Axar.az "Tarixi nadir" layihəsində Güntay Gəncalpla
müsahibəni təqdim edir.
II hissə
(əvvəli
burada)
– Maraqlıdır, yuxularda da demək...
– Yuxularda üzünü görmədiyimiz bir şəxs var. O,
bütün yuxularımızda var, ancaq onu yadımızda saxlaya bilmərik.
Bəlkə də o bizim içimizdəki erkəkliyimizin tamamlayıcısı olan
dişiliyimizdir. Yəni bəlkə də, üzünü heç bir zaman görmədiyimiz,
ancaq bütün yuxularımızda olan o görüntü Tanrının özüdür. Orada
bizim yuxudakı həyatımızda o da, o üzünü görmədiyimiz və görə
bilməyəcəyimiz hər şeyi bilən şəxs də aktivdir. Ya da sanki yuxuda
bütün başımıza gələnləri o planlayır. Hətta yuxunu gördüyümüzdə
nələri yaşayacağımızı bilmirik, lakin nələri yaşayacağımızı onun
öncədən bildiyini bilirik. O, gərəkdiyində önümüzə bir qadın
çıxararaq onunla erotik ilişkilər yaşamamıza imkan yaradır. Lakin
yuxuda bir də tanıdığımız bir qadın var. Adətən hər kəsin birini
sevib və onun üçün yaxıldığı biri olur. Bu sevgi insanın ruhunda
bir yanıq yarası açarsa, yuxudakı erotik ilişkilər və erotik
söhbətlərdə o qızı çox görərik. 50 yaşlarda da o yanıq yeri
unudulmaz və röyalarda yenidən fəallaşar.
– Bu söylədiklərinizin elmi açıqlaması ilə bir yerdə
qarşılaşdınızmı?
– Ünlü cərrah psixoloq Yunq bunu
anima və animus qavramları ilə
açıqlayır. Anima və ya xəyali qadın kişinin şüuraltında varlığı
qadın kimi sezmə durumu ikən, animus və ya xəyali erkək də qadının
təbiətində varlığı kişi kimi sezmə fəaliyyətidir. Yəni kişinin çox
böyük bir hissəsi erkək ikən, onun içində kiçik bir bölüm də
qadındır. Qadınlarda da bunun tərsinə. Bu kiçik bölüm şüuraltında
yerləşir. Biz onun fərqində olmasaq da, davranışlarda özünü
göstərər. Qadından xoşlanma da o kiçik bölümün genişləmə fəaliyyəti
kimi önümüzə çıxar. Qadınlarda da tərsinə. Anima və animus
yuxularda, xəyallarda, sənət əsərlərində və özəlliklə şeirdə
varlığını göstərər. Yunq bunu insanın ən əski arxetipi olaraq
tanımlar. Hər kişi öz içində əzəli bir qadın və hər qadın da öz
içində əzəli bir kişi təsviri və təsəvvürü daşımaqdadır. Bu təsvir
hansısa bir qadın deyil, sevdikdən, sevdiyinlə evləndikdən sonra da
bu təsvir insan təbiətini tərk etməz. Bu, irsi bir xatirə olaraq
kişi və qadının həyat sistemi içində yerləşdirilib. Bu sistemin
çöküşü ilə psixoloji problemlər ortaya çıxar və insan dərin
depressiyaya uğrar. Anima bilinən yönə doğru fəaliyyət göstərməz.
Çünki bilgi beyinin və vücudun bəlli tərəfidir. Anima və animus
bilinməyən qaranlıqlara tərəf sürüklənər. Həyatdakı faciələrin və
ya erotik sıçramaların da səbəbi budur. Bu üzdən erotik açılım
sirli yollarla ya sınırlanıb, ya da yasaqlanıbdır.
– Nədən və necə sınırlanıb?
– Sosial duyğular, ictimai və əxlaqi ölçülər və
ən nəhayət, bizim həyat sistemimizi kontrol edən ağıl tərəfindən
instinktlər sınırlanar. Erotizmin təhsillə ilgili olduğunu da
unutmamaq gərəkir. Təhsilsiz erotizmin sonu yaxşı olmaz. Təhsilsiz
toplumlarda erotizm tabuya dönüşər və ədəbiyytı öz kontrolu altına
alar, erotik dərinliyi olan şeirlər yazılmaz. Tabuların hakim
olduğu və erotik mövzulara yasaq qoyulan ölkələrdə əxlaqsızlıq və
fahişəlik baş alıb gedər. Müsəlman ölkələrində olan fahişəliyin
mində biri azad Avropa ölkələrində yoxdur. Bəzi dillərin erotik
dərinlikdən məhrum olmalarının səbəbi bu yasaqlar və tabulardır.
Demokratik ölkələrdə və qadına özgür insan kimi baxan anayasalarda
erotizm bir yaşam imkanı kimi ortaya çıxaraq şeirdə öz yansımasını
tapar, ancaq dini diktatorluq yönətilən ölkələrdə bu imkanlar
söndürülər, şeir qısırlaşar. Bu üzdən qaranlığa gömülü müsəlman
ölkələrinin düşünən gəncləri öz vətənlərində psixoloji sıxıntı
yaşamaqda ikən, Avropada psixoloji güvənliklərini kəşf edərlər.
– Xalq kültüründə bunun nümunələri ilə qarşılaşmaq
mümkündür?
– Xalq kültüründə bunun aşırı şəkilləri ilə
qarşılaşmaq mümkündür. Ancaq xalq dilində yayğın olan bəzi
deyimlərdə erotizmin fəlsəfəsi və tarixi ilə də qarşılaşmaq
mümkündür. Yunq alman dilindən "Hər Adəmin içində
bir Həvva və hər Həvvanın içində bir Adəm var"
deyə bir ata sözünü açıqlayaraq öz anima (kişi ruhundakı dişi) və
animus (qadın ruhundakı erkək) qavramlarını açıqlar. Əslində, mənə
görə, Tövratda keçən yaradılış dastanı da elə bundan ibarətdir.
Yəni Adəm yatdığı yerdə onun qabırğasını çıxarıb Həvvanı
yaratmamışlar. Bunlar mifik ifadələrdir. Bunlar din dili ilə
açıqlanan rəmzlərdir. Yaradılış dastanındakı açıqlama hər kişinin
içində bir qadın və hər qadının içində bir erkəyin olduğunu din
dili ilə anlatmış. Bunun elmi və sənət dili izahı olmalıdır.
Sadəcə, atalar sözündə deyil, bəşər tarixində lətifələrdə də
erotizm və seks mövzusu görünmüş. Bütün xalqlarda üç mövzu
ətrafında lətifələr düzəldilmiş: din, qövmlər, seks təmayüllü
erotizm. Bu üç mövzu ətrafında insanlıq tarixən gülməli sözlər
düzəldib gülüşərək stres atmış. Tarixdə, bəlkə də, seks, din və
qövmlərlə ilgili gülməli lətifə bilməyən insan tapılmaz. Çünki hər
üçü də gerçəkdən də çox sirli mövzudur.
– Bizim ədəbiyyatımızda erotizm məsələsinə qayıdaq,
məsələn, klassik ədəbiyyatımızda erotizm nümunələri ilə qarşılaşmaq
mümkündürmü?
– Klassik irfan ədəbiyyatının şeirlərində
erotizm çox ciddi mövzulardan biri olmuş. Dodaq, qadınların məməsi,
yanaq kimi bədən nahiyələri toxunuş həsrətini və öpücük qondurma
diləyini ifadə etmiş. Mövlana Cəlaləddin Rumi, Hafiz Şirazi,
Füzuli, Şəhriyar və digər böyük söz ustalarında erotizm çox nazik,
estetik və bəzən də çılpaq şəkli ilə bəyan edilib. Məsələn, Hafiz
Şirazi deyir:
"Qoca olsam da, məni bir gecə sıx qoynuna
al,
Sabah erkən yuxudan yepyeni bir gənc oyanım".
– Aha...
– Mövlana Allahla sevişməsi haqda şeirlər yazmış. Füzulidə isə
erotizm möhtəşəm üslubla verilib. "Bizim dilimiz erotizmə yatqın
deyil" söyləyənlərin Füzulini yaxşıca oxumaları gərək. Füzuli
irfanında erotizm də insanı doğruya və doğruluğa çatdıran amil kimi
ortaya çıxar. Bunu ən estetik biçimdə Füzuli bir çox qəzəllərində
dilə gətirib. Məsələn, Füzuli bir şeirində dərələrdə axan suların
erotik və qadın bədəninə toxunma kimi amacının olduğunu bəyan edər.
Ya da Füzulinin hamamda çimən qızın bədənini sözlərlə təsvir etməsi
erotizmin şeirdəki yeri baxımından çox maraqlıdır. Füzulinin
şeirlərində təbiət ilə erotik ilişkilər geniş ölçüdə ələ alınar.
Bir qəzəlində çəmənlikdə gəzən qızın ayaqlarını yaşıl çəmənliyin
öpərək zövq aldığını, bayıldığını yazaraq, çiçəklərin qızın
baldırları və ayaqlarına erotik toxunuşu təsvir edər. Aşiqin də o
çiçəklər və çəmənlər kimi o gözəlin baldırlarına və ayaqlarına
toxunuş xəyalını dilə gətirər. Qızların örtünməsinə qarşı çıxaraq,
gözə görünməyən bir gözəlliyin heç bir anlam daşımadığını
deyər.
– Hə...
– Füzulinin bir müsəlman olduğunu bilirik. Bu arada, yeri
gəlmişkən, qadınlara zindan həyatı yaşadan örtü haqqında da bir
şeylər demək istərdim. İslamda da örtünmə deyə bir əmr yoxdur.
Hicab ayələri Məkkədə deyil, Mədinədə gəlib. O zamanın Mədinəsində
güvənsizlik və fahişəlik var idi. Fahişələrdən seçilmək üçün
müsəlman qızlara deyil, sırf müsəlman qadınlara fərqli geyim biçimi
tövsiyyə edilib. Güvənlik var və küçələrdə fahişələr dolaşmırsa,
artıq örtünməyə də gərək yoxdur. Hətta güvənsizlik olsa da,
örtünmək, sadəcə, bir tövsiyyədir. O da bu qorxunc qaralara
bürünmək şəkli ilə deyil.
– Aha, dayanın. Şəhriyar bizim dövrdə yaşamış şairdir və
dili də daha anlaşılandır. Bəs Şəhriyarın şeirlərində erotizm
haqqında nə deyə bilərsiniz?
– Şəhriyarın şeirlərində erotizm çox geniş
vüsətlə yer alıb. Şair təbiəti də dişi olaraq görər. Dağların
köksündəki təpələri qadın məmələri kimi görür. Az öncə dedik ki,
şair nəsnələri və təbiəti dişi olaraq görər. Şəhriyar da qadın
bədənini təbiətə bənzədər. Təbiətə toxunuşu qadın bədəninə toxunuş
kimi açıqlar. Dağların köksündə axan bulaqdan su içməyi qadın
məməsini əmmək kimi təsvir edər. Şəhriyarın ən şah əsəri
"Səhəndiyyə"dir. Çünki bu əsərdə vəzn, musiqi,
şeirin iç düzəni, sərbəst şeirlə qafiyəli şeirlərin iç-içə girməsi
möhtəşəm bir təsvir yaradır. Şəhriyar burada qadının güngörməzindən
boğazına tərəf yüksələn nahiyəni təsvir edir. Göbək və sonra
köksdəki irəli gələn iki məmə. Nədir bu məmələr? Biz uşaqlıqda o
məmələri əmib həyata giririk. Gəncləşdiyimizdə də ilgimizi ən çox
çəkən qızların məmələrdir. Təbiəti dişi olaraq görən Şəhriyar
dərənin dibindən zirvəyə doğru yüksələn Səhənd dağını təsvir edir.
Tam bir qadın bədəni kimi və zirvəyə çatmadan dağın köksündə qadın
məmələrinə bənzəyən irəli çıxmış kiçik təpəciklər var. Məmələr
qadın sinəsində dik olaraq önə çıxdığı kimi, təpələrdə dağın
köksündə tam məmələr kimi önə çıxmış. Qadın məməsindən axan həyat
suyu kimi, bu dağın köksündə yerləşən məmələrdən də həyat suyu
axır, qadın məməsini əmərcəsinə o suyu da əmərək zövq alar, həyat
duyğularımızı coşdurarıq. Həm də bu dağın köksündəki məmələr
əprimiş yaşlı qadın məməsi kimi deyil, gənc və toxunulmamış qız
məməsi kimi, "şux" məmələrdir.
– Azərbaycan Respublikasının şairlərində bu
təsvirlər varmı?
– Var. Ramiz Rövşənin şeirlərində dərin erotik duyğular
və dünyagörüşü var. Rövşənin bir çox şeirlərində içimizə
gömdüyümüz, yaşaya bilmədiyimiz erotizmlə qarşılaşarıq. Bizi ruhun
daha üst qatlarına yüksəldən erotizmlə qarşılaşarıq.
– Məsələn...
– Məsələn bu parçalara diqqət edin:
"Dərsəm güllərini bu gələn yazın,
Sallanıb yellənsəm budaqlarından.
Eşitsəm adımı sevən bir qızın
Hələ öpülməmiş dodaqlarından
Bu yaz gecəsində ölməyə nə var.
Çiçəklər doğulur bu yaz gecəsi
Parisdə, Təbrizdə, həyətimizdə..."
Bu misralar başdan sona qədər sevgi və erotizmdir. Təbriz bir də
bu şəkildə təsvir edilərək sevilməlidir, sadəcə, qaba qəhrəmanlıq
və inqilabi şeirləri ilə deyil. Təbrizdə sevişmə azadlığı olduğunda
və bu şəkildə çiçəklər orada açdığında ölkəmiz azad olacaq.
– Bəs qadın şairlərin şeirlərində erotizm necə ifadə
olunub?
– Qadınlar ictimai, mədəni və kültürəl həyata gec girdiklərindən
bütün dünya şeirinin böyükləri kişilər olub. Kişilər nəsnəni dişi
olaraq görməyi bir sənət kimi gəlişdirsələr də, qadınlara düşünən,
zövq alan azad bir insan kimi baxmamışlar. Bu üzdən qadınlar
tərəfindən yazılan əsərlərdə qadınlıq hiss olmamış, ya da çox az
hiss edilib. Məhsəti Gəncəvinin rübailərində erotizm qismən vardır.
Özəlliklə onun rübailərində qadın olduğu açıqca sezilməkdədir. XIX
əsrin sonlarına doğru Tahirə Qurrətuleyn şeirlərində erotik baxış
bucağı gəlişdirmişdi, onu da şiə-molla-feodal sinfi öldürdü.
– Çağdaş şeir örnəklərində qadın şairlər bu istiqamətdə
bir iş görüblərmi?
– İranda Füruğ Fərruxzad adında çox önəmli bir şair xanım olub.
XX əsrin ortalarında böyük əsərlər yazdı. Ancaq çox gənc öldü. O,
böyük cəsarətlə şeirlərində varlığı erkək kimi görməyi dilə
gətirmişdi. Ayrıca, qadınların da sırf seks makinaları olmadıqları
yolunda mücadilə aparmışdı. Bilirsiniz, həm klassik dönəmdə, həm də
çağımıza yaxın dönəmlərdə şairlərin adı şeirin altında yazılmazsa,
müəllifin qadın olduğunu anlamarıq. Lakin Füruğ Fərruxzadın bütün
şeirlərində adı olsun, ya da olmasın, yazarın qadın olduğu açıqca
sezilər. Füruğ Fərruxzad qadının macəra dolu bir kitab olduğunu və
erkəklərin də bu kitabın ancaq seks adlı səhifəsini oxumağa aşırı
meylli olduqlarını vurğular, ancaq bu kitabın digər səhifələri də
oxunmadıqca qadının necə bir varlıq olduğu anlaşılmayacaqdır. Bu
düşüncəsini bir dördlüyündə bu şəkildə bəyan edər.
– Modern dünyada qadın bədəninin reklamı
erotizm anlayışı içinə girərmi?
– Kapitalizmin qadın bədənini ticarət nəsnəsi olaraq
qullanması ilə müsəlmanların qadın həyatına yüklədikləri qaranlıq,
cəhalət və aşırı sınırlamalar eyni şeydir. İkisində də qadın azad
insan olaraq qəbul edilməz. Kapitalizmin nəsnələşdirib
kimliksizləşdirdiyi qadın varlığı kimi, qadının daş-qalaq edildiyi
ölkələrdə də nə sevgi, nə də erotizm kimi incə duyğular üzərinə
doğru bilgi əldə etmək olar. Pornoqrafiyanın erotizmlə əlaqəsi
yoxdur. Erotizm gerçək həyatda alınan zövq deyil, xəyalın və ruhun
zövqalma biçimidir. Bu üzdən onun metafizik tərəfi də var. Şeiri də
bizə cazibəli qılan budur, şeir bizə metafizik erotik duyğuların
həzzini yaşadar.