"Cəbhə xətti"
"Cəbhə xətti" layhəsinin bugünkü qonağı Tahir Oruc oğlu
Bayramovdur.
7 yanvar 1960-cı ildə Ağdam rayonunda anadan olub. 1979-1981-ci
illərdə Sovet ordusu sıralarında hərbi xidmət keçib. Ehtiyatda olan
gizirdir.
Öz şəkillərimizi 1000 manata aldıq
- Ermənilər 1988-ci ildə daha da quduzlaşmağa başladılar.
Əlbəttə, belə məqamda biz də öz torpaqlarımızı müdafiə etməliydik.
Amma ordumuz, silah-sursatımız yox idi. Yaxşı ki, o vaxt AXC
yarandı. Hamı o təşkilata üzv olurdu. Bu təşkilat könüllüləri
toplayıb torpağımızın müdafiəsi üçün yox yerdən nə isə edirdi. Mən
də çoxları kimi AXC-yə üzv oldum. Düşündük ki, erməni kimdir axı,
biz onlara boyun əyək? Başladıq bütün rayonlardan gələn
könüllülələri qəbul edib, cəbhə boyu sərhədlərə yerləşdirməyə. Sağ
olsun AXC-ni, bu işdə əlindən gələn yardımı bizə edirdi. Onsuz da
başqa güman yerimiz yox idi. Hadisələrin ilk günlərindən Əsgərandan
Ermənistana bir yürüş başlamışdı. Bu yürüşə Yevlax, Gəncə, Bərdə,
Ağcəbədi və digər rayonlardan minlərlə qatılan var idi. Amma polis
zor güçünə qarşımızı aldı. Elə ilk şəhidimizi də o gün verdik.
Rəhmətlik Əli və Bəxtiyar şəhid oldu. Tam subut olmadığı üçün deyə
bilmirəm ki, onları ermənilər, yoxsa öz tərəfimizdən olan
polislərimiz vurdu. Bir söz deyim sizə, elə bir gün gəldi ki, bu
yürüşdə iştirak edənlərin şəkillərini bizə Ağdam polisində 500-1000
manata özümüzə satmaq istədilər. Orda bizim iki şəhid qardaşımızın,
elə bizim hamımızın şəklini polislər çəkmişdi. Xalqın şəkillərin
xalqa pulla satırdılar. Bizə isə tanışlıqla 500 manata təklif
etdilər.
Xocalıya hücum edəcəkdik, bizi satdılar…
Bir müddət sonra ermənilər açıq döyüşə başladı. Artıq bizdə də
özünümüdafiə batayonları yaranırdı.
Bizim ilk döyüşümüz 31 dekabir 1991-ci ildə oldu Əsgəran
tərəfdən oldu. Həmən gün kiçik qardaşım başından yaralandı, güllə
alnından girib qulağından çıxdı. Bu döyüşdə dayım Şahbaz İbrahimov
da iştirak edirdi. O, karate üzrə cempion idi. Qardaşım ağır
yaralandığı üçün onu Bakıya apardıq, əməliyyat olundu.
O vaxtlar artıq Xocalı hadisələri üçün ermənilər hazırlıq
görürdü. 1992-ci ildə Xocalı hadisəsi baş verdi. Şəhidləri,
yaralıları Ağdam məscidinə daşıdıq. Başsız, qolsuz, burunsuz,
qulaqsız meyitləri daşımaq faciə idi. Mənim Xocalıdan olan
əsgərlərə acığım tuturdu…
Biz Xocalılara faciədən əvvəl heç cürə kömək edə bilmədik. Ora
ancaq vertolyotlarla silah-sursat atırdıq. Sonradan Xocalıya hücuma
hazırlaşdıq, amma satqınçılıq oldu: bizim öz postumuzda öz
maşınımız minaya düşdü, yaralananlar, şəhidlər oldu. Kəsəsi, bu
hücum da baş tutmadı.
Sonralar bizim də uğurlu əməliyyatlarımız oldu. Bir tərəfdən
rəhmətlik Allahverdi Bağırovun, digər tərəfdən də rəhmətlik Şirin
Mirzəyevin təşkilatçılığı və komandanlığı ilə hücuma keçdik.
Naxçivanik istiqamətində 6 kəndi iki saata xilas etdik. Təəssüf ki,
Allahverdi Bağırov həmin döyüşdə minaya düşərək şəhid oldu. Amma
bizim orda səhvimiz də oldu. Biz ermənilərin yerləşdiyi Pir
yüksəkliyini almalıydıq. Ancaq əsgərlərin başı pozuldu, ala
bilmədik…
…Bir dəfə taxıllıqla gəlirdik. Gördük taxıllıqda iki "Zil" maşın
var, içi də silah-sürsatla dolu. Əvvəlcə çaşıb qaldıq, bu kimindir
– bizim, yoxsa ermənilərn? Nə isə, maşınları apardıq. Sonralar
bütün döyüşlərdə bu silahlar karımıza gəldi.
Bir dəfə də mənim şəhid olan qardaşımla dayım erməni tankını ələ
keçirmişdi. Rəhmətlik Çingiz Mustafayev həmin hadisəni çəkirdi. O
kadrlarda biz də varıq.
Bizi erməni bildi, özünü partlatdı
Bir dəhşətli hadisəni isə heç cür unuda bilmirəm. Bizim uşaqları
mühasirəyə salıb qırmışdılar. Onları xilas etməyə gedirdik, bir
balakənli yaralı əsgər bizi erməni zənn edib, əsir düşməmək üçün
özünü qumbara ilə partlatdı. O, bizim ən çox sevdiyimiz
əsgərlərimizdən idi.
…Barat Quliyev adlı zabitimiz vardı. Sovet ordusunda xidmət
etmiş çox təcrübəli zabit idi. Atışma zamanı onun bir dəfə də olsun
başını əydiyini görmədim. O yaralanmışdı, amma hospitalda qalmadı,
elə belə yarasını sarıtdırdı, qayıtdı döyüş bölgəsinə. Mən özüm də
minaya düşmüşəm, amma bizdə hospitala getmək ayıb sayılırdı. Çünki
başı, qolu olmayanı görəndə adam özünə ayıb sayır ki, özünə yaralı
desin. Sonradan özümüz artilleriya batalyonu yaratdıq.
Qızlarım işləyir, köməkləşib yaşayırıq…
…Bir dəfə durmuşuq baxdıq ki, bir zırpı əlində silah üstümüzə
gəlir. Bizdə bilmirik bu ermənidi, yoxsa bizimki? Bu yaxınlaşdı,
elə bil şokda idi. Uşaqlardan ikisini yolladım, onunla üz-üzə
gəldilər. Amma bunun tükü də tərpənmirdi. Anidən bizim uşaqlar
bunun üstünə atıldı. Bu şokdan ayıldı, iki əsgər bunla bacarmırdı.
Başından avtomatın qundağı ilə vurub, gətirdilər. Amma onun
üstündəki qumbaranı götürməmişdilər deyə, yolda bu əclaf maşının
banında az qalmışdı bizi partlatsın.
Atəşkəsdən sonra tərxis olduq. Mən ailəmlə birlikdə Rusiyaya
getdim, orada uzun müddət yaşadım. Sonra vətənə döndüm. İndi
hökumətdən təqaüd alıram. Qızlarım işləyir, köməkləşib
yaşayırıq.