"100 Böyük kitabdan biri" layihəsində
Balzak okean kimi nəhayətsizdir. O – bir dahilik
burulğanı, böyük hiddət fırtınası və ehtiraslar
tufanıdır.
Balzak Puşkinlə eyni ildə (1799), cəmi iki həftə əvvəl dünyaya
gəlib, lakin ondan 13 il çox yaşayıb. Hər iki dahi insan qəlbinin
və bəşəri münasibətlərin elə dərinliklərinə nüfuz etməyə cəsarət
göstəmişdilər ki, onlara qədər hələ heç kim buna müvəffəq ola
bilməmişdi. Balzak öz epopeyasını dahi florensiyalının böyük
əsərinə analoji olaraq "Bəşəri komediya"adlandırmaqla Dantenin
özünə belə çağırış göndərməkdən çəkinməmişdi. Ancaq elə burası da
var ki, eyni əsaslarla bu əsəri "Fövqəladə" ("İnsan qüvvəsindən
xaric") də adlandırmaq olar. Çünki belə bir möhtəşəm yaradıcılıq
məhsulunu yaratmağa yalnız bir titanın (qədim yunan əsatirində
allahlarla vuruşan div – tərc.) gücü yetərdi.
"Bəşəri komediya" yazıçının özünün roman, povest və
hekayələrinin geniş silsiləsinə verdiyi ümumi addır. Silsiləyə
daxil edilmiş əsərlərin əksəriyyəti Balzakın onlara ümumi
birləşdirici ad seçməsindən xeyli əvvəl nəşr olunmuşdu. Yazıçı öz
ideyası barədə belə yazırdı:
Təxminən otuz il əvvəl başladığım əsəri "Bəşəri komediya"
adlandırarkən onun ideyasını izah etməyi, bu ideyanın haradan
doğması haqda danışmağı, planı qısaca şərh etməyi, həm də bütün
bunları sanki onlara heç bir aidiyyətim yoxmuş kimi ifadə etməyi
lazım bilirəm. "…"
"Bəşəri komediya"nın ilkin ideyası qarşımda sanki hansısa bir
xəyal kimi, oxşayıb əzizlədiyin, lakin tuta bilmədiyin həyata
keçməz ideyalardan biri kimi canlanırdı; məsxərəçi xülya özünün
qadın simasını belə göstərir, fəqət həmin an da qanadlarını açaraq
fantaziyalar aləminə uçur. Lakin bir çox digər xəyallar kimi bu
xülya da canlandırılır: o, hökmranlıq edir, onun mayası hüdudsuz
hakimiyyətdən yoğrulmuşdu və ona tabe olmaq gərəkdir. Bu əsərin
yaranması ideyası insanlığın heyvanlar aləmi ilə müqayisəsindən
doğdu. "…" Bu baxımdan cəmiyyət təbiətə bənzəyir. Axı cəmiyyəti
insanlar yaradır, müvafiq olaraq onun fəaliyyətdə olduğu mühitdə də
heyvanlar aləmində movcud olduğu qədər müxtəlif növlər var. Əsgər,
fəhlə, məmur, vəkil, sərsəri, alim, dövlət xadimi, tacir, dənizçi,
şair, yoxsul kəndli və keşiş arasındakı fərq, nə qədər çətin dərk
edilsə də, elə canavar, şir, uzunqulaq, qarğa, akula, suiti, qoyun
və s.-ni biri-birindən ayıran fərq dəyərindədir. Beləliklə,
heyvanlar səltənətinin növləri kimi insan cəmiyyətində də növlər
mövcuddur və həmişə də mövcud olacaq.
Əslində, "Bəşəri komediya"nın məşhur "Müqəddimə"sindən gətirilən
parçada Balzakın yaradıcılıq metodunun sirlərini açıqlayan əqidəsi
öz təcəssümünü tapıb. Nəbatat alimləri və zooloqlar bitki və
heyvanlar aləmini sistemləşdirdikləri kimi, o da insan tipləri və
xarakterlərini sistemləşdirirdi. Bu zaman, Balzakın sözlərinə görə,
həyatın böyük axınında heyvanlar aləmi (heyvanilik) insanlar
aləminə (insaniliyə) nüfuz edir, qarışır. Ehtiras – bütün insanlıq
budur! Yazıçı hesab edir ki, insan nə xeyirxahdır, nə qəddar,
sadəcə, o, instinktlər və meyillərlə doğulur. Yalnız təbiətin
özünün bizə verdiyi materialı mümkün olduqca daha dəqiq təsvir və
təlqin etmək qalır.
Yazıçı ənənəvi kanonların və hətta təsnifatın formal-məntiqi
qaydalarının xilafına "varlığın üç formasını" göstərirdi: kişi,
qadın və cansız əşya. Başqa sözlə, insanlar və "onların
düşüncələrinin maddi təzahürləri". Ancaq, görünür, elə məhz bu
"xilafına" da Balzaka öz roman və povestlərinin təkrarolunmaz
dünyasını yaratmağa imkan verdi və bunu heç nə ilə qarışıq salmaq
olmaz. Balzakın qəhrəmanlarını da heç kimlə səhv salmaq olmur.
"Müəyyən bir dövrün üç min insanı" – yazıçı özü onları fəxrlə belə
xarakterizə edirdi.
Balzakın özünün də istədiyi kimi, "Bəşəri komediya"nın mürəkkəb
strukturu var. Hər şeydən əvvəl, o, üç müxtəlif böyük hissəyə
ayrılır: "Xislət haqqında etüdlər", "Fəlsəfi etüdlər" və "Analitik
etüdlər". Əslində isə bütün başlıca və böyük əsərlər (cüzi istisna
ilə) birinci hissədə toplanıb.
Balzakın "Qobsek", "Qorio Ata", "Yevgeni Qrande", "İtirilmiş
xəyallar", "Kurtizankanın dəbdəbə və səfaləti" və s. kimi dahiyanə
əsərləri məhz buraya daxildir. "Xislət haqqında etüdlər" də öz
növbəsində "səhnələr"ə bölünür: "Özəl həyat səhnələri", "Əyalət
həyatı səhnələri", "Paris həyatı səhnələri", "Hərbi həyat
səhnələri" və "Kənd həyatı səhnələri". Bəzi silsilələr tam geniş
işlənməmiş qalıb: Balzak "Analitik etüdlər"dən yalnız "Nikahın
fiziologiyası"nı, "Hərbi həyat səhnələri"ndən isə macəra romanı
"Şuanlar"ı yaza bildi. Halbuki şair nəhəng planlar qurmuşdu. O,
Napoleon müharibəsinin bütün panoramını yaratmaq istəyirdi
(çoxcildli, lakin fransız nöqteyi-nəzərindən yazılmış "Hərb və
sülh"ü təsəvvürünüzə gətirin).
Balzak özünün böyük əsərinin fəlsəfi statusa malik olduğunu
iddia edirdi və hətta orada xüsusi "fəlsəfi hissə" də ayırmışdı.
Buraya digər əsərlərlə yanaşı "Lui Lamber", "Absolyut axtarışları",
"Gizli şedevr", "Uzunömürlülük iksiri", "Serafita" və "fəlsəfi
etüdlər" içərisində ən məşhuru "Şaqren dərisi" də daxildir. Ancaq
Balzakın dahiliyinə böyük hörmət hissilə qəti və aydın şəkildə
demək lazımdır ki, yazıçıdan, sözün əsl mənasında, böyük filosof
alınmadı: mənəvi həyatın bu ənənəvi sahəsində onun bilikləri nə
qədər geniş olsa da, tamamilə səthi və eklektik (bir-birinə zidd
olan fikirləri, nəzəriyyələri prinsipsiz olaraq bir-birilə
birləşdirməyə çalışan alim, filosof yaxud siyasətçi – tərc.)
səviyyədə idi. Burada qəbahətli heç nə yoxdur. Ələlxüsus da ona
görə ki, Balzak özünün bənzərsiz fəlsəfəsini – insan ehtirasları və
instinktləri fəlsəfəsini yaratmışdı.
Sonuncular sırasında Balzaka xas ölçülərə görə, ən başlıcası,
əlbəttə ki, sahiblənmək instinktidir. Hansı konkret formada təzahür
etməsindən asılı olmayaraq: siyasətçilərdə - hakimiyyət
hərisliyində; işbazda – qazanc hərisliyində; manyakda – qan,
zorakılıq və zülm hərisliyində; kişidə qadın hərisliyində (və
əksinə). Sözsüz, Balzak insan meyil və davranıışlarının ən həssas
siminə toxunmuşdu. Bu fenomen özünün müxtəlif aspektlərində
yazıçının ayrı-ayrı əsərlərində açılıb. Ancaq bir qayda olaraq
bütün aspektlər, fokusda olduğu kimi, onların istənilən birində
cəmləşmişdi. Bəziləri isə təkrarolunmaz Balzak qəhrəmanlarında
təcəssümünü tapıb onların timsalına və mücəssəməsinə çevrilib.
Dünya ədəbiyyatının ən məşhur əsərlərindən biri - eyniadlı povestin
baş qəhrəmanı Qobsek belədir.
Qobsekin adı İstismarçı kimi tərcümə olunur, ancaq məhz fransız
vokalizasiyasında o, ümumi ismə çevrilib və qazancın özü naminə
qazancın simvoluna çevrilib. Qobsek – kapitalist dahisidir, onun
heyranedici duyma qabiliyyəti və insan taleyini amansızcasına
tapdalayaraq tam mənasıyla ədəbsizlik və abırsızlıqla öz kapitalını
artırmaq bacarığı var. Balzakın özünün də təəccübünə rəğmən,
qızılın hakimiyyətini – "ümumilikdə hazırkı cəmiyyətin ruhi-mənəvi
mahiyyətini" təcəssüm etdirən fantastik fiqur, sən demə, bu
büzüşmüş qoca özü imiş. Lakin adı çəkilən keyfiyyətlər olmadan
kapitalist münasibələri də prinsipcə, mövcud ola bilməz. Əks halda
bu, tamamilə başqa bir quruluş olacaq. Qobsek – kaptalist mühitinin
romantikidir: sələmçi toruna düşənlərin əsl hökmdarına çevrilən
insanların bütün məqamlarda ruhunun necə tənəzzül etməsini və
çirkinləşməsini seyr etmək ona mənfəətin özü qədər həqiqi zövq
verir.
Fəqət Qobsek – həm də pulun hökmran olduğu cəmiyyətin
qurbanıdır: o, qadın məhəbbətinin nə olduğunu bilmir, onun zövcəsi
və uşaqları yoxdur, o, başqalarına sevinc bəxş etməyin nə olduğunu
belə dərk etmir. Onun ardınca göz yaşı və acı, darmadağın edilmiş
tale və ölümlər şleyfi (qadın paltarının yerlə sürünən uzun dal
ətəyi – tərc.) sürünür. O, çox dövlətlidir, fəqət yarıac-yarıtox
bir həyat yaşayır, bir qəpikdən otrü boğazını çeynəməyə hazırdır.
O, mənasız simicliyin canlı mücəssəməsidir. Sələmçi həyata əlvida
deyəndən sonra onun ikimərtəbəli evinin qapısı kilidli otağında
xeyli çürümüş əşya, iylənib qoxumuş azuqə və sursatlar tapılır:
həyatının sonuna yaxın müstəmləkə fırıldaqları ilə məşğul olan
Qobsek rüşvət kimi təkcə pul və qiymətli əşyalar deyil, heç əlinin
ucu ilə də toxunmadığı, arı sürfələri və kif cücülərinə qonaqlıq
vermək üçün qıfıl altda gizlətdiyi hər cür delikateslər də
alırdı.
Balzakın povesti – siyasi iqtisad dərsliyi deyil. Yazıçı
kapitalist gerçəkliyinin amansız dünyasını personajlar və onların
içərisində olduqları situasiyaların realist təsviri vasitəsilə
yaradır. Lakin dahi sənətkarın əli ilə cızılmış portret və
təsvirlər olmadan həmin gerçək dünya haqqında təsəvvürlərimiz
natamam və yoxsul olardı. Budur, elə həmin Qobsekin xrestomatik
xarakteristikası:
Mənim sələmçimin çallaşmış kül rəngli saçları tamamilə dümdüz,
həmişə səliqə ilə daranmış idi. Üz cizgiləri Taleyranınkı kimi
donuq və soyuq idi, sanki tuncdan tökülmüşdü. Safsar (xəzlik heyvan
– tərc.) kimi kiçik və sarı, demək olar ki, kirpiksiz gözləri
parlaq işığa tab gətirə bilmirdi. Odur ki, o, gözlərini didilmiş
kartuzun (qabağı günlüklü furajka, papaq – tərc.) böyük günlüyü ilə
qoruyurdu. Çopurlardan kələ-kötür olmuş uzun bununun iti ucu
burğuya oxşayırdı, dodaqları isə Rembrandt və Metsanın
rəsmlərindəki kimyagərlər və köhnə qocalarınkı kimi napnazik idi.
Bu insan çox sakit, yumşaq danışırdı, heç vaxt hirslənməzdi. Yaşı
əsl tampaca idi "…" Bu, hər gün qurulan hansısa avtomat-insan idi.
Əgər kağızın üstü ilə sürüşən məryəmqurduna toxunsaq, o, anidən
dayanacaq və donub qalacaq; bax, bu insan da eynən söhbət edərkən
qəfildən susar, pəncərə altından keçən fayton və ya arabanın
səs-küyü yatanadək gözləyərdi, çünki səsini qaldırmaq istəməzdi. O,
Fontenellini örnək alaraq, özündə bütün insani hissləri boğaraq
həyat enerjisini qoruyub saxlayıb. Qədimi qum saatındakı qum necə
səssizcə axıb tökülürdüsə, onun həyatı da eləcə sakitcə keçmişdi.
Hərdən onun qurbanları hiddətlənib qəzəblə qışqırırlar, sonra
qəfildən ölü sukutu çökür, sanki mətbəxdə ördək kəsirlər.
Bir qəhrəmanın xarakteristikası üçün bir neçə ştrix. Balzakda
isə belə qəhrəmanlar minlərlə idi – hər bir romanda onlarla belə
obrazlar var idi. O, gecə-gündüz yazırdı. Amma yenə də
düşündüklərinin hamısını yarada bilmədi. "Bəşəri komediya"
tamamlanmamış qalır. O, müəllifin özünü də yandırıb-yaxır. Cəmi 144
əsər planlaşdırılmışdı, heç 91-i yazılmadı.
Əgər belə bir sual verilsə ki, XIX əsrdə Qərbi Avropada ən
böyük, qüdrətli və əlçatmaz şəxsiyyət kim idi, cavab tapmaq çətin
olmaz! Bu - Balzakdır!
Zolya "Bəşəri komediya"nı "Vavilon qülləsi" ilə müqayisə edirdi.
Müqayisə tamamilə məntiqlidir: və əslində, Balzakın siklopik
(nəhəng, çox böyük - tərc.) yaradıcılığında nə isə əzəli-xaotik və
bütün hüdudlar dışında nəhəng bir şey var.
Yalnız bir fərq var: Vavilon qülləsi dağılıb alt-üst oldu,
fransız dahisinin əli ilə ucaldılmış "Bəşəri komediya"isə əbədi
qalacaq.