İki dahinin
varisləri
Tale poltavalı yazıçı Renata Smirnovaya görünməmiş hədiyyə bəxş
edib – o, A.S.Puşkinin nəticəsi Sofya Nikolayevna Danilevskaya ilə
rəfiqə olub.
Renatın valideynləri Böyük Vətən Müharibəsindən dərhal sonra
Poltavaya köçür. Sofya Nikolayevna Danilevskaya qızları – Mariya,
Natalya və Marina ilə birlikdə N.B.Qoqolun bacısının onun
kitablarından aldığı qonorarın hesabına tikdirdiyi birmərtəbəli
geniş evdə yaşayırdı. Həmin vaxtdan Renata Smirnovanın həyatı iki
dahi yazıçının – Puşkin və Qoqolun varisləri ilə sıx bağlanır.
Renata xanım onlar haqqında heç kimin bilmədiklərini və heç yerdə
yazılmayan məqamları bilir...
1877-ci ildə adyutant Nikolay Bıkov – Qoqolun bacısı Yelizaveta
Vasilyevna Qoqolun oğlu süvari general-leytenantı Aleksandr
Aleksandroviç Puşkinin - Aleksandr Sergeyeviçin tarixə rus
sərkərdəsi və dövlət başçısı kimi daxil olan oğlunun yanında xidmət
edirdi. Onlar Bolqarıstanın Osmanlılardan azad olunması uğrundakı
döyüşlərdə birgə iştirak etmişdilər. Polk Voronej quberniyasına
köçdükdən sonra isə bütün subay zabitlər komandirin evinə nahara
dəvət olunurlar. Elə gənc adyutant (Qoqolun bacısı oğlu)
general-leytenantın on səkkiz yaşlı qızı Mariya ilə (Puşkinin
nəvəsi) orada tanış olur.
Tezliklə gənclər evlənirlər, Nikolay Vladimiroviç hərbi
xidmətdən gedir və zövcəsini irsi malikanələri Vasilyevkaya (indiki
Poltava vilayətinin Şişak rayonunun Qoqolevo kəndi) aparır. Yeni
evlilər orada özlərinə ev tikirlər, doqquz uşaq böyüdüb boya-başa
çatdırırlar.
Sofya Nikolayevna ailənin üçüncü uşağı idi. 1913-cü ildə
Puşkinin oğlu Vasilyevkaya gəlir. O, layiqli ev təhsili almış
nəvələrini gördüyü üçün xoşbəxt idi. Uşaqların hamısı fransızca
danışır, mütaliə edir, musiqi ilə məşğul olurdular.
Sofya Nikolayevna babası Aleksandr Aleksandroviç Puşkini ilk
dəfə Moskvada görmüşdü. O zaman anası onu - Poltava Nəcib Qızlar
İnstitutunun məzununu konservatoriyaya qəbul olmaq üçün (Sofya
böyük müsabiqədən keçərək konservatoriyaya qəbul olmuşdu) Moskvaya
aparmışdı. Onlar babasının Nikolo-Plotnikov döngəsindəki evinə
düşmüşdülər. Qohumlar nahar süfrəsi ətrafına toplaşmışdılar, söhbət
Aleksandr Sergeyeviçdən düşür. O zaman Sonya təəccüblənmişdi ki,
yalnız Aleksandr Aleksandroviç dahi Puşkin haqqında, - "Atam
deyərdi ki...", "Atam filan şeyi geyməyi xoşlayardı" – deyirdi.
Çünki şairin bütün uşaqlarından yalnız o, atasını
xatırlayırdı...
Sofya Nikolayevnanın söylədiyinə görə, babasının kabinetində
stolun üstündə Puşkinin gündəliyi var idi. Lakin Aleksandr
Aleksandroviç heç kimə onu vərəqləməyə icazə vermirdi, çünki şairin
haqqında mənfi fikirlər yazdığı insanlar hələ sağ idilər. Onun
sözlərinə görə, babası tənbəlliyi, özgənin əməyi ilə dolanmağı
sevmirdi, uşaqlara səhər tezdən oyanmağı, soyuq su ilə yuyunmağı,
ayaqyalın gəzməyi öyrədərdi. Qızlara erkən uşaqlıq yaşlarından ev
təsərrüfatı ilə məşğul olmağa, tikiş tikməyə alışdırardılar. Bir
sözlə, həyata hazırlayardılar. O, bir hərbçi kimi birinci dünya
savaşını və inqilabı görmüşdü.
Yeri gəlmişkən, Sofya Nikolayevna babasının əsl ölüm səbəbi
haqqında da danışmışdı. Məlumdur ki, bu, uzun illər ailə sirri kimi
gizlədilirdi. Hamı elə hesab edirdi ki, general-leytenant Aleksandr
Puşkin 1914-cü ildə vəfat edib, Birinci Dünya savaşının
başlanmasını görməyib. Əslində isə onun ürəyi rüsvayçılığa dözmədi
– oğullarından biri orduda xidmət etməkdən boyun qaçırdı.
Renata Smirnova bütün suallara məmnuniyyətlə cavab verir:
- İndi Puşkinin varisləri harada
yaşayırlar?
- Tale onları bütün Yer kürəsinə səpələyib. Onlar Rusiya və
ABŞ-da, Avstraliya və Marokkoda, Çində və Fransada, Almaniyada,
İsveçrədə, Qonolulada... kök atıblar. Ukraynada da çoxdurlar,
əsasən də Poltavada. Təkcə Mariya Aleksandrovnanın altmış varisi
var.
- Onların arasında yazıçı və ya şair olanı
var?
- Aleksandr Sergeyeviç Puşkin varislərinə yazıçılıqla məşğul
olmağı qadağan edib. "Məndən yaxşı yaza bilməyəcəksən", - o
deyərdi. Ancaq bildiyim qədərilə demək olar ki, hamısı az-çox
yazır. Lakin bu şeirlər ev arxivindən kənara çıxmır. İndi
genetiklər Puşkinin varislərinin səkkizinci nəslinə çox böyük
ümidlə baxırlar. Güman edirlər ki, məhz bu nəsildən kimdəsə
qüdrətli poetik istedad üzə çıxacaq. Ancaq ümumiyyətlə, şairin
varisləri arasında həkimlər üstünlük təşkil edirlər. Görünür,
həkimlik istedadı onlara Vasilyevka kəndinin sakinlərini müalicə
edən Mariya Aleksandrovnadan, şairin nəvəsindən keçib. Yeri
gəlmişkən, Sofya Nikolayevnanın kiçik qızı Marina Sergeyevna Çalik
könüllü olaraq cəbhəyə gedib və Böyük Vətən Müharibəsinin
başlanğıcından 1946-cı ildə yaponların darmadağın edilməsinədək
hərbi həkim işləyib. Məhz Onun varisləri Poltavada yaşayırlar.
- Puşkinin ən yaxın varisləri ona
bənzəyirdilərmi?
- Mən birinci dəfə Sofya Nikolayevnanın qızlarından biri Mariya
Danilevskayanı görəndə onun Aleksandr Sergeyeviçə inanılmaz
bənzərliyindən heyrətə gəldim. O da alçaq boylu, eynilə qıvrım
saçlar, domba boz-mavi gözlər. Ancaq hər şeydən çox onun mimika və
hərəkətlərinin zirəkliyi məni heyran qoydu – bütün bunlar eynilə
Puşkinin təsvirini xatırladırdı. Ona görə də, məlum olduğu kimi,
rəssamlar onun portretini yaratmaqda çətinlik çəkirdilər. Şairin
ölümündən sonra isə onlar "natura" kimi nəvəsi Anna
Aleksandrovnadan "istifadə edirdilər".
Mən Anna Aleksandrovnanın Moskvada yaşayan bacısı oğlu Sergey
Borisoviç Puşkinlə də tanış idim. İnfaktdan sonra kardioloji
klinakada yatanda SSRİ Yazıçılar Birliyinin üzvü kimi ona kömək
etmişdim. Dünya şöhrətli şairin varisini xəstəxananın dəhlizinə
qoymuşdular – palatada yer yox idi. Gəncliyində demək olar ki,
eynən Aleksandr Sergeyeviçə bənzəyirdi. Sofya Nikolayevna deyirdi
ki, burnunun solundakı ət xalı şairdən ona irsən keçib. Anna
Aleksandrovna və qızı Mariyada da eynilə elə bir xal var idi.
Əlləri də Puşkininkinə bənzəyirdi – nazik və uzun. Bundan başqa,
Puşkindən onlara uzunömürlülük geni də miras qalıb. Belə ki, Sofya
Nikolayevna Danilevskaya 1984-cü ildə, ömrünün 98-ci ilində, bacısı
Tatyana isə 90 yaşında vəfat edib.
- Sofya Nikolayevnanın xatirələrində sizi ən çox
təsirləndirən nə idi?
- Məni bir məsələ narahat edirdi ki, zadəgan bir nəslin
nümayəndəsi inqilab illərində necə sağ qalıb və onun ailəsi sovet
hakimiyyəti illərində necə yaşayıb. Onun bu barədəki söhbətləri çoz
təsirli idi. Mənə qədər bu barədə heç kimə danışmamışdı.
"1919-cu ildə mülkədar malikanələrinə od vurulanda mən
Oliferovkada (indi Poltava vilayətinin Mirqorod rayonu) yaşayırdım,
- Sofya Nikolayevna deyirdi. – Otuz iki yaşım var idi, beş körpə
uşaqla tək qalmışdım: ərim spankadan (influensanın (qripin) ən ağır
forması – tərc.) yenicə rəhmətə getmişdi. Soyuq bir oktyabr
gecəsində talançılar qonşu evə soxuldular. Mən əyinləri çılpaq,
yuxulu uşaqları götürüb arabadakı samanın arasında gizlətdim.
Poltavaya getməyi qərara aldım, anam orada yaşayırdı (atam tifdən
rəhmətə getmişdi), ancaq silahlı qruplaşmaların əlindən ora keçmək
mümkün deyildi, Mirqoroda qayıtmalı olduq.
Mirqorodda bazarda paltarımı çörəyə dəyişəndə təsadüfən
Vasilyevkadakı ev qulluqçumuzla rastlaşdım. O, bizi öz evində
gizlətdi. Orda da başqa bir bəla üz verdi – uşaqlar bir-birinin
ardınca skarlatinaya yoluxmağa başladılar. Axır ki, onları birtəhər
Poltavaya çatdıranda enkevedenin adamları əllərində tapança evə
soxuldular. Mən heç onlara demədim ki, biz Puşkin və Qoqolun
varisləriyik. Onlar heç bu adları tanımırdılar. Xoşbəxtlikdən bizə
sovet hökumətinin hörmət etdiyi yazıçı Vladimir Qalaktionoviç
Korolenko yardım etdi. O özünün çörək, yarım litr yağ payını bizə
gətirirdi. O, bizə Qoqolun bütün əşyalarını Poltava proletar xalq
muzeyinə təhvil verməyi təklif etdi. Biz onları səksən il idi ki,
evimizdə saxlayırdıq. Yazıçının kitabxanasındakı fransız, italyan
və alman dillərindəki iki min beş yüz kitab, onun əlyazmaları ilə
dolu qovluq, Fyodor Müllerin fırçasının məhsulu olan Qoqolun
portreti də bu əşyalar arasında idi. Onu da qeyd edim ki, həmin
portreti rəssam İtaliyada məxsusi olaraq Nikolay Vasilyeviçin anası
üçün çəkmişdi. Belə bir qiymətsiz bəxşişin müqabilində hökumət bizə
şəhər kənarında dəri zavodunun yarımzirzəmisində yerləşməyə icazə
verdi. Puşkinin nəvəsi və general qızı olan anam sevinirdi ki, bizi
başqaları kimi küçəyə atmayıblar. Uşaqlar isə bu yarımzirzəmidən
yalnız bayırdakı çamuru və gəlib-keçənlərin ayaqlarını
görürdülər".
Nəvələrinin təhsili ilə məhz Mariya Aleksandrovna özü məşğul
olurdu, çünki onları sovet məktəbinə qəbul etmirdilər. Oxu və
yazıdan əlavə o, uşaqlara fransız dilini də öyrədirdi. Öz
paltarlarından uşaqlara paltar tikirdi. Ancaq heç zaman özünün
zadəgan əsilli olduğunu danmırdı. "Heç bir qüvvə bizi Puşkin və
Qoqoldan imtina etməyə vadar edə bilmədi", - həmişə qürurla
deyərdi. Sofya Nikolayevna həmişə çox sadə geyinərdi. Lap son
günlərinədək jabo (köynək yaxasında kisəyi və ya krujevadan büzməli
haşiyə - tərc.) və kameya (daş və ya balıqqulağından düzəldilən
bəzək – tərc.) geyərdi. "Yalnız belə özümü insan hiss edirəm", -
onun libası ilə maraqlanan hər kəsə belə deyərdi. Qonağı həmişə
mütləq qapıyacan ötürər və deyərdi: "Nəzakət göstərib gəldiyiniz
üçün sizə minnətdaram". Sofya Nikolayevna uzun və şərəfli bir ömür
yaşayıb. O, Poltava quberniyasında ilk dəfə 1912-ci ildə
Vasilyevkada uşaq başçası açdı. Sovet hakimiyyəti illərində
Poltavada yetim uşaqlar üçün uşaq bağçasında musiqidən dərs dedi.
Almanlar gələndə və bütün əməkdaşlar 29 körpəni taleyin hökmünə
buraxıb qaçanda o, uşaqları tərk etmədi.
Faşistlər yəhudi ovuna çıxanda Sofya Danilevskaya öz həyatını
təhlükə altında qoyaraq infeksion xəstəxananın bir neçə həkimini öz
evinin zirzəmisində gizlədərək onları xilas etmişdi. Böyük qızının
əri isə onlara saxta sənədlər düzəltmişdi.
- Hökumət iki dahinin varislərini nə vaxtsa
"bağışladımı" ?
- Sofya Nikolayevnanın böyük oğlu yalnız on yaşında məktəbə
getdi. Bununçün o, Poltavaya gələn xalq maarif komissarının
qəbuluna getməli oldu. Sonra isə ali məktəbə qəbulla bağlı
problemlər ortaya çıxdı – onlar yalnız qiyabi təhsil ala
bilərdilər.
Sofya Nikolayevna bütün ömrü boyu leninqradlı məşhur tarixçi,
akademik Boris Qrekova minnətdar idi. Akademik onun böyük oğlu
Aleksandrı öz ailəsinə qəbul edir və bunun sayəsində də o,
universiteti bitirə bilir. Ancaq 1934-cü ildə Sergey Kirovun
qətlindən sonra şəhəri zadəgan ailələrindən "təmizləməyə"
başladılar və Aleksandrı da başqaları ilə birlikdə yük vaqonları
ilə Karakandaya sürgünə yolladılar. Onun nənəsi, Puşkinin nəvəsi
düz bir il nəvəsini xilas etmək üçün SSRİ xalq müdafiə komissarı
Voroşilovun qəbuluna düşməyə çalışdı və yalnız 1936-cı ildə, yeri
gəlmişkən, Puşkin və Qoqolun varisləri içərisində ilk dəfə
professor, elmlər doktoru adını almış Aleksandr sürgündən qayıtdı.
Bunda akademiklər qrupunun hökumətə etdiyi müraciətlər də böyük rol
oynadı.
- Hardasa yazmışdılar ki, guya Puşkinin varisini şairin
qızıl saatını verməklə azad etdiriblər.
- Yox, bunlar şayiədir. 1937-ci ildə Puşkinin anadan olmasının
100 illiyi qeyd edilirdi. Leninin keçmiş məsləkdaşı, Moskvadakı
Dövlət Ədəbiyyat muzeyinin direktoru Vladimir Bonç-Bruyeviç şairin
qohumlarına məktubla müraciət edir. O, Puşkinin qızıl saatını
Leninqradda Moykadakı ev-muzeyinə təhvil verməyi xahiş edirdi və o,
elə indi də orada saxlanılır. Ailə bu xahişə razılıqla cavab
verdi.
- Bəs saat Mariya Aleksandrovnaya necə
çatmışdı?
- Puşkin özü hələ liseydə ikən onu imperatriçə Mariya
Fyodorovnadan şairin şeirlərindən məmnunluq əlaməti olaraq hədiyyə
almışdı. Sonra o, uzun illər məşhur rus yazıçısı, son anadək
Aleksandr Sergeyeviçin yatağının yanında olan və şairin ürəyi
dayanarkən saatı da dayandıran Vasili Jukovskidə qalır. Qoqol "Ölü
canlar"ın ikinci hissəsi üzərində işləmək üçün Almaniyaya onun
yanına gələndə isə qonağın Puşkinə necə ürəkdən pərəstiş etdiyini
bilərək saatı ona bağışlayır. 1851-ci ildə Nikolay Vasilyeviç
qiymətsiz hədiyyəni Vasilyevkaya gətirir, saxlamaq üçün bacısı
Olqaya verir. Otuz il keçdikdən sonra Puşkinlə Qoqolun varisləri
qohum olanda Olqa Basilyevna onu gənclərə hədiyyə edir.
İki dahi yazıçının varisləri inqilab, vətəndaş və vətən
müüharibələri, aclıq illərində qoruyub saxladıqları bütün qiymətsiz
əşyaları müxtəlif muzeylərə hədiyyə etmişlər. Ancaq bu
eksponatların heç birində, xüsusilə də N.V.Qoqolun Şişansk
rayonundakı muzey-qoruğunda bütün dünya təcrübəsində olduğu kimi,
onların kimin tərəfindən təhvil verilməsi haqqında informasiya
yoxdur.
Bu məşhur ailənin üzvləri çox sadə insanlardır, onlar öz
əsil-nəcabətlərini gözə soxmurlar. Bir dəfə 1980-ci ildə Sovet
İttifaqının müxtəlif tərəflərindən yığışıb gələn nəvə-nəticələri
Puşkinin Mixaylovskidəki muzey-qoruğuna buraxmamışdılar ki, muzeyin
bağlanmağına 20 dəqiqə qalıb, kassa artıq işləmir!
- Renata Arsentyevna, siz dediniz ki, Puşkinə aid bir
tapıntı əldə etmisiniz. O nədir?
- Bu, əqiq (qırmızı və narıncı rəngli qiymətli daş – tərc.)
qaşlı möhürlənmiş (yazısı olan) üzükdür, üzərində A.S. inisialı
var. Onu Puşkinə 1826-cı ildə dekabrist Sergey Volkonskinin arvadı
ərinin ardınca sürgünə yollanarkən onları dəstəklədiyinə görə
minnətdarlıq əlaməti olaraq bağışlayıb. Puşkinin oğlu bu üzüyü qızı
Anna Aleksandrovnaya, o isə öz övladı olmadığından bacısı oğlu
Sergey Barisoviçə verib. Çox qoruduğu yadigarı da mənə məhz o
göstərib. Bu üzük Puşkinlər ailəsində qalan çox az nadir əşyalardan
biridir.
Tərcümə etdi: Təhminə C.B.