Ana səhifə Reportaj |
Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür.
Kult.az Almas İldırımla bağlı 8 faktı təqdim edir:
1. Almas İldırım 1907-ci ilin martın 25-də Bakının Qala kəndində bəy ailəsində doğulub. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu totalitar rejim tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirib.
2. Almasın əsl adı Əbülhəsən olub. Ədəbiyyat Cəmiyyətinə daxil olarkən orada adını İldırım, soyadını Almaszadə kimi yazıb. Türk tədqiqatçı Ənvər Aras Almas adının onun babasına məxsus olduğunu yazır. İldırım adı isə doğularkən Bakıda güclü yağış yağması səbəbindən həmin günün xatirəsinə verilib.
3. 1914-1915-ci illərdə Güney Azərbaycandan gəlmiş fəhlələrin övladlarının dərs aldığı “İttihad” məktəbində oxuyan Almas fars dilini öyrənib. Onun ilk şeiri hesab edilən “Qaldı” rədifli qoşmasının burada oxuyarkən yazıldığı ehtimal olunur.
4. 1925-ci ildə buranı bitirdikdən sonra Abdulla Şaiqin “Nümunə” məktəbində təhsil alır. Bu məktəbdə o, Qafur Əfəndiyev, Qantəmir, Seyid Hüseyn Tağızadə, Abdulla Şaiq kimi şəxslərdən dərs alır, rus dilini öyrənir.
5. Almas İldırım 1926-cı ildə şair Süleyman Rüstəmlə birlikdə "Dün bugün" adlı şeir məcmuəsinin müəllifi olur.
6. Almas İldırımın Əhməd Cavad, Hüseyn Cavid kimi şairlərin yanında olması, Sovet rejiminin tələblərinə əməl etməməsi sürgün qapısını açmış olur. Şair hətta “Vahid Türküstan”, “Vahid Cağatay” adlı dövlət qurmaq istəməkdə də ittiham edilir.
7. 1928-ci ildə Dağıstana sürgün edilir. Bu ilk sürgünündə o, “Dağlara vida” şeirini yazır. 1930-cu ildə Bakıya qayıdır və burada Azərbaycan Yazıçılar Birliyindən xaric edilir. Bu dəfə o, Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində işləyir. Burada da təqib olunur. Xanımı və üçaylıq körpəsi ilə İrana mühacirət edir.
8. Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934-cü ildə o, Türkiyə vətəndaşlığını qəbul edir. Türkiyədəki 17 illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirən Almas İldırım istiqlalçı şair kimi tanınıb. Yazdığı şeirlər "Boğulmayan səs" adı altında çap olunub. Onun "Azərbaycan mahnıları" adlı kitabı və seçilmiş əsərləri də nəşr edilib.
Qeyd edək ki, Bakının Qala kəndində doğulan Almas İldırım 1952-ci il yanvarın 14-də Malatyanın Qala qəsəbəsində dünyasını dəyişir. Malatyanın Sancaqdar məzarlığında dəfn edilib.
Tarix
2020.03.25 / 10:27
|
Müəllif
Turan Rzayev
|