"Soraq" layihəsində
Eldar İsmayıloğlu Salyanda
yaşayır. İmzası diqqətli oxucu üçün yad deyil. Elə özü də
istiqanlıdır.
Paytaxtdan uzaqda olsa da,
tez-tez tədbirlərdə görünür. Şairdir. Amma çörəyi sözdən çıxmır,
heç daşdan da. O, halal ruzisini dəmirdən çıxarır.
Bu günlərdə yolum Cəlilabada düşmüşdü. Yolüstü şairə baş çəkdim.
İş başında idi, əlində çəkici, alnında təri, dəmir döyəcləyirdi.
Qəfil gəlişimdən sevinc və təəccüb ifadə edən baxışları üzümə
dikildi. İş-gücü ilə maraqlandım:
- Salam, Eldar, necəsən?
- Var ol. ...təşəkkürlər. Sən necəsən? Xoş gəlmisən, - dedi.
Çaşqınlıq da vardı deyəsən rəftarında.
- Nə işlə məşğulsan belə?
Əli ilə sexi, həyətini göstərdi:
- Həyətdə maşın sexi düzəltmişik. Sənətkarlıqla məşğulam.
- Dəmirçisən?
Sualıma sualla cavab verdi:
- Tural necədi? Dəmirçi-rəngsaz işlərini görürük. Amma ixtisasca
mühəndisəm.
Sexin arxa tərəfində şairin həyətində stolun arxasında
əyləşmişik. Çağrılmamış qonaq üçün artıq çay da süzülüb. Eldar daha
böyük tədarükün görülməsinə işarə vermək istəyir. İmkan vermirəm:
"Yol üstündəyəm, Cəlilabada gedib, bu gün də geri qayıtmalıyam", -
deyirəm. Sözüm havada qalır, o, artıq göstərişini verib.
- Sən axı şairsən, dəmiri döymək rahatdır sənə, yoxsa
sözləri "döyəcləyib" misralara düzmək?
- İndi heç nə rahat deyil, vallah. Özün bilirsən, həm də
görürsən. Tural Gəncədədir də?
- Yox, Tovuzdadır. Eldar, axı ikisindən biri sənin üçün
daha rahat olmalıdır.
- Təbii ki, yazanda rahatlanıram. İçim boşalır, çiynimin yükü
azalır elə bil. O zaman ağır yükün, işin qabağında daha yüngül
oluram.
- Demək, dəmiri döyəcləyib, qoluna, çiyninə verdiyin
ağırlığı ürəyinin söz yükünü boşaltmaqla yox edirsən.
- Əslində hə.
- Həm də rəng işi görürsən, sözün rəngi, rəngarəngliyi
ilə dəmirə verdiyin boyanın oxşarlığı var?
- Yaradıcı adamın fantaziyası mütləq olmalıdı ki, rənglərin
harmoniyasını tənzimləyə bilsin.
- Sənin bu dəmirçi sənətinin körüklə işləyən dəmirçi
sənətinə oxşarlğı var?
- Yox, bu müasir üslubdadır. Burada artıq riyazi üslublar önəmli
olur.
- Yəni demək istəyirsən ki, emalatxanalarda çalışan
dəmir ustaları riyazi hesablamalar aparır?
- Ölçünü hesablaya bilməyənlər işi başa vura bilmirlər. Texniki
ölçülər nəzərdə tutulur. Avtomobildə dəqiq ölçüləri bilmək mütləq
lazımdı.
- Bəs şeirdə necə? Şeirdə sərbəst olmaq mümkündür
də?
- Şeir mənim sərbəst, azad dünyamdır.
- Bu sərbəstlik ifrat dərəcədə olmur ki?
- Düşündüyün, ifadə edə biləcəyin qədər ola bilər. Hətta
Tanrıdan da o yana ötə bilirsən. Bəlkə də elə özünə qayıdırsan,
Tanrıdan o yana getmirsən heç.
- Kitabın çıxıb?
- Yox, kitabım hələ yoxdur. Elə ona görə AYB-yə üzv
seçmirlər.
Akvarium dərinliyi, səhra darısqallığı
Çay süzür, əlini uzadıb altında oturduğumuz iydə ağacının nazik
bir budağını qırır, dırnaqları ilə qabığını soyur, sonra burnuna
tutub iyləyir, çevrilib sexin qapısından içəri boylanır və mənə
tərəf çevrilir:
- Ümumiyyətlə yaşamağı həzm etmək çox ağırdır. Nəinki burada, bu
məmləkətdə, baş alıb gedən dayaz səhralıqda da yaşamaq
çətindir.
- Dayaz səhralıq deyəndə nə başa düşək?
- Zövqü korlanan cəmiyyətin arasında yaşamaqdır dayazlıq.
Akvarium dərinliyi, səhra darısqallığı.
- AYB-yə üzv götürmürlər deyirsən, - ona görə
inciksən?
- İncik olub neyləyəcəm ki?! İmkan olan kimi kitabımı
çıxartdıracam.
- Cəmiyyətin zövqünün korlandığını dedin, nədən bu
qənaətə gəldin? Özünə, yazılarına qarşı diqqətsizlik, yoxsa
sayğısızlıq var?
- Sadəcə, bir faktı deyim. Telekanalların üyütdüyü səviyyəsiz
verlişlər, insanlarda siqaret vərdişinə çevrilir. Toyların bəsit
günə düşməsi, insanların mədəsinə sarı yüyürmələri. O qədər ucuz
şeylər var ki. Qaldı ki şeirə, nədən çox hissə hələ də ənənəvi
usluba üstünlük verir, anlamıram.
- Ənənəvi olmağın, qədimliyə söykənməyin nəyi pisdir
ki?
- Sabahın üstünə yüyürmək lazımdı, dünənə yox.
- Təkcə şeirdəmi? Axı sən cavan da olsan, özünü müasir
kimi göstərsən də, əslində elə köhnəliyi özündə saxlayan birisən.
İnsanlara münasibət, mili adət-ənənə, mentalitet və sair baxımdan.
Bayaqdan fikir verirəm, köhnə kişilər kimi səsinlə yox, baxışınla,
sifətinin mimikası ilə buyurusan əl-ayaqda olanları.
- Ətaləti də qəbul etmək doğru olmazdı. Bu sadəcə 7 əsrdən bəri
mentalitetimizin çürük qollarından sallanmaqdır. Bunu təfəkkürü
olan hər kəs anlayır. Artıq məncə palazın arasından çıxmaq vaxtıdı.
O isə telekanalların, təhsil müəssələrinin birbaşa öhdəsinə düşür.
Artıq köhnə "zaporoje"lər mənzili başa vura bilmirlər.
- Sənətkar olaraq işin çox olar yəqin.
- Saata uzun-uzadı baxmaqdan yaxşıdır sənətkarlıq.
- Sözsüz. Bayaq imkandan giley etdin. Kitab dərc
etdirmək üçün deyirəm, müştərinin olub olmamasını.
- Qayğılar çoxdur, Faiq müəllim, - hə, səsindən qayğılı olması
daha çox bilindi dəmirçi şairin. "Bəlkə şair-dəmirçi" deyə
fikirləşdim. Hə onun şairliyi də gözəldir axı.
- Eldar, Salyanda yaşamaq səni bezdirməyib ki, "həftə
səkkiz" Bakıdasan.
- Hələ ki, bezdirməyib. Mən nədənsə bezəndə tez büruzə verirəm.
Arada Bakıya tədbirlərə gəlirəm, doğrudur.
- Salyan uzaq deyil, amma əyalətdir də... Ədəbiyyatımız
ordan necə görünür?
- Ədəbiyyat məncə şəhərdə bar verir, əyalətlərdə isə bar verən
bu "meyvələr " yenə aparılıb şəhərdə "satılır", reklam olunur. O
qədər də ürəyaçan deyil.
- Salyan ədəbi mühiti səni qane edirmi?
- Salyanda istedadlı insanlar çoxdur. Amma pərakəndə halda.
Konkret cavabım isə budur: Qətiyyən qane etmir.
- Tutaq ki, AYB-nin üzvüsən, bu sənə nə
verəcəkdi?
- Əslində, maraqlı sualdır. AYB nüfuzlu təşkilatdır. Hər bir
qələm sahibi təbii ki, istəyər ki, ora üzv olsun. Mənə elə gəlir
ki, AYB-nin üzvlük bileti hər hansı yazarın özünü təsdiqinin
cavabıdır. Düzdür, heç bir qurum, heç bir təşkilat ona istedad
vermir. Amma hardasa dəstək olur, örnək olur. AYB də yazarlara
qayğısını əsirgəmir. Amma bu təşkilata da haqqı olan qələm
sahibləri üzv olmalıdırlar. Heç bir ölkədə məncə Yazıçılar Birliyi
yoxdur, amma burada uzun illərdir ki, bu birlik fəaliyyətini davam
etdirir.
- Kimdir AYB üzvü, yaxud səlahiyyəti olub, özünü yaxşı
aparmayan?
- AYB-nin çox dəyərli üzvləri var, amma elələri də var ki, zəif
yazıları ilə çox iddialıdırlar. Baxmayaraq, mən üzv deyiləm, amma
ədəbi orqanların qapısı həmişə üzümə açıq olur, - Eldarı intriqaya
çəkmək cəhdim baş tutmur.
- Dərc olunursan, bilirəm. O zəiflərdən, yəni
yaradıcılığı iddiasından aşağı olanlardan bir-ikisinin adını çəkmək
olar?
- Siz məndən də yaxşı bilirsiniz, kimlərdir onlar.
- Yaxşı, de görüm, niyə özünü kölgəyə vermisən, axı sən
özün deyirsən ki, istedadsızlar daha çox qabağa gedib.
- Məlumdur ki, istedadsız adamları qapıdan qovublarsa da,
pəncərədən girməyi bacarırlar. Deyib qanımızı qaraltmayaq. Xalqın
gözü tərəzidir.
- Eldar, bir halda ki xalqın gözü tərəzidir, iki şeir
ver xalqın "tərəzisinə" -gözünə tutum.
* * *
Yenə də küləklər daşıyır,
Yarpaqların ölümünü.
Çırpır zamanın üzünə,
Qızılı təbəssümünü.
Kimdi ki, eşqdən yarıyan,
Ağlama öz nəfəsinə.
Yarpaqlar da gözəl ölür,
Bir-birinin həvəsinə...
Divar da ovulub gedir,
Şəklimizi unutmağa.
Nə yaxşı ki, pəncərə var,
Gözlərimi ovutmağa.
Xatirələr körpə quş tək,
Sığınıbdı bir küncümə.
Gəl biz də gözəl ayrılaq,
Yanıb kül olaq... öncə mən...
İndi ümid böyüdürəm,
Yeriyə, bəlkə dil aça.
Bir gün dönüb qayıdarsan,
Gülüb, sənə də sirr açar.
******
Nəmli divarlar təki,
hər gün öz içinə ovulur adam,
üzündən divar kağızlarını soyduqca...
Sevgilər yalan əynini soyunduqca,
adam soyuduqca,
yandırır yenə xatirə yağışları gözünün içinəcən...
Turşməzə darıxmaqlardan sonra şərab içənəcən,
ürəyini deşən zaman əqrəbini,
kürəyini söykədiyin su divara tuşlayırsan,
dünyanın bütün Məcnunları gözünü açanacan,
bütün şeytanları daşlayırsan,
ehtiraslar kiprikdən-kipriyə,
günahdan-günaha uçanacan...
Bütün turşməzə darıxmaqların şəklidi,
şərabın hünər verdiyi bapbalaca eşq etirafları,
siqaret tüstüsündə uçanacan...
içinin bir küncündə, hər gün öpüb oxşadığın
fidan xatirələr...
Azalırsan saç-saç, diş-diş, yeriş-yeriş...
tələsirsən elə...
güzgündəki gözüaçıq soyuq şəklinə.
xatirələrin düşər ləpirinə,
sən bütün güzgülərə hopanacan...
****
Bu boyda ömürdə,
sənə sarı yer də yox
lağım atmağa.
gözüməcən suyun içindəyəm,
yer də yox sənə batmağa...
Damla-damla əriyirsən
- Sən - buz qatımdan,
gözümün yol çəkdiyi
- Sən - şam işartısında...
Bu boyda dünyada bütün körpülər
- Sən - tərəfdən başlar,
- Sən - tərəfdə bitər.
Sənlər ötər,
Mənlər ayaqlarının ucunda,
darısqallıqlarının su genişliyində,
çaldığın havalara, dabanlarımı cadar-cadar eləyər...
Mənsə, payızın əlləriylə bütün divarları sənə çevirirəm,
bütün qaranlıqların şəklini divarda çevirəsən deyə...
Gözüməcən suyun içindəyəm...
Əllərinin şəklini axtarıram, divarları söyə-söyə...