Abgül Qubanın Alpan
kəndindən idi. Cəza Çəkmə Müəssisəsində dəlləklik edib həm özü
dolanır, həm də kəndə - qoca və xəstə anasına pul göndərirdi.
Sözsüz ki, türmə rəhbərliyinin aylıq xərcini də ödəyirdi. Dediyinə
görə, bütün dilək-dəsgahını özü almışdı.
Abgül özünün ikinci dustaqlıq həyatını yaşayırdı. Onunla söhbət
edəndə heç cür ağlına gətirə bilmirdin ki, bu adam cinayət törədə
bilər. Sakit, qalmaqaldan uzaq bir adam idi. Heç kəslə işi olmaz,
yersiz zarafat etməzdi. Amma fakt fakt olaraq qalırdı. O, hər iki
dustaqlıq həyatına eyni əməlinə - adam bıçaqladığına görə
məsuliyyətə cəlb edilmişdi. Bütün bunları sonralar biləcəkdim.
Onunla münasibətlərimiz təsadüfdən yarandı. Saçımı
vurduracaqdım. Dəlləkxanada bir neçə dustaq da vardı. Hündürdən
danışıb, qeybət edib növbələrini gözləyirdi. Xoşagəlməz bir
vəziyyət yaranmışdı. Siqaret tüstüsündən adamın gözü sulanırdı, elə
bil dumana düşmüşdük. Narahat olduğumu Abgül hiss etdi. O, növbə
gözləyən dustaqlara tərəf dönüb:
- Gözləməyin, şairin saçını düzəldib, yeməyə gedirəm, sonra
gələrsiz, - dedi.
Otaq boşalandan sonra isə yavaşca:
- Şair, ehtiyatlı ol, "sançastda" "şmon" olacaq. Əsas da sizin
otaqda.
- Nəyimiz var ki, ehtiyatlı da olaq?
- Baxma, yenə də ehtiyat igidin yaraşığıdır. Yoxdur, qoyarlar.
Bıçaq, lüt qadın şəkilləri, telefon və sair. Sən bunları bilmirsən,
pula görə "koyka"ndan tank da tapa bilərlər, - dedi.
Otaq yoldaşım Aqilə Abgülün dediklərini dedim. O da mən
deyənləri dedi:
- Bizim nəyimiz var ki, narkoman deyilik, qumar oynamırıq.
Yoxlasınlar da...
Hər ehtimala qarşı otağa nəzər saldıq. İşlətdiyimiz mobil
telefonu harada gizlədəcəyimizi düşündük. Ağlımıza etibarlı bir yer
gətirə bilmədik.
- Bir yer taparıq, hələ sabaha var, -
dedim.
Ertəsi gün yoxlanışından sonra səhər yeməyinə oturduğumuz zaman
doğurdan da bizim otağımıza "basqın" oldu. Ayaq səslərini eşidən
kimi telefonu stolun üstündəki kərpic çörəyin arxasını kəsib orada
yerləşdirdim. İki zabit və nəzarətçilər içəri daxil olanda mən
artıq çörəyi dilimləyirdim. "Qəfil qonaqları" yeməyə dəvət etdik.
Təşəkkür edib, otağımızda yoxlanış olacağını dedilər. Ayağa durduq,
səhər yeməyimiz və telefonumuzun "gizləndiyi" çörək stolun üstündə
qaldı. Stola heç yaxın da durmadılar. Döşəyin içinə qədər
yoxladılar. Heç nə tapılmadıqda isə, nəzarətçilərdən biri rejimin
rəisi olan mayor rütbəli zabitə dedi:
- Eldar müəllim, mən dedim axı, bunlarda elə şey olmaz. Hər gün
telefon otağının qarşısında növbə tutub danışırlar. Telefonları
olsa, niyə danışardılar ki?..
Zabit əsəbi:
- İlişəcəklər, telefonlarından mənim nömrəmə zəng də edilib. -
Sonra da cibindən kiçik bir vərəq çıxardı, bizim işlətdiyimiz
nömrəni dedi. Əlbəttə ki, biz buna çox təəccüb etdik:
- Nə danışırsız, kimsə sizinlə zarafat edib. Bizim
telefonumuz yoxdur, bu nömrə də tanış deyil.
Aqil isə daha dərinə getdi:
- Cənab mayor, deyəsən sizi dolayıblar...
- Görək kim kimi dolayır, - bu da zabitlərdən birinin əsəbi
sözləri idi...
Bizim telefon saxlamağımızın üzə çıxmasında "Bazarkom" ayamalı
dustaqdan, Talehdən şübhələndik. Amma ona bu haqda heç nə
demədik.
Bu hadisədən sonra Abgüllə münasibətlərimiz yaxşılaşdı. Onu
yaxından tanıdıq. O, kasıb idi. Amma sözü olan biri idi. Hörməti də
vardı. Bəzi dustaqlar da vardı ki, ona yuxarıdan baxar, ardınca
"mastavik" deyib ikrah edərdi. Amma elə həmin dustaqların Abgülə
kifayət qədər borcları olardı. Başlarını "qırxdırıb pulunu sonra
verərik", - deyənlər ehtiyacları olanda ona ağız açmaqdan belə
çəkinmirdi. Amma borclarını nə qədər ləngitsələr də, heç biri ona
ata bilmirdi. O, kimsəyə haqqını yedirdən deyildi.
- Şair, mən ayda 80 "şirvan" haqq verirəm e... Bunlar o borcu
verməyəndə necə edərəm? Özü də hələ bilmirlər ki, bura "zon"dur.
Burada söz ağızdan çıxır.
Ona həqarət edənlər də vardı.
- Nədir, alə, giribsən quşxanaya, poqonun sözü ilə uşaqların
başını qırxırsan, - deyənlər də az deyildi.
- Zato, poqonu görəndə quyruğumu qıçlarımın arasına sıxıb
küçüklənib, satqınlıq, işverənlik etmirəm.
Bu, Abgülün gün ərzində az qala 4-5 dəfə işlətdiyi sözlər
idi.
Bir dəfə də ona yuxarıdan baxan dustağın başını qırxanda
qulaqlarını dəlləkxanada olan dustaqların gözünün qarşısında
salmışdı qayçının ağzına:
- Küçük qulağı kimi kəsərəm sənin qulağını, üzr istə. De ki p...
yemişəm ənkə böyüyümün ağzı ilə...
Dustaq yuxarıdan getmək istəyəndə onun qulağının sırğalığını bir
balaca kəsmişdi də. Sol əlindəki bıçağı isə dirəmişdi boğazına:
- Çərtərəm xılxını, gedərəm "raskrutkaya", de ki, p..
yemişəm.
İşin ciddiliyini görən, "aralıq uşağı" olan dustaq sözünü geri
götürmüşdü, üzr istəmişdi. Bu xəbər nəzarətçilərə çatanda artıq hər
şey yoluna qoyulmuşdu. Dustağın isə qulağının ucunun kəsilməsi
"təsadüfdən" olmuşdu:
- Günah məndə oldu, başımı qəfil döndərdim və qayçı qulağımın
ucunu tutdu.
Nəzarətçilər Abgülün ehtiyatsız olmasına görə 2 şirvan qabağa
düşdü və qulağı kəsiyə xeyli zarafat etdilər.
Abgül arada bizim yanımıza da gələrdi:
- Mən kasıb oğlanam. Qoca anam var. Yanıma gələnim yoxdur.
İşləyirəm, evi də dolandıram, özüm heç kəsə əl açmıram, - deyirdi
Abgül.
Abgülün həbsi də maraqlı olmuşdu. Rayonlarında kifayət qədər
varlı və kəsdiyi başa sorğu-sual olmayan biri məclislərin birində
ona sataşıb. Bu da qısaca deyib ki, bəlkə sözünü geri götürəsən:
"Mən səndən nə qədər kasıbamsa, bir o qədər də namuslu və
sözübütövəm". Mübahisə düşüb, adam arıq, çəlimsiz Abgülə yumruq
atıb. Ətrafdakı adamlar da ona yardımçı olub.
- Daha mən nə etməliydim? Götürdüm bıçağı hər birinin yumşaq
yerinə birini vurdum. Dedim, mənimlə təkbətək danışmağa dalınız
çatmadı, bir deşik də mən açdım, ki g...üz olsun təkbətək
danışmağa. Kişilik etdilər, məhkəmədə günahlarını boyunlarına
aldılar. Amma bununla belə, 6 il iş verdilər mənə.
Birinci dəfə də onu adam bıçaqladığına görə tutmuşdular.
- Kafedə çörək yeyirdim. Bir dəstə cavan girdi içəri. Elə mən
yaşda olardılar. Dedilər, bu stoldan tez dur, biz həmişə burada
otururuq. Dedim gözləyin, çörəyimi yeyim. Gözləmədilər. Mən də
durmadım. Söyüş söydülər, əl-qol atdılar. Durdum ayağa stolun
üstündən bıçağı götürüb ikisinin də yumşaq yerinə vurdum. O birilər
qaçdı. Mən də getdim iş-gücümün dalıyca. Axşamüstü apardılar
polisə. Gördüm, vurulan uşaqların valideynləri də ordadır. Dedilər,
günah bizim uşaqlardadır. Bir az da kömək etdilər. 4 il iş aldım. 2
ildən sonra çıxdım. Bu dəfə isə çölə çıxan kimi ailə quracam, daha
bəsdir.
Abgül təxminən 6 ay sonra azadlığa çıxdı. Onun azadlığa
çıxmasında Aqillə mənim də köməyim oldu. Cəza növünün dəyişilməsi
üçün lazım olan vəsaitin müəyyən hissəsini bizdən borc olaraq
götürdü. Elə rəislə də biz danışdıq.
- Sizdən başqa mənim heç kəsim yoxdur, rəislə danışın, "yetim
uşaqdır, xəstə anası var" deyin, xəcalətli qalmaram, - demişdi
Abgül.
Onun toyunda da iştirak etdik. Gəlini mənim maşınımda gətirdik.
Haqqımızda hər kəsə ayrıca xoş sözlər deyirdi.
Bu yaxınlarda mənə zəng etdi. Hal-əhval tutduqdan sonra, pis
olduğunu dedi:
- Bir nəfər vardı, söz atdı mənə, söyüş söydü, özümü saxlaya
bilmədim, yıxdım yerə, yumşaq yerinə 2 bıçaq vurdum. İşim
polisdədir. Vurduğum adamın atası, qohumları xahiş edib ki, məni
tutmasınlar, günah özününkündə olub. İndi məni zaminə buraxıblar.
Görüm, neynirəm...
Abgül azadlığa çıxdıqdan sonra buna qədər də ağır bir cinayətə
görə müvəqqəti saxlanmışdı. Başına müsibətlər gəlmişdi, faciə ilə
üzləşmişdi. Hələ Aqillə mənim də ifadəmi almışdılar... Elə bir işə
düşmüşdü ki, ən kəskin süjetli detektiv filmlərdə belə elə
hadisələr, qurğular az-az olur. Bu haqda yazının davamında
oxuyacaqsınız...