"Hazırlıq kursu"
layihəsində
Səsli nitqin "anlaşılması" və mənimsənilməsi – körpənin
danışmağa başladığı yaş dövrünün ən mühüm məqamlarındandır. Bu
zaman körpə gərək səs ahənginə qarşı həssas olsun və qafiyəyə
reaksiya versin. Çünki məhz ahəngin və qafiyənin vasitəsilə bu və
ya digər səslər daha dəqiq və daha ifadəli təzahür edir. Ritm və
qafiyə uşağın diqqətini cəlb edir. Məhz buna görə də valideynlərin
heç bir şübhəsi olmasın ki, körpənin kitaba doğru gedən yolu kiçik
şeir parçalarından keçməlidir.
Lakin körpə böyüdükcə şeirin həyatındakı rolu getdikcə azalır.
Bəzən bu söz sənəti parçasının tamamilə arxa plana keçməsi
"ideoloji" xarakter daşıyır və hətta şeir şəklindəki nağıllara da
sirayət edir.
Bir ata fəxrlə deyirdi ki, onun dörd yaşlı ağıllı qızı "daha
şirin nağıllara qulaq asmır, o, artıq qalın-qalın kitabları
dinləməyi sevir". Bəzən isə şeirə marağın sönməsinin arxasında heç
bir ideologiya dayanmır – sadəcə, böyüklərin özləri üçün
"qalın-qalın kitabları" oxumaq hansısa nağıl-povesti oxumaqdan daha
maraqlı olur. Hətta əgər uşaq eyni bir kitabı bir neçə dəfə oxumağı
xahiş edirsə, uzun əhvalatlar böyükləri heç o qədər təngə gətirmir,
nəinki şeirlə yazılmış kiçik hekayə və nağıllar.
Ancaq uşağın – hətta o, bir qədər böyümüş olsa belə və artıq
uzun nağıl-povestləri dinləməyi sevsə də - şeir eşitməsi çox
vacibdir. Bu məsələnin gözəllik tərəfindən daha çox əməli və
faydalı yönlərinə əhəmiyyət vermək lazımdır, çünki şeir
məktəbəqədər yaşlı uşağı müstəqil oxumağa hazırlayır.
Ötən əsrin 60-cı illərində Sovet psixoloqları belə bir nəticəyə
gəlmişdilər ki, oxumağı bacarmağın əsasında hərfləri tanımaq deyil,
fonematik duyum qabiliyyətinin inkişafı, başqa sözlə, sözlərdə
səsləri (və ya daha dəqiqi, fonemləri) ayırd etmək və fərqləndirmək
bacarığı dayanır.
Fonem – ümumiləşmiş səsdir. Ayrı-ayrı adamların müxtəlif
tələffüz fərdiliyi olur. Lakin bütün bu rəngarənglik içərisində
hansısa ümumi bir ortama gəlmək olur və bu da körpəyə "daş" sözü
ilə "diş" sözünün fərqini duymağa kömək edir. Səslər fərdi xarakter
kəsb etdiyindən onların səslənmə rəngarəngliyi də çox genişdir.
Fonem isə dildə məhdud saydadır. Onlar hamısı "bir-bir sayılıb" və
Mendeleyev cədvəlinin elementləri kimi hər birinin öz adı var.
Bu, öz növbəsində savad öyrənməyə dair təsəvvürlərdə inqilab
idi. Daha əvvəllər uşaqlar "hərfdən səsə" metodundan istifadə
edərək oxumağı öyrənirdilər: uşağa əvvəl hərfi göstərirdilər, sonra
həmin hərfin necə oxunduğunu deyirdilər, daha sonra isə hərfləri
birləşdirməyi öyrədirdilər. Uşaqlar da əvvəl hecalarla oxuyur,
yalnız sonra hecalara bölünməyən sözlərə keçirdilər. Hərfləri
birləşdirmək – bu, uşaqların qarşısına çıxan ilk çətinlik idi və bu
addım hazırda da çətin olaraq qalmaqdadır. Hecalara baxıb bütöv
sözü görmək isə - növbəti bir çətin addım...
Və qəfildən aydın olur ki, hərflərin ardıcıl düzülməsindən
ibarət olan bu təhsil üsulu oxu prosesinin fiziologiyasına
ziddir.
Oxu zamanı göz və nitq aparatının hərəkətini təsbit edən
eksperimentlər göstərdi ki, biz, əvvəldən hesab edildiyi kimi,
hərflərdən hərflərə doğru hərəkət edərək deyil, tamam başqa cür
oxuyuruq. Oxu zamanı gözlərimiz "ötüb keçərək" hərəkət edir: o,
sait səsi ifadə edən hərfi axtarır, sonra geriyə, samit səsi işarə
edən hərfə qayıdır. Və səs əlaqələri əvvəlcədən, hələ tələffüz
edilənədək sait səslər üzərində "köklənir". Yalnız bundan sonra
beynimiz heca və ya sözü necə oxumaq haqqında qərar "çıxarır".
Bu zaman hərfin adı ilə verdiyi səs arasındakı fərq çətinlik
yaradır. Məsələn, R – hərfin adı ER, verdiyi səs RI.
Ona görə də uşaq əvvəlcə səsləri sözün tərkibində eşitməli,
onları ayırd etməli və fərqləndirməlidir. Eksperimentlərin
gedişində psixoloqlar aydınlaşdırıblar ki, əgər uşaqlara əvvəlcə
səsləri fərqləndiməyi ayırd etməyi öyrətsələr, onlar oxumağı daha
tez mənimsəyələr.
Bu, piramida ilə tapşırığa bənzəyir. Uşaq piramidaları toplamağı
öyrənməzdən əvvəl halqaları millərdən çıxarmağı öyrənməlidir.
Eynilə də əvvəlcə səslənən sözü səslərə ayırmağı, sonra isə
yazılmış hərfləri bütöv sözdə "toplamağı", həflərlə ifadə edilmiş
səsləri sözdə birləşdirməyi öyrənməlidir.
Başqa sözlə desək, oxumağa yiyələnməkdəki inqilab ondan ibarət
idi ki, "hərfdən səsə" prinsipi "səsdən hərfə" prinsipi ilə əvəz
olundu. Aydın oldu ki, hərflərlə tanışlığa keçməzdən əvvəl bütün
mümkün üsullarla uşaqlarda fonematik duyum qabiliyyətini inkişaf
etdirmək lazımdır.
Elə uşaqlar var ki, özləri çox erkən oxumağı öyrənirlər. Bu,
necə baş verir, heç kim bilmir. Bəlkə də ilahidən musiqi duyumu
olan insanlar kimi belə uşaqların da anadangəlmə fonematik duyum
qabiliyyətləri olur. Bəlkə şairlər də məhz elə həmin uşaqlar
arsından çıxırlar.
Ancaq bunlar istisnalardır. Adətən uşaqları valideynləri
öyrədirlər. Onlar isə, bir qayda olaraq hərflərə meyil edirlər.
Əlbəttə, bunun bir izahı var: hərf – "predmetdir", həm də maddidir.
Və sanki hərf barədə necə davranmaq lazım gəldiyi aydındır: şəkildə
onlara baxmaq, mətndə axtarmaq, şəklini çəkmək və nəhayət, yapmaq.
Umumin rəyincə, uşaq hərfləri nə qədər tez tanıyarsa, oxumağı da
bir o qədər tez öyrənər. Bəzən doğrudan da belə olur. Lakin üç
yaşınadək bütün hərfləri tanıyan uşaqlar əksər hallarda oxumağı
öyrənməkdə çətinlik çəkirlər.
Ən əsası isə buna görə ovqatı təlx etməyə, həvəsdən düşməyə,
"hamı belə edir", - deyib uşağı hərflər üzərində baş sındırmağa
vadar etməyə gərək yoxdur.
Ən yaxşı və əlverişli üsul fonematik duyumu, piramidalar
prinsipini xatırlyıb fasiləsiz olaraq hər gün uşağa şeir oxumağa
başlamaqdır.
Axı seir- səslərin qarşılıqlı ahəngidir. Bu, dilin elə
formasıdır ki, çox vaxt məzmun mükəmməl bir səs oyunundan ibarət
olur. Hətta, deyərdim ki, bu, uşaqlarda çox vaxt bayram
əhavali-ruhiyyəsi, şən ovqat yaradır! Hələ sual və nida işarələrilə
verilən intonasiyalara bir fikir verin!
Şeiri mənimsəmə qabiliyyəti nitqi tamam başqa, yeni şəkildə
eşitmək, diqqəti onun səs yönünə cəmləmək qabiliyyətini inkişaf
etdirir. Əgər siz şeiri "bir kənara qoymasaz", onu uşaqla birgə
"böyütsəz", yəni onu tədricən forma və məzmunca mürəkkəbləşdirməyə
doğru istiqamətlənsəz övladınızın fonematik duyum qabiliyyətini
inkişaf etdirmiş olarsınız.
Və gözəl günlərin birində övladınız sizdən soruşsa ki, bu, hansı
hərfdir, necə oxunur, deməli, o, sözlərdə səsləri fərqləndirməyə və
ayırmağa başlayıb. Bəlkə sizdən artıq heç nə tələb olunmur, ancaq
yaxşı olar ki, körpəyə şeirli əlifbadan parçalar oxuyasınız.
Yeri gəlmişkən, qeyd edək ki, vaxtilə belə kitablar az tapılsa
da, hazırda onların çeşidləri kifayət qədərdir. Və əziz
valideynlər, hərflərə həsr edilmiş şeir parçalarını oxuduqca bu
dəfə uşaq poeziyası şəklində yardımınıza yetən incəsənətin
həqiqətən də böyük qüdrətə malik olduğunun bir daha şahidi
olacaqsınız.