"Cəbhə xətti" layhəmizin bugünkü qonağı Fəzail İsmayıl oğlu
Qasımovdur. 1964-cü ildə Bakıda dünyaya gəlib. 1983-1985-ci illərdə
Sovet ordusunda xidmət edib. 1992-ci ilin mart ayında könüllü
olaraq Birinci Qarabağ döyüşlərinə qatılıb. Ailəlidir. Heç bir
yerdə işləmir.
Orda bir kənd vardı...
- Fəzail bəy, ilk döyüşünüz hansı istiqamətdə olub?
Xatirələrinizi bizimlə paylaşarsınızmı?
- İlk döyüşümüz çox dəhşətli olub. İndi də xatırlayanda tüklərim
biz-biz olur. Bu döyüşə plansız girmişdik. Qabaqda bizim kəndlər
görünürdü. Biz sadəcə postlar qurub kəndləri izləyirdik. Kəndlər
yanırdı. Orda Şirland adlı bir kənd vardı. Gedib ordakı bir fermada
özümüzə mövqe tutduq. Bu yerdən İsa bulağı da görünürdü. Bu
mövqeyimiz dağlıq idi. Dağın hər iki tərəfində OMON-un uşaqları
idi, biz ortada idik. Daha əvvəl orada atışma olmuşdu OMON-dan 30
nəfər mühasirəyə düşmüşdü. Kəsəsi, ilk döyüşümüz bu yerdə oldu.
Erməni snayperi Jannanın "Niva"sı
Gecə idi. Durbinlə baxıb gördüm ki, canlı texnika gəlir.
Ermənilər bizə hücuma hazırlaşırdılar. O vaxt da erməni tərəfdən bu
hücumda kobra adlandırdıqları adamyeyənə bənzəyən muzdlular iştirak
edirdi. Hamıya xəbər etdim ki, erməni güclü texnika ilə üstümüzə
gəlir. Hətta ermənilərin snayperi Jannanın "Niva"sını gördüyümü də
dedim, heç kim mənə əhəmiyyət vermədi. Səhər oldu. Hamı posta
çıxdı. Bizdə Ceyhun adlı ağdamlı bir oğlan vardı. Dağın başına
çıxıb birdən həyəcanla dedi: "Kobralar gəlir". Elə bunu demişdi ki,
erməni minamyot atəşinə başladı. Elşəni minamyot tutdu, tikə-tikə
elədi... bağırsaqları, damarları görünürdü... İlahi, bu, dəhşətli
səhnə idi. Biz arxadan kömək isdədik. İnanın, elə atəşə tutmuşdular
ki, heç nə görə bilmirdik. Sanki başımıza yağış yağırdı. Dediyim bu
Ceyhun da ağır yaralandı, sonra da yoxa çıxdı. Yanımda Pənah vardı,
o da yaralandı. Sonra erməni sakitləşib, yenidən atmağa başladı. 4
yaralımız, bir şəhidimiz oldu. 24 nəfər idik.
24 nəfərdən bir-iki nəfər qalmışdı
Şuşa şəhərində ikimərtəbəli evlər vardı. Ora yerləşib yaralılar
üçün xəstəxana kimi bir şey də düzəltdik. Bizə xəbər gəldi ki,
əməliyyat var, ora getməliyik. Mən bir döyüşçü dostumla kəndləri
gəzməyə getdim. Qayıdanda gördük ki, 24 nəfərdən bir-iki nəfər
qalıb. Soruşduq "bəs, uşaqlar hanı?" Dedilər ki, bir "Ural" maşını
gəlib onları əməliyyata apardı. Elə olub ki, bunlar gediblər
getməsinə, amma erməni bunlara imkan verməyib maşından düşsünlər.
Mühasirəyə salıb, məhv ediblər. Bizim kəşfiyyat bölüyü həmin
uşaqların dalınca getdi. Xəbər gəldi ki, döyüşçümüzün birini
snayperlə düz alnından vurublar. Qalanları da vurulub və yoxa
çıxıblar. Cəmi 4 nəfəri gətirdilər, palçığın içindəydilər.
Gül yox, bəzəkli güllə
Bir dəfə də belə oldu. Şuşanın Qala təpəsindəyik. Komandirimiz
yaralanıb, uşaqların çoxunu qırıblar, biz də yetim kimi ortalıqda
qalmışıq. Bir yer tapıb yerləşdik. Rəhmətlik Rövşən Cavadov da ora
gəldi. Bizə bəzi silahlardan verdilər. Ordan da Laçına gəldik,
yanımızda Rövşən Cavadov, Çingiz Mustafayev. May ayının 15-i idi.
Gözləyirdik ki, erməni gəlsin, qıraq. Qarşıda da rəhmətlik Salatın
Əskərovanın şəhid olduğu körpü vardı. Bu körpünü partlatmışıq ki,
onların texnikası gəlsə, keçə bilməsin, piyada gəlsinlər. Gecə
oldu, qalxdıq posta. Vahid adlı döyüşçü dostumuzla söhbət edəndə
səs, rusca söyüşlər eşitdim. Vahiddən soruşdum, dedi eşitməyib. Nə
başınızı ağrıdım, saat 6 oldu, postu dəyşmək vaxtı idi və bizi əvəz
edəcək əsgərlərdən bir xəbər gəlmədi. Uşaqlara deyib, aşağı düşdüm
ki, görüm niyə gəlmirlər. Yanımdakıların hamısı şəhər uşaqlarıydı -
nə dağa qalxa bilirlər, nə haranısa tanıyırlar. Kəsəsi, aşağı düşüb
gördüm ki, uşaqlar topa şəklində qayanın dibindədilər. Səsləndim,
heç kim cavab vermədi. Qışqırdım ki, axı posta qalxmalısınız,
qorxumdan yanlarına da gedə bilmirəm ki, bəlkə bunları öldürüb
altlarına da qumbara qoyublar. Yaxınlaşsam partlayar, mən də məhv
olaram. Bu əsnada biri səsini çıxardı. Mən bir az özümə gəldim. Tez
hamı qalxıb silahını aldı ki, posta qalxsın. Elə təzəcə
tərpənmişdik ki, inanın, bir atəş başladı... bunu sözlə demək
mümkün deyil. Bombalar dağa-dəryə dəyir, torpaq başımıza tökülür.
Bir yekə daş vardı, 80 nəfər o daşın arxasında gizləndik. Silahımı
götürdüm, bunlara dedim ki, siz yavaş-yavaş çıxın, mən sizi
qoruyacam. Düşündüm ki, erməniyə atım, fikirlərin yayındırım,
bunlar da çıxsınlar. Başımı qaldıra da bilmirəm, hara gəldi atıram.
Uşaqlar ordan çıxdılar yaralananlar da oldu. Hava dumanlı idi.
Yuxarı çıxan uşaqlar üstdən atır, mən aşağıdan. Mühasirədə olan
uşaqlardan bəziləri erməniyə əsir düşməsinlər dəyə, özlərini
partlatdılar. Qalanları da yaralanıb qaldılar orda, çıxara
bilmədik. Bir təhər sürünüb çıxdım ordan. Bir mingəçevirli uşaq da
var idi. Silahı yanında, qorxusundan yerə uzanmışdı. Nə qədər
deyirəm qalx, qalxmır, qorxur. Yanımızdakı uşaqlardan birinin də
eynəyi itmişdi deyə, heç yeri görmürdü. Girinc qalmışdım. Nəhayət,
bunları da bir təhər özümlə gətirdim Güləbird kəndinə.
Arif adlı bir komandirə dedim ki, orda özünü partladanlar,
yaralananlar var, gedək onları çıxaraq. İnanın, özüm suyun
içindəydim, çünki mühasirədən çıxanda məcbur çayın içindən
keçmişdik. Bu komandir mənə dedi ki, sən titrəyirsən, əvvəlcə get
əsgərlərlə yemək ye, üstünü qurut, sonra gedərik. Əsgərlərin yanına
gəlib gördüm ki, burda polis dəstəsi də var. Baş verənləri onlara
da dedim. Mənlə razılaşdılar, qayıtdıq atışma olan yerə. Amma yolda
başqa batalyonun uşaqları bizi ora getməyə qoymadılar. Dedilər ki,
erməni artıq oraları tamamən alıb, getsəniz sizi qıracaqlar. Gedə
bilmədik. Polislərdən ayrılıb yenidən Şuşada olan batalyona
qayıtmaq istədim, amma mən pis gündəydim deyə, dedilər silahını
təhvil ver, get müalicə al, sonra qayıdarsan. Getmək istəmədim.
Dedim ki, "filənkəs qaçıb getdi" deyəcəklər. Bizimlə çiyin-çiyinə
döyüşən uşaqlardan biri dedi ki, getməsən, meningit olub öləcəm.
Silahımı təhvil verdim. Amma gedə bilmirdim evə, çünki yanımızda
qadın döyüşçülər vardı. Onlar kişi kimi döyüşürdülər. Adam bəzən
utanırdı belə şeyləri görəndə. Onlardan Sevda, Növrəstə, Vəhşi
Mərziyə, Nərminə yadımda qalanlardır. Onlar ən ağır döyüşlərdə
bizim yaralıları daşıyırdılar. Biz bayramlarda onlara gül yox,
bəzəkli güllə hədiyyə edirdik.
Yerlini tapıb itirmək
Vahid adında biri vardı. O, Şuşada radist olmuşdu. "Vasmoy"
uşağı idi. Çox yaxşı oğlan idi. Bir dəfə gecə növbəsinə ikimiz
düşdük. Söhbət əsnasında öyrəndim ki, o, uşaqlığımı keçirdiyim
Yardımlı rayonunun Üləs kəndindəndir. Vahidlə bir kənddə böyüdüyümü
öyrənəndən bir neçə saat sonra onu itirdim. Biz onu da, o biri
şəhidləri, yaralıları da çıxara bilmədik. Bax, bu, dəhşətli
xatirədir.
İndiyə kimi atamın evində yaşayıram
Bir günümüz də belə oldu. Laçında səhər saatları idi. Atışma
başladı. Bizimkilər də iki cavan erməni tutaraq başların kəsib bizə
gətirdilər. Bir-iki təpik vurub, atdıq o yana. Bizdə elə həyatından
bezən uşaqlar var idi ki, az qalırdılar özlərini vursunlar. Onlar
çox şeylər görmüşdülər. Komandirimiz aramızdan gedəndən sonra hərə
bir yana dağıldı, iki-üç nəfər qalmışdıq. Adımız heç bir dəftərdə
yox idi. Mən əvvəl Füzuliyə gəldim. 10 gün sonra evə qayıtdım.
İşsiz-gücsüz süründüm. 40 yaşımda ailə qurmuşam. 45 manat təqaüd
alıram. İndiyə kimi atamın evində yaşayıram. Oğlumun qulağı
eşitmir, əlildi. Onun müalicəsi üçün 30 min istəyirlər. Biz 17
nəfər 85 kvadratmetrlik evdə yaşayırıq. Qardaşım 3 uşağıyla, bacım
ailəsiylə; bütün bacı-qardaşlar uşaqlarımızla bu cürə yaşayırıq. Ev
növbəsinə durmuşam, 800 –cü adamam. Heç bir qazanc yerim yoxdur.
Keçmiş döyüşçülərlə arada görüşürəm. Onu da deyim ki, bu gün də Ali
Baş Komandan əmr versə, gedib yenə döyüşərəm...