"Dilimizdə ilk dəfə"
layihəsində
Kurt Vonnequt
(hekayə)
Qəzet paylayanın dürüstlüyü
Çarli Hous Keyp Kodda polis şefi işləyirdi. Yayda tabeliyində
dörd, qışdasa bir polis olardı. Qış təzəcə girmişdi. Aman-zaman
köməkçisi evdə qriplə əlləşdiyindən, tək qalmış Çarli qətiyyət
sarıdan əziyyət çəkirdi. Bir tərəfdən də, yaxın günlərdə baş vermiş
qətl olayı. Kimsə "Mavi delfin"də ofisiant işləyən Estel Falmeri
ölümcül döymüşdü.
Qadının meyitini şənbə günü quşüzümü bataqlığında
aşkarlamışdılar. Həkim onun çərşənbə günü, gecə qətlə yetirildiyini
söyləyirdi.
Çarli Hous qətli törədənin kimliyini bildiyini güman edirdi. O,
Erl Hedlanddan şübhələnirdi. Pul xərcləməyə canı çıxan bu adamın
qətli törətmək üçün başqa səbəbi də vardı. Bir gecə Estel "Mavi
delfin"də onun ağzının payını vermişdi. Qadın bu baxımdan hər
kəsdən cəsarətli çıxmışdı. Heç kəs Erlə baş qoşmurdu, çünki onun
istənilən adamı öldürməyə qadir olduğunu bilirdilər.
Arvadı Çarlini yaxşıca bürümüşdü, indi şef Erlin evinə gedib
onunla danışa bilərdi.
- Əgər burda qətl törədiləcəyini bilsəydim, heç vaxt bu vəzifəyə
razı olmazdım, - Çarli dedi.
- Gözün onun yekəpər itində olsun, - şərfi ərinin boynuna
dolayan arvadı söylədi.
- Onun gücü ancaq hürməyə çatır, adam qapan deyil, - Çarli
qadını sakitləşdirdi.
- Erl Hedlandı da elə sayırdılar, - arvadı zəhərini tökdü.
Haqqında danışdıqları köpəyin adı Şeytanıydı. O, daniyalı doqla
irland qurdbasanının qarışığıydı. Az qala, at boydaydı. Şeytan Erl
Hedlandın iti olmasa da, bütün gününü onun meşəsində keçirir və
onun malikanəsini qoruyurdu. Onu ara-sıra bəsləyən Erl də beləcə
özünə ucuz keşikçi tapmışdı. Bir də onlar bir-birini sevirdilər.
Hər ikisi səs-küy salmağı və adamyeyən donuna girməyi
xoşlayırdı.
Çarli patrul maşınıyla uzun təpəliyə burulanda Erlin evini
gördü. Şənbə, özü də günorta olmasına rəğmən, ev sahibi yəqin ki,
heç yerə getməmişdi. Əslində, onu istənilən gün evdə tapmaq olardı.
Erl işləmirdi. Ona həyatı boyu dincəlməyinə bəs edəcək miras
qalmışdı. Sadəcə, maliyyə işlərinə diqqətlə nəzarət etməli və
pullarını havaya sovurmamalıydı. Erlin başını ən çox gündəlik
aldığı qəzetlər qatırdı. O, maliyyə səhifəsini açır və qiymət təyin
etmə cədvəlləri cızırdı.
Çarli evə çatanda uzaqdan Şeytanın hürdüyünü eşitdi. Erl evdə
yoxuydu. Qapı kilidliydi, bir dəstə qəzet artırmadaca toxunulmamış
qalmışdı.
Qəzetlərin üstünə kərpic qoyulduğundan ətrafa səpələnməmişdilər.
Çarli onları saydı. Dörd nüsxəydi. Lap üstdə cümə nömrəsi yer
tutmuşdu. Şənbə nömrəsi hələ gəlməmişdi. Deyəsən, Erl hətta çox
istəsə belə, Esteli öldürməmişdi. Qarşılaşdığı mənzərə Erlin
buralara bir neçə gün ayaq basmamasına işarə edirdi.
Çarli əl dəyilməmiş qəzetlərin tarixinə baxdı və çərşənbə
nömrəsinin olmadığını aşkarladı.
Getdikcə yaxınlaşan köpək daha da ucadan hürürdü. Çarli itin
onun qoxusunu aldığını anladı. Özünü ələ almalıydı, yoxsa köpəyin
dişinə keçə bilərdi. Çarli Şeytandan elə qəsəbənin digər sakinləri
kimi qorxurdu. İt əməlli-başlı quduzuydu. Düzdü, Şeytan hələ ki,
heç kəsi qapmamışdı, amma dişləməyi ölümcül ola bilərdi.
Az keçməmiş Çarli Şeytanın kimə hürdüyünü gördü. O, velosiped
sürən oğlanın yanınca qaçırdı. Köpəyin qıcırtdığı dişləri qəssabın
bıçaqlarını xatırladırdı. O, başını o yan bu yana hərləyir, hürür
və dəhşətli dişləriylə havanı qapırdı.
Sanki köpəyi görməzdən gələn oğlan qətiyyətlə irəli baxırdı. Bu,
Çarlinin həyatında rastlaşdığı ən cəsur adamıydı. Qəhrəman on yaşlı
qəzet paylayan Mark Kosbiydi.
- Mark, mister Hedlandı görmüsən? - Çarli soruşdu.
Köpək Çarliyə yaxınlaşanda, kişinin tükləri biz-biz durdu. Əgər
oğlan öz möhtəşəm əzmkarlığına davam eləməsəydi, Çarli çoxdan
patrul maşınıyla aradan çıxmışdı.
- Yox, cənab, - Çarliyə təzim edən Mark cavab verdi. O, şənbə
nömrəsini artırmaya, kərpicin altındakı digər qəzetlərin üzərinə
qoydu. – O, bir həftədi ki ortalıqda yoxdu.
Bu cəsur ürəklər Şeytanı əməlli-başlı darıxdırdı. Köpək
artırmada yayxanıb, ara-sıra tənbəl-tənbəl dartındı.
- Onun hara yollandığını bilmirsən ki? – Çarli soruşdu.
- Yox, cənab. Bu barədə heç nə söyləməyib, amma abunəni də
dayandırmayıb, - Mark cavab verdi.
- Çərşənbə qəzetini də gətirmisən? – Çarli sual verməkdə davam
elədi.
Mark polis dostunun bu cür sual verməsindən incidi.
- Əlbəttə, gətirmişəm. Məgər qaydalardan xəbəriniz yoxdu?! Əgər
qəzet çıxırsa və müştəri abunəni dayandırmırsa, onları həftənin
altı günü sahibinə çatdırmalıyam, - başını tərpətdi. - Bu ki gün
kimi aydındı, mister Hous.
Markın qaydalar barədə ciddi-ciddi danışması Çarliyə on yaşında
həyatın necə də işıqlı olduğunu xatırlatdı. Və o, insanların
həyatları boyu on yaşlarında olduqları kimi qalmadıqlarına
heyfsiləndi. Əgər hər kəsin on yaşı olsaydı, Çarli düşündü, bütün
bu qaydaların, öyüd-nəsihətin və soyuq ağlın bir qara qəpik qədər
dəyəri olmazdı.
- Əminsən? Mark, bəlkə, çərşənbə qəzet gətirməyi unutmusan? Buna
görə heç kəs səni danlayan deyil. Sulu qar yağıb, qəzetlərə yiyə
duran olmayıb, hər dəfə təpəyə qalxıb-enmək çətin başa gəlib,
üstəlik, bu zəhmli köpək, - Çarli özünə əməlli-başlı əl
qatmışdı.
Mark sağ əlini qaldırdı.
- Nəyə istəyirsiniz and içim, çərşənbə bura qəzet
gətirmişəm.
Bu, Çarli üçün yetərli oldu. O, oğlana bilmərrə inandı.
Elə bu zaman yolda Erl Hedland peyda oldu. O,
gülümsəyə-gülümsəyə gəlirdi, sahibinin yanında hoppanıb-düşən və
əlini yalayan Şeytansa zingildəyirdi. Erl hələ otuz beş il bundan
öncə kənddə davakar kimi ad çıxarmışdı, indisə onu piy qatı basmış,
başı dazlaşmışdı. Erl heç vaxt Çarlini qorxuda bilməzdi və elə buna
görə də ona nifrət edirdi.
Çarli onun maşınına girib açarı çıxaranda, üzündəki təbəssüm bir
az da artdı.
- Bunu televizorda görmüsən? – rişxəndlə dilləndi.
- Hə, - Çarli cavab verdi. Bu, həqiqətiydi.
- Mən heç yerə qaçan deyiləm. Qəzetdə biçarə Estelin başına
gələnləri oxudum və düşündüm ki, mənimlə danışmaq istəyəcəksən, elə
buna görə də qayıtdım. Vaxtını havaya sovurmaya bilərsən, onu mən
öldürməmişəm.
- Çox sağ ol, - Çarli cavab verdi.
- Həftə boyu Providnesdə qardaşımın yanında olmuşam. O bunu
təsdiqləyə bilər. İstədiyin zaman.
Çarli onun qardaşını tanıyırdı. Alçağın birisiydi, lakin qadını
döyəcək qədər cılız deyildi, hərçənd yalançılığına söz ola
bilməzdi. Amma yenə də söylədikləri məhkəmədə öz təsirini göstərə
bilərdi.
Erl artırmanın qarşısında oturub üstdəki qəzeti götürdü və
iqtisadi səhifəsini açdı. Sonra bu gün şənbə olduğunu xatırladı,
həmin gün birja xəbərləri olmur. Şənbədən elə buna görə zəhləsi
gedirdi.
- Erl, bura çoxlu qonaq çağırmısan? – Çarli soruşdu.
- Qonaq? – Erl sualı nifrətlə təkrarladı. – Qonaq nəyimə gərəkdi
ki?
- Bəlkə, təmir ustası? Yoldan keçənlər? Uşaqlar? Ovçular? –
Çarli ehtimal irəli sürdü.
Erl bu sualdan incidi. Hər kəsin onun yanından ötüb keçməkdən
belə qorxması çox xoşuna gəlirdi.
- Mənə lazım olan hər şeyi özüm təmir edirəm. Yoldan ötənlər,
uşaqlar, ovçular və yerdə qalanlarsa itdən uzaq durmağa çalışırlar.
Bizə qonaq-filan lazım deyil.
- Bəs onda çərşənbə nömrəsini kim götürüb? – Çarli sual verməkdə
davam elədi.
Erl əlindəki qəzeti bir anlıq yerə saldı, amma onu anındaca
yerdən qaldırıb, guya bütün fikrini hansısa məqaləyə yönəltdiyini
nümayiş etdirdi.
- Qəzetlə bağlı nə sayıqlayırsan, heç anlamadım, - burnunun
altında mızıldandı.
Çarli təfərrüata varıb dedi ki, bəlkə də, Erl biçarə Estelin
qətlə yetirildiyi gün Keyp Koda qayıdıb.
- Əgər çərşənbə günü bura qayıtmısansa, indi çətin ki, birja
xəbərlərini izləyəsən.
Erl qəzeti yerə qoyub, zəndlə Marka baxdı.
- Burada çərşənbə nömrəsi-filan yoxdu. Yəqin, oğlan tənbəlliyinə
salıb, - Erl ehtimal irəli sürdü.
- O, həmin gün qəzeti gətirdiyinə and içdi, - Çarli etiraz
etdi.
- Oğlan təkcə tənbəl deyil, həm də yalançıdı, - Erl donquldandı
və qəzeti səhifələməyə davam etdi.
Çarli özüylə tapança götürmədiyinə sevindi. Əgər götürsəydi,
Erli yerindəcə güllələyərdi. Çarli qətl olayını yaddan çıxarmışdı.
O, indi hesab edirdi ki, Erl daha betər cinayət törədib. Bu
cinayətin nə adı vardı, nə də ona qarşı qanun.
Biçarə Mark lap ruhdan düşmüşdü. Erl onun özü üçün ən qiymətli
saydığı dürüstlüyünə tüpürmüşdü.
- O, and içib! – Çarli bağırdı.
Erl ana söyüşünə əl atdı.
- Mister Houvers... – Mark dilləndi.
- Bəli, Mark?
- Məndə anddan daha tutarlı dəlil var.
Çarli eşitdiklərinə inanmadı. Erl də qulaqlarını şəklədi.
Deyəsən, hətta Şeytan da on yaşlı oğlanın andından daha tutarlı
hansı dəlilin olduğuyla maraqlanmışdı.
Mark qulaqlarının dibinəcən qızardı. O, qəzetin çərşənbə günü
gətirildiyini sübuta yetirməliydi.
- Mən xəstələnmişdim. Qəzetləri atam paylayırdı, - o, etiraf
elədi.
Çarli Hous acıqlı-acıqlı qımışdı. Mark elə indicə onun ən yaxşı
dəlilini əlindən almışdı. Markın atası, bəlkə də, cəsur birisiydi,
amma o, iki şeydən it kimi qorxurdu. Həyatı boyu Erldən və
Şeytandan uzaq durmağa çalışırdı.
Erl qəhqəhə çəkdi.
- Mark, məlumata görə çox sağ ol, - Çarli ah çəkdi. - Get
qəzetlərini payla.
Amma Erl onu elə beləcə buraxmaq istəmədi.
- Ay oğlan, bunu sənə demək istəməzdim, amma ataciyəzin ətrafda
ən qorxaq adamdı, - o, əlindəki qəzeti yerə qoyub ayağa qalxdı ki,
Mark onu yaxşı görə bilsin.
- Səsini kəs, Erl, - Çarli tələb etdi.
- Səsimi kəsim? Bir dəqiqə əvvəl bu oğlan məni, az qala,
elektrik stuluna göndərəcəkdi.
- Elektrik stuluna? - Mark gözlərini döyə-döyə söylədi. - Mən
təkcə həmin gün qəzetləri atamın payladığını söylədim.
Erlin donuzu xatırladan gözləri qəzəbdən alışıb yandı. Bu
parıltı və Erlin sifətinin əcaib əyilməsi Çarlidə məhz onun qatil
olması barədə heç bir şübhə yeri qoymadı. Erl oğlanı da öldürmək
istəyirdi. Bunu Çarlinin qarşısında həyata keçirə bilmədiyindən,
Markın axırına sözlə çıxmağı qərara almışdı.
- Bəlkə də qoca atan sənə bura qəzet gətirdiyini söyləyib, amma
mən sənə zəmanət verirəm ki, o qorxağa milyon dollar versələr də,
Şeytana yaxınlaşan deyil. Mənim həndəvərimdə hərlənməyəsə heç on
milyona da razı düşməz. Düz sözümdü! – Sağ əlini qaldırdı.
Bununla da kifayətlənməyib Marka atasıyla bağlı çoxlu ayamalar
danışdı. Guya o, hər dəfə Erli görəndə necə aradan çıxıb, cənginə
keçəndəsə qurtulmaq üçün yalvarıb-yaxarıb, balaca uşaq kimi
dabanına tüpürüb aradan çıxıb. Və hər bir hekayətdə təhlükə mənbəyi
ya Şeytan olub, ya da Erl.
- Skaut kimi and içirəm, İncilə and içirəm, nəyə istəsən and
içirəm, ay oğlan. Söylədiklərimin hamısı həqiqətdi, - Erl nitqinə
beləcə təntənəli sonluq verdi.
Markın ağlamaqdan savayı çarəsi qalmadı. O, göz yaşları içində
boğularaq, qəlbində bir daha bu cür zəiflik nümayiş etdirməyəcəyinə
and içdi və velosipedinə minib uzaqlaşdı.
Bu dəfə heç it də onu qovmadı. Deyəsən, düzgün oyun
aparılmadığını o da anlamışdı.
- İndi sənin növbəndi, - Erl Çarliyə söylədi.
Çarli Marka görə məyus olmuşdu. O, evin divarına söykənib, bir
dəqiqəlik gözlərini yumdu. Onları açanda, pəncərə şüşəsində öz
əksini sezdi. O, ahıl, əldən düşmüş birisiylə rastlaşdı və anladı
ki, bu dünyanı on yaşlıların dünyasına çevirmək cəhdlərindən çox
yorulub.
Və elə həmin an şüşənin arxasından stulun üzərində qəzeti sezdi.
Çarli tarixi oxuya bildi. Bu, maliyyə səhifəsi açıq qalmış çərşənbə
nömrəsiydi. Deməli, Erl özünə dəlil yaratmaq üçün Providnesə
getmişdi, çərşənbə günüsə Esteli qətlə yetirmək üçün gizlincə geri
qayıtmışdı.
Amma Çarli bu dəqiqə nə Erli, nə də zavallı Esteli düşünürdü.
Onu narahat edən Mark və atasıydı.
Erl Çarlinin pəncərədən içəri baxdığını bilirdi. O, davaya belə
hazırdıydı. Lazım olan anda köpəyi də qısqırtmaq üçün onun
peysərindən tutmuşdu.
Amma Çarli Erlə əl bulamadı. Əvəzində patrul maşınına
əyləşdi.
- Burada qal, tezliklə qayıdacam, - Erlə əmr edib, Markın
dalınca getdi.
O, Markı şoseyə dönən yolda haqladı.
- Mark, - oğlanı hayladı. - Atan qəzeti gətirmişdi! O, Erlin
evindədi. Atan sulu qara, itə və yerdə qalan hər şeyə rəğmən,
qəzeti gətirmişdi!
- Yaxşı, - Mark cavab verdi. Səsində zərrə qədər də olsun sevinc
duyulmurdu. O, düşüncələrə dalmışdı. – Bəs mister Hedlandın atası
barədə söylədikləri yalanıydı? Hətta and içsə belə? – soruşdu.
Çarli bu suala iki cür cavab verə bilərdi. O ya yalana əl atıb,
bütün bunların uydurma olduğunu deyə, ya da oğlanın eşitdiklərini
anlayışla qarşılayacağına ümid edib həqiqəti söyləyə bilərdi:
istənilən halda atasının qəzeti ünvanına çatdırması olayı qəsəbənin
ən şanlı səhifələrindən biri sayılmalıdı.
- Onun söylədikləri həqiqətdi, Mark. Atan ömrü boyu ondan
qorxub, o, dünyaya belə göz açıb, necə ki, doğulanda mavi gözləri
və qara saçları olub. Bu cür yüklə yaşamağın ağırlığını nə sən, nə
də mən təsəvvürümüzdə canlandıra bilmərik. Təkcə olduqca cəsur adam
bu cür yükün altından qalxa bilər. Ona görə də papağını qabağına
qoyub fikirləş: əgər atan sənə verdiyi sözü yerə salmaqdansa,
qəzeti ünvanına çatdırmağı üstün tutubsa, gör o necə cəsurdu.
Mark azacıq fikrə gedib, sonra razılıq əlaməti olaraq başını
tərpətdi. Çarlinin cavabı onu qane etmişdi. Onun atası on yaşlı
oğlan uşağının valideyni necə olmalıydısa eləydi – o,
qəhrəmanıydı.
- Deməli, qətli mister Hedland törədib? - Mark soruşdu.
- Aman Tanrı! – Çarli əliylə alnını şappıldatdı. - Qatili tamam
unutmuşam.
O, maşının sükanını çevirib Erlin evinə tərəf sürdü. Nə qatilin,
nə də köpəyinin izi-tozu yoxuydu. Yəqin, meşəyə əkilmişdilər.
Axtarış qrupu iki saatdan sonra Erli tapdı. O, dəmir yolunun
yanında uzanıb qalmışdı. Erli Şeytan qətlə yetirmişdi. Hər kəs bu
ağlasığmaz olayı müzakirə edirdi.
Ən yaxşı nəzəriyyə Çarliyə məxsusuydu. Şef belə güman edirdi ki,
köpək Erlin qorxduğunu duyub və qatilin aradan çıxdığını görərək
onun dalınca düşüb.
- Və köpək, əslində, Erlin necə qorxaq birisi olduğunu görən ilk
canlı olub. Elə buna görə də onu cəhənnəmə vasil edib.
Dilimizə çevirdi: Kifayət Haqverdiyeva