Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gedən
döyüşlərdə qəhrəmanlığı ilə fərqlənən İmadəddin Səlimov "Cəbhə
xətti"ndədir.
1964-cü il iyul ayının 23-də Qubadlı rayonunun Dəmirçilər
kəndində dünyaya gəlib. Orta təhsilini Dəmirçilər kənd 8 illik
Dondarlı kənd orta məktəbində alıb. Uzaq Şərqdə Komsomol şəhərində
hərbi xidmətdə olub. 1985-86-ci illərdə yaradıcılıqla məşğul olmağa
başlayıb.
İlk post Zor kəndi
- 1988-ci ildə Sovet İttifaqında baş verən hadisələr, o
cümlədən, Azərbaycanda gedən proseslər hamı kimi məni də Azadlıq
meydanına gətirdi. 1987-ci ildə Rusiyanın Tomsk şəhərində təhsili
yarımçıq qoyub, Bakıya qayıtdım. 1988-ci il dekabrın 4-dən 5-nə
keçən gecə Azadlıq meydanındakılar dağıldıqdan sonra Dağlıq Qarabağ
və sərhəd rayonlarında baş verən hadisələr vətən fədailərini
sərhədə çəkirdi. 1989-ci ilin yanvar ayında Qubadlıya qayıtdım və
öz kəndlilərimdən təşkil etdiyim ilk könüllü dəstələrlə birlikdə
sərhəd kəndlərinə tərəf yola düşdüm. İlk post Zor kəndi oldu. Çox
uzaq olduğuna görə qərara aldıq ki, qədim Azərbaycan torpağında
sonradan salınmış, indiki Ermənistanla həmsərhəd olan Qafan
rayonunun Novruzlar kəndi istiqamətində olan kəndlərimizə çıxaq.
İki gündən sonra başqa bir kənddə posta çıxdıq. Bu yerdə uzaqdan
zəif işığı gələn bir kənd diqqətimizi çəkmişdi. Sonradan bildik ki,
bu bizim o zamana qədər getmədiyimiz, tanımadığımız Saldaş
kəndidir.
1989-cu ildən etibarən müxtəlif kəndlərdən gələn uşaqlarla
sərhəd rayonu olan Qubadlının rayon mərkəzində könüllülərdən ibarət
dəstələr yaradıldı. Daha sonra ov tüfəngləri ilə sərhədlərimizin
müdafiəsinə başladıq. O zamanlar bizdə ov tüfəngləri idi,
ermənilərdə isə avtomat silahları. Sərhədləri qorumağımız 1990-ci
ilin 20 Yanvar qırğınına qədər davam etdi. O qanlı gündən sonra
Rusiya imperiyasının qırmızı ordusu sərhəd rayonu olan Qubadlıya da
gəldi. Komendant saatı oldu, qadağalar başladı.
1990-cı il yanvar ayının 22-də Qubadlıda yerləşən Azadlıq
meydanında mitinq çağırdıq və bu mitinqi rus ordusunun gözü
qarşısında keçirdik. Onlara bir daha göstərdik ki, haqqımız olan
vətənimizdən dönmək niyyətində deyilik. 1991-ci ildə Azərbaycan öz
Müstəqillik Aktını qəbul etdi. Məhz bundan sonra Azərbyacanda
müstəqil nizami ordu yaranmağa başladı.
- Qarabağ uğrunda mübarizədə ilk dəfə nə vaxt əlinizə
avtomat götürdünüz?
- Əlimizə silah alanda bir amalımız var idi - ordu yaratmaq.
Həqiqi vətənpərvərlər olaraq mülki vətəndaşlardan fərqlənmək üçün
Sovet ordusundan qalan geyimləri geyinərək Azadlıq meydanında
camaata bildirmək istəyirdik ki, biz ordu yaradırıq. O zamanlar
Qubadlıda könüllərdən ibarət çox sayda batalyon yarada bildik.
Həmin taborun komandiri Dağbəyi Məhəddinov idi. Əlimə silah alıb
döyüş üçün sıralarına daxil olduğum ilk batalyon Qubadlı rayonu
Cılfır kəndinə aid idi.
- İlk döyüşünüzü necə xatırlayırsınız? Necə
hazırlaşırdız və hansı texnika ilə döyüşə getmişdiniz?
- Bizim texnikamız yox idi. Ancaq avtomat silahlarımız var idi.
Ermənilər meşənin içi ilə gecə vaxtı iri çaplı pulemyotlardan atəş
açırdılar, biz onlara cavab verirdik. Bizdə itki olmamışdı, amma
onlarda olub-olmadığını da dəqiq deyə bilməyəcəm.
Ermənilərlə məzələnirdik
- İlk döyüşə hazırlaşan zaman hansı hissləri
keçirirdiniz?
- Onu deyə bilərəm ki, nəinki mən, bizimlə çiyin-çiyinə döyüşən
uşaqların heç biri qorxu keçirməyib. Sizə maraqlı bir epizodu
danışım. Ağdamda şəhid olan İslah Səmədov var idi. Bizimlə üzbəüz
mövqedə yerləşən erməni kəndində iki ermənini öldürüb qayıtmışdı.
Bizim də ağır texnikamız yox, ancaq avtomatlarımız var idi.
Ermənilərin tankları da vardı. Ağalıq kəndində "vışka" adlanan
yüksək yerdən, "Kamaz"ın üstünə quraşdırdıqları "Alazan" raket
qurğularından atırdılar. Biz isə ancaq yaxın məsafələri nişan alıb
vura bilirdik. Maraqlı döyüş gedirdi. Onlar artıq aşağı da
enmişdilər. Aftandil adlı bir əmioğlu var idi. O da döyüşçü idi.
Deyirdi ki, bunun ləzzəti yoxdur, "Alazan" gəlmədi. Uşaqlarda
yüksək əhval-ruhiyyə var idi. Aftandilin ağzından o söz çıxan kimi
"Alazan" üstümüzə gəldi.
- Neçə nəfər idiniz?
- Bir bölük idik. Taqım komandiri olduğuma görə 30-a yaxın əsgər
tabeliyimdə idi. Əksəriyyəti də könüllü.
- Belə çıxır ki, siz qorxmaq əvəzinə, düşmənlə
məzələnirdiniz?
- Bəli. Sözün əsil mənasında məzələnirdik ki, "Alazan" yoxdursa,
bu müharibənin ləzzəti yoxdur. Hətta bizə tərəf atılan minamyotun
səsi gələndə bilirdik ki, bu bizi tutan deyil. Səsi gəlməyəndə
bilirdik ki, bu, yanımıza düşəndir. Silahın səsindən hər şeyi
müəyyən edə bilirdik.
- Həmin gün nə qədər şəhidimiz oldu?
- Qubadlı rayonu Saldaş kəndi uğrunda gedən bu döyüşdə yerli
camaatdan bir nəfər kimsəsiz qadın tank mərmisiylə vurulmuşdu.
- Ümumiyyətlə, döyüş uğurlumu keçmişdi?
- Uğurlu deyəndə ki, bayaq dediyim İslah erməni vurub gəlmişdi.
Bu döyüşü ermənilər başlamışdı.
Bədəninin hər yerində siqaret
söndürmüşdülər
- Başqa hansı xatirələrinizi danışa
bilərsiniz?
- Bir dəfə nahar fasiləsində oturmuşuq. Saldaş qəbiristanlığının
altında, meşəliyin ətəyində "Yuxarı post" deyilən bir postumuz var
idi. Gördüm ki, əsgərlərimizdən üçü yoxdur. Soruşdum ki, Abbas,
Kəramət, Elxan hardadılar? Uşaqlar dedi ki, gəlirlər. Avqust ayı,
otun biçilən ərəfəsi idi. Birdən avtomat şaqqıldadı. Bildim ki,
bunlar nəsə hadisə törədiblər. Qaça-qaça posta gedib durbinlə baxıb
gördüm ki, ermənilər silahlı vəziyyətdə dayanıblar, otbiçənlə ot
yığırlar. Bizim uşaqlar da ermənilərə lap yaxın məsafədədilər.
Onların yaxınlaşmaqlarını gözləyirlər ki, vuralar. Bizimkilərin
avtomatı şaqqıldayanda ikisi maşının üstündən düşdü, biri də qaçmaq
istəyəndə onu da vurdular. Qayıdıb gələndən sonra məndən icazə
istədilər ki, gedib erməni meyitlərini gətirsinlər. Fikirləşdim ki,
gətirsələr, bəlkə əsirlərlə dəyişə bilərik. Ona görə icazə verdim,
getdilər. Ancaq dedim ki, şərtim var, mən güllə atanda qayıdın.
10-15 dəqiqə keçməmişdi ki, pöhrəlikdən ermənilərin axışıb
gəldiklərini görüb atəş açdım. Uşaqlar da inanmayıblar, deyiblər
ki, yəqin komandir qayıtmağımız üçün yalandan atəş açır. Həmin an
atışma başladı. Şükürlər olsun ki, itki vermədik, amma əsgərlərim
üç erməni öldürüb gəlmişdilər.
Qubadlının mərkəzi işğal olunmuşdu. 11 kənd bizdə idi. Onu da
deyim ki, bizim kənd işğal olunan rayon mərkəzinə yaxın idi.
Sentyabrın 15-16-da iki qrup ilə gedib vəziyyəti öyrəndik. Təəssüf
ki, o vaxt bizə kömək gəlmədi. Bilmirəm Göyçaydan idi, yoxsa
Ağsudan, 15-16 yaşlı bir uşaq Qarabağa gedib əsir düşmüşdü. Adını
xatırlamıram, amma "Azadlıq" qəzetində şəklini vermişdilər.
Ermənilər onun bədəninin hər yerində siqaret söndürmüşdülər.
Qəzetin o hissəsini kəsib, cibimdə gəzdirirdim ki, nə vaxtsa bunun
qisasını almalıyam.
Allah elə rast gətirdi ki, biz bir erməni dığasını əsir
götürdük. Mən ona işgəncə verəndə əmioğlu gəldi ki, yazıqdır. Dedim
yox, müharibədə yazıq olmur. Bizim cavan uşaq da yazıq idi, amma
görürsənmi bədənini. Doğrusu, istəyirdim ki, erməni əsiri daha da
əzabla öldürüm, bəlkə ürəyim soyuya. Daha sonra eşitdim ki,
bizimkilərin əllərində erməni meyitləri var. Fikirləşdim ki, bunu
verək, dəyişək. Dəyişdik.
Ulaşdı körpüsündə çox sayda erməni qırmışdıq. Bizim Zəngilan,
Qubadlı uşaqları üzüaşağı Akara çayına doğru gələn erməniləri
vururdular. Ermənilərə bildirilmişdi ki, bu çay tərəflər boşdur,
onlar da gəlirdi. Bu zaman UAZ gəlib keçəndə bizim uşaqlar
səbirsizlik edərək onu atəşə tutdular. Bu da döyüş təcrübəsinin
olmamasından irəli gəlirdi. İçində nə qədər adam varıydısa, hamısı
öldü.
Qızğın döyüşlərimiz Xanlıq istiqamətində də olub. Mənə sual
veriləndə ki, Qubadlı necə işğal edildi? Deyirəm ki, Qubadlı işğal
edilmədi, etdirildi.
Tank taboru idik, tank yox idi
Bizim ştatımız tank taboru idi. Amma Qubadlıda tank yox idi.
Özüm tankçı olmasam da, sonradan tankçı komandiri oldum. Bilmirəm,
məcburiyyət qarşısında məni qoydular, yoxsa təşkilatçılıq və
döyüşümə görə? Tank və texnika ilə döyüşü Qubadlının işğalından
sonra gördük. Bu işğaldan sonra Xudafərin körpüsünün Azərbaycan
ərazisində bir aydan çox mühasirədə qalmışıq.
- Mühasirə vaxtlarında nələr baş verirdi?
- Düzü, mühasirə şəraitində ermənilər heç hücum da etmirdilər.
Bizimkilər də gəlmirdilər. Zəngilan boşalmışdı, amma İran tərəf
bizi çıxmağa qoymurdu. Orada Qumlaq kəndi var idi. Rəhmətlik
Balakişi o kənddən un tapıb, xəmir yoğurmuşdu. O vaxtı müdafiə
nazirinin müavini, şəxsi heyət üzrə təlimatçı, polkovnik Əliyev də
bizimlə o şəraitdə idi. Əslində, baş verən bu hadisələr Gəncədə,
cənubda baş verən qiyamların, Azərbaycandakı siyasi proseslərin
nəticəsi idi.
- Ordunun ruh yüksəkliyini necə
qiymətləndirirsiniz?
- O zaman milli azadlıq hərəkatından qopub gələn bir ordu var
idi. Onlar vətənini sevən, toprağına təmənnasız xidmət edən
insanlar idi.
- Qucağınızda can verən, ölən əsgər olubmu?
- Xeyr, olmayıb. Amma 1994-cü ilin yanvar ayında bizi Ağdamın
bir kəndinə atdılar. Dedilər ki, birinci batalyona kömək lazımdır.
20 nəfərlə köməyə getdim. Gördüm ki, elə bizim uşaqlardan Azad,
Azadın rotası, Balakişi Hüseynov da oradadır. Azadı soruşdum
dedilər, qohumu şəhid olub, getdi onu arxaya qoyub gələ. Üzümlüyün
içindən yaylım atəşi gəlirdi. Aydın görmək olmurdu. Orda bizim
qonşu kənddən Səbahəddin var idi, qohum idi. Ona dedim ki, biraz
aşağı yat, mərmi gəlir də, tuta bilər. Üzümü çevirən kimi artıq
Səbahəddin yıxılmışdı, yəni yaylım atəşi onu tutmuşdu. Qardaşı da
bizdə təlim komandiri idi. Səhər qayıdıb gələndə ona bir xeyli
qardaşını təriflədim, qəhrəmanlığından danışdım, amma ürək edib
deyə bilmədim ki, sənin qardaşın şəhid oldu…
Kostyumu ortaya qoyub ağlayacaqlar
Bir əsgərim də var idi - Abıyev Həmzə Qardaşxan oğlu. Sumqayıtda
qiyabi oxuyurdu. Rəhmətlik Əliyarın da tələbəsi idi. İdmançı
oğlandı. Həm qabiliyyətli, həm də qorxmazdı. O epizodu xatırlayanda
özümdən asılı olmayaraq gözüm dolur. Biz Gəncədən Ağdama çıxanda,
o, Sumqayıtdan gəlmişdi. Döyüş zamanı idi. Mənə dedi ki,
gəlməmişdən qabaq bir kostyum aldım. Bir dəfə geyinmişəm. Şəhid
olsam, onu ortaya qoyub ağlayacaqlar. Komanda gəldi ki, geri
çəkilin. Həmin an gördüm ki, Həmzə yoxdur...
Bir əsgərim də Habil Süleymanov idi. Avtomatı dəmir "setka"ya
ilişmişdi. Uşaq idi, qorxudan avtomatı qoyub qaçmışdı. Dedim ki,
həm avtomatı götürəcəm, həm də Həmzəni tapacam. Amma onu tapa
bilmədim. Ağstafadan İlham Məmmədov var idi. Həmzə ilə dost idilər.
Səhəri gün Firuz adlı əsgər dedi ki, Həmzənin meyitini tapıblar.
Gedib götürdüm. Məscidə göndərdik. Bəlkə də başqası olsa eləməzdim,
amma ona görə maşınla Bərdəyə gəldim. Bakıya xalamgilə zəng elədim
ki, filan adamı tapın. Deyin, Həmzə şəhid olub, gəlib
aparsınlar.
- Füzulidən bir xatirəniz varmı?
- Açığı, Füzuli deyəndə gözümün önündə müharibə canlanır.
Füzulidə həqiqi mənada zövq almışam. Ağdam elə idi ki,
tanımadığımız ərazi, səhralıq və üzümlük idi. Füzuli tərəf döyüş
bölgəsi idi. Bütün ərazini görə bilirdim. O vaxt bölük komandirinin
tərbiyə üzrə müavini idim. Elə oldu ki, bizə təzə gələn uşaqlardan
ibarət tank bölüyü verdilər. Masallıdan Baxşəli Fətəliyev, Mehdi
Hacıyev var idi. Dedim ki, Mehdi, bu uşaqlar üçün kənddə hamam
təşkil elə. Bu uşaqlar mənə, mən də onlara alışdım. Onların rota
komandiri yaralandı, getdi. Neftçaladan rəhmətlik Rauf var idi.
Həyatda o cür adamlar azdır ki, məni özümdən çıxara bilər. Rauf
beynimi o qədər yemişdi ki, tanka can atırdım.
Ölənlərin günahı özlərində olurdu
- O vaxtkı erməni əsgəri ilə Azərbaycan əsgəri
arasındakı fərq nədə idi?
- Ermənilər heç vaxt bizdən üstün olmayıblar. Biz Füzulidə
olanda Transformator yüksəkliyi deyilən bir yer vardı. Bir
əsgərimiz çox dedi ki, məni döyüşə aparın. Dedim, yox döyüşü
tankçılar aparır. Elə indi də o tankçılarla əlaqəmiz var, zəng
edirlər. Mən mərcə gəldim ki, mənim tankçılarım bir mərmiyə hədəfi
vuracaq. Ekipajım var idi, onlara "rıjı" deyirdim. Şəkidən,
Şəmkirdən və İmişlidən idilər. Komandir Allahyar Allahverdiyev idi.
Birinci mərmiyə hədəf vuruldu. Dedim, Bədəlov çıx, bir dənə də vur.
Sabah biz həmin əraziyə hücum edib götürdük. Məlum oldu ki, hədəf
erməninin UAZ markalı avtomobili olub. Bilirsiniz, orada ölən bəzi
uşaqların günahı özlərində də olurdu. "Necə vurdum", "Necə
dağıtdım", "Görüm kənardan necə göründü" həvəsi itkilərimizə səbəb
olurdu.
- Döyüşdə yaralanıbsınızmı?
- Bəli, yaralanmışam. Beyin travması almışdım. Məni Bakıya
Hospitala göndəriblər. Hospitalın həyətində sənədimi cırdım. Bir
anlıq düşündüm ki, mən olmasam, əsgərlərim ölər. Geri qayıtdım.
Müalicə almadım. Bir xəstəlik tapmışdım. Füzulidə hospital rəisi
briqada komandirinə məndən şikayət etmişdi ki, tank bölüyünün
komandiri hospitaldan qaçıb. Dalımca gələndə gördülər ki, öz
bölüyümün içindəyəm. Dedilər, niyə qaçmısan? Dedim, tankçılarımı
sahibsiz qoya bilmərəm. Onlar harada, mən də orada. Nə olacaqsa
olsun. Qəlpə yaraları almışam. Fotoqraflar gələndə uşaqlar deyirdi
ki, gəlin, xatirə şəkli çəkdirək. Çəkdirmirdim.
- Ən son döyüşünüz nə zaman olub?
- Ən son döyüşüm 1994-cü il mayın 12-də olub. Bizim bütün
istiqamətlərdən ermənilər üzərinə hücum olundu. Tank bölük
komandiri olduğum üçün ilk tankın içində oturmurdum. Elə bir
yüksəklikdə otururdum ki, briqada ilə, tankçılar ilə əlaqə qura
biləm.
- Nə vaxt təxris olunmusunuz?
- Səhv etmirəmsə, 1996-cı ilin sonu idi. Atəşkəsdən sonra
ordudan getmək istəyirdim. Müdafiə Nazirliyində polkovnik-leytenant
Ramiz Nəcəfov var idi. Dedim ki, cənab polkovnik, mənim ali
təhsilim yoxdur. Kolxozdan gəlmiş adamam, buraxın çıxım
gedim...
Ardı var