Balabəy Ağaş oğlu Səfərov
1961-ci il dekabrın 12-si Cəlilabad rayonunun Sabirabad kəndində
dünyaya gəlib. Təhsil aldığı orta məktəbi 1979-cu ildə əla
qiymətlərlə bitirib. 1980-ci ildə Sovet ordusunda hərbi xidmətə
çağırılıb və Almaniya Demokratik Respublikasında 1 il 6 aylıq hərbi
xidmətdən sonra elə orada qalıb.
"Bu millət qırılmalıdır!" dediyi anda...
- 1992-ci ilin may ayında Qarabağın çətin zamanlarında
Azərbaycana qayıtmışam. Həqiqi hərbi xidmətə çağırılmış əsgərlərin
birinci bölüyünün komandiri olmuşam. 3 ay hazırlıq keçdikdən sonra,
səhv etmirəmsə, indiki adı Şəhriyar olan kənddə azadlıq uğrunda
döyüşlərə başlamışam.
- İlk döyüşünüzü necə xatırlayırsınız?
- İlk döyüşdən öncə bunu deyim ki, Göytəpədəki hərbi hissənin
silahlarını, ağır texnikasını milli orduya təhvil vermək üçün
azərbaycanlı zabitlər tərəfindən əməliyyat keçirilmişdi. 1990-cı
ildə erməni hadisələrindən sonra bizə qarşı aqressiv münasibət
bəslənməyə başlandı. O vaxtlar biz, zabit heyəti siyahısında
getdiyimizə görə silahlara sarılmışdıq. Texnikanın kənara çıxmaması
üçün qrup yaradılmışdı. O qrupa rəhbərlik edirdim. Həmin ərəfələrdə
biz Şuşaya 5.45 çaplı avtomat güllələri, zirehli geyimlər və
silah-sursat göndərirdik. Bir gün bir rus millətçisi ilə
Sumqayıtdan olan Tofiq adlı bir azərbaycanlı kapitan "Bu millət
qırılmalıdır!" dediyi anda içəri girdim. Onları bir cərgəyə düzdüm
və hərbi hissə komadirini çağırtdırdım. Səhərisi gün partiya
iclasında onların partiyadan xaric olunması təklif olundu.
Doğrudur, həmin anlarda Kommunnist Partiyasının elə də əhəmiyyəti
yox idi, amma Sovet ordusu üçün zabitin partiya sıralarından
qovulması xəcalət idi. Sonradan partiya sıralarına geri
qaytarılmaları üçün məndən xahiş etdilər, amma qəbul etmədik. O
zamanlar sonradan müdafiə naziri olmuş Dadaş Rzayev bizdən xahiş
etdi ki, silahların qorunub saxlanmasında onlara köməklik edək. O
silahlar bizə nə vaxtsa lazım olacaq. Generala dedim ki, siz
narahat olmayın, silahlar etibarlı əllərdədir. Buradan bir silah da
kənara çıxmayacaq və elə də oldu. İndiki Göytəpə şəhərində olan
hərbi hissənin bir silahının da kənara çıxmasına imkan vermədik.
1992-ci ildə düşündüm ki, müharibəyə getməliyəm.
Təlimlərdə çox çətinliklər çəkmişdik, amma ilk döyüş çox asan
keçdi. Bir gündə 3 kənd boşaltdıq. Ən çox itkini 1992-ci ilin
dekabrında gedən döyüşlərdə vermişdik. Mən də yaralanmışdım. Bir
şəhidimiz də olmuşdu.
Rövşən Cavadovlə kəşfiyyatda
- Necə oldu ki, yaralandınız?
- Öz səhvimin ucbatından oldu. İlk dəfə idi ki, dəbilqəni
başımdan çıxarırdım, o zaman da mina qəlpəsi başıma tuş gəldi.
Ağdərə rayonu Vaqaus kəndindəki yüksəklikdən bizə döyüş
sursatlarının, ərzağın gətirilməsinə imkan verilmirdi,
minaatanlarla vururdular. Həmin ərəfələrdə polkovnik Rövşən Cavadov
öz qrupu ilə cəbhə xəttinə gəlmişdi. Onunla birlikdə kəşfiyyata
çıxdıq. Həmin yerləri yoxladıqdan sonra xəritədə düşmənin
yerləşdiyi bütün hərbi hissələrin qeydiyyatını apardıq. Səhəri gün
döyüşə hazırlaşdıq və düşmənin arxa tərəfinə keçdik. Bir erməni
batalyonunu orada məhv etdik və 2 zabit əsir götürüldü. Onlardan
biri Rostovdan gəlmiş baş leytenant idi, digəri isə İrəvan
ermənisi. Həmin zabitləri indiki Baş Qərargah rəisi, o vaxtkı N
saylı hərbi hissənin briqada komandiri olmuş Nəciməddin Sadıqova
təhvil vermişdim.
- Keçmiş döyüşçü yoldaşlarınızla əlaqəniz
varmı?
- Bəli, var. 20 Yanvar günlərində Şəhidlər Xiyababnında
toplaşırıq. Dostluq münasibəti var, bir-birimizin evinə
gedib-gəlirik.
- Döyüşəndə rütbəniz nə idi?
- Gizir olmuşam.
- O vaxtı texnika var idimi?
- Özümüzdə texnika yox idi. Bizə köməyə gələn yardımçı
texnikalar, peyklər, tankçılar var idi. Dağ rotası idik, dağlarda
döyüşürdük. O sahə üzrə ixtisaslaşmış tabor idik. Bizə lazım olanda
hərbi artilleriya kömək edirdi.
Bir dəfə polkovnik mənə dedi ki, sizi buraxmayacam. Rusiyada
qalıb, burada xidmət etməlisiniz. Sizin kimi işçini özümlə
aparacağam. Güldüm. Dedim ki, onda siz məni çox gözləməli
olacaqsınız. Elə həmin gün Bakıya gəldim. Müdafiə Nazirliyində
kadrlar şöbəsinin rəisi ilə görüşdüm və dedim ki, Azərbaycan
Ordusunda xidmət etmək istəyirəm. Məni N saylı hərbi hissəyə
göndərdilər. Orada gənc əsgərlər idi. 3 ay Mingəçevir stansiyası
deyilən yerdə Sovet ordusundan qalma poliqonda havadan müdafiə,
səngərdən güllə atmaq, səngər qazmaqla bağlı hazırlıq keçib döyüşə
getdik.
Mayböcəyi, atamı gətir...
6-7 aydan sonra bir günlük evə gəldim. Sonbeşik qızım körpə uşaq
idi. Mayböcəyi götürüb, "get atamı gətir" dediyi anda içəri girdim.
Sevinə-sevinə qardaşına deyirdi ki, qaqaş, görürsən, mayböcəyi
getdi atamı gətirdi. Həmin zamanlarda əksər azərbaycanlılar
düşünürdü ki, torpağımız azad olunmalıdır. Fikirləşirdik ki, bu gün
torpağımız əldən gedərsə, bizim yaşamağa haqqımız yoxdur.
Döyüşlərdə rahat vuruşmağımda ailəm mənə dəstək olub. Bilirdim ki,
mən olmasam da, ailəmi yerbəyer edən həyat yoldaşım var. Ona ömrüm
boyu minnətdaram.
- Sizin batalyonda qadın döyüşçülər var idimi və
əsgərlərinizin onlara münasibəti necə idi?
- Mənim bölüyümdə tibb bacısı kimi indiki Şabran rayonundan
Leyla Cəfərova adında tibb bacısı var idi. Qadın döyüşçülər
əsgərlərlə bərabər ön sırada gedirdilər. Əsgərlər də bundan
ruhlanırdı. Leyla Cəfərova bir kişi kimi həmişə döyüşlərə ön sırada
atılardı. Əsgərlərin yaralarını necə sarıması, bir əsgər kimi
döyüşməsi həmişə yadımdadır. Leyla kimi qadınlarımızla hər zaman
fəxr etmişəm.
- Hər döyüşdə komandirlər öndə gedirlər. Amma hər
komandirin döyüşçülərin içində xüsusi rəğbət bəslədiyi döyüşçü
olur. Bu, filmlərdə də belədir. Döyüş zamanı yaralanan döyüşçü son
sözünü komandirə deyir. Sizdə də buna bənzər hallar
olubmu?
- Ağcabədi rayonundan Məmmədov soyadlı bir əsgərim var idi. O
əsgər 4 dəfə yaralanmışdı. Həmişə də tam sağalmamış hospitaldan
qaçıb döyüşə gəlirdi. Onların evində də olmuşam. Atası xəstə idi.
Ona həmişə deyirdim ki, sən niyə sağalmamış döyüşə qayıtdın?
Deyirdi, burada öz əsgər yoldaşlarımı qoyub, hospitalda qala
bilməzdim. Əsgərlər hamısı mənim üçün eyni idi. Ayrı-seçkilik
aparmırdım.
Bir əsgərim döyüş vaxtı şəhid olmuşdu. Yaralı əsgərlərim çox
olub. Məmmədov soyadlı həmin əsgərim axırıncı dəfə yaralananda mənə
dedi ki, ölsəm, məni şəxsən özün aparıb, bizim kənddə dəfn edərsən.
Ona demişdim ki, sən ölməyəcəksən, yaşayacaqsan. Ona görə
yaşamalısan ki, mən ölsəm, sən mənim meyitimi buradan çıxardarsan.
O, hazırda da yaşayır, bizneslə məşğuldur.
Deyirdilər ki, qoç Koroğlu gəldi
- Erməni döyüşçülərinə necə qalib gəlirdiniz? Azərbaycan
döyüşçüsü ilə erməni döyüşçüsünün fərqi nədə idi?
- Erməni döyüşçülərində qorxaqlıq var. Sırf erməni döyüşçüləri
bizimlə vuruşmurdu. Bizə qarşı vuruşan ruslar, başqa yerlərdən
tutulmuş muzdlu əsgərlər idi. Bizim əsgərlərdə vətənə bağlılıq var.
Çünki biz öz torpaqlarımızın uğrunda vuruşurduq. Yadıma gəlmir ki,
hansısa əsgərim fərarilik etsin. Əsgərin birini döyüşdən saxlayanda
ki, sən bir az nasazsan, yaralısan, oturub uşaq kimi ağlayırdı.
Deyirdilər ki, mən bu torpaqda böyümüşəm və bu torpaq uğrunda
ölməliyəm. Bəlkə də mənim verdiyim tərbiyə başqa idi. Ona görə heç
bir döyüşlərimizdə fərari görmədim. Arada cızmaqaralar edirdim.
Vətənpərvər şeirlər yazırdım. Döyüşdən qabaq bəzən onları oxuyanda
uşaqlar deyirdilər ki, qoç Koroğlu gəldi. Əvvəl oxuyacaq, sonra
döyüşə girəcək.
- Bir tərəfdə ailə-uşaq, digər tərəfdə Qarabağ. "Getmə,
ölərsən" deyərək etiraz edən olmuşdumu? Döyüşdə olduğunuz
zamanlarda həyat yoldaşınızla məktublaşırdınızmı?
- Mən Azərbaycan ordusuna gələndə yoldaşıma dedim ki, döyüşlərə
gedəcəm. Güldü ki, yenə dəliliyinmi tutdu?! Dedim, yox, mən burada
qala bilmərəm. Səhəri günü üç yoldaşıma dedim ki, döyüşə getmək
istəyirəm. Mənimlə getmək istəyən varsa, Azərbaycan Ordusuna xidmət
edək. Həmin sözü zabit yoldaşlarım hərbi hissə komandirinə
çatdırmışdılar.
Bir az mütaliə ilə məşğul olsunlar
- Son döyüşünüzü necə xatırlayırsınız?
- Son döyüşüm 1992-ci ildə Ağdərə rayonunun Artunaqamer kəndinin
qarşısındakı yüksəklikdə olub. Biz qalib idik. Bir nəfər gəlib dedi
ki, burada ancaq sizin bölük qalıb, hamı geri çəkilib. Mühasirəyə
düşmək anındasınız, siz də geri çəkilməlisiniz. Döyüşü udduğumuz
halda bizi geri çağırdılar. Bu, mənə müəmmalı qaldı. Ondan sonra
torpaqlarımız hissə-hissə ermənilər tərəfindən işğal olunmağa
başladı.
- Nə vaxt tərxis oldunuz?
- 2001-ci ildə tərxis olundum. Təqaüdə çıxdım. Rəhmətlik Məmməd
Arazın şeiri yadıma düşdü:
"Vətən mənə oğul desə nə dərdim,
Mamır olub, qayasında bitərdim".
Bu gün vətənin mənə ehtiyacı olarsa, yenə də silaha sarılıb
torpaqlarımızın azadlığı uğrunda döyüşlərə getməyə hazıram.
- Övladlarınızdan yolunuzu davam etdirən
varmı?
- Mənim iki qızım, bir oğlum var. Kiçik qızım tarix
müəlliməsidir. Oğlum maliyyə işçisi idi. 3-4 aydır ki, işlərində
ixtisar getdiyinə görə işləmir. Oğluma təklif etmişdim ki, yolumu
davam etdirsin. Gülüb demişdi ki, biz sənin üzünə həsrət qalmışdıq.
İstəmirəm ki, övladlarım da ata üzünə həsrət qalsınlar. Öz
düşüncəsi idi, qarışa bilməzdim. Amma yenə də deyirəm, vətənə hər
zaman lazımıq.
- Əgər rejissor olsaydınız, Azərbaycan-erməni savaşına
aid filmi necə çəkərdiniz? Və həqiqi savaş ilə bizim televizyada
gördüyümüz savaşı necə müqayisə edərdiniz?
- Bilirsiniz, həqiqi döyüşü kinoya gətirmək qeyri-mümkündür.
Dünyanın ən güclü kino rejissorunu, aktyorunu gətirsəniz belə, bu,
mümkünsüzdür. Düzdür, oxşatmaq olur, amma görmək lazımdır. Əgər mən
kino rejissoru olsaydım, o həyatı yaşadığıma görə, bəlkə də 20-30%
təsvir edə bilərdim.
- Qarabağ müharibəsindən qayıtdıqdan sonra nə işlə
məşğul oldunuz? Dövlətin hansı imtiyazlarından
yararlanırsınız?
- 500 manat civarında təqaüd alıram. Təqaüdə çıxandan sonra
kiçik biznes qurmuşam.
- Bugünkü Azərbaycan gəncliyindən razısınızmı? İndiki
gənclərə nə demək istərdiniz?
- Son zamanlar texnikanın inkişaf etməsindən dolayı gənclərimiz
buna meyillidir. Biraz mütaliə ilə məşğul olsunlar. Azərbaycan
gənclərinin əksəriyyətindən razıyam. Ünsiyyət qurduğum gənclər var.
Ali Baş Komandan əmr verərsə, biz döyüşlərə gedəcəyik. Azərbaycan
gəncləri kişilik məktəbi keçiblər.
- Sizcə, Azərbaycan torpaqları sülhlə geri qaytarıla
bilər, yoxsa savaş lazımdır?
- Sülh yolu ilə heç vaxt geri qaytarılmayacaq. Torpaqların
qaytarılması üçün silaha sarılmaq lazımdır. Əgər torpaqlarımızı
geri qaytarmaq istəyiriksə, döyüşməliyik.