"Dahilərin qadınları"
layihəsində: Master və onun Marqaritaları
Bulqakovun sevgililərinin üçü də - Tanya (Tasya), Lyuba
və Yelena - demək olar ki, yaşıd idilər, öz aralarında gözəllik
yarışına girə bilərdilər və maraqlıdır ki, heç biri nikahda
qocalmağa macal tapmayıb. Bununla belə, Bulqakov sonuncu zövcəsi
Yelena Sergeyevna ilə yaşayarkən belə, onun əvvəlki iki "sələfi"
ilə də qohumluq bağlarını saxlayırdı. Onlar isə öz memuarlarında
yazıçı haqqında bir kəlmə də olsun, artıq-əksik söz işlətməməyə
çalışıblar.
Adları hazırda ədəbi ensiklopediyalarda yanaşı çəkilən üç qızın
hər biri Rusiya imperiyasının ayrı-ayrı bucaqlarında – Tanya
(Tasya) Ryazanda, Lyuba Polşada, Yelena isə Riqada dünyaya göz
açmışdılar. Tasya və Lyubanın valideynləri qədim familiyaya mənsub
idilər və yüksək mənsəb tuturdular. Kiyev mülkədarlarının varisi və
həvəskar aktyor Hikolay Lappa Saratov quberniyası vergi idarəsinin
başçısı idi; politoloq və ədib Yevgeni Belozerski diplomat idi,
sonralar isə aksiz idarəsində xidmət etmişdi. Əsil-nəcabətli
zadəganlar nəslindən olan Tatyana və Lyubovla müqayisədə Yelena çox
kasıb bir ailədən çıxmşdı, lakin dünyagörüşü və intellekti
baxımından onlardan heç də geri qalmırdı. Onun atası - əslən
Kiyevdən olan Sergey Nürenberq müəllim, vəkil, vergi müfəttişi və
jurnalist kimi peşələrdə çalışmışdı.
Təsadüf həvəskarları Bulqakovun zövcələrinin bioqrafiyasında
xeyli ümumi məqamlar tapırlar. "Marqaritalar"ın hamısı payızda
dünyaya göz açıb: 1892-ci ildə Tanya, bir sonra Yelena, daha iki
ildən sonra isə Lyubov. Hər üçü böyük ailələrdə böyümüşdü: Lappanın
ailəsində altı, Belozerski və Nürenberqlərin ailələrində isə hər
birində dörd uşaq var idi. Hər üçü uşaqlıqdan incəsənət heyranı
idi. Lyuba ciddi şəkildə mahnı ifaçılığını və rəqs etməyi
öyrənirdi, yaxşı şəkil çəkirdi, ədəbi zəkası ilə fərqlənirdi. Tasya
Saratov opera teatrındakı bir premyeranı da buraxmırdı, çünki
teatrı onun rəfiqəsinin atası maliyyələşdirirdi. Yelenanın atası
Riqada dramatik teatrın əsasını qoymuşdu. Yelenanın özü isə aktrisa
karyerası qurmağı arzulayırdı, hətta gimnaziyanı tərk edib bu
sənətə hazırlaşırdı.
Tasya Lappa
Bulqakovun birinci arvadı, hamının Tasya adlandırdığı bu xanım
mülayim, mehriban və qayğıkeş, Bulqakovun sözləri ilə desək, "məsum
bir mələk" idi. Onlar erkən gənclik illərində tanış olmuşdular:
Tanya Saratovda gimnaziyada ozuyurdu, 16 yaşı vardı və 1908-ci ilin
yayını Kiyevdə nənəsi və xalası ilə keçirməyə gəlmişdi. Şəhəri
gəzərkən onu müşayiət etməyi Mişa adlı oğlana – xalanın rəfiqəsi
Varvara Bulqakovun oğluna tapşırırlar. Uzun çəkən birgə gəzintilər,
həmişə olduğu kimi, öz işini birdəfəlik görür. Mixail gerçəkdən
Tasyaya vurulur, sonra uzun müddət Saratova məktublar yazır, hətta
o, söz verməsinə baxmayaraq, Milad bayramına gəlməyəndə özünü
güllələmək istəyir. Mişanın qorxuya düşən dostu Tasyaya aşağıdakı
məzmunda teleqram vurur: "Yalan da olsa, gələcəyiniz barədə
teleqram vurun. Mişa özünü güllələyəcək". Tatyananı isə
valideynləri Kiyevə buraxmırdılar. Mixailin anası kimi, onlar da
yeniyetmələrin bu sevgisindən təşvişə düşmüşdülər. Lakin gənclərin
duyğuları böyüklərin güman etdiklərindən uzunömürlü çıxdı – bu
hissi hətta üçillik məcburi ayrılıq da söndürə bilmədi. Bu illər
ərzində Bulqakov universitetə daxil oldu, Tanya isə gimnaziyanı
medalla bitirdi və qızların realnı məktəbində sinif mürəbbiyəsi
(inqilabdan əvvəl qız məktəblərində - tərc.) oldu. Lakin 1911-ci
ildə nəhayət ki, Kiyevdə yenidən görünən kimi, Mixail başını
itirir, qışda isə universitetdəki imtahanları da büsbütün unudaraq
"cavab səfəri ilə" Saratova, onun yanına uçur və nəticədə kursda
qalır.
Qızlarının seçimindən o qədər də razı qalmayan valideynləri əbəs
yerə Tatyananın başını Parisdə təhsil almaqla qatmaq istəyirlər. O,
artıq 1912-ci ildə Kiyevdəki Ali qadın kurslarına yazılmaqla öz
taleyini müəyyənləşdirmişdi. Onlar növbəti yaz Mixaillə evlənməyi
qərarlaşdırmışdılar.
Varvara Bulqakova da oğlunu, onun fikrincə, bu tələsik işdən
yayındırmağa çalışırdı. Lakin bütün qadağa və qalmaqallar onun
inadını yalnız daha da möhkəmləndirirdi. Nəhayət, Varvara
Mixailovna təslim olur – qoy Tasya ilə Mixail özləri öz "ağılsız
addımlarının" nəticələrinə qatlaşsınlar... Bulqakovlar ailəsinin
köhnə dostu, gənclərə uzun müddət öyüd-nəsihət verən keşiş
Aleksandr Qlaqolev canını dişinə tutaraq onlara xeyir-dua verir və
1913-cü ilin aprelində Podolskdakı Nikol Dobrı kilsəsində inadkar
cütlüyün nikahını kəsir.
Morfi
1916-cı ildə Bulqakovun oxuduğu tibb fakültəsinin bütün
tələbələrini zemstvo xəstəxanalarına təyin edirlər. Mixail və
Tatyana Smolenskə getməli olurlar. Elə ilk gecə doğuma gələn
qadının əri başını itirmiş gənc onu tapança ilə hədələyir: "Əgər
arvadım ölsə, səni güllələyəcəm!" Doğuşu Tatyana ilə birlikdə qəbul
edir: Tasya ginekologiya kitabında müvafiq səhifələri oxuyur,
Bulqakov isə instruksiyaya diqqətlə əməl etməyə səy göstərirdi.
Xoşbəxtlikdən, hər şey yaxşılıqla sonuclanır.
Bir müddət sonra Bulqakovu cəbhəyə səfərbər edirlər və o,
qospitallarda isləməyə başlayır. Tatyana isə dekabrist arvadı kimi,
ərinin ardınca yollanır və tibb bacısı işləyərək onunla birlikdə
yaralılara yardım edir. "Onun amputasiya etdiyi ayağı tuturdum. İlk
dəfə çox çətin oldu, sonra yavaş-yava öyrəndim", - deyə Tasya öz
xatirələrində yazırdı.
Cəbhədən qayıtdıqdan sonra Bulqakov Smolensk yaxınlığındakı
balaca Sıçevka kəndində zemstvo həkimi işləyir, Tatyana da ora
yollanıır. Pasiyentlər çox idi, əksəriyyəti isə aclıq və dərman
yoxluğundan ölürdülər və gənc həkim heç nə ilə onlara kömək edə
bilmirdi. Xəstələr ucu-bucağı görünməyən növbəyə düzülürdülər,
bəzən bir gündə qəbula 100 nəfər gəlirdi! Bir dəfə Bulqakovun
yanına difteriyalı uşaq gətirirlər. Həkim xəstənin kiçik boğazından
qaysaqlamış təbəqəni borucuq vasitəsilə sormalı olur. Təbii ki,
Mixail infeksiyaya yoluxur, difteriya əleyhinə zərdabın isə ağır
əlavə təsirləri var idi: Bulqakovun üzü şişir, bütün bədəni səpir
və dözülməz dərəcədə qaşınır, ayaqlarında dəhşətli ağrılar əmələ
gəlir. Вulqakov feldşerdən xahiş edir ki, ağrını kəsmək üçün az
miqdarda morfi vursun... Sayılı günlər ərzində o, tamamilə başqa
birisinə çevrilir, sanki ağlını itirir, hallüsinasiyalar yaranır:
bütün günü hansısa nəhəng bir ilan görünür gözünə və bu ilan
sümüklərini qıraraq onu boğur. İlandan isə yalnız ağ kristallar
xilas edə bilir və Mixail onların köləsinə çevrilir, morfiyə
qəlbindəki müqəddəs hər şeyi – hətta Tasyaya olan sevgisini də
silib atmağa imkan verir.
Narkomanla birgə həyat həmişə dözülməz bir sınaqda olmaq
deməkdir, dörd bir yanından viranə həyat və kasıbçılıq boylananda
isə bu, əsil fəlakətə çevrilir. Morfi tapmaq üçün ailənin zinət
əşyalarını satmalı, ən zəruri ehtiyaclarını ödəməkdən imtina etməli
olurdular. Tutmalar zamanı Bulqakov gah həddən artıq aqressiv olur
(arvadını silahla təhdid edirdi, bir dəfə hətta yanan primusu onun
üstünə atmışdı), gah da ağlayır və Tasyaya yalvarırdı ki, onu
narkomanlar evinə verməsin. Tatyana məcburiyyət qarşısında
bətnindəki uşaqdan imtina etməli olur (həm də artıq ikinci dəfə).
Mixail qorxurdu ki, onun narkotika asılılığı üzündən uşaq xəstə
doğular.
1917-ci ilin fevralında Bulqakov öz asılılığından qurtulmaq və
müalicə olunmaq üçün Moskvaya gedir. Lakin narkotiklərdən onu
həkimlər deyil, sədaqətli Tatyana xilas edir. 1918-ci ilin yazında
ər-arvad Kiyevə qayıdır, orada Bulqakovun ögey atasının məsləhəti
ilə Tatyana morfinin hər bir dozasını distillə olunmuş su ilə
durulaşdırır və nəhayətdə ərinə yalnız su vurmuş olur. Kiyevdə
onlar nisbətən sakit keçən bir il yaşayırlar.
Ağ qvardiya
1919-cu ildə Bulqakov yenidən orduya yazılır (bu dəfə o, ağ
əsgər və zabitləri müalicə edirdi) və cütlük Vladiqafqaza yollanır.
1920-ci ilin qışında Mixail çox ağır yatalaq (tif) xəstəliyinə
yoluxur və Tasyanın payına yenə də sərt və ağır sınaqdan keçmək
düşür. Xəstəlik üzündən onlar ağlarla birlikdən şəhərdən çıxa
bilmirlər (Bulqakov buna görə həmişə onu ittiham edirdi), Tasya
həkim axtarışına çıxmalı olur, xəstəsini sağaltmaq və yedirtmək
üçün qalan qızıllarını da satır. Məhz bu dönəmlərdə o, nişan
üzüyünü də satmağa məcbur qalır və sonralar həmişə bu hərəkətini
ailələrinin dağılması səbəbi kimi xatırlayır. Bulqakov sağalanda
nəyi isə düzəltməyə çalışır: Batuma getmək, İstanbula gedən gəminin
anbarında gizlənmək haqda gizli danışıqlar aparmaq... Tasyaya
deyir: "Orda oturmağın bir faydası yoxdur. Harda oluramsa olum,
səni də çağıracam. Moskvaya get". Tasya ərindən həmişəlik
ayrılacağına əminliklə yola düşür. Lakin Türkiyəyə qaçış baş tutmur
və Mixail Afanasyeviç arvadının ardınca Moskvaya gəlir.
Duyğuların iztirabında
Moskvada həyat əvvəlki axını ilə gedirdi: gündüzlər Bulqakov
harasa qeyb olur, daimi bir işə düzəlməyə çalışır, gecələr isə
yazır və xahiş edirdi ki, Tasya mütləq onun yanında otursun. Əsəb
gərginliyindən həmişə yazıçının əlləri buzlayırdı və Tasya pilətədə
onunçün su qızdırırdı: Bulqakov əllərini isti suya salanda xeyli
yüngülləşirdi... Tasya, həmişə olduğu kimi, özünü düşünmədən
fədakarcasına ərinin qayğısına qalır, lakin onun nə yazdığı ilə heç
vaxt maraqlanmır, heç vaxt heç nə oxumurdu... Tanışlıqlarından
keçən on ildən artıq bir müddətdə Tasyanın özündə heç nə
dəyişməmişdi, amma ərində, əksinə, çox şey dəyişmişdi...
Lakin ömrünün son günlərinədək Bulqakovda dəyişməyən bir cəhət
qaldı ki, bu da onun coşğun, həyəcanlı, romantik sevgi həsrəti idi.
Təəssüf, Tasya ilə müünasibətlərində isə hər şey çox mürəkkəb idi,
hər şey bir-birinə qarışmışdı: günah, təəssüf hissi, mərhəmət
duyğusu... Bir sözlə, Bulqakov zövcəsinə xəyanət etməyə başlayır –
tez-tez, həm də tamamilə açıq-aşkar... "Onun sonsuz sevgililəri var
idi, - sonralar Tatyana Nikolayevna müsahibələrinin birində belə
deyəcəkdi. - O, deyirdi ki, yazıçıdır və ona ilham mənbəyi
lazımdır, mən isə hər şeyə barmaqarası baxmalıyam. Belə ki,
qalmaqallar da olurdu, bir dəfə hətta üzünə də ilişdirmişdim". Hələ
bir də mühacirətdən yenicə qayıtmış Aleksey Tolstoy vardı. Həmişə
Bulqakovun çiyninə döyəcləyərək deyirdi: "Dədə, arvadı dəyişmək
lazımdır. Yazıçı olmaq üçün üç dəfə evlənmək gərəkdir". "Bilirsən,
gəl, boşanaq, - axır ki, Bulqakov deyir. – Lazımi ədəbi tanışlıqlar
qurmaq üçün özünü subay hiss etmək daha rahatdır. İncimə, bizim
zəmanədə sadiq və təmiz qalmaq çətindir. Ancaq mən səni heç vaxt
tərk etməyəcəm!" Aydındır ki, o öz vədini tuta bilmədi.
Tasya ilə 11 illik nikahdan sonra Bulqakov Lyubov Belozerskayanı
gerçəkdən sevir. Əvvəlcə Mixail Tasyaya təklif edir ki, onların
mənzilində üçlükdə yaşasınlar (üçüncü, aydındır ki, Lyuba olmalı
idi), lakin qəti şəkildə rədd cavabı alan yazıçı əşyalarını
toplayıb gedir və axırda Belozerskaya ilə evlənir də. Lakin o,
Tasyanı da unutmamağa çalışırdı – bəzən alış-veriş işlərində ona
kömək edir, tez-tez baş çəkirdi. Yalnız Bulqakov "Ağ qvardiya"
əsərinin nəşr olunduğu jurnalı gətirib ona gösətərəndə Tasya keçmiş
ərini birdəfəlik qovmaq rərarına gəlir. Birinci səhifədə "Lyubov
Yevgenyevna Belozerskayaya həsr olunur" yazısını oxuyan Tasya
jurnalı Mixailin üzünə çırpır: "Sən bu romanı yazanda yanında
oturan mən idim. Səninçün su isidən də mən idim. Nəhayət, məhz
mənim nənəmin qızlıq familiyası Turbina idi!" Bulqakov çaşıb
qalmışdı, Belozerskaya xahiş edib, o da bu səfeh ithafı yazıb!
Lakin belə bir xırdalıq baş verənlərin möhtəşəmliyi qarşısında ona
çox əhəmiyyətsiz gəlirdi: onun romanı nəşr olunmuşdu! Fəqət onlar
bir daha heç vaxt görüşmürlər!
Sonra Tasya Moskvanı tamamilə tərk edib Sibirə üz tutur, bir
həkimə ərə gedir, lakin bu nikah uğursuz olur. Bulqakov dünyaya
əlvida deyəndə Tasyanı tapa bilmirlər. Lakin qəzetdən xəbəri alan
sədaqətli Tasya Moskvaya tələsir. Dəfnə Mixail Afanasyeviçin
bacıları da gəlir, Yelena Sergeyevnanı isə çağırmırlar: Bulqakovun
ailəsi Tasyadan başqa onun heç bir arvadını qəbul etmirdi...
Tezliklə Tatyana Nikolayevnanı David Kiselqof axtarıb tapır. Bir
vaxtlar hələ hüquq fakültəsinin tələbəsi ikən ədəbi dərnəkdə o,
Bulqakovun arvadına lal bir heyranlıqla baxırdı. Hətta bununla
sədaqətli olmasa da, qısqanc olan Bulqakovu əsəbləşdirmişdi də. Sən
demə, David düz qırx il Tasyanı xatırlamış və sevmişdi və 1965-ci
ildə artıq yaşa dolmuş qadın ikən Tasya üçüncü dəfə ərə gedir və
son günlərinədək yaşadığı Tuapseyə yollanır. O, 90 yaşında vəfat
edir.
Tərcümə etdi: Təhminə C.B.