Yuxarı

"Gördüm, iki ermənini ayağından asıb, birini də..." – II

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Gördüm, iki ermənini ayağından asıb, birini də..." – II

Əvvəli burada

Mövludla kafedən çıxıb Əhmədliyə gəldik. Sonra onu limana apardım, idarədən gedəcəyi gəmiyə əmr-göndəriş götürməli idi. Ayrılanda, "İşlərimi bitirim, sənə zəng edərəm", - dedi.

Heç bir saat keçməmiş məni aradı:

- Bu gün rəis yoxdur, sabaha qaldı. Haradasan? Gedək "Məclis" çay evinə.

Onsuz da həm vaxtı öldürməli, həm də onun söhbətini dinləməli idim. Dediyi yerə birlikdə görüşüb getdik.

- Bilirsən, mən dənizə gedəcəm, sən isə çox istəyirsən ki, ikinci dəfə həbs olunmağımı danışım. Ona görə də qərara aldım ki, sənə zəng edim, yenidən görüşək. Həm də, Ətağa, səninlə danışanda adam yüngülləşir.

Çay sifariş veririk. Xidmətçi qız Mövludun tanışıdır. Hal-əhval tuturlar. Mövlud məni təqdim edir:

- Komandirim olub, "svoyski" oğlandı, gəlsə, özün dur qulluğunda.

Qələmin sındısa fələk də düzəldə bilmir

Sonra mənə tərəf dönür:

- Komandir, bu gün bütün çay süfrəsi sənlikdir ha.

Bilirəm ki, zarafat edir. Amma razılıq verirəm:

- Düzələr, amma sən məktubda yazmışdın ki, daha pis adamlara qoşulmayacam, pis vərdişlərdən uzaq duracam. Bəs necə oldu tutuldun?

Qaralmış dodaqları qaynar çayı armudu stəkandan sümürməkdədir. Ağzındakı qəndin xırtıltısı qulağımı kəsir. Çayı udub da:

- Adamın qələmi sınmasın... sındı, fələk də düzəldə bilməz.

Ətraf stolda oturanlara baxdı. Onun baxışlarını təqib etdim. Elə bil ki, adamları yaxından tanımaq, sifətlərini yadında saxlamaq istəyirdi. Sonra yüksək səslə danışıb-gülən cavanları göstərib, yavaş səslə dedi:

- Bax, o qaqaşlar oturub ha, kənardan baxan elə bilər ki, bunlar ayrılmaz dostlardır. Amma ağır ayaqda "uf" demədən satarlar bir-birilərini.

Mənim kimi adamları həbs etmirlər

- Nə bilirsən?

- Bilirəm, çox görmüşəm belə dostbazları. Mən də zamanında stol, araq, macəra yoldaşları axtardım. Və həyatımı burulğanlara atdım. Kinolarda göstərirlər, kitablarda yazırlar ki, mənim kimi hərəkət edən adamları həbs etmirlər, sonda qəhrəman kimi təqdim edirlər. Sənə danışdım axı, zərərçəkən, maşını qaçırılan dedi ki, bu adam məni ölümdən qurtardı, gecə vaxtı cibimə pul basdı, get evinə dedi, - ona heç qulaq da asmadılar. "Cinayəti bilibsən, niyə xəbər verməmisən", - dedilər.

Sonra da əlini alnına çəkdi. Hirsli şəkildə dedi:

- Prokurora dedim ki, bax, gör bura "mən "sukayam"" yazılıb? Zərərçəkən xəbər verib də, gərək mən də şikayət edəydim? Həm də məni onların "podelniki" (işbirlikçi) kimi niyə tutursunuz? Cinayəti bilib deməmişəm, düzdür, bunun da öz maddəsi var da. Yox, bunlar bilirdi mənim dədəmin yaxşı pulu var, Rusiyada işləyir, onu əlindən almaq lazımdır. Bu, tək bizdə deyil ki, bütün ölkələrdə belədir.

Bilirəm ki, Mövlud yalan danışmır. O, tanıdığım adamların içində həmişə doğru söhbət edən olub. Birdən onu gic gülmək tutur:

- Sən ölməyəsən, prokuroru dolamışdım e. Dedim ki, Quran gətir, əl basım, çox götür-qoy elədim. Axırda xəbər vermək qənaətinə gəldim. Sadəcə, gecikdim. Ona görə də məni tutanda bu niyyətimi həyata keçirə bilmədim. Prokuror dedi ki, sənə inanmıram. Mən də dedim ki, heç mən də sənə inanmıram ki, sən mənə inanmırsan, "prosto" dediyini geri götürmək istəmirsən".

Yadına gəlir, sən odessalı oğlanın saatını oğurlayanı tapdın göndərdin saatı?

- Hə.

Dostundan saat oğurlayan erməni

- Bax səni ona görə çox istədim.

Yadıma salıram. Bizim gəmidə odessalı tələbələr vardı. Onlardan birinin babası Sovet İttifaqı Qəhrəmanı olmuşdu. Babaya Jukov tərəfindən bağışlanan imzalı komandir saatını o da öz nəvəsinə bağışlamışdı. Saat birdən-birə yoxa çıxmışdı. Və o tələbə çox pis halda idi. Söz vermişdim ki, saatı tapılsa, mütləq özünə göndərəcəm. Ünvanını da almışdım. Və bir gün həmin saatı gəmi təmiri zavodundan gəmidə ezamiyyətdə olan bir tokarın qolunda gördüm. Kayutuma çağırdım. Saatı tələb etdim. O saatı pulla aldığını dedi. Məlum oldu ki, saatı ermənilərdən biri bunun təklifi ilə götürüb və satıb. Həmin erməninin gəmidən düşürülməsinə nail oldum və sahilə çatan kimi saatı ünvanına göndərdim. Həmin tələbənin daimi dostluq etdiyi erməni tərəfindən oğurlandığını və gəmi kapitanının bu haqda əmr verdiyini də ətraflı yazdım. Məktəb rəhbərliyi idarəmizə təşəkkür məktubu göndərmişdi.

Sənin var-yoxun belə-belə...

- Sən mövzudan yayınırsan axı.

- Hə, danışım da. "Zon"dan çıxıb gəldim rayona. Bir neçə gündən sonra Bakıya qayıtdım. İşə düzəlmək istədim. Əvvəlcə, get-gələ saldılar. Yaxşı oğlanlar sağ olsun, işə düzəlməyimə kömək oldular. Amma tibbi komissiya, sənədlərin yenilənməsi və başqa işlər bir qədər vaxt apardı. Təzədən qayıtdım rayona. Kəndə çatmışdım ki, sahə müvəkkili başımın üstünü kəsdirdi. Bəs filan vaxt filankəsin qoyunu oğurlanıb, səndən şübhələnirik. Dəli olmadım bəs? Dedim, adə, sənin var-yoxun belə-belə, mən qoyun oğurlayanam? Qoyun oğurlayan sənin qardaşın oğludur. Bəs o filan vaxtı qonşunun toyuqlarını oğurlamışdı, bunu ki hamı bilir.

Sən ölməyəsən, bunu hirsimdən dedim, amma sonda dediklərim düz çıxdı, Xaçmaz bazarında qoyunları satanda tutubmuşlar onu.

Dostunun həyat yoldaşı ilə...

Nə isə, qanım qaraldı. Atam da dedi ki, bala, get Bakıya, burda kimin nəyi itsə yapışacaqlar yaxandan. Elə həmin axşam məni rayon polis şöbəsinə çağırdılar, dedim, sabah gələrəm. "Yox, dur gedək", - dedilər. Nə isə, apardılar. Getdim ki, əməliyyat şöbəsinə rəhbərlik edən bir nəfər var, məni səbirsizliklə gözləyir. Mənimlə çox kobud danışdı. Dedi ki, əgər rayonda bir hadisə baş versə, səndən şübhələnəcəyik. Get, normal yaşa. Dedim, naçalnik, ağıllı ol, mən yox idim, bu boyda rayonda hadisə baş vermirdi?

Bu, gəlmə idi, saldı qanmazlığa. Özlüyümdə dedim, yaxşı, gör sənin başına nə oyun gətirəcəm. Səhəri "cığan" uşaqları yığdım başıma. Bir-iki baş nəşənin pulunu verdim, dedim, bu əməliyyatçıdır, nə zibildir, kimdir, nəçidir? Dedilər, bəs o, buralı deyil. Yuxarıda adamı var, deyəsən, özünü çox yuxarıdan aparır, rəisi də bəzən eşitmir. Nəşə çəkən uşaqlardan haqq alır və sair. Özü də filankəslə gəzir. Öyrəndim ki, yaraşıqlı bir qadın var, başqa rayondan təyinatla gəlib burda işləyir. Guya onun əri ilə həmyerlidir. Amma arvadını aparır. Nə isə gəldim Bakıya. İşə düzəldim. Dənizə çıxmağa 2 gün vaxtım vardı. Rayona qayıtdım ki, pal-paltar götürüm özümlə. Atam da öz Qaz-24-nü bağışladı mənə. Həm də dedi ki, bəs bir nəfər qohum toyda dava salıb, iş Ariz deyilən tədqiqatçıdadır. Gedib danışmışam, sabah 2.000 dollar verməliyəm. Bəlkə yolüstü pulu verib gedəsən? Dedim, "baş üstə". Pulu da götürüb gəldim rayon mərkəzinə. Atamın verdiyi nömrəyə zəng vurdum. Dedi, filan yerdəyəm, gəl ora. Getdim. Məni görcək əsəbiləşdi ki, sən niyə gətiribsən? Dedim, ay adam, o kişi mənim atamdır, yad adam deyil ki. Nə isə, pulu aldı, saydı, dedi ki, 2.000 yox, 2.500 verməlisən. Cibimdən 500 dollar da çıxartdım, pulları ondan geri alıb qoydum üstünə. Saydım və uzatdım ona, pulu alanda 1000 dolları qatladım. O isə pulu saymadan bardoçoka atdı, gördü axı saymağımı. Dedi, bu gündən oldun dostum, əl-ələ verək işləyək. Dedim, ay Ariz müəllim, bizim nəslimiz belə işlərə yaddır, sadəcə, qohum işidir deyə, girişmişik. Hələ məni çaya da dəvət etdi. Getdim, dedim ki, maşının qapısı açıq qaldı. Burda "cığan" uşaqlar çox olur. Dedi, qorxma, məndən böyük "cığan" olmazlar.

Nə isə yeyib içdik. Hesabı da mən verdim. Bakıya gəldim o da işinin ardınca. Telefonumu da söndürdüm. Bu nə qədər zəng edər, eşitmərəm. Nə isə, mən işə çıxdım. Artıq iki gündür, iş günüm yazılır. Bir həftə sonra telefonu açdım. Dayanmadan mesajlar gəldi. İnan, iki saata oxuyub qurtara bilmədim, götürüb zəng etdim ki, Ariz müəllim, səndən aralanan kimi telefonumu suya saldım. İndi təzəsini almışam. Bu nə yazıdır yazıbsan, səninlə çörək kəsmişəm, heç utanmırsan? Dedi, sən mənə atıbsan. Dedim, gələrəm, danışarıq.

Bunları öpüşdükləri yerdə...

Gəldim rayona. Onunla görüşüb dedim: "Mənlik deyil". Dedi, səni tutduracam. Dedim, bacarmazsan. Gördüm, bu məni güddürür. Mən də bunu izlədim. Harada çörək yeyir, qadınla görüşür, orda bir xidmətçiyə pul boyun oldum ki, gələndə mənə xəbər etsin. Bir dəfə o oğlan zəng vurdu ki, bəs, zəng edib yer sifariş verib, gəl. Getdim. Dedilər, içəridədirlər. Bir baş nəşə çəkib, qapını təpiklə vurub açdım. Bunları öpüşdükləri yerdə başladım telefonla çəkməyə. Dedim, heç utanmırsınız? Hər ikinizi dövlət layiq bilib ucqar bir rayona göndərib. Gəlib burda əxlaqsızlıq edirsiniz? Hər ikiniz də ailəlisiniz. Qadını ağlamaq tutdu. Bu köynəyini geyə-geyə ardımca gəldi, çıxdım otağın qapısına. Dedim, yaxın gəl, köpək oğlu, sən nə işlə məşğulsan? Hədə-qorxu gəldi. Dedim, adə, filan yerdəyəm, dur gəl danışaq. Amma o qadınsız gəlsən, söhbətimiz alınmayacaq. Gedib gözlədim. Nə isə, gəldi. Dilə tutdu məni, "sil onu", - dedi. "Dəliyəm? Silmərəm", - dedim. Nə isə. Dedim, "Uşaqları şantaj edib tutdurursan. Bir büküm nəşəni göndərirsən kiməsə və saxlatdırıb pul alırsan. Buna son qoy". Dedi, qoyaram. "Və hər ayda mənə filan qədər pul verəcəksən, ya da özün tutdurduğun uşaqlara peradaça göndərəcəksən", - dedim. Razı olmaq istəmədi. Dedim, birbaşa nazirliyə gedəcəm. Nə isə, həmin gün "polnı baqaj" bazarlıq etdi, benzin pulu da aldım və gətirdim onun tutdurduğu 3 tanış uşağa göndərdim. Bu minvalla 5-6 ay keçdi. Amma bir dəfə imkan tapıb telefonumu götürdü. Dedi, baxım görüm necə çəkilib. Nə isə, məndə də çəkiliş-zad yox idi, çəkə bilməmişdim. Bunu bildi və dedi ki: "Sənin ananı ağladacağam. Ağlatdı da. Şəhərə gələndə maşınımı saxladılar. Axtarış zamanı iki kibrit qutusu nəşə "tapdılar". Özləri ilə gətirmişdilər. Beləcə, 4 il də həbsxana həyatı yaşayası oldum.

Meşədə gəzən nazlı nigar

- Məhkəmədə də sözsüz, heç nə sübut edə bilmədin.

- Yox, üzümə adam durğuzdular ki, guya mən meşədə çətənə kolu əkirmişəm. Şahidlərdən biri qadın idi. Dedi ki: "Mən onu dəfələrlə əlində bel, meşəyə gedən görmüşəm". Amma heç biri deyə bilmədi ki, meşənin hansı tərəfində məni görüblər. Hakim qadın idi, dedi: "Ay xanım, Mövludu başa düşdük, kişi xeylağıdır, meşəyə gedirmiş. Bəs sən necə olub ki, dəflərlə meşədə olmusan?" Cavab verə bilmədi. Ona görə də əkilməsini boynuma qoya bilmədilər...

Tarix
2015.04.08 / 09:55
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Azərbaycan və Türkiyə Silahlı Qüvvələr Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla