"Soraq"
layihəsində
Sorağına düşdüyüm şair Xosrov Natilin xəbərini dənizdən
aldım. Cilov adasında Yaşıllaşdırma idarəsində çalışırdı. Onunla
şəxsi tanışlığım dağların qoynunda olmuşdu. O zaman hələ
torpaqlarımız işğal olunmamışdı. Müharibə gedirdi. Zəngilanda
ezamiyyətdə olan jurnalisti – məni tapmışdı.
Sonralar köçkün statusu ilə Bakıya sığındı. Həyatının acılı
anları da çox oldu, sevincli məqamları da. Bakıda Baş botanika
bağında elmi işçi və aqronom kimi əmək fəaliyyətinə başladı.
Sonra... Sonra az-az görüşdük. "Soraq" layihəmizin bu dəfəki
qonağının səsini dənizdən eşidəndə bu səsdə bir qədər yumşalmanı,
dağlardakı səsin cingiltisinin həzin notlarla əvəzləndiyini hiss
etdim. Vədələşdik ki, görüşək. Onun yaşadığı evin yaxınlığındakı
kiçik, lakin çox səliqəli bir pivəxanada üz-üzə oturduq. Ərklə pivə
sifariş verdi. "Havalar qızmasa da, pivənin yeri həmişə var", -
dedi. Özü ilə gətirdiyi, dənizdə ovlanmış və çox ustalıqla duza
qoyularaq qurudulmuş seld balığını da kafe xidmətçisinə verdi:
- Bunu səliqə ilə doğra, birini isə özünüz üçün götür.
Yerimizi rahatladıqdan sonra artıq ikinci dəfə eyni sualı
verdim:
- Xosrov, necəsən?
- Diqqətinə görə təşəkkür, Faiq bəy, bəlkə daha doğrusu, əsgər
atası... Hər şey yaxşıdı. Hələ ki salamatam, sənin də sağlığını bir
olan allahdan istədim, atam...
Pivələr artıq stolun üstündədir. İçməyə tələsmir. İşi ilə
maraqlanıram:
- Hazırda nə işlə məşğulsan?
- Bilirsən ki, ixtisasca aqrar sahənin adamıyam. Baş botanika
bağından bir il qabaq ayrıldım, elmi yaradıcılığımı son pillədə
dayandırdım.
- Bilirəm. Tamam başqa bir auraya, mühütə
adladın.
- Hə, düz deyirsən, bildiyin kimi, dənizi seçdim - təbii ki,
istəmədən.
- Dənizə könül verdin...
Dağları unutmam lazımdı...
- Sən dənizi yaxşı tanıyırsan. Amma deyim ki, mənim dənizi
sevməyim üçün dağları unutmam lazımdır, bu da ki mümkünsüz. Çox
ciddi və bənzərsiz problemlərimi (şəxsi olduğu üçün anlatmağı
xoşlamıram) həll etmək üçün və sağlamlığımı qorumaqdan ötəri
Cəzirəni - Çilov adasını seçdim. Ekoloji problemin məhəlli həlli
ilə yaşıllaşdırma işindəyəm, deyim ki, ciddi uğurlarımız da
var.
- Bilirəm ki, ədəbiyyat adamlarından uzaq olsan da ədəbi
mühitdə varsan. Müşahidələrin nə deyir, necədir ədəbiyyatın durumu,
qruplaşma-zad? Dənizdən necə görünür?
- Ədəbi mühitdən coğrafi baxımdan uzaq olsam da, hər zaman
yaradıcı mühitin içində olmuşam. Bu arada əlavə edim ki, sənin
zindan şeirlərini sevdim. Robinzon kimi adada yaşasam da, elə
2014-də bir neçə yerdə çap olundum. 2015-də mart ayında "525-ci
qəzet"də "Mən aqronomam" başlıqlı bir neçə publisist yazım dərc
edildi. Aqronomlara olan bir qədər ironik münasibəti açmaq və
münasibəti müsbət müstəviyə gətirməyə cəhd etdim.
Yadplanetli deyilik
- Yaradıcılıq sənə nə verdi? Yeni tanışlar, geniş
anlamda ədəbi əlaqələrin yaranması, ya dolanışıq?
- Yaradıcılığın verdikləri də var, aldıqları da...Dolanışıq
sarıdan da heç vaxt aciz olmadım, son anda fiziki gücümü satmağa
belə hazır oldum həmişə. Bir vətəndaş kimi borcumu verməliydim,
verdim də. Bir şeyi diqqətinə çatdırım, cənab kapitan, bilirsən ki,
bizim bu məmləkətdə hüquqi statusumuz məcburi köçgünlükdür. Heç
yerdə daimi qeydiyyatımız yoxdur, amma yadplanetli də deyilik,
göydən uçan boşqabla gəlməmişik və ya yerdən göbələk kimi
çıxmamışıq, amma uzun illər yumşaq şəkildə desək, bu zümrəyə -
qaçqın və köçkünlərə qarsı bir qısqanclıq olub. Yəni onların
evi-eşiyi, mənzili, maşını, hətta vəzifəsi ola bilməz və s....
Fikirlidir. Və fikirdən də onu ayırmıram. Qoy, danışsın.
Qəribə, kədərli təbəssümü var şairin. Bəziləri kimi süni dərdli
sima formalaşdırmır özündə. Pivədən aramla içir. Sualın birinci
tərəfini ikinci "həmlədə" cavablandırır:
- Amma yaradıcılıq elədi ki, imzasına hörmət edən hər bir yazar
cılız düşüncədən uzaqda durmalıdı. Bilirsən ki, konkret və ünvanlı
danışmağı üstün tutduğumdan xeyli problemlər yaşamışıq, bir zaman
sənli-mənli başımız torpaqlarımızın ərazi bütövlüyünə, vətəndaş
cəmiyyəti uğrunda mübarizəyə qarışdığından bəzi kosmopolit adamlar
özlərini süni şəkildə şişirdib şair adlandırdılar, kağız-kuğaz
korlayıb kitab çap etdirdilər... Təbii ki, bu, qısqanclıq deyil,
poeziya təəssübkeşliyinə olan münasibət kimi başa düşülməlidi.
- Bayaqkı sualımın üstündən rahat keçdin, üzə
vurmayacağımı zənn etdin. Yaxşı, ədəbi mühitdə necə hiss edirsən
özünü?
- Ədəbi mühit ədəbi əlaqə deməkdi mən biləni, bu mühit bir az da
əlavə stimuldu yazar üçün. Nəşrdən başqa tanış yazıçıların
yazdıqları, onların xarekteri, yaxud sənətə, alkoqola, qadına
münasibəti və s. aydınlaşır. Yeri gəlmişkən, kapitan, sənin qadına
münasibətin bir qədər duzlu-şordu.
- Ay Xosrov, heç hənanın yeridir?
- Sözü qəribçiliyə salmıram, yeri gələndə deyirəm. Əslində, elə
hər yazarın yaradıcılığı onun poetik fotosudu. Mənə qalarsa,
ədəbiyyatdan və ya ədəbi qurumdan umacağım bir şey yoxdu, ədəbi
təsərrüfatdan heç nə istəmədim, bir kiçik ədəbi nümunə verə
bilsəydim bu özüməm - özümü ifadə edirəmsə, deməli, ədəbi mühitdə
Xosrov Natıl rəngi də var, deyə bilərəm. Ədəbiyyatımızda qəbul
olunan bir neçə yeni imzalar da var.
Umacağım bir nekroloqdu
Soyuq pivədən bir udum da alır, tamına baxırmış kimi
qurtumlayır. Barmaqları ilə qurudulmuş dəniz balığının nazik
sümüklərini əzir, sonra pivəni yola saldığı yerə ötürür. Solfetlə
əlini silir. Sonra qayğılı və özündən narazı, incik halda davam
edir:
- Hər zaman yazdıqlarımı üzə çıxarmağa xəsislik etdim, nə üçünsə
hər zaman şair yox, şair təbiətli şəxs olaraq tanındım, o mənada
umacağım titul sadəcə şairlikdi, halım məmləkətimin elmi taleyi,
ədəbi taleyinə oxşardı - mənim taleyim və ədəbi imzam.
Dissertasiya ərəfəsində tədqiqat məkanım Bəsitçay dövlət qoruğu
(Zəngilanda baş elmi işçi - dissertant idim) işğal olundu,
əlyazmalarım kitablarım da işğala məruz qaldı. Bizi heç yanda daimi
qeydiyyata almadılar. İndi mən Yer kürəsində adi bir kirayənişin
kimi yaşayıram, ömrümün bahasına... və hər gün ulu günəşin həsrətin
çəkən uzun gün bitkisiyəm. Dəfn olacağım yer bəlli olmaz. Bir son
şansa dəli ümidim də var soydaşlarım kimi. O torpaqda dəfn olunmaq
şansı. Ədəbi qurumdan, qurumlardan umacağım bəlkə bir nekroloqdu -
hələ qərarımda tərəddüddəyəm.
- Xosrov Natil özünü Azərbaycan ədəbiyyatında harada
görür? AYB-dən umacağın, yaxud vaxtı ilə umduqların gerçəkləşə
bilibmi?
- Doğrusu, AYB-nın ədəbi orqanlarında çap olunmaqda heç vaxt
maneəyə rast gəlmədim, ədəb-ərkanla təqdim etdim, "Azərbaycan",
"Ulduz", "Qobustan" jurnallarında məmnunluqla çap etdilər və
qonararımı da halallıqla aldım. Məni ilk dəfə rəhmıtlik İsa
İsmayılzadə çap elədi 1991-ci ildə, sonra Vaqif Yusifli, daha bir
neçə dəfə İntiqam Qasımzadə. "Ulduz"da Elçin Hüseynbəyli, Qulu
Ağsəs, "Qobustan"da Fikrət Qoca, indi də Vaqif Əlixanlı. Qəzetlərdə
də problemlərlə üzləşməmişəm, "Ədalət" də dövri olaraq şerlərim çap
edib. Onu da deyim ki, bir ay əvvəl AYB üzvü olmuşam.
- Bir vaxtlar Zəngilanda yaşayanda "ovcunun içində buğda
dənəsi" vardı. İndi əlində-ovcunda nə qalıb?
- Dünyada baş verən naqisliklər, düz olmayan adamların, bivec
adamların nankorluğu... bir tərəfdən də tarazlığı pozulmuş
ekologiyamız taxıl səpməyimizə mane olur...
Pivə parçını başına çəkir. Sona qədər içir və mənim
yaddaşımda kök salıb qalan şeirini özünün yaddaşının alt qatından
dilinə gətirir:
İlişib kötüyə bivec nadana
bir gözü qıpığa, bir kor vicdana
bu dünya yer tapmır bir ovuc dənə
ovcumun içində buğda dənəsi
Sonra zarafatla: "Hə, kapitan, biz bu dünyada bir qərib ömrü
yaşadıq", - dedi. Söhbət zamanı ilk siqaretini yandırdı,
ehtiyyatla, sanki siqaret kötüyünü incidəcəkmiş kimi tüstünü
ciyərlərinə "dəvət edərək" başqa şeirindən də bir parça
söylədi:
Kirayə tutmuşuq Yer kürəsini-
başına dönürük ulu günəşin
Ömrü bahasına yaşayırıq biz
Hərəmiz bir cürə kirayənişin...
Xosrovla söhbətimizin yekunudur. Tanış kafe xidmətçisini
səsləyir:
- Gəl pulunu al, - sonra da mənə tərəf çevrilir, bu dəfə əsil
dənizçi kimi deyir: - Kapitan, mən hər gün ulu günəşin həsrətin
çəkən uzun gün bitkisiyəm, bayaq dedim axı...