"Türmə əhvalatları"
layihəsində
Bayıldakı 3-cü korpusun 96-cı hücrəsində yatdığım
çarpayının üst qatındakı yatağın altına tarım çəkilmiş mələfəyə bir
bənd şeir yazılmışdı:
Daha gəlməyəcəm, gedirəm ana,
əlimin qanıdır, xına rəngində.
Bütün əzablarım çatacaq sona
Səni saxlayacam bəbəklərimdə.
Şeirin altına "Mehman" yazılmışdı. Bu bir bənd şeiri hər kəs
əzbərdən deyirdi. Ciblərində gəzdirdikləri xırda dəftərçəyə də qeyd
edənlər vardı. Mən isə eləcə yaddaşıma köçürdüm. Hücrədəki
dustaqlar Mehman haqda çox xoş danışırdılar. Elə məsələlər olurdu
ki, bəzən Mehman burda olsaydı, özü danışardı və sair deyərək ona
xüsusi bir önəm verənlər də az deyildi. İlk gündən, "kimdir axı, bu
Mehman", - fikirləşirdim.
Bu hücrəyə yeni köçürülsəm də, ilk andan hamıya
qaynayıb-qarışmışdım. Özümdən qabaq haqqımda məlumat gəlmişdi, sağ
olsunlar - pis xarakterizə olunmamışdım. Bir-çox dustaqlar
başlarına gələn həyat hekayətlərini mənə nəql etməkdən
çəkinmirdilər də. Daha çox ünsiyyət bəslədiyim, indi də
əlaqələrimizin kəsilmədiyi təsadüfi dustaqlardan biri də Tərtərin
Əskipara kəndindən olan İsmayıl idi.
İsmayıl dostu Zaura ailə qurmaq üçün qız qaçırmağa kömək etdiyi
üçün həbs olunmuşdu. And-aman edirdi ki, bu qız qaçırmada elə bir
köməyi də olmayıb. Danışırdı ki, Zaurla müəllimə işləyən o qız ailə
qurmağa razı imişlər. Qızın Bakıda yüksək vəzifədə işləyən əmisi
isə bu izdivaca razı olmadığına elçilər əliboş qayıdırmış.
Razılaşıblar ki, müəllimə olan qız məktəbdən çıxanda qoşulub
qaçsınlar. Və maşına mindiriləndə qız arxa qapının bağlanmasına
imkan verməyib. Bu, ətrafdakılara guya ki, zorla qaçırıldığını
sübutlamaq imiş. İsmayılın işi maşının qapısını örtmək olub. Və
buna görə də sonradan olunan şikayətə əsasən 8 il azadlıqdan məhrum
olunmuşdu.
İsmayıl başına gələn bu əhvalatı nəql etmək, paylaşaraq
yüngülləşmək üçün çarpayımın ayaq tərəfində dirsəklənərək
uzanmışdı. Mən isə arxası üstə uzanıb ona qulaq asdıqdan sonra indi
yaddaşımda ilişib qalan həmin şeiri bir də oxudum.
İsmayıl təəssüflə dedi:
- Şair, bilirsən, o Mehman necə oğlan idi? Sən gəlməzdən bir
həftə qabaq apardılar. İndi Qobustandadır. Ona ömürlük
verdilər...
- Niyə? Günahı nə idi ki?
İsmayıl çarpayıda bardaş qurdu. Əl-ayaqda gəzən cavan mostavikə
bizə çay gətirməyi tapşırdı. Sonra sualıma cavab verdi:
- Əslində, onun heç bir günahı yoxdur. Baxmayaraq ki, qardaşı
arvadını, qızını və qardaşının baldızını öldürüb. Namus üstə olub
da...
- 3 nəfəri öldürüb, daha başını sığallamayacaqlardı ki.
Deyirsən günahı yoxdur...
Deyəsən sözlərim İsmayıla xoş gəlmədi. İncik halda:
- Şair, sən onu tanımırdın, çox "ponyatkalı" adamdır. Burda hamı
onun xətrini istəyirdi. Sakit adamdı. Uzanardı əllərini başının
altına qoyardı, hey baxardı bir nöqtəyə... Ona mane olmazdıq.
- Bəlkə də peşman olubmuş...
- Nə bilim vallah, içinə girməmişdim axı, amma deyirdi ki, gərək
qardaşının baldızını öldürməyəydi... Bilirsən, onu da ona görə
öldürüb ki, cinayətin üstü açılmasın.
- Amma açılıb...
- Yox, özü gəlib təslim olub. Açılmazmış...
Həmin gün İsmayıl və digər dustaqlar Mehmandan bəhs etdi,
haqqında danışdılar. İsmayıldan xahiş etdim ki, onun törətdiyi
cinayətin təfərrüatını dəqiq bilirsə, mənə danışsın.
- Bunu burda hamı bilir ki... - dedi və axşam danışacağına söz
verdi, - Gecə sakitlik olacaq, hamı yatacaq, mənim isə yuxum gəlmir
onsuz da...
Gecədən keçmiş İsmayılla çay içə-içə Mehman haqda söhbətə
etdik.
İsmayıl:
- Mehman yaxşı oğlan idi, bu haqda şahidi oldun ki, hamı
danışdı. Rusiyada yaşayırmış. İş adamı idi, pulu xirtdəkdən imiş, -
deyib, əlini bağazına apardı. Amma yazıq o pulla özünə bir gün qura
bilməyib, bir fahişəyə görə ömürlük dustaq oldu.
- Axı necə oldu, de də.
- Tələsmə, danışıram. Demək, Mehman Rusiyada çox böyük nüfuz
sahibi imiş. İşi, obyektləri və sair. Qardaşına, ailəsinə də şərait
yaradıb burada. Bir qardaşı isə Bakıda olurmuş. Özü də polis işçisi
olub qardaşı. Bütün işlərini də bu yaradıbmış. Pis dolanmırmış.
Ailə qurub, bir oğlu, bir qızı da varmış. Amma sən demə, qardaşının
arvadı başqası ilə sevgili imiş. Elə qızı da bilirmiş bunu. Nə isə,
Mehman Bakıya gələndə hiss edir bunu, görür ki, qardaşı arvadı
ağına-bozuna baxmadan xəyanət edir. Elə 17 yaşlı qızı da özünü
yaxşı aparmır. Mehmana isə bu haqda qardaşı oğlu deyir. Məktəbli
olan oğlan deyib ki, məhlə uşaqları anasına görə ona söz atır. Bu
da qardaşı ilə danışır ki, arvadına indiyə kimi sahiblik edə
bilməmisən, boşa. Evi də ver onlara, ayrıl, sənə öz rayonumuzdan,
nə bilim haradansa gedək bir qız alaq. Qardaşı razı olmur. Mübahisə
düşür. Elə qardaşı arvadı da Mehmanı şərləyir, ərinə deyir ki, bəs
Mehman qızımızın orasına-burasına əl atır. Qız da anasının dediyinə
dəstək verir. Deyir ki, qoymur məni dostlarımla gəzməyə çıxam,
bəlkə fikri elə bu imiş? Mehman onlara tüpürüb qayıdır Rusiyaya.
Amma dözmür. Bu adı özlərinə, ailəsinə sığışdıra bilmir. Elə
qardaşı da sonradan zəng edib deyir ki, sən haqlı imişsən, mən
bunlarla bacara bilmirəm. Mehman qardaşına deyir ki, mənlik deyil.
Amma plan cızır ki, bu biabırçılığa son qoysun. Bilet alır və başqa
şəhərə uçur. Oradakı obyektlərinə baş çəkir. Görüntü yaradır ki,
buradadır. Amma gizlin yolla Azərbaycana gəlir. Sübh tezdən
qatardan düşür və bütün günü qardaşı evinin həndəvərində fırlanır.
Gözləyir ki, qardaşı evdə olmasın. Xəlvətə salıb evə gəlir. Öyrənir
ki, oğlan məktəbdədir. Qız isə harasa gedib. Qardaşı arvadına
əxlaqsızlıq etdiyinin cavabını verəcəyini deyir. Arvad hay-küy
salmaq istəyir. İmkan vermir, öldürür. Bu zaman qapının zəngi
çalınır, gələn qız olur. Qızın da əxlaqsız olması məlum imiş, onu
da öldürür. Evdən çıxdıqda qardaşının baldızına təsadüf edir.
Görüşürlər və birlikdə qalxırlar yuxarı, qapı açıq imiş, içəri
keçib onu da öldürür. Sonra bir maşın saxlatdırıb Xaçmaza sürdürür.
Oradan yenə də sərhədi keçəcəkmiş. Lakin getmir, özxoşuyla gedib
polisə təslim olur. Mehman deyirdi ki, əgər sərhədi keçsəydim,
tutulmayacaqdım. Çünki mən başqa şəhərdə idim və orada da mənim
işlərlə məşğul olduğumu, bütün günü burada olduğumu təsdiq edəcək
adamlar var idi...