Daldalanmağa, gün işığından qorunmağa yer də yoxdur. Bir
qədər kənarda boy verən, yenicə yarpaqlayan söyüd ağacının
gövdəsinə dirsəklənirəm.
Hələ aprelin ilıq yaz havasıdır, bəs bu adamlar görəsən qışın
soyuğunda, yayın qora bişirən istisində nə edəcəklər? Harada
kölgələnəcək, harada isinəcəklər? Yox, onların içinin qışda
hərarəti, yay da isə sərinliyi tikanlı məftillərlə "hörüklənmiş" bu
daş hasarın o tayında - cəzalarını çəkən doğmalarının yanında olur.
Onlar bu hasarın bəri üzündə - həyatın azadlıq olan tərəfində
istini, soyuğu hiss etmirlər. Bəs görəsən içəridəkilər nə çəkir? Bu
da başqa bir söhbətin mövzusudur.
Foto-müxbirimiz İsmiyə işarə edirəm. O da həmişəki kimi
hazırdır. Məndən sonra, görüşə gələnlərin qeydiyyata düşdüyü kiçik,
amma səliqəli otağa daxil olur. Təxminən 40-45 yaşlı yaraşıqlı bir
qadın görüş almaq üçün icazə vərəqəsinə adını yazdırır. Görünür,
tez-tez gəlib-gedir, icazə vərəqəni dolduran nəzarətçi qadın onunla
hal-əhval tutur, vəziyyəti ilə maraqlanır. Qadının nigarançılığı
yalnız içəridə olan oğlundandır:
- Hər şey yaxşıdır. Dolanırıq. Bircə balamı tez buraxsaydılar,
toyunu da edərdim, - deyir.
Yalansa onun dədəsinin...
- İnşallah toyunu da edərsiniz, nəvənizin də toyunda
oynayarsınız da, - deyib, baş tutacaq söhbətimizə ərklə giriş
verirəm.
Dolu, yaraşıqlı, həm də gözləri kədərli bu qadın səsə - mənə
tərəf boylanır:
- Allah sizinkinin də qapısını açsın. Bura heç düşməninin də
yolu düşməsin. Gör biz burada, azadə həyatda nə çəkirik, o yazıq
balalar orada nə edir.
Əlinin ehtiyatsız hərəkəti sellofan torbanı aşırdır. Kartoflar
otaq boyu diyirlənir. Cəld əyilib yığışdırır. Paltarının ətəyi
yuxarı dartılır. Kapron corabının dizindən aşağı süzülmüş yeri
görünür. Baxışlarımı əks tərəfə çevirirəm. İki nəfər üzütüklü,
əlində təsbeh oynadan, dustaq yanına gəlmiş gəncin baxışları isə
hələ də kartof yığan qadındadır.
- Alışqanınız olmaz?
Baxışlar mənə tərəf çevrilir, hər ikisi əlini cibinə aparır,
alışqan çıxarır. Bayıra çıxıram:
- Gəlin, çöldə yandıraq, - deyirəm və bu iki miskin
gəncin iyrənc baxışlarını qadının ayaqlarından ayırıb arxamca çölə
aparıram.
Bir azdan qadın da çölə çıxır. Aprel günəşinin istisi və ağır
zənbilləri ardıyca sürüməsi onu yorub, alnının tərini xırda əl
dəsmalı ilə silir. Gözləri ilə kimisə axtarır. Sonra yenidən otağa
keçir. Mən içəri keçəndə isə o, artıq başqa qadınla söhbətə
başlamışdı:
- Xaraba qalsın buranı. İncidirlər. Pulsuz heç nə başa gəlmir
ki. Bura yenə də yaxşıdır, uşaq əvvəl olduğu yerdə az qala əllərini
açıb adamın üstünə qaçırdılar.
Həmsöhbəti olan ikinci qadın buranın qiymətlərini soruşur.
Aramla, səbrlə başa salır. Kimə nə qədər vermək lazımdır, dedikcə,
qara çarşablı yaşlı qadın başını aşağı-yuxarı aparmaqla ovcundakı
manatları ayırır.
- Xanım, oğlunuz nə günah sahibidir? -
dillənirəm.
- Ehh, nə bilim, başına dönüm, tifilim dost-tanışının güdazına
getdi.
Sonra yenə də həmsöhbəti olan yaşlı qadına tərəfə dönür:
- Mən ərsiz qadınam. Çox ağırdır. Həm evi dolandırmalı, həm də
ki, burdakıları saxlamalıyam, - deyib, əlini otağın pəncərəsində
qalın, hündür divarlara tərəf uzatdı. Mən də, yaşlı qadın da onun
barmaqlarının "izinə" düşürük. Tikanlı hasarların o biri tərəfi
görünmür..0.
- Neçə nəfər dustağınız var ki?
Bu dəfə də mən özümü arzuolunmayan müsahib kimi ortalığa atıram.
Amma deyəsən, qadın bunun fərqində deyil. Söhbətcildir və düşünürəm
ki, söhbət etməklə, paylaşmaqla həm də yüngülləşir.
- Bunları deyirəm e, - əllərini çiyninə aparır, - paqonluları.
Hər gələndə bir ətək pulum çıxır.
İsmi ətək sözünü eşitcək, nəzərlərini telefonun uzaq maraq
bucağından ayırıb qadının ətəklərinə yönəldir. Sonra yenidən, onun
üçün daha maraqlı olan telefonunda kiminləsə yazışır.
Qadınla söhbətim yavaş-yavaş alınır. Ona türmə ilə bağlı bəzi
bildiklərimi nəql edirəm. Qulaq asır, "düz deyirsən", - deyir və
pıçıltı ilə əlavə edir:
- Bura yenə də yaxşıdır. Mənim oğlum 2-ci "kalonda" idi, Binədə.
Ondan telefon tutdular, "raskrutkaya" salıb göndərdilər bura.
Buranın rəisi yaxşı adamdır deyirlər.
- Nəyə görə tutulmuşdu? Bura Ciddi rejimdir, yəqin əməli
ağır olub.
- Narkotik istifadəçisi kimi.
- Yəqin şərləyiblər oğlunuzu, - könlünü almaq, söhbəti
yarımçıq kəsməməsi üçün etdiyim jestdir bu.
- Yalansa onun dədəsinin... - ardını demir, üst başını sahmana
salırmış kimi əlini paltarında gəzdirir. – Yox, istifadə edirdi.
Amma buna görə adam tutmazlar axı. Göndər müalicəyə də. Ya da başqa
cəza ver. Bu adam onsuz da özünü zəhərləyir də. Öz cəzası özünə
bəsdir. Tək qadınam, mənə çətindir. Şəhərə gəlib-getmək üçün düz
bir ay hazırlaşıram.
Axırda da o zəhrimara qurşanıb
Qadına burada söhbət etməyimizin doğru olmadığını deyirəm:
- Nəzarətçilər içəri girib-çıxır, eşidərlər, uşağa
ziyanı dəyər, - bayıra dəvət edirəm, razılaşır. Rahat bir yer
tapırıq. Qadın içindəki illərin dərdini paylaşır:
- Hiss etdim, sən dustaq yanına gəlməmisən. O qıvrım başlı da,
sənə əmi deyə-deyə bayaqdan xəlvətə salıb şəkil çəkir. "Asob
addeldən" deyilsən ki?
Qadına xüsusi şöbənin əməkdaşı olmadığımı, jurnalist olaraq bura
gəldiyimi deyirəm.
- Məqalə yazacam.
- Mənim başıma gələnlər məqaləlik deyil, kitablıqdır, - deyir
qadın.
Bir neçə dəqiqədən sonra isə artıq həyat hekayətini danışır.
- Mən oxumuş qadınam. Yaxşı vəzifədə çalışmışam, kitabxana
müdiri olmuşam. İndi də pis deyil, iş yerim, dolanışığım var. Amma
çatdıra bilmirəm. Tək başına oğul böyütmək, tərbiyə vermək
çətindir.
- Böyütməyə böyütmüsünüz, amma tərbiyəsində deyəsən bir
az boşluq olub axı.
- Yox, əksinə. Mən tərbiyəmi çox yaxşı vermişəm. Böyüyə hörmət
dib, uşağımın əlindən oğurluq gəlməyib, təhsil vermişəm, işə
düzəlib, qazanıb.
Başsız qadının qayğısını çəkmək istəyənlər çox
olur
Yenə ah çəkir. Dəsmalı ilə boğazının altını sığallayır.
- Dədəsiz böyüyüb. Ətrafı pis adamlarla dolu olub.
Yeyib-içiblər, cavanlıq ediblər, axırda da o zəhrimara
qurşanıb.
- Gərək duyuq düşəydiniz, qarşısını alaydınız, - günahı
yenə də ana olaraq onda görürəm.
- Heç hiss etmədim. O qədər mehriban, ana qədri bilən, işgüzar
idi ki. Tutulanda isə, pulumuz olmadı ki, uşağı təmizə çıxardaq.
Lazım olmayanda qanunlar elə gözəl işləyir ki.
- İndi gərək valideyn çox həssas ola. Axı, indiki
uşaqlar daha çox zəmanənin övladıdır, deyirlər.
Qadın razılaşmır:
- Zəmanədə nə günah, hər şey insanın öz əlindədir.
- Dədəsiz böyüdü oğlum, dediniz. Niyə, atası necə
oldu?
- Atası, bu iki yaşında olanda çörək dalınca Kazana getdi. Sonra
da uzaq Şərqə. SSRİ dağıldı, ondan xəbər çıxmadı. Əvvəllər zəng
edirdi, pul göndərirdi. Sonradan səs-soraq kəsildi. Bir iki dəfə
istədim "Səni axtarıram"a deyəm. Oğlum razı olmadı. Çıxaram, özüm
səni saxlayaram, daha o bizə lazım deyil. Şəkilləri ilə qorxudurdum
uşağı, deyirdim, zəhmli atan var, gəlib səni döyər, sənin pis
xəbərini eşidib qərib yerdə fikir edər. Sonradan, ağlı kəsəndən
sonra isə oğlum dedi ki, bu şəkilləri yığ divardan, qoy şkafa, mənə
elə ata lazım deyil.
- Vallah, utanıram da, amma siz qadın olaraq indi də çox
gözəlsiz. Bu kişi niyə sizi dəyişdi?
- Mən demədim ki, o məni kiməsə dəyişib. O, iş dalınca gedib,
xəbəri gəlməyib. Amma sizin də sözünüzü qəribçiliyə salmıram. Ola
bilsin ki, gözü başqasını tutub. İndi heç maraqlı da deyil.
- Bir neçə dəfə "mənə çox çətindir", dediniz. Görünür,
üzərinizdə indi də yad baxış-zad hiss edirsiniz.
- Pis adamlar çoxdur. Təksənsə, başsız qalıbsansa, o qədər
qayğını çəkmək istəyən, adama ürək yandırıb, guya ki, kömək etmək
istəyənlər olur ki.
Dur rədd ol otaqdan
Sonra susqun-susqun üzümə baxdı:
- Görəsən gec olacaq? – görüşə veriləcək icazəni nəzərdə
tuturdu.
- Yox, gec olmaz. Sadəcə, bu gün təzə dustaqların
karantin müddəti bitir, görünür, rəis onları qəbul edir, bir azdan
icazə vərəqini imzalayıb geri göndərər. Siz deyirsiniz ki, pis
adamlar çoxdur, amma onu da deyirsiniz ki, yaxşılıq etmək, qayğı
göstərmək istəyirlər. Bu ki yaxşı haldır.
- Ay-hay. Ərim 3-4 il idi getmişdi. Müharibə vaxtı idi. Bizim
şəhərdə yüksək vəzifəli biri vardı. İcra başçısı bütün idarə
müdirlərini iclasa çağırmışdı. Bu adam da mənimlə yanaşı oturmuşdu.
Söhbət etdik. İclasdan sonra dedi ki, kitabxananın bir şeyə
ehtiyacı olsa de. Mən də dedim. Fəhlə göndərdi, xırda sınıq-sökük
vardı, düzəltdilər. Gəlib işi yoxladı, otağıma dəvət etdim, çay
süzdüm. Mənə qayğısını təklif etdi, "özünün nəyə ehtiyacın var", -
dedi. Dedim heç nəyə. Əl çəkmədi. Dəfələrlə zəng vururdu, söhbətə
tuturdu. Gəlirdi, gedirdi. Nə isə, bir də başım onda aynıdı,
ətrafda söz-söhbət gəzir ki, guya bu adam mənimlə yaxındır. Zəng
edib, "ayıb olsun" dedim. Dözmədim, bir dəfə də zəng vurub
kitabxanaya çağırdım. Gəldi. Dedim ki, bu nə söz-söhbətdir. Dedi,
mənlik deyil. Amma sən tək qadınsan, çətin zəmanədir, bir uşağın
var, mənim də insanlıq borcumdur, sənə köməyimi təklif edirəm.
Dedim, lazım deyil, insanlıq borcunu yerinə yetirirsənsə idarəndə
oğlu şəhid olmuş xadimən var, ona kömək et. Dedi, sənin xətrinə
edərəm, dedim, xətrin əziz olmasın, dur rədd ol otaqdan. Sonra
mənim kitabxanama yoxlamalar göndərtdi, müdirlikdən uzaqlaşdırdı.
Utanmadan zəng vurub deyirdi ki, bu mənlikdir, mən etdirirəm. İndi
eləcə kitabxanaçı işləyirəm.
- Kitabxanaçılıqdan alınan maaşla doğurdan da çətin
olar.
- Sonra kiçik bir biznes qurdum. Dükan açmışam. Yenə də şükür,
pis deyil.
- Amma biznesin qurulması da heç asan iş
deyil.
- Hə, bu işdə mənə yardımçı olan oldu. Amma adımı rayonla bir
etdikdən sonra "sağ ol" da deyə bilmirəm ona.
- Niyə? Bəlkə həmin o xeyirxah adam imiş sizin
yardımçınız?
Həbsxanaya açılan ağır dəmir qapının "xırırltılı" səsi qadının
baxışlarını ayaqlarının ucundan qaldırdı. Əlində icazə vərəqi
tutmuş nəzatərçiyə baxdı, ah çəkdi:
- Hə, o, günahlarını yumaq istədi, xeyirxahlıq etdi. Oğlum
bunları bilmir. Mən tək idim, çətin idi mənə...