"Sözün kadrı" layihəsində
Axar.az "Sözün kadrı" adlı yeni layihəyə başlayır. Bu
layihədə Azərbaycan yazarlarının əsərlərinə çəkilmiş filmi
müəlliflə müzakirə edəcəyik. Layihənin ilk qonağı yazıçı Elçin
Hüseynbəylidir. Gənc rejissor Fehruz Şəmiyev onun "Gözlərimə gün
düşür" hekayəsinin motivləri əsasında "Yol" filmini çəkib. Film
İranda IX "Ruyeş" Beynəlxalq Qısametrajlı Film Festivalının baş
mükafatına layiq görülüb.
Axar.az "Yol" filmi haqda söhbəti təqdim
edir.
Rusiya kanallarına baxanda heyrətlənirəm
– Elçin müəllim, bildiyimiz kimi, "Yol" filmi sizin
hekayəniz əsasında çəkilib. Ümumiyyətlə, siz bu filmdən razı
qaldınızmı? Sizcə, filmdə nə çatışmadı?
– Əslində, bu film ideya və hadisələrin əhatəliliyi baxımından
geniş formatda çəkilməlidir. Bunu bir neçə rejissor da dedi.
Müəyyən çatışmazlıqlar ola bilər. Fehruz cavan rejissordur, sağ
olsun ki, mənim hekayəmə müraciət etdi. O bu filmi kiçik büdcə ilə
ərsəyə gətirməyi bacardı. Mən bilən, bu onun ilk işi idi.
Rejissorun ilk işindən nəsə gözləmək olmaz. Ancaq bununla belə,
film böyük uğur qazandı. İranda mükafat aldı...
– Bəs bu filmdən sonra ssenari yazmaq təklifi aldınızmı?
Yəni canlanma müşahidə olunurmu?
– Bilirsiniz, bizim başqa layihələrimiz də var, amma təəssüf ki,
maliyyə dəstəyi yoxdur. Üç qısa film çəkmək istəyirik. Buna
təxminən, beş min lazımdır. Studiyaların, prodakşnların, film
şirkətlərinin dəstəyi lazımdır. Sponsorlar həvəssizdir, bəzilərini
ancaq pul düşündürür. Ölkəmizdə bizneslə məşğul olan insanların
əksəriyyəti mədəniyyətdən çox uzaq adamlardır. Mən Rusiya
kanallarına baxanda heyrətlənirəm. Onlar ildə yüzlərlə film
çəkirlər. Biz əhali, ərazi baxımından onlardan xeyli geridəyik.
Amma fərq bu qədər də olmamalıdır. Biz onların bir ildə çəkdikləri
filmlərin, bəlkə də, bir faizini çəkmirik.
– Səbəb nədir, ideya azlığı, ya?..
– Yox, şəxsən mənim bir çox ideyalarım var. Sadəcə olaraq, film
sənayemiz kifayət qədər yetişməyib. Yaradıcı resurslar çox azdır.
Çox film çəkilməlidir ki, aktrisa və aktyorlar da yavaş-yavaş
püxtələşsinlər. Belə olarsa, dram, ssenari yazan yazıçılar da
məmnuniyyətlə gözəl ssenarilər yazacaqlar. Təbii ki, rejissorlarda,
yazarlarda da tənbəllik var. Məncə, bu tənbəllik maliyyənin
olmamasından qaynaqlanır. Elə insan var ki, pulu var, gedib film
çəkir və onu bütün dünyada reklam edir. Bu zəif filmlər bizi
qaldırmır, əksinə, biabır eləyir. Yaxşı ssenarilər yazılmalı,
müəllifə də yaxşı qonorar ödənməlidir.
İndi realizm dövrüdür
– Bəs siz ssenariyə görə qonorar aldınızmı?
– Xeyr, qonorar olmadı... O vaxt biz agentliklər yaradırdıq,
informasiya blokadasını yarmaq istəyirdik – bunları təmənnasız
edirdik. Çünki romantika dövrü idi. Ancaq indi realizm dövrüdür. O
vaxt bizim bərkimiş dövlətimiz yox idi. Çalışırdıq ki, nəyisə
formalaşdıraq və istəyirdik ki, bizim də buna töhfəmiz olsun. İndi
şükür Allaha ki, inkişaf etmiş dövlətimiz, mədəniyyətimiz,
mədəniyyətdən anlayan dövlət adamlarımız var. Yaradıcı adamlar
millətin simasıdır. Onlara dəstək olmaq lazımdır. Şübhəsiz ki,
qonorar yazarları daha gözəl ssenari yazmağa həvəsləndirərdi.
– Rejissorla aranızda hansısa anlaşılmazlıq və ya fikir
alış-verişi oldumu?
– Bəli, müəyyən söhbətlər oldu. Fehruz mənə belə bir ssenari
yazmaq və film çəkmək istədiyini bildirəndə ona dedim ki, ssenarini
bu istiqamətdə qurmaq olar. Yəni məsləhətləşdik. O, ssenarini yazıb
gətirdi, motivləşdirməyə baxdım. Prinsipcə pis alınmamışdı,
razılaşdıq. Təbii ki, yazıçı ilə rejissor məsləhətləşsə, daha
uğurlu bir ssenari yaranar. Bəzi hissələri mənim məsləhətimlə
çıxarıb, başqa səhnələr əlavə etdik. Axır ki, ortaya bir əsər
çıxara bildik. Fehruz da maliyyənin verdiyi imkanlar qədər
bacardığını etdi. Düşünürəm ki, film uğurlu alınıb. Mən belə
təşəbbüslərin davamlı olmasını istəyirəm.