"Böyük azərbaycanlılar"
layihəsində:
Səhhətində problemlər yaşayan Xalidə xanım müsahibəni
məhz Fərman Kərimzadənin xatirəsinə həsr edəcəyimi öyrəndikdə xeyli
kədərləndi: "Onun haqda danışmamaq mümkün deyil", - dedi. Maraqlı,
çətin, sevinc və əzab dolu Fərman Kərimzadəli ömründən bəhs
etdi.
Bizi kitab qovuşdurdu...
- Xalidə xanım, lap əvvələ qayıdaq. Fərman Kərimzadə ilə
necə tanış olmusunuz?
- 59-60-cı illərdə"Vətən" kinoteatrının yanında kitab mağazası
vardı. Mən rəfiqəmlə tez-tez həmin mağazaya kitab almağa gedərdim.
Bir gün gənc bir oğlan bizə yaxınlaşdı. Elə birinci görüşdən xoş
təəssürat bağışladı, amma açığı, onun mənimlə maraqlanacağını heç
ağlıma belə gətirmirdim.
- Nə üçün o fikirdə idiniz?
- Yanımda rəfiqəm var idi, düşünürdüm ki, Fərmanın o qızdan xoşu
gəlib. Hətta bir qədər sonra məktub göndərəndə rəfiqəm Gülçöhrəyə
dedim ki, al oxu, Fərmandan sənə məktub var. Oxuyanda gördük ki,
Fərman məktubu mənə ünvanlayıb.
- Sevginiz ailələr tərəfindən necə qarşılandı? Qarşı
çıxan olmadı ki?
- Əlbəttə oldu. Ailəm onların qaçqınlıq həyatı sürdüyünü
bildirərək, bir zaman öz yurdlarına qayıdacaqlarını bəhanə gətirib,
dəfələrlə elçiləri qapıdan geri qaytardı. Ailəmiz onları
tanımadıqları üçün vaxt istəyir, hər dəfə də "gedin yazda
gələrsiniz", - deyirdi. Yazda isə payız fəslini xatırladırdılar. Bu
minvalla düşünürdülər ki, Fərman usanıb, sonunda məndən əl çəkəcək.
Lakin hər şey əksinə oldu.
- Maraqlıdır, Fərman müəllim ailənizin buz ürəyini hansı
yolla əridə bildi?
- Elə maraqlısı da bundadır ki, onların ürəyinə yol tapa bilməsə
də, mənim ürəyimə artıq çoxdan yol tapmışdı. Odur ki, onun 21,
mənim isə 19 yaşım olanda biz artıq ailəli idik.
- Valideyn razılığı olmadan?
- Bəli. Elçilərini qapımıza göndərən və hər dəfə bəhanə ilə
qarşılaşan Fərman və qohumları məni qaçırtmaq qərarına
gəldilər.
Abbasqulu bəy özü idi...
- Bu sualı sizə sonda ünvanlamaq istərdim, amma nədənsə
məhz indi məqamı olduğunu düşünürəm. İstedadlı, tanınmış və
yaraşıqlı insanla ailə həyatı sizin üçün çətin olmadı
ki?
- Qətiyyən. Sevgi, anlayış olan yerdə hər zaman xoşbəxtlik hökm
sürür. Mən onun yalnız həyat yoldaşı kimi qayğısını çəkmirdim,eyni
zamanda, ilk oxucusu, ilk tənqidçisi idim.
- Bəzən yazarlar öz əsərlərində qəhrəmanlarını özlərinə
bənzədir, sevdiyi insanların xasiyyətinə uyğun obraz yaratmağa
çalışır. Fərman Kərimzadənin obrazları içərisində sizin və özünün
prototipi kimlər olub?
- "Xudafərin körpüsü"əsərində Uzun Həsənin anası SaraXatun
obrazını eynilə mənim xasiyyətimə uyğun yaradıb. "Qarlı aşırım"
romanında Abbasqulu bəyi isə özünə bənzədib. Onun kimi mərd, doğru
və dürüst insan idi. Heç bir zaman sözündən dönməzdi.
- Bəs xasiyyətində çatışmayan xüsusiyyətlər hansılar
idi?
- İnanın ki, mənfi xüsusiyyətləri yox idi. Müsbət tərəfləri isə
həddindən artıqdı. Alicənab və əliaçıq insan idi. Evimizdə
tələbələri qonaq qalardı. Çox zaman zəng edərdi ki, tələbələr
gələcək, onlara pul ver, yola sal. Mən heç soruşmurdum kimdilər,
gələn uşaqlara əlli-əlli pul paylayıb, yola salardım. Bu cür
səxavətli idi.
- Üç qızınız, bir oğlunuz var. Fərman müəllim onlar
üçünnecə valideyn olub?
- Ciddiliyi ilə yanaşı, səmimiliyi, sadəliyi də vardı. Onun evdə
olduğu zaman hər kəs sakit olardı. Amma uşaqların heç bir zaman
xətrinə dəyməzdi. Bir dəfə xatırlayıram ki, ortancıl qızım Sevinc
parketin parıldaması üçün onu yağla silir. Fərman xəbəri olmadan
otağa girən kimi qəfildən yıxılır. Onun səsini eşidən kimi mən də
otağa daxil oluram və yağlı parketdə sürüşüb yıxılıram. Hədsiz
əsəbi olduğumu görən Fərman vəziyyəti gülməklə ötüşdürdü:
"Görürsənmi, Xalidə, məni yıxmaqları az deyil, səni də aşırtdılar.
Yox, bunlar bizim axırımıza çıxmamış əl çəkən deyillər", -
dedi.
Yeganə yeganə övladdır ki...
- Yaradıcılıq baxımından hansı övladınız atasının yolunu
davam etdirir?
- Böyük qızım Yeganə Kərimzadə yazıçıdır. Hələ uşaq ikən gözəl
şeirləri ilə Fərmanı və onun yazıçı dostlarını valeh edirdi.
Bildiyiniz kimi, Fərman həmdə gözəl rəssam idi. O, eyni
zamanda,Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirmişdi. Yeganə
elə yeganə övlad oldu ki, onun yolunu davam etdi. Əvvəlcə rəssamlıq
akademiyasını bitirdi, sonra Moskva Universitetində filologiya
fakültəsinə daxil oldu. Mənim adımı daşıyan 15 yaşlı Xalidə nəvəm
də rəssamlığa çox böyük maraq göstərir. Gələcəkdə dizayner-rəssam
olmaq niyyətindədir.
- Yazıçı peşəsi və həyatı olduqca çətin olur. Fərman bəy
qızının yaradıcılıqla məşğul olmasına necə yanaşdı?
- O, Yeganənin fikrini bəyənirdi, yalnız həmişə tövsiyə edərdi
ki, təmənnasız yazsın, yazıya ürəyini qoysun. Söyləyirdi ki, əks
təqdirdə heç bir zaman yaxşı yazıçı ola bilməz.
- Həyat yoldaşınızın əliaçıq və qonaqpərvərliyindən
bezdiyiniz zamanlar olubmu?
- Qətiyyən. Onun hər kəlməsi mənim üçün qanun olub. Hətta bir
hadisəni danışım sizə. Bakıda 70-ci illərin ədəbiyyat günləri
keçirilirdi. Mənə səhər tezdən işdən zəng etdi ki, günortaya türk
dilli millətlərin nümayəndələri evimizə qonaq gələcəklər. Onların
zövqünə uyğun yemək hazırlamaq lazım idi. Dərhal taksi ilə bazara
getdim, lazım olan ərzağı alıb geri qayıtdım. Bir neçə saata artıq
masanın üzərində qoyun basdırması, aş, yarpaq dolması,
sarma-dolama,türk yeməkləri hazır vəziyyətdə qonaqlar üçün
düzülmüşdü. Tatar, türk, özbək qonaqlarımız cəld və ləzzətli
hazırladığım yeməkləri daddıqca məmnunluq hisslərini gizlədə
bilmirdilər. Ertəsi gün Fərmana Yazıçılar Birliyindən xüsusi
təşəkkür gəldi.
- Fərman Kərimzadənin keçmiş SSRİ respublikaları və
Yaxın Şərqdə kifayət qədər tanındığını bilirik. Xarici səfərlərə
gedərkən sizi özü ilə aparırdımı?
- Birlikdə Moskvaya, İrana, Türkiyəyə gedərdik. 1985-ci ildə
SSRİ baş nazirinin təşəbbüsü ilə Azərbaycandan Türkiyəyə səfər edən
ilk yazıçı oldu. Əziz Nesinlə görüşdü. Orada Türkiyə-Azərbaycan
dostluq münasibətlərinin möhkəmlənməsi üçün çox çalışdı. İki ay
Türkiyədə qaldıq.
- Məndə olan məlumata əsasən, tanınmış siyasət və elm
insanları ilə möhkəm dostluğu olub.
- Doğrudur. Bir çox siyasi xadimlərlə görüşərdi, ziyafətlərdə
iştirak edərdi. Moskva səfərlərin birində Brejnevin qızı Qalina
Brejneva ilə tanışlığı möhkəm dostluğa çevrilmişdi.
"A mojno avtoqraf?"
- Onun məşhurluğu və daim çalışması sizi narahat etmirdi
ki?
- Mən artıq bu yükü öz üzərimə götürmüşdüm. Desəm ki, bu hissdən
məmnunluq hissi keçirirdim, yanlış olar. Amma Fərmana görə
istənilən əziyyətə qatlanmağa dəyərdi. Bir dəfə xatırlayıram ki,
Moskvaya dincəlməyə getmişdik. Küçələrdən birində gəzirdik. Bərkdən
dedim ki, nə yaxşı oldu, bir qədər qulağımız dincələr. Elə sözümü
bitirməmişdim ki, gördüm bir nəfər "Farman, Farman Kerimzada, a
mojno avtoqraf?"- qışqıraraq bizə doğru qaçır.
- Onun bir sıra xalqlar tərəfindən sevildiyini
vurğuladınız. Tənqidlərə və ya təzyiqlərə məruz qaldığı zamanlar
olubmu?
- Sonuncu romanlarını yazdıqda müxtəlif təzyiqlərlə qarşılaşdı.
"Təbriz- namusum" və "Qarlı aşırım" romanlarını bir çoxları həzm
edə bilmədi,ələlxüsus da, türklərə düşmən kəsilən ermənilər.
- Məlumdur ki, Fərman müəllim Ermənistanda doğulub və
ermənilər onun əsərlərini sevə-sevə oxuyublar...
- Onlar onu Koroğlu çağırardılar. İstedadına görə sevirdilər,
siyasi düşüncələri ilə razılaşmırdılar. "Qarlı aşırım" romanında
Ermənistan camaatından danışılır. Qəmlo, əslində, real həyatdan
götürülən kürd obrazıdır. O, qaniçən obraz qismində təsvir edildiyi
üçün bu hal yerli camaatın narazılığına səbəb oldu.
Fərmana ölüm fərmanı...
- Onlar narazılıqlarını hansı şəkildə büruzə
verirdilər?
- Öz aralarında Fərmana ölüm fərmanı yazmaqla. Təsəvvür edin ki,
həmin ərəfələrdə Fərman bir erməni ailəsində qonaq qalır, axşam
evin sahibəsi həyat yoldaşıma acı həqiqəti söyləyir ki, bu gecə o
sözügedən evdə gecələsə, səhərə Azərbaycana meyiti göndərilə bilər.
O xanım gecə ilə Fərmana təhlükə dolu, ölüm qoxusu gələn evdən
qaçmağa yardım edir.
- Deməli, Fərman Kərimzadənin tanınmış və istedadlı
olması onun həyatda təhlükələrlə üzləşməsinə mane
olmayıb?
- Xeyr. Onun üçün hər zaman təhlükə olub. Amma istedada gəlincə,
kifayət qədər tez tanınıb. Təsəvvür edin ki, 25 yaşı vardı, "Qarlı
aşırım"romanını yazdı, 27 yaşında həmin əsər üzrə "Axırıncı aşırım"
filmi çəkildi.
- Onun haqda hər danışdığınız kəlməni ehtiyatla, sanki
özü də yanınızda əyləşib dinləyirmiş kimi ifadə
edirsiniz.
- Əslində, mən Fərmanla özümü itirmişəm. Amma çox zaman onun
varlığını hiss edirəm. İnan ki, heç bir kəlməsi yadımdan çıxmır.
Mən onun üçün çox gözəl yeməklər hazırlayırdım. Uzaq səfərlərə
gedəndə məktub yollayardı ki, xanım, bişirdiyin aş üçün darıxıram,
burada yeməklər dadsızdır. Arxasınca da şeir ünvanlayırdı:
Əlinin dadına, duzuna qurban,
Mən sənin özünə, sözünə qurban...
(susur)
- Şeirin ardını xatırlamırsınız, Xalidə
xanım?
- Xatırlayıram,sadəcə olaraq, söyləsəm, ağlayacam, qarşınızda
göz yaşı tökərək, sizin də kövrəlməyinizi istəmirəm.
Ağrılı Ağrı dağı, ağrın alım...
- Elə isə kövrəlməmək üçün Fərman Kərimzadə ilə bağlı
bir xoş əhvalat danışın.
- Onunla keçirdiyimiz hər günün özü bir xoş əhvalatdır,
xatirədir. Amma bir gün evdə ət sousu hazırlayırdım, gördüm ki,
kartof qurtarıb. Zəng etdim ki, evə kartof alsın. Bir neçə saatdan
sonra gördüm ki, maşını dayanıb darvazanın yanında, uşaqların
hərəsi bir ləyən, vedrə ilə maşının baqajından şaftalı daşıyır.
Dedim,ay Fərman, bu nədir belə? Bəs kartof almadın? Dedi, əşşi,
kartofu neynirsən, qoy uşaqlar şaftalı yesinlər, ətə- qana
gəlsinlər. Soruşdum, bəs qazana nə əlavə edim? Cavab verdi ki, eybi
yox, bu dəfə kartofsuz bişir.
Yəni, bu qədər baməzə, duzlu-söhbətli insan idi.
- Onun işinin yarısı sizin öhdənizə
düşdüyündənbezmirdiniz ki?
- Evə o qədər zənglər olardı ki... Hərdən deyirdim, mən elə bil,
sənin katibənəm. Gülürdü. Sən demə, ən bəxtəvər vaxtlarım məhz elə
həmin dövr imiş. Və məhz o bəxtəvər günlərimizin birində evdən
getdi və bir daha geri qayıtmadı.
- Bir çox ölkələrdə səfərdə olmuş, tanınmış insanlarla
dostluq münasibəti quran və həyatını maddi baxımdan xoş keçirən
Fərman Kərimzadənin ən böyük arzusu nə idi?
- (Kövrəlir) Ən böyük arzusu Ermənistan ərazisində yerləşən Ağrı
dağda olmaq idi. Amma bu arzusu həyata keçmədi. Bir gün mən
avtobusla Şam şəhərindən ziyarətdən qayıdırdım. Növbəti dayanacaqda
enəndə harada olduğumuzu soruşdum və heyrətdən gözlərim doldu.
Fərmanın sözlərini xatırladım: "Ağrı dağ, Haçalı dağ. Ağrın
alım,ağrılı Ağrı dağı. Uşaq vaxtı hey qaçardım Ağrı dağın ətəyinə
çatmaq üçün, amma ayağım heç dəymədi o torpağa. Hədsiz uzaq idi və
nəhəng idi... qaçmaqla yetişmək olmurdu qoynuna..."
Avtobusdakı sərnişinlər kəklikotu topladılar. Mən də bir dəstə
kəklikotu yığdım. Sonra Ağrı dağın ətəyində oturub, hönkür-hönkür
ağlamağa başladım. Düşündüm ki, ömrü boyu Ağrı dağa qovuşmaq
həsrətilə yaşayan Fərmanın ayağı dəyməyən yerdə indi mən
dayanmışam, amma onsuz...
Savalan dağına çatana qədər göz yaşı axıtdım. Astanaya yetişəndə
yığdığım kəklikotuları avtobusun pəncərəsindən küləyin ixtiyarına
verdim və onlar yol boyu səpələndilər. Düşündüm ki, mən bu
kəklikotuları Fərmansız evə apara bilmərəm. Bu onun ruhu qarşısında
haqsızlıq olardı. 25 ildir ki, dünyasını dəyişib. 52 yaşı tamam
olandan 12 gün sonra bizi tərk etdi. Amma hər dəfə adı eşidiləndə
ürəyimdə bir çırpıntı, doğma və əziz insan üçün bir nisgil yaranır.
Yenidən həyata gəlsəydim, onunla ömür sürməkdən imtina etməzdim. Nə
qədər üzücü və əzab dolu xatirələrlə bol olsa belə...