Yuxarı

Bunları oxumaq qadağandır – Qərb cəbhəsi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bunları oxumaq qadağandır – Qərb cəbhəsi

"Bunları oxumaq qadağandır" layihəsində:

"Qərb cəbhəsində yenilik yoxdur"

"Müharibənin bir həqiqəti var: orda iştirak edən hər kəs ölür. Cismən, ya da ruhən – fərq etməz, nəticədə, oradan heç kim sağ çıxmır", – alman yazıçı Erix Mariya Remarkın müharibə həqiqəti idi bu.

Remark 1929-cu ildə "Qərb cəbhəsində yenilik yoxdur" romanını yazdı, bir il sonra – 1930-cu ildə isə Levis Milstonun rejissorluğu ilə roman əsasında film çəkildi. 50 dilə tərcümə edilmiş, 15-20 milyon tirajla satılmış bu roman da qadağadan yaxasını qurtara bilmədi və Almaniya faşizminin 1933-cü ildə həyata keçirilən "kitab yandırma" aksiyasına qurban getdi. Buna səbəb kimi isə müəllifin alman hərbi qüvvələrini həqiqətə uyğun olmayan şəkildə təsvir etməsi göstərildi. Bütün bunlara baxmayaraq, kitab hələ də Birinci Dünya Müharibəsini əks etdirən ən yaxşı əsərlərdən hesab olunur.

Remark "Qərb cəbhəsində yenilik yoxdur" romanında fanatik müəllimlərin aşıladığı militarist-milliyyətçi ruhun təsirinə düşüb küyə gedən alman gəncliyinin könüllü olaraq müharibəyə qoşulmasını və acınacaqlı hərb meydanında əzilməsini oxucuya çatdırır. Romanın qəhrəmanı həyat eşqini o qədər itirib, əlini hər şeydən elə üzüb ki, gənc yaşında önündə dayanan uzun illərə baxıb köks ötürür:

"Aylar, illər gəlsin, keçsin. Onsuz da mənə gətirəcəkləri heç nə yoxdur".

Həm kitab, həm də film yayımlandığı dövrdə bir çox milliyyətçinin diqqətini çəkmiş, bununla da filmin ekranlaşdırılması İtaliyada və Almaniyada qadağan edilmiş, kitab isə Faşist Almaniyasında yandırılmışdı. Qeyd edək ki, bu film "ən yaxşı rejissor" və "ən yaxşı film" sahəsində Oskar mükafatı qazanıb.

Romanın ilk səhifələrində oxuyuruq:

"Bizlər gənclik filan deyilik artıq. Dünyanı fəth etmək niyyətimiz də yoxdur. Qaçan adamlarıq. Özümüzdən qaçırıq. Öz həyatımızdan qaçırıq. On səkkiz yaşımızda dünyanı və həyatı sevməyə başlamışdıq. Sonra isə eyni şeylərə atəş açmaq məcburiyyətində qaldıq. Atılan ilk toplar ürəyimizə tuş gəldi".

Bu cümlələr romanla yanaşı, müharibənin amansızlığının da başlanğıcıdır sanki. Əli qələm tutmalı olan gənclik birdən-birə müharibənin soyuq qucağına atılır və həyatı yenicə tanımağa başlayan bədənlər ruhları ilə bərabər bu vandalizmin qurbanına çevrilir. İnsanların ayaqlar altında əzilərkən etdiyi fəryaddır bu kitab.

Paul Baumer 18 yaşında məktəbdə oxuyarkən dostları ilə birlikdə könüllü olaraq müharibəyə qatılmağa qərar verir. Təbii ki, bu, təkcə onların özlərinin deyil, həm də öz lazımsız pafosu ilə onları istiqamətləndirib küyə salan müəllimlərinin qərarıdır. Beləliklə, dostlar Birinci Dünya Müharibəsindəki ən böyük cəbhə olan "Qərb Cəbhəsi"nə gedirlər. Onlar hələ həyatı tanımağa fürsətləri olmadan, bəlkə də, dünyanın ən böyük dəhşətləri ilə qarşılaşacaqlarından xəbərsiz idilər.

Yazıçının əsərdə bir uğuru da müharibəni çox doğal, olduğu kimi, şişirtməsiz təsvir edə bilməsidir. Qanla hörülmüş divarları yıxan, insanlara insan olduqlarını bir daha xatırladan, qaranlığın içinə gömülmüş ümidləri dirildən bu kitabın qadağası oxucuları əsərdən soyutmadı. Əsər ilk səhifədən insanları özünə həbs edir. Müharibənin ən dəhşətli anlarını yaşadır Remark. Əsərdə avtobioqrafik elementlər də yox deyil: Birinci Dünya Müharibəsi dövründə Remark özü də əsgər olub.

"Qərb Cəbhəsində yenilik yoxdur" romanının ilk səhifəsində yazıçı belə bir qeyd edib:

"Bu kitab nə bir şikayət, nə də etirafdır. Sadəcə, müharibə ilə yox edilmiş bir nəsildən danışmaq istəyidir. O insanlar bombalardan və mərmilərdən canlarını qurtarsalar da!"

Romanın qəhrəmanı Paul da heç vaxt şikayət etmir, qaçmağa yol axtarmır, bütün dəhşətləri amansız sakitliyi ilə qarşılayır.

Əsərdə əsas olsa da, tək mövzu müharibə deyil, müəyyən mənada məişət məsələlərinə də yer ayrılır. Paulun cəbhəyə getməzdən əvvəl anası ilə görüş səhnəsi romanın ən təsirli səhnələrindəndir.

Qeyd etdiyimiz kimi, "Qərb Cəbhəsində yenilik yoxdur" romanı Faşist Almaniyası tərəfindən qadağan edildi, hətta toplanılaraq yandırıldı. Ancaq nasistlərin bununla da ürəyi soyumadı. Erix Mariya Remark vətəndaşlıqdan çıxarıldı. Hətta bu kitaba görə onu öldürmək də istədilər. Ancaq nə qədər axtarsalar da, Remarkı tapa bilməyib, əvəzində bacısını öldürdülər. Romanı oxumaq üçün bu da təsirli bir səbəbdir.

Türk yazıçı Yaşar Kamal "Qərb Cəbhəsində yenilik yoxdur" romanı haqqında "XX əsrin ən yaxşı kitabı" ­­demişdi.

Müharibəni yazılı şəkildə yaşamaq istəyənlər oxumalıdır bu kitabı. Qərb cəbhəsində isə hələ də yenilik yoxdur...

Tarix
2015.04.10 / 08:00
Müəllif
Nigar An
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla