərləyə bilib. Nəticədə həkimlər onun ayaqlarını
kəsiblər.
Aqil çaşqın gözlərini Eldarın ağzından çəkmirdi. Xəbər onu
sarsıtmışdı. Hiss etdim ki, Eldar nə isə yenə də oyun qurur, amma
daha bu boyda yox da. Əsəbi halda dedim:
- Adə, yalan niyə deyirsən? Axı indi göy çəmənlik,
kərtənkələ nə gəzir? Qışdır e...
Aqilin halı özünə gəldi:
- Eldar, utanmırsan? – deyib, siqaret yandırdı.
Eldar səsinə bir qədər də hüzn qatdı. Güvəndiyi adamların ona
inamsızlığını heç gözləmirmiş:
- Bilirdim inanmayacaqsız. Mən demədim ki, indi olub. Yayda
olub. Mən indi eşitmişəm.
Eldarın uzun-uzadı danışmasından belə başa düşdüm ki, hər əhl
ona 20 manat kömək etsə, o bacısına göndərər və qardaş kimi əzab
çəkməzdi. Bizi isə yaxşı adam kimi tanıdığına görə ilk olaraq
müraciət edib. Razılaşdıq ki, sabah əhlin uşaqları ilə söhbət edək.
Məsləhət gördük ki, "zon"un "smotriyaşi"sinə də özü desin.
- Baxaram,- dedi. Əlavə də etdi ki, heç istəmirəm bunu
açıb-ağardaq.
Eldar sağollaşıb çıxdı. Elə bu zaman kəşfiyyatçı olmuş Nizar
gəldi. Xeyli söhbət etdik. Mən Nizara Eldarın bacısının başına
gələnləri danışdım. Dedim ki, gərək bizim əhl də ona kömək etsin.
Aqil dedi ki, əgər əhlləri Eldara kömək üçün pul ayırmasa, 20
manatı özü verəcək. Nizar bizə qulaq asıb, başını buladı. Sonra
söhbəti uzaqdan başladı. Axırda da dedi:
- Mən həbs olmağıma çox peşmanam. İndi bəlkə də
polkovnik-leytenant idim. Amma burada sizinlə tanış olmağıma görə,
birlikdə cəza çəkdiyimizə görə heç də peşman deyiləm. Amma bu qədər
sadəlövh olmanız mənim heç xoşuma gəlmədi. A kişi, Eldarın sizə
danışdığı həmin hadisə Afrikada olub. Bayaq klubda televizora
baxırdıq. Eldar da orda idi. Afrikadan bəhs edilən veriliş idi.
Belə bir hadisəni göstərdilər. Özü də arvadın ayağını-zadı
kəsmədilər. Kərtənkələnin ölüsünü qadının qarnından çıxardılar.
Qadın zəhərlənmişdi, müalicə edirdilər. Bu avara da özündən teatr
çıxarır. Tapıb üzünə tüpürəcəm.
Eldar bir-iki həftə gözümüzə görünmədi.
Bir müddətdən sonra Eldar yeni bir ampluada zühur etdi. Əlində
yarım litrlik banka və xırda bir lopa bir-bir barakları gəzər,
soyuqlayan dustaqları küpələyər, əvəzində qənd, çay alardı. Mən də
bir-iki dəfə onun xidmətindən yararlanmışdım.
Arada gödəkcəsinin cibində vərəqləri çevrilməkdən əskiyə dönmüş
erotik jurnal çıxarardı. Xəlvətcə dustaqlara göstərərdi və bunun
müqabilində az da olsa pul alırdı. Kimdənsə aldığı borc pulu geri
qaytarmazdı. Çünki aldığını borc olaraq istəməzdi. Sadəcə, "mənə
bir manat pul lazımdır, varınsa ver", - deyərdi.
Eldarı mən azadlığa çıxdıqdan çox illər sonra gördüm. 10 saylı
CÇM-dən reportaj hazırlamağa getmişdim. O, bayırda ağacın altında
oturub çay içirdi. Mənimlə köhnənin dostu kimi görüşdü.
- Burda nə edirsən, - soruşdum.
- Hara gedim? Evim yox, işim yox. Yenə də burada dustaq yanına
gələnlərə yol-yolaq göstərirəm, beş-altı manat çörək pulu
qazanıram.
Tanış zabitlərlə görüşdüm, sözarası Eldarı gördüyümü dedim.
- Hə, onun vəziyyəti yaxşıdır. Özünə "Jiquli" də alıb. Burada
dəllallıq edir...