Bu dəfə Fikrət Sadıqovun "Xatirə dəftəri"ni
vərəqləyəcəyik. Onun haqqında xoş sözlər eşitdim. Maraqlı adam
olmasının fərqində olmağım da görüşümüzə, söhbətimizə istiqamət
verdi.
Yazıçı dostum, bir vaxtlar Fikrət müəllimin rəhbərliyi altında
işləmiş Süleyman Hüseynov da onunla bağlı xatirələrini danışdıqda
qərara aldım ki, görüşüm. Görüşə Süleyman müəllim vasitəçi oldu.
Zəng etdi, fikrimi bildirdi. Vədələşdik və AMEA-nın Kimya
İnstitutunda görüşdük. Səmimi qarşıladı. Simasında səmimi təbəssüm
vardı. Yer göstərdi, əyləşdim. Hal-əhval tutdum:
Ərizə ilə dünyaya gəlib...
- Necəsiniz, Fikrət müəllim, nə var, nə
yox?
- Yaxşıyam.
- Aprelin 28-də 78 yaşınız olacaq. Əvvəllər aprelin
28-ni tarixi bir gün kimi qeyd edərdilər. Yəqin ki, ürəyinizcə
idi.
- Hə, düzdür. Amma bu mənim özümdən asılı olmayan bir tarixdir.
Əlbəttə, aprel ən gözəl aydır. Yazın gözəl vaxtıdır, gül-çiçək
açır, ürəyin açılan, duyğularla dolu olan bir vaxtdır. Mən həmişə
deyirəm, Allah məni ərizə ilə dünyaya gətirməyib ki, təqdimatla da
dünyadan apara. Alnımıza nə yazılıb, o da olur. Əsas odur, elə
eləyəsən ki, dünyadan gedəndən sonra yaxşılığından danışılsın.
- Haqqınızda xoş danışırlar. Xeyirxah olmağınız haqda da
bəhs edirlər.
- Hər kəs öz həyatını özü üçün yaşayıb, ona olacaq münasibəti
özü üçün, gələcəyi üçün qazanır.
- Bəs uşaqlıq illəriniz necə, yadınıza
gəlirmi?
- Naxçıvanın Ordubad rayonunda müharibə vaxtında dünyaya
gəlmişəm. Hər halda Allahın da kölgəsi üstümüzdə olub ki,
vəziyyətdən çıxa bilmişik. 8 nəfərlik böyük ailə olmuşuq. Mən 4-cü
uşaq idim. Atam tək işləyirdi. Dolana bilmişik. Rəhmətlik atam 3 il
müharibədə olmuşdu. Xəstəlik tapıb qayıtmışdı.
- Dediniz ki, ailə çətinliklə böyüdü. Oxumamış,
işləməmiş yaşamaq olmur. Gərək işləyəsən ki, dişləyə biləsən. Siz
orta məktəbdə oxuyan zaman necə, sıxıntınız çoxmu
olub?
- Xeyr, sıxıntımız olmayıb. Niyə? Deyim, bizim məktəb
paltarlarını həmişə anamız tikib. Biz orta məktəbi qurtarana qədər
belə olub. Ancaq bircə dəfə, 10-cu sinifdə oxuyanda özümə kostyum
almışam.
- Beləliklə, orta məktəbi bitirdiniz.
- Birinci il ali məktəbə girə bilmədim. Barama toxuma ipək
fabrikində işə düzəldim. Sonra tikintidə işlədim. Bir müddətdən
sonra gedib Siyəzəndə fəhlə işlədim. İkinci il sənədlərimi yenidən
verdim və oxudum.
Sevdim, deyə bilmədim...
- Tələbəlik, gənclik illərinizi necə xatırlayırsınız?
Nakam sevgi, gözü yaşlı, ürəyi qubarlı qalanlar
oldumu?
Fikrət müəllimin çöhrəsinə təbəssüm ilğım kimi yayılır; bu
gülüşdə qəribə bir istilik hiss olunur. Barmaqları ilə stolun
üstünü ehmalca döyəcləyir. Ötən, uzaqda qalan xatirələri sanki bu
ritmin sədası altında yuxudan oyadır:
- Sevgi elə bir şeydir ki, heç zaman yaddan çıxmaz. Birinci dəfə
9-cu sinifdə oxuyanda sevmişəm. Sinif yoldaşım idi. O qız bilmirdi
bunu, heç kəs də bilmədi.
- Niyə bildirmədiniz, qorxdunuz ki, cavabsız
qalar?
- Çünki mən onlardan ayrıldım, axşam məktəbində oxudum. O,
indiyə qədər də bilmir ki, mən onu sevmişəm. İndinin indisində də
yuxumda onu görürəm.
- O xanım sağdı?
- Əlbəttə. Ailəsi, uşağı, nəvələri var.
- Belə odlu sevibsiniz... Yəqin şeir də yazıbsınız
ona?
- Yox, şeir yazmamışam.
- Bəs gizlində, tək qalanda o hissləri özünüz-özünüzlə
paylaşırdınızmı? Necə ifadə edirdiniz?
- Sonralar hərdənbir yadıma salırdım, bəlkə uşaq göndərsəydim,
sevgimi çatdırsa idim, "hə" cavabı verərdi. Amma eləmədim.
Bu həyatı heç kimdən borc almamışam
Stolun üstündəki vərəqlər Fikrət müəllimin dadına çatır, özünü
kağızları sahmana salırmış kimi göstərir. Həmin xəfif, ilğıma
bənzər təbəssümün yayıldığı çöhrədə ifadəsi mümkün olmayan uzaq bir
ünvana ünvanlanan doğmalıq oxunur. Dillənir:
- Mən utancaq uşaq olmuşam. 10-cu sinifdə oxuyanda da qızlarla
danışmamışam, utanmışam.
- Heç peşmançılıq hissi keçiribsinizmi? "Gərək deyəydim,
özümə qismət olaydı" və sairə.
Hə, bu artıq başqa bir Fikrət Sadıqovdur; anındaca üzündəki
ifadə dəyişdi, ilğım dolu təbəssümün yerində ciddi görkəm
canlandı:
- Yox, qəti olaraq peşman olmadım. Mən həmişə deyirəm ki, bu
həyatı mən yaşamışam. Heç kəsdən borc almamışam, heç kəsə də borc
verməmişəm. Düzdür, səhv eləməsən, yaşaya bilməzsən. Səhv
eləmişəmsə, anlaqlı şəkildə eləmişəm, bu cür lazımmış deyə, hər
hansı addımı atmışam, demək, heç bu da səhv deyil.
- Təsəvvür eləyək ki, yuxularınıza girən qıza sevginizi
demisiniz, həyatınızda nə dəyişərdi?
- Heç nə dəyişə bilməzdi. Necə yaşamışamsa, elə də yaşayacaqdım.
Mən universitetə girmişəm. Kimyaya böyük həvəsim olub, elə kimya
fakültəsinə daxil olmuşam. O vaxtlar tələbələri istehsalata
göndərirdilər. Mən 4-cü kursdan Sumqayıta, istehsalatda çalışmağa
getdim. Nə olubsa, harada olmuşamsa çalışmışam ki, dərinliyinə
gedim. Belə də oldu. İşi çox tez də öyrənə bildim. Qısa müddətdən
sonra növbə rəisi oldum. Təyinatla göndərildiyim yerdə sex rəisi
çalışdım. Oradan da kimya zavoduna baş mühəndisliyə yüksəldim.
Heydər Əliyev haqqımda deyib ki...
- Bəlkə gənc mütəxəssis kimi qazandığınız uğurlardan
bəhs edəsiniz.
- Demək, "Ximkombinat" pis işləyirdi. Svetlov familiyalı rəis
vardı, baş direktor da Əliş Mustafayev idi. O, çox tələbkar adam
idi. Svetlov demişdi ki, mənə yaxşı, işini bilən adam lazımdır.
Məni ora çağırıb sex rəisi təyin etdilər. 1976-ci ilə qədər o
vəzifədə çalışdım. Sonra da baş mühəndis oldum. Kostandov SSRİ
kimya naziri idi. 1981-ci ildə Azərbaycana gəldi. Kimya
zavodlarından birinin vəziyyəti çox acınacaqlı idi. O dedi ki, bu
zavodu düzəltmək olmaz. Gərək bunu sökək yerində təzəsini tikək.
Heydər Əliyev Respublikaya rəhbərlik edirdi. Dedi ki, düzəldərik.
Mənim direktorum da dedi ki, səni ora rəhbər çağıracaqlar, get.
Dedim, baxarıq. Məni Sumqayıt şəhər Partiya Komitəsinin birinci
katibi çağırıb dedi ki, Fikrət, mən söz vermişəm ki, ora kadr
göndərəcəm. Getməsən, bizi biabır edəcəksən. Dedim ki, gərək mən
gedəm zavoda baxam. Zavod pis vəziyyətdə idi. Nə isə, qısa müddətdə
zavodu işlək vəziyyətə gətirə bildik. Heydər Əliyev adətən həmişə
büro qabağı böyük zavod direktorlarını çağırardı yanına. Söhbət
edərdi. Mənim haqda isə deyib ki, onu tanıyıram, işinin öhdəsindən
ləyaqətlə gəlir, birbaşa büroya gəlsin.
- Heydər Əliyevlə ilk tanışlıq nə vaxtdan
başlayıb?
-1981-ci ildən. O vaxta qədər mən Sumqayıtda baş mühəndis
işləyirdim. 1981-ci ilin yayında mənə dövlət mükafatı verildi. Onu
mənə Heydər Əliyev təqdim etdi. Həmin ilin oktyabrında zavod
direktoru oldum.
- İstehsalatdan başlanan münasibətlər şəxsi dostluq
səviyyəsinə də gəlib çatmışdı deyəsən...
- O dostluq münasibətləri sonradan oldu. Heydər Əliyev ikinci
dəfə Azərbaycana rəhbər qayıtdıqdan sonra. O, iş görən adama çox
böyük qiymət verirdi. İşlə nə problemin varsa, de, anındaca həll
eləsin. Onun kimi adam çətin bir də bu dünyaya gələ.
Mən işləyən vaxtlar Məişət Kimyası Kombinatının ikinci növbəsi
üçün sex tikirdik. Belə bir zavod əlavə olaraq həm Qazaxıstanda,
həm də Leninqradda tikilirdi. Heydər Əliyevin tələbkarlığı ilə
bizim tikinti çox irəlidə idi. Zavodun istehsalata hazır olması
üçün bizdə əsas avadanlıqlardan biri – qüllə yox idi. O olmadığı
üçün sex dayanacaqdı. Ancaq ki, Qazaxıstanda qüllə var idi, sex isə
hazır idi. Bəzi avadanlıqlar da Leninqradda hazır idi. Qazaxıstan
rəhbəri Kunayev və Leninqrad şəhər Partiya Komitəsinin katibi
Romanov Siyasi Büronun üzvləri idilər. Heydər Əliyev isə namizəd
idi o zaman. Lakin o, əsaslandıraraq avadanlıqları həm
Qazaxıstandan, həm də Leninqraddan Azərbaycana gətizdirə bildi. Sex
hazır oldu, istehsalata başlandı.
- Necə etdi bunu?
- Kondisioner zavodu bir nümunə idi. O zavodu da əvvəlcə
Ukraynaya vermişdilər. Demişdi ki, mən bu müddətə tikəcəm və
Şerbitski ilə baş-başa gəlib, zavodu Bakıda tikdirə bilmişdi. Ona
görə də bu məsələdə ona daha çox etibar edirdilər.
Naxçıvana yardım kimi kerosin göndərirdim
- Sonradan Heydər Əliyev Moskvaya, daha yüksək vəzifəyə
gətirildi. Siyasi çəkişmələr baş verdi. Yenidən Azərbaycana
qayıtdı. Hətta Milli Məclisin özündə də ona qarşı haqsızlıq edənlər
oldu. Sizinlə aranızda çox isti münasibətlər yarandı.
- Mən indi də ona təəssüf eləyirəm ki, o adamlar ki Heydər
Əliyev danışanda nadanlıq edib, yerə təpik döyürdülər, fit
çalırdılar, indi onlar, Allah eləməmiş, bir şey olsa, sabah yenə də
bu iqtidarın əksinə gedəcəklər. Bir sifətləri yoxdur. Elələri var,
bir neçə sifətlə maskalanıblar. Mən onları yaxşı tanıyıram. Onlarla
yoldaşlıq da etmişəm. Elə indi də yoldaşıq. Görəndə salam-kalam
edirik.
- Dostluq münasibətinizdən danışın...
- Heydər Əliyev Naxçıvanda olanda ona zəng eləyirdim. Mənim
rəhbəri olduğum zavodda həddən artıq kerosin vardı. Bir milyon tona
yaxın idi. Qənaət etmişdik. Yardım kimi göndərirdim. Heydər Əliyevə
yox ha, Naxçıvan əhalisinə. Bura gələndən sonra da dedi ki, mən bu
adamı yaxşı tanıyıram. Nə sözü olurdusa, deyirdi ki, Fikrət, bunu
belə eləmək lazımdı. Gedirdim yanına, qəbul eləyirdi, deyirdim ki,
bunları belə eləyə bilərik. Nə qədər tələbkar idisə, o qədər də
səbirli idi. Söz deyəndə kəsmədən axıra qədər təmkinlə qulaq
asırdı. Sözü kəsməzdi heç vaxt.
Məndən buna görə incidi
- Bu qədər işgüzar olmağınızla, dostluq münasibəti,
qazandığınız uğurlarla yanaşı içinizdə bir xof olubmu ki, nəyisə
düz eləmərəm, qəzəbə gələrəm?
- Həmişə fikirləşirdim ki, Heydər Əliyevin nəzəri üzərimdədir.
Demək, mən başqa heç nə eləyə bilmərəm. Həqiqətən elə fikirləşirdim
ki, mənim nə etdiyimi o bilir.
- Sonra deyəsən aranızda bir az soyuqluq
yarandı?
- Bilirsiniz necə oldu?! Bir məsələ var idi, mən dedim ki, belə
eləmək lazımdı. Ancaq ki, Heydər Əliyevin səbri çoxdur. Bir az
tələsdim, başqa adamla da getdim yanına. Dedi ki, mən sənə söz
demişdim, bunu edəcəyəm. Necə olur ki, sən bu işlə bağlı başqa adam
da xahişə gətirirsən? Mənə elə gəlir ki, məndən buna görə
incidi.
- Amma belə bir söhbət gəzirdi ki, sizin başınızın
üstündə qara yellərin əsməsinə səbəb Rəsul Quliyevi müdafiə
etməyiniz olub. Heydər Əliyev bunu soruşanda, siz demişiniz ki,
onunla çörək kəsmişəm, dost olmuşam, ağır günündə adamı atmaq
olmaz. Belə bir söhbət olubmu?
- Yox, elə şey olmayıb. Axı o özü də bilirdi ki, biz dostuq.
Rəsul Quliyev istehsalatçı idi, işgüzar idi. Bir dəfə o, Ali
Sovetdə olarkən, adlarını deməyəcəm, bir neçə nəfərlə yanındaydıq.
Başladılar ki, o kimdir, qocalıb-filan. Əsəbiləşdim, dedim ki,
sizin bu avantüranızda mən yoxam, ola da bilmərəm və çıxıb getdim.
Mən gedəndən sonra orada olanlardan biri tez qaçar Heydər Əliyevin
yanına, deyər ki, belə bir söhbət oldu, Fikrət müəllim belə dedi,
sonra çıxdı, ardınca da mən çıxdım. Heydər Əliyev məni qəbul
edəndə, dedi ki, xəbərim var, gərək cavabını verəydin. Dedim ki, o
sözü deməyim elə cavablarını vermək idi. Başqa cür desəydim, o
zaman sizə başqa cür çatdıracaqdılar. Bilirsiniz, onlar hər dəfə
Heydər Əliyevin yanına girə bilirdilər, mən isə ayda bir dəfə.
Fikrət müəllim ani fikrə gedir, sinəsi körük kimi qalxıb
enir:
- O, çox dahi insan idi... Ayrı adam idi.
- Bir müddət işsiz qaldınız?
- Hə. 2005-dən 2009-a qədər işsiz qaldım.
- Uzun müddət vəzifədə olmusunuz, iki dəfə Milli Məslisə
seçilmisiz. Qara gün üçün bir iş görmüşdünüz, ya yox?
- Yox, olmayıb. Sənin dostların var, məni tanıyır, onlar da
təsdiq edə bilərlər. Əgər mən elə etsəydim, başqaları daha çox
eləyəcəkdi. Mənə rəhmətlik 3 dəfə dedi ki, gəl Bakıya, Sumqayıtda
oturma. Bir dəfə Sumqayıtdan gələndə qəzaya düşdüm. Onda da dedi
ki, sənə dedim axı Bakıya gəl.
- Nəyə təəssüf edirsiniz?
- Həyatda heç bir şeyə təəssüf etmirəm.
- Olub ki, şəxsi işinizdən ötrü kiməsə ağız açasınız?
Hər halda böyük adamın da böyük problemləri olur. Siz özünüz çox
problemlər həll edibsiniz.
- Məni Azərbaycanda həmişə respublika rəhbərliyi dəstəkləyib.
Direktor olanda da belə olub, sonralar da. Bir dəfə mənə ciddi
xəbərdarlıq vermək istəyiblər. Artur Rasizadə Nazirlər Kabinetinin
birinci müavini, Siyasi Büronun üzvü idi. Deyib ki, mən buna qol
çəkməyəcəm. İstehsalatda işləyirdim, plan dolur, respublikaya gəlir
də gəlirdi. Demişdi, bax, mən Qorbaçova zəng eləyəcəm, qoymayacam
ki, bu iş belə olsun.
- Bəxti gətirənlərdən olmusunuz da. Ola bilsin ki,
ölkədə sizin kimi işləyən olsun, amma dövlətdən ona dəstək
olmasın?
- Əlbəttə, həyatdır da, hər şey ola bilər. Mənim nə qohumum
idilər, nə də ki, tanışım. Ancaq bütün bu dəstəklər istehsalatı
düzəltdiyimə görə, o əvvəlki zavodu tamam başqa zavod etdiyimə görə
idi. Zavodun ərazisini yaşıllıq etdirdim, ağaclar əkildi. Kim nə
qədər ağac əksə, mükafat alırdı. Milyondan çox çən var idi.
Təmizlədik. Dəmir qırıntısı edib göndərdik Rusiyaya.
Borcumu qaytarmayıblar
- Ötən günlərinizi qaytarmaq istəsəniz, ömrünüzün hansı
anına dönərdiniz?
- Ən çox xoşum gələn vəzifə baş mühəndislik olub. İstehsalatda
ağırlıq daha çox onun üstündə olub. Elə bir dənə sex yoxdur ki,
orada mənim təklifim həyata keçməsin.
- Borcla aranız necədir? Heç dostdan-tanışdan borc
alıb-vermisinizmi?
- Borc vermişəm. Amma borc almamışam. Heç borcu qaytarmaq
istəyən də olmayıb. Mən bilirdim ki, vəziyyətləri necə olub, ona
görə də istəməmişəm verdiklərimi.
- Dostlarınızdan ən çox kimi
xatırlayırsınız?
- Biz 5 direktor olmuşuq, həmişə bir yerdə idik. Zamin Hüseynov,
Nərçə Ağayev, Nurəddin Babayev, bir də Ucal Qasımzadə. Bir
kampaniya idik. Onlardan ötrü çox darıxıram.
- Ordubadda yaşamısınız, ömrünüzü Sumqayıta
bağlamısınız, xatirələri vərəqlədikcə sizin üçün daha şirini hansı
olub?
- Tələbəlik illəri.
- Orta məktəbin ən şirin xatirəsi bir qızı oğrun-oğrun
sevməniz olub. Bəs tələbə vaxtı arxanızdan baxan gözü yaşlılar
olubmu?
- Yox. Nüsrət Kəsəmənlinin bir şeiri var - "Biri vardı, biri
yox"... Mənim səhvim olub. Yəqin ki, mən sevgidə məğruram. Əgər qız
mənə "yox" dedisə, ikinci dəfə ona tərəf üz tutmaram.
Sonra yenə də həmin xəfif, ilıq təbəssüm simasına hopur. Hə,
deyəsən, yenə də sarı simə toxunduq axı, deyə fikirləşdim. Fikrət
müəllim yenə də xatirələri çözələdi:
- Çox yaxşı bir qız vardı. Sevirdim onu, evlənmək də istəyirdim.
Mən Sumqayıtda işləsəm də, hər gün o qıza görə Bakıya gəlirdim. Bir
dəfə qıza dedim ki, gedək bir az gəzək. Dedi, sabah imtahanım var,
hazırlaşmalıyam. Gəlmədi. O, sonuncu görüşüm oldu, o vaxtdan bu
yana o qızı görmədim...