"Soraq"
layihəsində
Səxavət Talıblı memardır. Keçmiş SSRİ-nin bir çox şəhərlərində
işləyib. Müstəqilliyimizin ilk vaxtlarında Türkiyədə bir çox
uğurlara imza atıb. Erkən yaşlarından bədii yaradıcılıqla da məşğul
olub, dövri mətbuatda imzası müntəzəm görünüb və sonradan qeybə
çəkilib. Bu yaxınlarda nəşr etdirdiyi "Adəmin övladları" romanı isə
ədəbi cameədə müzakirələrə səbəb oldu. AYB-nin üzvü, prezident
təqaüdçüsüdür. Yumor hissi kifayət qədər yüksək olan memar-yazarla
"Soraq" layihəsində görüşdüm.
Çox əziyyət çəkdim
- Səxavət, sən qəzəl şairi kimi tanındın. Satirik
şeirlər də yazdın. Sonra birdən-birə irihəcmli əsərlərlə gündəmi
zəbt etmək istədin.
- Faiq, mən hələ orta məktəbdə oxuyarkən hekayələr yazırdım,
əlbəttə, çapa vermirdim, amma ilk hekayələrimdən biri olan "Dayça
sövdəsi" rayon qəzetində çap olundu. Pis qarşılanmadı, haqqında
yazdılar da.
- Demək istəyirsən, bu hekayə sənin yaradıcılığında
dönüş yaratdı?
- Elədir, o hekayə həqiqətən də mənə əzizdir, birinci romanıma
da əlavə etdim.
- Niyə? Mövzu qıtlığı idi, yoxsa olmuş hadisənin təsviri
bir hekayədə dolğun təsvir edilməmişdi?
- Yox, yox, Allahımdan çox razıyam ki, mənim mövzu sarıdan
korluğum yoxdur. Dostumuz Balayar Sadiq bir dəfə mənə dedi ki, gəl,
hekayələrini birləşdir, bir roman şəklinə sal. Əvvəl çox əziyyət
çəkdim, vaz keçmək istədim, sonra düşündüm ki, yəqin bu məni
sınayır ki, görsün qabımda nə var nə yox.
- Və sən də hekayələrini uc-uca "bağladın".
- Hə, bu variant ikinci romanımda mənə çox kömək oldu.
Bu bir zarafat idi
- İkinci romanın "Adəmin övladları" adlandı. Bitirməzdən
öncə böyük bir iddia ilə danışırdın. Əsər ortaya qoyulmadan salınan
bu hay-küy nə idi? Ədəbi cameənin diqqətini özünə çəkmək istəyi
deyildi ki?
- Şair, bu bir zarafat idi, istəyirdim adəm övladları mənim
"Adəmin övladları" əsərimi oxusunlar. Oxutdura bildim, bu zarafat
da burda bitdi.
- Amma hər zarfatda bir gerçəklik, ciddiyət də var.
Deyirdin ki, bəzi romançılara sübut edəcəyəm ki, əsər necə
olar.
- Bunu artıq oxucular müəyyən edər, mən bir söz idi
demişdim.
- İradə adlı bir oxucu var, romanımı oxuyub. Soruşur ki,
Səxavət bəy memardır, görəsən memar olaraq həyatına düzən verə
bilibmi?
- İradə xanımı tanımıram, romanımı oxuyub, sağ olsun. Amma bu
sualının cavabını nə əcəb o əsərdə görə bilməyib? Bəşəriyyətin tək
bir memarı var, biz kimik ki, onun çəkdiyi düzənə müdaxilə
edək.
- Bütün oxucularını tanımaqmı istəyirsən?
- Əlbəttə, bu, mümkün deyil, amma belə suallarla müraciət
edənləri tanımaq istərdim.
Bu sualın çox köndələn olmadı ki?..
- Tanıyarsan. Bəs sənin xanım pərəstişkarların da var
axı, onların qəzəbinə gəlməzsən?
- Faiq, bu sualın çox köndələn olmadı ki?..
- Yaxşı, qorxan gözə çöp düşər. De, səni əsərlərinə görə
tanımaq istəyənlər daha səmimidir, yoxsa sənə görə əsərlərini
oxuyanlar?
- Tam diqqət mərkəzimdə olan bir sual verdin. Qəribədir,
adlarını çəkməyəcəm, yaxından tanıdığım bir neçə şair, yazar məndən
kitab istədi. Verdim, sonra bu mövzuya heç qayıtmadılar, elə bil
qurbağa gölünə daş atdılar.
- Səncə niyə? Paxıllıq vardı, yoxsa kitabını heç
oxumadılar?
- Oxumadılar? Səni inandırım ki, bəlkə bir gecəyə bitirən də
oldu.
- Bəs niyə susdular?
- Bu romanın yazılması onların süqutu idi. Barışmadılar…
Əkrəm Əylislinin "Daş Yuxuları"na cavab
- Bir dəfə dostlara dedin ki, aparın mənim əsərimi Əkrəm
Əylisliyə göstərin və deyin ki, romanı belə yazarlar. Bu iddianda
yazıçıya qarşı qəzəb də vardı...
- Elədir, mən bu sözü demişəm və indi də bu iddiadayam. Yenə də
o kəlməni təkrarlayıram, buna şübhəsi olanlar varsa, aparıb bu
əsəri ona çatdırsınlar. Bəli, mənim bu əsərim "Daş yuxuları"na
cavabdır, özü də layiqincə.
- Həm də incik halda tənqidçilərə ünvanlanan mesajın da
oldu: Bu əsəri Anar, Elçin, Çingiz Abdullayev yazsaydı, indi
bir-birlərinə imkan vermədən haqqında yazardılar.
- Faiq, mən o haqda demişəm, amma ad çəkməmişəm, sadəcə demişəm
ki, bu romanı tanınmış yazarlarımızdan, yəni xalq yazıçılarımızdan
hər hansı biri yazmış olsaydı, yəqin ki, layiqi qiymətini alardı.
Anar müəllim dünya şöhrətli yazarımızdır, o belə əsərləri zamanında
yazıb, bizim hələ onun yerişini yeriməyimizə əsrlər var.
- Yox, sənin iradın tanınmış yazarların əsərlərinə
məqsədli şəkildə müraciət edən tənqidçilərə hesablanmışdı. Kimdən
ən çox umurdun ki, yazsınlar?
- Yəni mənim romanım haqdamı?
- Hə də…
- Uman yerdən küsərlər - atalar məsəli var. Əlbəttə, ilk növbədə
dostlarımdan.
- Kimdir axı sənin ürəyinə xal salan o zalım
dostlar?
- Mən səndən, Qəşəmdən, Balayardan, Dayandurdan və başqa
dostlarımdan umuram.
- Biz tənqidçi deyilik axı…
- Tənqitçilər arasında da dostlarım var, amma niyə mən onu
deməliyəm? Gərək özləri yazsınlar. Yəqin bu əsər haqda nə vaxtsa
yazarlar.
Ədəbi mühütdə ögeyəm
- Yaxşı, giley-güzarı qoyaq qırağa. De görüm, özünü
ədəbiyyat adamı kimi daha yaxşı hiss edirsən, yoxsa
memar?
- Memarlıq incəsənətin onurğa sütunudur. O da bir poeziyadır.
Mən hər iki yerdə rahatam. Amma deyə bilmərəm oxucum məni oxuyanda
rahatdır, yoxsa yox. Memar kimi isə tikdiklərim göz oxşayıb…
- Özünü ədəbi mühütdə necə hiss edirsən? Ögey
görünmürsən ki?
- Əlbəttə, ögey yerindəyəm, çünkü gündə bir yerdə olduğum
dostlarım, ədəbi mühitdə bir tədbir, yığıncaq olanda bunu mənə
çatdırmırlar, ögeyliyim çıxır üzə.
- Elə tədbirdə olmamaq? Bəs özünü bir yazar olaraq harda
görürsən?
- Mənim elə böyük iddiam yoxdur, amma özündənrazı, yazıları beş
qəpiyə dəyməyən "şair-nasir"lər olur, şou yaradaraq çevrələrinə
özləri kimilərini yığaraq meydan sulayanda gülməyim gəlir. Bilirsən
ki, mənim mindən yuxarı yaratdığım lətifə var. Belələrinə də həsr
etmişəm, bu yaxınlarda işıq üzü görəcək "Lətifələr" kitabımda o
insanları görərsiz.
- Səxavət, deyəsən axı ədəbi taleyindən nigaransan. Sən
nəyi umurdun, nə arzulayırdın, amma gerçək olmadı. Sözzsüz ki,
sualım ədəbi mühitlə bağlıdır.
- Mənim heç kəsdən və heç nədən umacağım yoxdur. Sadəcə bir şey
mənə qaranlıq qalır, bəlkə buna sən aydınlıq gətirəsən.
- De görüm hələ, imkan daxilində…
- Yadındadır, mənim qəzəlimdən bir beyt paylaşdın:
Bükülən qamətimə əldə əsam da
dözmür,
Əyilib dənləyirəm keçmişi yerdən,
dən-dən.
- Yadımdadır, nə olub ki?
- Bax, bu qəzəli mən sosial şəbəkədə paylaşdım, həmişəki kimi,
20-25 oxucu bəyəndi. Amma bu beyti sən paylaşdığından az keçmədi
ki, kifayət qədər sayda oxucu bəyəndi, hətta rəy də yazdılar.
"Kamaz" təkərlərinin altından çıxarıb
düzəltmişəm
- Görünür, mənim ədəbi zövqümə dəyər verənlər daha
çoxdur da…
- Bir söz demirəm. Şeirinə, qəzəlinə düzəliş verdiyim
dost-tanışlar olur, pəh, 200, 250 nəfər bəyənir. İnan, o yazıları
da "Kamaz" təkərlərinin altından çıxarıb, döyə-döyə düzəltmişəm e,
Faiq bəy. Dünənə kimi qəzəllərinin sınıq- söküyünü düzəltdiyimiz
"qəzəlxan"lar ustad olublar, meydanda var-gəl edirlər, bax, bu mənə
çatmır. Bəlkə sən izahatını verəsən? Sonunda qəzəl paylaşmaqdan vaz
keçdim. Bir də görürsən qəzəlin nə olduğunu dərk etməyən birisi
şərh yazıb: sağ ol ustad, nə əla yazmısan, əlinə sağlıq. Gülünc bir
vəziyyətdir, bilirəm ki, o adam heç bunu dərk etməyib, dərk
etsəydi, elə şərh yazmazdı. Bu əsəri əslində o oxuculara mənim
qəzəllərimi oxusunlar deyə yazdım.
- Bəs bayaq dedin ki, bu romanı Əkrəm Əylislinin "Daş
yuxuları"na cavab olaraq yazdım.
- Sözümün üstündəyəm yenə də…
Xalqın saqqızını oğurlayıb…
- Hə, belə hallar olur. İzahatı da odur ki, çox vaxt
ciddi yazılara fikir vermirlər. Sən bunlara bənd olma. De görüm,
heç ürəyindən keçib xalq yazıçısı olasan?
- Yatıb yuxumdan belə keçirmərəm, amma dediyim kimi, elə iddiada
olanlar var, özü də az deyillər. Qorx ki, blef qurub özünə, sözünə
inamı olmayanları çevrəsinə toplamağı bacaran o şou yazarlar, -
hətta TV jurnalistlərinin bəziləri də onların toruna düşüb - geniş
kütləni də ələ alsın və kütlə bu axına qoşulsun. Bax, faciə budur.
Xalqın saqqızını oğurlamaq, həqiqi xalq yazıçısı olmaq çətindir,
şair.
- Deyəsən axı, çox giley-güzar etdik, de görüm, sən
ədəbiyyatımızdan nə gözləyirsən, həm də ədəbiyyatımız səndən nə
gözləsin?
- Ədəbiyyatımız yazardan nə gözləyər axı? Gələcək nəsil üçün
yadda qalan hər nə varsa. Deyilməmiş söz, fikir, ideya, yaxşı əsər.
O ki qaldı mənim ədəbiyyatımızdan gözlədiklərimə... Tərəfkeşlik,
yerlibazlıq, dəyərsiz yazıları ucaldıb, gözəl əsərləri kölgədə
qoymaları olmasa, hər şey gözləmək olar. Əlbəttə, yaxşıya doğru.
Amma maləsəf, bu, belə deyil…